Məzmuna keç

Çağdaş Azərbaycan ədəbiyyatı

Vikimənbə saytından
Çağdaş Azərbaycan ədəbiyyatı (1950)
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Mənbə: Çağdaş Azərbaycan ədəbiyyatı


Bir neçə ay əvvəl Azərbaycanın mədəni ənənələrindən bəhs edərkən bu mövzunun bir hissəsinə toxunduq, orada XIX yüzillikdə Azərbaycan ədəbiyyatının keçdiyi mərhələləri göstərdik, onun 1905-ci il rus inqilabından sonrakı inkişaf mərhələsindəki şəxsiyyətlərini qeyd etdik və nəhayət, 1918-ci ildə milli Azərbaycan Respublikasının qurulması və istiqlalının elanına qədər baş verən ədəbi hadisələr üzərində dayandıq və söhbətimizi burada qurtardıq.

Indi söhbətimizi həmin yerdən başlayacaq və sözü yaşadığımız günlərə keçirməyə səy edəcəyik. Bunu edərkən, dəmir pərdə arxasındakı hadisələrə aid qaynaqlardan kifayət qədər istifadə etmək üçün bütün imkanlara, təəssüf ki, malik olmadığımızı nəzərə almanızı da ayrıca rica edəcək, yol veriləcək nöqsanlar üçün öncədən üzr istəyəcəm.

Milli Azərbaycan Respublikasının qurulduğu 1917-ci və 1918-ci illərdə Azərbaycan xalqı tarixinin ən həyəcanlı günlərini yaşayırdı. Ədəbiyyat bu həyəcana tərcüman olur, milli istiqlal günlərinə yaxınlaşmanın şövq və sevinci içində yaşayır, böyük ümidini bütün həssaslığı ilə tərənnüm edirdi. Indi soyuq Sibirin uzaq tundralarında, sovet cəlladlarının vəhşi işgəncələrinə dəvam gətirməyərək, Vətən mücahidlərinin bəxtinə düşmüş əcəl camını içmiş şair Əliyusif hadisələrin inkişafını bu ilhamlı beytlərlə təsvir edirdi:

Çox dolaşdım əski Şərqin ölü, hissiz yurdunu,
Sübh olmuşdu, fəqət bir oyanan görmədim.
Anlamazdı kimsə onun o şübhəli dərdini,
Ağlamazdı ona kimsə, qəlbi yanıq görmədim.
Dedilər ki, öksüz Şərqin xəzan görmüş bağında,
Yeni başdan qızıl güllər, yasəmənlər açacaq,
Bu qaranlıq gecələrin ıssız, tutqun çağında,
Almas yıldız doğacaq da, üfqə yıldız saçacaq[1].
Dedilər ki, Azərbaycan türklərinin elində
Əski atəş yeni başdan alovlanmış, coşmuşdur.
Əvət, əvət, bir gün Şərqə Kəbə olan bu ölkə,
Yenə onu təqdis ilə ziyarətgah edəcək.
Bütün Turan, Oğuz nəsli, hətta bütün Şərq bəlkə,
Yenə onu təqdis ilə ziyarətgah edəcək.
Ey türk oğlu, səni Tanrı Şərqə hadi[2] göndərdi,
Yatmış yurdu qardaş kimi dirilt, qaldır, oyandır,
Ürəyində sönməyəcək bir həqiqi od yandır!..

Azərbaycanın yeni yazmağa başlayan digər şairləri də belə nikbin görüşlər və romantik hisslərlə həyəcanlı idilər. Az zamanda bir çox ədəbi məclislər açılır və jurnallar çap edilir. Hüseyn Cavid, Məhəmməd Hadi, Abdulla Şaiq və başqaları bir çox yeni əsərlər nəşr edirlər. Bunlardan Hüseyn Cavidin “Şeyx Sənan”ını, Məhəmməd Hadinin “Eşq ilahəsi”ni, Əhməd Cavadın “Qoşması”nı, Cəfər Cabbarlının “Qız qalası”nı və sairləri qeyd edə bilərik.

Milli Qurtuluş hərəkatının, Azərbaycan ruhunun həssas tellərinə təsir dərəcəsini əks etdirən milli şair Əhməd Cavadın 28 may İstiqlal günü münasibəti ilə hürriyyət[3] pərisinə müraciət etdiyi “Nədən yarandım?” parçası son dərəcə lirikdir. Onun bu lirizmindən biz də aşina olaq:

Sən qüdrətin aşıb coşan vaxtında
Mələklərin gülüşündən yarandın!
Sehr dilli bir fırçanın əliylə,
Ahuların duruşundan yarandın!
Ay işığı gözəlliyin, qızlığın,
Çiçəklərlə öpüşündən yarandın!
Sərinlətdin baxışınla könlümü,
Buludların uçuşundan yarandın!
Qaranlıqda qırılırkən ümidim,
Dan ulduzu yürüşündən yarandın!
Masəvadan uçmuş birər kölgənin,
Dan yeriylə görüşündən yarandın!
Gözəllikçin təbiətlə qüdrətin
Yavaşca bir soğukundan[4] yarandın!
Qələm əldə ilhamımı dinlərkən,
Sən qəlbimin duruşundan yarandın!

Azərbaycanın həmlələr və həyəcanlar tərənnüm edən coşqun rübabına ən ağır bir zərbə endirildi. Hürriyyətin feyzli[5] havasından doymadan, milli istiqlalın verdiyi bütün nemətlərdən hələ faydalanmadan, Azərbaycan ədəbiyyatı yenidən tarixin ona ayırdığı faciəli və həzin qismətinə qatlanmaq zərurətinə düşdü.

Sovet istilası ədəbiyyatın maneəsiz irəliləməsi üçün əngəllər törətdi. Milli ruha yabançı olan kommunist höküməti formaca milli olan ədəbiyyata əvvəlcə səbrlə yanaşdısa da, məlum olduğu kimi, ona beynəlmiləl proletar məzmunu verməyə çalışdı.

Lakin Sovet işğal höküməti milli Azərbaycan ruhunu çürütmək və burada “proletkult” deyilən bir mədəniyyət yaratmaq sahəsində sərf etdiyi əməklərində müvəffəq ola bilmir, bu iş üçün o, özünə lazım olan vasitələrə malik deyildi. Ədəbiyyat əski ustadların əlində idi. Görünüşdə mövcud vəziyyətə uyğun olaraq, yeni hökümətin bəzən sərtliyini, bəzən də diplomatca yumşaqlığını dadan bu yazıçılar öz çətin və ağır işləri ilə məşğul idilər.

“Molla Nəsrəddin”in əski müdiri Cəlil Məmmədquluzadə “Kamança” adlı bir pyes yazır. Təəssüflər doğuracaq erməni-müsəlman toqquşması əsnasında bir erməni kamançaçı ondan intiqam istəyən bir türkün əlinə keçir. Lakin sənətkar hər iki millət üçün ortaq olan bir musiqi çalmaqla düşməninin qəlbini yumşaldır və beləliklə, ölümdən qurtarır. Nədənsə pyesi o zaman səhnəyə qoymurdular.

Həmin yazıçının “Anamın kitabı” adlı başqa bir əsəri də çox böyük rəğbət doğurur. Üç oğul müxtəlif məmləkətlərdə oxumuşlar: İran məktəbinin şagirdi molla olub dönmüş, özü ilə əski sxolastik zehniyyətini gətirmişdir. Türkiyə tərbiyəsi alan o birisi Azərbaycan şivəsini İstanbul ağzı[6] ilə dəyişdirməyi bir mərifət sayır. Rusiyada təhsil görmüş üçüncü oğul isə tamam başqa şeylərdən zövq alır. Ailədə ixtilaf başlayır. Bu qarışıqlıqdan bezmiş ixtiyar ana oğullarına öyüd verərək kitabından uzaqlaşmamağı tövsiyə edir. Cəmiyyəti öz ana kökündən ayırmaq istəyən kommunistlərə, xalqı “Anamin kitabı”na çağıran bu əsər xoş gəlməmiş, onun üçün də oynanması uzun zaman qadağan edilmişdi.

Süleyman bəy Axundzadənin “Laçın yuvası” adlı pyesi də eyni cür qarşılanmışdır. Əhvalat Qarabağda cərəyan edir. Azərbaycanlı gənc bir kommunist Qarabağın keçilməz meşələrindən birində yerləşən bəy qəsrini tutur. İnqilabçının nişanlısı olan qız ondan üz çevirir. Lakin ingilabçı uzun bir monoloqla qızı inandırmağa çalışır, inqilabın lazım olduğunu ona sübut etmək istəyir. “Yalnız bu yolla müsəlman məmləkətlər dünya imperializminin əlindən qurtulacaqlar” deyir.

Pyesin sosial səbəbə deyil, sadəcə siyasi taktikaya dayanan bu inqilabçılığı qırmızı senzuraya çox da xoş gəlməmişdi. Bu senzuraya görə Azərbaycan öz qüvvələri ilə və ictimai-iqtisadi motivlərlə sovetləşmişdir. Halbuki “Laçın yuvası”nı tutan azərbaycanlı kommunist oranı sadəcə olaraq imperializmin Şərqdəki səngərini daha yaxşı yıxa bilmək üçün tutur. Inqilab məqsəd ikən burada vasitə kimi göstərilmişdir.

“Şeyx Sənan” müəllifi Hüseyn Cavid Azərbaycanın sovetləşdirilməsindən sonra bir çox mənzumələr yazır. Bunlardan mənsur “Topal Teymur” ilə mənzum “Peyğəmbər” sovet rəhbərlərini çox məşğul edir. Şairin bu iki əsəri oxucularda olduqca dərin təsir buraxır. Öncə oynanılmasına icazə verilən “Topal Teymur” tamaşaçıları həyəcana gətirir. Dövlət teatrında pyes bir neçə dəfə oynanır. Əhali türklüyün ümumi qəhrəman tipi Teymurləngdən fövqəladə dərəcədə məmnun və coşğun olur. Məsələni sonradan başa düşən bolşeviklər pyesin göstərilməsini qadağan edirlər. “Sovet çörəyini yediyi halda tarixin panturanist tiplərini idealizə etməyə cəsarət edən” şairə qarşı sovet tənqidçiləri atəş püskürürdülər. “Topal Teymur” müəllifinə uzun zaman hiddətlənmiş hökümətin şiddətli cəzalarına qatlanmaq lazım gəlir. Onu sıxışdırırlar, qəzet sütunlarında tənqid edirlər.

Şairin ikinci əsəri nisbətən daha yaxşı qarşılanır. Lakin “Peyğəmbər” mənzuməsində də bolşevik məzhəbli marksizm əqidəçiliyi burada da az “küfr” tapmamışdı.

Bolşevizm şəraitində sənətkarlarımızın hansı üsullarla öz fikirlərini söyləməyə fürsət axtardığını göstərə bilmək üçün bu son dərəcə gözəl əsərdən bəzi parçaları nümunə gətirək:

“Peyğəmbər”də Həzrəti-Məhəmmədin həyatı təsvir edilir. Mənzum dram olan bu pyes Bisət, Dəvət, Hicrət, Nüsrət adlı dörd pərdədən ibarətdir. Birinci pərdədə peyğəmbər, Hərra dağına çıxır. Burada ona vəhy gəlir. Cəzb olunmuş halda o, bu sözləri söyləyir:
Öylə bir əsr içindəyəm ki, cahan
Zülmü vəhşətlə qovrulub yanıyor.
Üz çevirmiş də Tanrıdan insan
Küfrü haq, cəhli mərifət sanıyor.
Dinləməz kimsə qəlbi, vicdanı
Məhv edən haqlı, məhv olan haqsız...
Başçıdır xalqa bir yığın cani,
Həp münafiq, şərəfsiz, əxlaqsız,
Gülüyor nurla daima zülmət,
Gülüyor fəzlə qarşı fisqü fücur.
Ah, ədalət, hüquq və hürriyyət
Ayaq altında çeynənib gediyor.

Peyğəmbərin bu bədbin həsbi-halındakı[7] qaranlıq tablonu sovet tanqidçiləri, təbii ki, kapitalist və burjua aləminə aid edirlər. Lakin oxucu və ya tamaşaçılar burada “kommunist cənnəti” içindəki reallıqları görürlər. Bir dəstə cahillərin ayaqları altında insanlıq haqlarını tapdalayanlar onlar deyilmi? “İmansızlıqda həqiqət” və “biliksizlikdə mərifət” görənlər onlara hakim olan xamlar onların özləri deyilmi?

“Zülmü vəhşətlə qovrulub yanan” ölkə onların öz yurdlarıdır!..

Ümidsizliyə qapılan, düşüncəyə dalan Peyğəmbərin yanına Cəbrayıl gəlir. Ona qızıl cildli kitab gətirir və cəsarətləndirmək üçün deyir ki:

Əlverir səndə olsun əzmü səbat
Bu qaranlıq mühiti get parlat!
Həqqi anlat da olma heç məyus.

Cəbrailin bu təlqinlərinə uyan Peyğəmbər dəvətə başlayır:

Ən kiçik zərrə, ən böyük aləm
Tanrı eşqilə rəqs edib duruyor.
Incə bir rəmzdir, o, çox mübhəm,
Hər böyük qəlb o rəmz için vuruyor.
Yüksələn haqqa yaxlaşır ancaq
Onu duymaz sürüklənən həşərat.
Nuru heç dərk edərmi kor, heyhat!
Nərdə parlarsa haqq, şərəf, vicdan,
Eyilik, doğruluq, gözəllik, inan,
Orda var sevgi, orda var iman.
Orda var şübhəsiz, böyük yaradan!

Daha sonra qızıl kitabı, yəni Quranı iqtibas edən Peyğəmbər deyir ki:

Ulu Tanrı, o görünməz yaradan
Əmr edər yalnız ədalət, ehsan,
O, fəna işləri, fəhşiyyatı
Nəhy edər, varlığının isbatı
Bu təbiət, bu məlamətli fəza...
Onca birdir: ulu, zəngin, füqəra.

“Məhrumlar” məmləkətində, bir məmləkətdə ki, özünü heç bir şeylə göstərməyən bir gənc varlı bir ailəyə mənsub olduğuna görə cəzalandırılır, “Allahın varlı ilə kasıba fərq qoymadığı”ndan danışmaq nə böyük cəsarət, nə də məharət tələb edirdi. Lakin şairin əsl cəsarətini biz indi görəcəyik.

Peyğəmbər təbliğat apararkən təhqirlərə məruz qalır. Onun dişini sındırırlar, ələ salırlar. Döyülmüş və təhqir edilmiş Peyğəmbərin naümid bir çağında tarix rəmzi deyilən bir skelet səhnəyə çıxır və ona bir qılınc uzadaraq belə söyləyir:

İnqilab istəyirmisən, mənə bax!
İştə kəskin qılınc, kitabı burax.
Parlayıb durmadıqca əldə silah,
Əzilərsən, qanın olar da mübah.
Eyləməz yardım incə hikmətlər,
Quru söz: busələr, məhəbbətlər,
Əvət, ancaq qılıncdadır qüvvət,
Bundadır haq, şərəf və hürriyyət![8]

Peyğəmbər qılıncı əlinə alaraq deyir:

Əvət ən doğru, ən gözəl ayin:
Əhli-vicdana busə, xainə-kin!..

İndi sadəcə inandırmaq deyil, məcbur etmək silahına da malik olan Peyğəmbər bir əlində “Allahın kitabı”, o biri əlində isə polad bir qılınc aşağıdakı monoloqu söyləyir:

Bu qılınc, bir də bu mənalı kitab!
Iştə kafi sizə... Yox başqa xitab,
Açar ancaq bu kitab el gözünü,
Siləcəkdir bu qılınc zülm izini.
Haq, vətən, zövqi-səadət, cənnət
Həp qılınc kölgəsi altında, əvət!..

İşçi sinfinin qılıncı ilə qurulan dövrün fikri, şübhəsiz, bolşevik zövqünü oxşayar, lakin yurdsevərlərin “qılınc kölgəsindəki vətən” anlayışı heç də əsl kommunistlərin xoşlanacaqları bir şey deyildir. Kommunist rejimi və istilası altında əzilən Azərbaycan vətənində azərbaycanlı şairin yaratdığı Peyğəmbərin dilindən söylənən Vətən şüarının ifadəsi xüsusilə aydındır. Bu sözlər vətənpərvərlik mənasında işlənir.

Vətəni sadəcə sözdə sevmək kifayət deyil. Çünki hər hansı bir haq kimi Vətən də ancaq mübarizədə qazanılır. Böyük bir sənətkarlıqla yazılmış bu əsərdən Azərbaycan oxucusunun alacağı hissə məhz budur.

Yurdsevərlik bu əsərin təfərrüatında da özünü göstrərir. Bir missal: Peyğəmbərə gülən yaramaz küçə uşaqlarının dilindən bu beytlər səslənir:

Deyir göydə bağçalar var,
Orda çiçəklər nur saçar.
İnsan mələk kimi uçar
İstəməm, masaldır onlar.
Mən vuruldum yalnız sana,
Vətən! Ah, sevgili ana!
Dün bir quş gördüm yaralı,
Düşmüş yurdundan aralı
Dişlərdi köksünü çalı,
Söylərdi san hər məalı:
Vəhşi qartal qıydı mana
Vətən!... Ah, sevgili ana!..

Bu sözlərdə bolşeviklər, yəqin ki, komsomol allahsızlığı görürlər. Halbuki yurdsevər Azərbaycan, şübhəsiz, köksü dəlinən yaralı quşun şəxsində müqəddəs atəş məmləkətinin simvolu Prometeyi görür: Prometey keçmişdəki ikibaşlı çarlıq qartalının yerini tutan bolşevizmin oraq və çəkici tərəfindən parçalanıb didilir.

Hüseyn Cavidin qeyd etdiyimiz bu iki əsərindən başqa sovet dövründə yazılmış digər əsərləri də vardır.

Bunlardan “Uçurum”la “İblis”dən bir-iki parça vermək istərdik. “Uçurum”da İstanbulda baş verən bir əhvalat təsvir edilir. Rəssam Cəlal Parisə gedir, Anjel adlı işvəkar bir fransız gözəlinə vurulur, İstanbulda qoyduğu gənc qadını ilə uşağını unudur, bir qısqanclıq səhnəsi əsnasında qadının qucağındakı kiçik yavrusu balkondan düşüb ölür. Sonunda Anjel də onu tərk edir, kor-peşman qadınına dönür, əfv edilməsini istəyir və əfv edilmədiyindən özünü uçuruma ataraq həlak olur. Əsərin moralist və idealist qəhrəmanı Əkrəm Parisə getmək üzrə olan arkadaşı Cəlala istiqamət vermək diləyi ilə bunları söyləyir:

Əvət, bu çox gözəl düşüncə, lakin
Səyahətdən zövq alan bir türk için
Krım yaylaları, İdil boyları,
Qafqaz dağları, şanlı türk soyları
Birər sərgidir, seyrinə doyulmaz
Gənc bir rəssam üçün dəyərsiz olmaz.

Cəlalın tablolarını seyr edərək məharət və bacarığına heyran qalan Əkrəm “Peyğəmbər” şairinin qələmlə təsvir etdiyi bir tablonun fırça ilə rəsmini çəkməyi arzulayır:

Mən öylə bir rəssam olsaydım əgər
Hicaz ölkəsinə eylərdim səfər.
Uğraşıb durardım bir xeyli müddət,
Bir çox düşüncədən sonra, nəhayət,
Təsvir eylər idim gənclik çağında
Böyük Məhəmmədi Hərra dağında.

Eyni motivi biz şairin əsərləri arasında müstəsna yer tutan “İblis”də də görürük. Bu əsərində şair əsasən hürriyyət və insani fikirlərin bir romantiki olaraq meydana çıxır. İnsanların lənətlərinə qarşı özünü müdafiə edən İblisin dili ilə insanlar arasındakı təzadı təsvir edir və adəm övladının düşgünlüyünü və öz cinsinə qarşı canavar kəsildiyini göstərir. Əsərin İblis adından söylənən son monoloqunu birlikdə dinləyək:

İblis! O böyük nə qədər calibi-heyrət!
Hər ölkədə, hər dildə anılmaqda o şöhrət,
Hər qülbədə, kaşanədə, viranədə İblis!
Hər Kəbədə, bütxanədə, meyxanədə İblis!
Hər kəs məni dinlər, fəqət eylər yenə nifrət
Hər kəs mənə aciz qul ikən, bəslər ədavət,
Lakin məni təhqir edən ey əbləhü miskin!
Olduqca müsəllət sənə, bil, nəfsi-ləimin,
Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsan,
Daim ayaq altında sönüb məhv olacaqsan.
Mənsiz də, əmin ol, sizə rəhbərlik edən var:
Qan püskürən, atəş sovuran kinli krallar,
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,
Altun və qadın düşkünü divanə bəbəklər.
Min hiylə quran tülkü siyasilər, o hər an
Məzhəb çıxaran, yol ayıran xadimi-ədyan,
Onlar, əvət, onlar sizi çeynətməyə kafi,
Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi...
Mən tərk edirəm sizləri əlan, nəmə lazım!
Heçdən gələrək, heçliyə olmaqdayım azim.
Iblis nədir?
- Cümlə xəyanətlərə bais!.. -
Ya hər kəsə xain olan insan nədir?
- İblis.

Ən qatı bir inqilabçı ədasıyla yazılan bu əsərində dahi şair onu tərk etməyən ana düşüncəsinə[9] - milliyyət və türkçülük fikrinə xüsusi bir yer ayırır: Turanın qurtulması üçün yalnız qılıncın kifayət olmadığını bir qəhrəmanın dili ilə,

Turanda qılıncdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!..

deyə ifadə edir.

Bu mədəniyyət və ürfan olmazsa, şairin söylədiyi bir türk zabitinin fikrincə türk ordusu:

İstərsə bütün Hindi də, Əfqanı da sarsın,
İstərsə bütün qarşı çıxan maneyi yıxsın,
Turanı basıb bağrına Altaylara çıxsın,
Mümkün deyil, əsla olamaz naili-amal,
Etdikcə xəyanət əli bu milləti pamal.

Ədəbi fəaliyyətinin sonlarına doğru Cavid yeni bir əsərinin nəşrinə müvəffəq oldu. Bu mənzum faciənin adı – “Səyavuş”dan görüldüyü kimi, məzmunu “Şahnamə”dən alınmışdır. Böyük İran şairinin bu məzlum qəhrəmanı, onun yaşadığı faciələr, müvəffəqiyyətsizliklər, təbiidir ki, Azərbaycanın romantik şairi tərəfindən istər zamanın tələbi və istərsə, səhnə texnikası baxımından çox gözəl işlənmişdir. Liberal bir aristokrat tipi olan Səyavuşun xarakterik cəhətləri məzlumlara və yoxsullara acımaq, şəhvətə, zülm və zorakılığa qarşı nifrət bəsləmək hisslərini göstərən cizgilərlə çox gözəl qabardılmışdır.

Cavidin digər əsərləri kimi, “Səyavuş”da türk şerinin gözəlliyinin sirlərini bilən bir sənətkarın ifadə parlaqlığı vardır.

Rəqs edən gözəl qadının son dərəcə lətif nəğməsi:

Qayğısız baharın ilıq busəsi
Tellərimə qondu zülmət uçarkən.
Sərxoş bülbüllərin o bayğın səsi
Oxşadı ruhumu güllər açarkən.
Yasəmən, nilüfər, sünbül, bənəfşə
Mey sundular mana almas jalədən.
Günəş üryan vücudumu əmdikcə
Bir tülə büründüm sanki lalədən.

Lakin bu pyesdə biz lirik nəğmələrin yanında gözəl düzülmüş səhnələrin hər gəlişini müşayiət edən bir çox dərin mənalı fəlsəfi fikirlər də tapırıq. Oxucu burada hüriyyət üçün çarpışmağa çağıran coşqun xitablara rast gəlir. Kəndli üsyanlarının qorxubilməz gənc başbuğu[10] Altay arkadaşlarına aşağıdakı beytlərlə müraciət edir:

Zülmə qarşı dikbaş və məğrur olun!
Hürriyyət uğrunda çox cəsur olun!
Səadət pərisi gülməz qullara,
Munis olar ancaq dəmir qollara.

Bu bir dəvət ki, sosial və milli əsirliyin təmsilçisi olan Sovet hökümətinə qarşı dəfələrlə üsyan edən və əsərin yazıldığı zaman həqiqətən üsyan vəziyyətində olan indiki kəndli başçıları da iki əllə imza atarlar.

Bolşevik istilasının ilk dövrlərində Hüseyn Cavidə, nisbətən daha yaxşı yazmaq və yazdıqlarını oxutmaq və dinlətmək müyəssər olur. Halbuki milli cərəyanın digər nümayəndəsi Cavad Axundzadənin işi bolşevik dövründə qətiyyən gətirmir. Əski bir “müsavatçı” olduğuna görə onu həbs edirlər. Mətbuat səhifələrində, ədəbiyyat qurultaylarında hər yerdən uzaqlaşdırılır və qovulur. Əsərlərini nəşr etmirlər və nəşr olunanları isə toplayırlar. Bütün bunlara baxmayaraq, onun yazdığı parçalar əldən-ələ gəzərək gənc kommunistlərin arasında belə yayılır. Gənc bolşevik şairlər öz yazdıqları şerlərini Cavadın tənqid və təqdirinə ərz edəcək dərəcədə onun təsirinə düşürlər. Siyasi olmayan parçaları bəzən fürsət olduqda, mətbuat səhifələrində özünə yer tapır. Bunların çoxu rəmzidir. Bu rəmzlər çekist ruhlu tənqidçilər tərəfindən deşifrə olunub şairə hücum üçün bir vasitə olur. Cavad rəmziliyinin başlıca mövzusu Azərbaycan təbiətinin mənzərələridir.

Əyil Kürüm, əyil keç!
Dövran sənin deyil, keç!

Başqa bir şerində Göy gölü təsvir edir. Gəncə civarında[11] bir yayla gölünə həsr edilmiş bu lirik şeri dinləyək:

Dumanlı dağların yaşıl qoynunda,
Tapmış gözəllikdə kamalı Göy Göl.
Yaşıl gərdanbəndi[12] gözəl boynunda
Əks etmiş dağların camalı Göy Göl.

Yayılmış şöhrətin şərqə, şimala
Şairlər heyrandır səndəki hala.
Dumanlı dağlara gələn suala
Bir cavab almamış, soralı Göy Göl.

Tapılmaz dünyada bənzərin bəlkə,
Zəvvarın[13] olmuşdur böyük bir ölkə,
Olaydı könlündə yaşıl bir kölgə,
Düşəydi sinənə, yaralı Göy Göl.

Sənin gözəlliyin gəlməz ki saya
Qoynunda yer vardır ulduza, aya,
Oldun sən onlara mehriban daya,
Fələk büsatını quralı, Göy Göl.

Kəsin eyşü nuşu, gələnlər, susun,
Dumandan yorğanı, döşəyi yosun,
Bir yorğun pəri var, bir az uyusun,
Uyusun dağların maralı Göy Göl.

Dolanır başına göydə buludlar,
Bəzənmiş eşqinlə çiçəklər, otlar,
Öpər yanağından qurbanlar otlar,
Ayrılıq könlünü qıralı Göy Göl.

Bir sözün varmıdır əsən yellərə?
Sifariş etməyə uzaq ellərə...
Yayılsın şöhrətin bütün dillərə,
Olursa olsun qoy haralı, Göy Göl..

Çekist ruhlu sovet tənqidçiləri “Bir sözün varmıdır əsən yellərə, Sifariş etməyə uzaq ellərə” beytində əks-inqilabçı bir rəmz görürlər. Cavad onların mühakiməsincə “inqilab tərəfindən uzaq ellərə atılmış müsavatçı millətçilərə” işarə etmək istəyirmiş. Cavada bir aralıq gürcü şairi Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” adlı mənzuməsini şerlə türkcəyə tərcümə etdirmişdilərsə də, sonralar onu tamamilə inkar etmiş, tərcüməsini də aradan götürmüşlər. Hüseyn Cavid kimi o da ziyalılara qarşı tətbiq olunan ümumi təmizləmə, qətliam[14] illərində Azərbaycan mühitindən uzaqlaşdırılmış, gedər-gəlməz bir diyara göndərilmişdir. Sibirin ucqar bir güşəsində, məhrumiyyət və səfalətlər içində əziz yurdunun yolunda qalan gözlərini əbədi olaraq qapayan böyük şairin bu vəhşət dünyasından qəti-əlaqə etdiyini faciənin şahidi olan bir azərbaycanlıdan acılarla xəbər aldıq.

Bolşevik dövründən əvvəlki yazıçılardan sovet idarəsi altında ən böyük müvəffəqiyyət Cəfər Cabbarlıya nəsib oldu. Radikal düşüncəsi, yetişdiyi sosial sinif, əsasən məzlumların və nəsibsizlərin həyatından aldığı mövzular bolşeviklərin ona nisbətən yumşaqlıqla yanaşmalarına səbəb oldu. Onlar Cəfəri özlərinə “cığırdaş” sayırlar, pyeslərini şiddətli senzor dəyişdirməsindən sonra olsa da, həm nəşr etməyə, həm də oynanmağa buraxırlar. Onun qələmindən məharətlə yazılmış bir çox əsərlər çıxmışdır. Sovet tənqidçilərinə görə o, mövcud yazıçılar arasında kollektivist düşünüşü ən çox mənimsəyən bir yazıçı kimi qiymətləndirilsə də, pyeslərinə verdiyi adların hamısı “Vəfalı Səriyyə”, “Aydın”, “Oktay”, “Od gəlini”, “Yaşar” və sairə fərdi xarakterlərdir. Milli mühacirət nəşrlərində ədəbi cərəyanları yaxından izləyən yazıçılarımızdan Mirzə Balanın dediyinə görə, individualizm və onunla bərabər liberalizm Cabbarlının bütün əsərlərində mövcuddur. Bu fikrə sovet tənqidçilərindən ciddi olanlara da rast gəlirik. Son zamanlarda Bakıda nəşr olunan iki cildlik “Azərbaycan ədəbiyyatı tarixi” də Cabbarlını təhlil edərkən qəhrəmanlarının “faciəviliyi və hətta anarxizmi” üzərində dayanmışdır. Həqiqətən də “Aydın” teatr səhnəsini titrədən alqışlar içində fikrin, səyin, sənətin və insanın həqiqi şəxsiyyətini şərtləndirən bütün dəyərlərin hürriyyətini tələb edir. O, heç bir millətin başqa bir millət üzərində ağalıq etməsini istəmir. İstiqlal – bu ən böyük bir feyzdir. “Rədd olsun osmanliların Hicazdakı, ingilislərin Hindistandakı və rusların da Azərbaycandakı ağalıqları...”

“Oktay” həyatın hər sahəsində və xüsusilə mədəniyyətlə sənətdə yaşayışın milliləşməsi üçün vuruşur. Aktyorların səhnəarxası yaşayışlarına aid bir əsər oynanır. Səhnə içində bir səhnə göstərilir. Burada türk qadını rolunu oynayan, lakin türk olmayan bir aktrisa naz edir və səhnəyə çıxmaq istəmir. Bu anda pyesin qəhrəmanı Oktay səhnəyə çıxır və hiddətli bir əda ilə tamaşıçılara bağırır: “Bir aktrisa da verə bilməyəcəksənsə, öl!..”

Müraciət müdhiş bir təsir bağışlayır. Tamaşaçılar arasından gənc bir türk qızı çıxaraq səhnəyə gəlir və nazlanan aktrisanın yerini məharətlə tutur. Qeyri-adi bir təsir. Tamaşaçıların həyəcanı sözlə ifadə edilməsi mümkün olmayacaq bir dərəcədə!..

“Od gəlini”ni Cəfər “Çeka” həbsindən çıxdıqdan sonra yazmışdır. O, vaxtilə istər məmləkətdə, istərsə də məmləkət xaricində səs salmış bir hadisəyə görə “müsavatçılar” qrupu ilə birlikdə həbs edilmişdi. Bu əsərdə atəşpərəst Azərbaycanın müsəlman-ərəb istilasına qarşı mübarizəsi təsvir edilir. Yeni sahiblər məmləkətin bütün zənginliklərini çapıb aparırlar. Neft dövlətin malı elan edilir, Ərəbistana daşınır. Azərbaycanlıları İslam dinini qəbul etməyə məcbur edirlər.

Xalq üsyan edir. Gənc Elxan sevgilisinin baş örtüyündən düzəltdiyi bir bayraqla meydana atılır. Müdhiş bir mübarizədən sonra onu tuturlar, əsir edirlər və edamına qərar verirlər. Əlləri arxasında bağlı halda dar ağacının altında onu şəhadət kəlməsini oxumağa məcbur edirlər. O isə “bütün dünya desə də, mən demərəm “La ilahə illallah” – deyə hayqırır.

Mənzərənin rəmziliyi göz qabağındadır. Tamaşaçılar üçün “ərəb” və “islam” sözləri yerinə “rus” və “kommunizm” sözlərini qoymaq mənanı aktuallaşdırmaq üçün kifayətdir.

Cabbarlı yalnız yazıçı deyil, eyni zamanda, rejissordur. Məşhur musiqi professoru Qliyer onun “Şahsənəm” adlı mənzum pyesini nota çevirərək opera yazmışdır. “Qız qalası” mənzuməsi kimi, əsərlərindən bir qismi rusca ilə bərabər, Qafqaz dillərinə də tərcümə edilmişdir. Dramlarından başqa Cabbarlının şerləri və hekayələri də vardı. Cabbarlının dramaturqluğu Azərbaycan dramaturgiyasında mühüm bir mərhələdir. Tənqidçilərdən biri onun xüsusiyyətlərindən bəhs edərkən, o cümlədən belə deyir:

“Cabbarlı öz yaradıcılığında Azərbaycan klassik dramaturgiyasının ən gözəl cəhətlərini davam etdirməklə bərabər, dünya dramaturgiyasının da nailiyyətlərindən faydalanıb. İbsen kimi aktual, qəti və cəsarətli, Şiller kimi üsyankar, Şekspir kimi əngin və rəngarəng, Qorki kimi ideyalı olmağa çalışan, öyrənən, arayan Cabbarlı Azərbaycan dramaturgiyasında sosial realizmin əsasını qoydu”.

Aydın, Oktay, Elxan kimi qəhrəmanların da ətrafındakı insanlarda həyəcanlar oyadacaq xüsusiyyətləri vardır. Onlar alovlu sözləri ilə, açıq fikirləri ilə və cəsarətli hərəkətləriylə insanları sarsıdaraq arxaları ilə aparırlar. Fəlakət və səfalətlərə baxmayaraq, mübarizəyə gedən bu insanlar anlaşılmaz bir qüvvətlə bu rəhbərlərindən ayrılmırlar. Hətta qəhrəmanlar bunları işin təhlükəliliyi ilə tanış edib, təhlükədən uzaqlaşdırmaq istədikləri zaman belə onlar özlərini gözləyən cəfalara məmnuniyyətlə hazır olduqlarını bildirirlər. Cabbarlıda kişi qəhrəmanlar kimi, qadın qəhrəmanları da yetkin tiplərdir. Onun əsərlərində Azərbaycan cəmiyyətindəki bütün məsələlər kimi, qadın məsələsi də real bir şəkildə qoyulmuş və həll edilmişdir. Qız qalasındakı Durna mətanətli və namuslu Azərbaycan qızının şüurlaşdırılmış tipidir. Cabbarlının əsərlərindəki qadın surətləri passiv etirazdan başlayaraq, aktiv protestə və sosial mübarizəyə qədər yüksəlir.

Cabbarlı dramlarının bir xüsusiyyəti də müsbət qəhrəmanlarının qüdrətini göstərmək üçün qarşılarına çıxan mənfi tipləri yetkin bir şəkildə və qüvvətli olaraq təsvir etməsidir ki, bununla şeytanlara qələbə çala bilən qəhrəmanların ilahi qüvvələri haqqı ilə təqdir və təsəvvür oluna bilsin. Ümumi iclas çərçivəsi içində, təəssüf ki, Cabbarlının əsər və tiplərinin təfsilini və təhlilini verə bilməyəcəyik.

O, gənc yaşlarında, qüvvət və enerji ilə dolu ikən, 1934-cü ilin sonunda vəfat etdi. Onu dövlət hesabına dəfn etdilər. Azərbaycan komissarları onun tabutu başında növbəyə durdular və bununla onun kommunist deyilkən, kommunistliyi mənimsədiyini göstərmək istədilər. Kommunist olmadığını göstərən hadisələrdən biri də onun Moskvada toplanan ədiblər qurultayında söylədiyi məşhur nitqidir. Bu nitqdə o, “həqiqi sənətkar və yazıçının şanına yaraşmayan sosial sifariş” üsulunun, yəni şairləri hökümət tərəfindən müəyyən mövzularda yazmağa məcbur edilmənin əleyhinə çıxmışdır.

Bolşevik istilasından əvvəlki məşhur adlarla bərabər, Sovet Azərbaycanında yaradıcılıq istiqlalı göstərən yeni bəzi yazarlar da görürük. Belələrinə biz həyatı təsvir edən hekayə, novella və roman yazanlar arasında rast gəlirik. Bunlar əksər hallarda rəsmi sovet tənqidçiləri tərəfindən şiddətli tənqid edilir. Misal üçün Sabit Rəhman adlı birisi tərəfindən yazılan “Vəfasız” romanı üzərində dayanaq. “Vəfasız”ın xülasəsi budur:

Yoxsul bir müəzzin ailəsinin qonşuluğuna sovet məmuru köçür. Məmurun səkkiz yaşlı pioner, yəni kiçik kommunist bir oğlu var. Yaramaz pioner qonşularına rahatlıq vermir. Müəzzinin bağçasında o, qırmadığı fidan, qoparmadığı budaq qoymur, hər şeyi alt-üst edir. Müəzzinin ailəsi yeni qonşunun əlindən zara gəlir. Müəzzinin arvadı xəstələnir. Yeganə oğul işsizdir. Özü artıq qocadır, həyatının son günlərini yaşayır. Az-çox dəyəri olan bütün əşyasını satmışdır: müəzzinin ailəsi artıq sözün tam mənasında acdır. Nəhayət məscid də bağlanır. Həyat çıxılmaz bir vəziyyətdədir.

Günlərin bir günü həyətdən atılan bir daşla müəzzinin pəncərəsinin şüşəsi qırılır: bu daş xəstə yatağındakı qadının qəlbinə dəyir, qadın bir daha ayılmamaqla bayılır. Bundan son dərəcə mütəəssir olan ixtiyar, oğluna müraciət edərək deyir ki: “Oğlum Saleh, anan aclıqdan və pionerin atdığı daşdan öldü. Bir azdan mən də öləcəyəm. Nə qədər kədərli olsa da, ehtimal ki, sən də öləcəksən. Lakin, oğlum, iki gözüm, öz işimiz uğrunda şərəf və namusla ölək”.

Bir az sonra ixtiyar müəzzin ağlını itirir. Yetim qalan Saleh iş axtarmağa başlayır. Müəzzin oğlu olduğu üçün onu hər yerdən qovurlar. Nəhayət, o, qonşudakı kommunist Sultanla tanış olur. Sultan bütün hallarda ona müti olmaq şərti ilə müdiri olduğu idarədə bir iş verir. Burada Saleh məmurlardan İncə adlı gənc bir qızla tanış olur. Sultanın eşqini rədd etmış İncənin qüdrətli müdir tərəfindən təqib edildiyini öyrənən Saleh bunu qıza xəbər verir. Bu “xəyanət”dən xəbər tutan Sultan Salehi öz himayəsindən məhrum edir, o, xidmətdən çıxarılır və müəzzin oğlu olduğu üçün komsomoldan (yəni gənc kommunist təşkilatı) çıxarılır. Saleh yenə küçələrdədir.

Göy altında ona yer olmadığını düşündüyü ümidsiz bir çağında Saleh öz-özünə söyləyir: “Yeni rejim anamı öldürdü, atamı dəli etdi, məni isə hər hüquqdan məhrum etdi, qovdu. Nə etməli... hüquqlardan məhrum edilmiş bütün səfil məhrumların intiqamını almalı...” qərarı verir və kommunist Sultanın yanına gedir.

Görürsünüz ki, bu hekayədə sovet həyatı olduqca real bir şəkildə göstərilir. Təqib olunan insanın faciəsi təsvir olunur və təzyiqlərə qarşı mübarizə aparan qəhrəman tipi verilir. Göstərdiyi bu cəsarətli realizmi üçün sovet tənqidinin yazıçıya müdhiş hücumlar edəcəyini bilmək çətin deyildir. Bu tənqid ona “tərsinə realist” adını verir, “sinfi düşmən, xırda burjua zehniyyətinin əsiri” elan edir. Bakıda çap edilən “Bakinski raboçi” qəzetinin ədəbiyyat tənqidçisinə görə (№ 125, 1934-cü il) yazıçı “ənənələrin toruna düşmüş, ingilabçılığa məxsus əhatədən məhrum bir zavallıdır”. Bu tənqidçi “sovet rejiminin ədalətsizliyindən, anasının öldürüldüyündən, atasının dəli olduğundan və özünün də dilənci halına düşdüyündən” bəhs edilən Salehə qarşı hiddət və kinlə doludur.

Sabit Rəhmanın öncə sovet təqdirini alıb, hökümət mətbuatında çap edilən bu romanı kimi H.Axundlunun “Kələfin ucu” adlı romanı da öncə eyni şəkildə təqdir olunub, dövlət tərəfindən nəşr edilir, mükafatlandırılır, sonradan “əks-inqilabçı və müsavatçı” ruhuyla zəhərlənmiş ideyalarla bulaşıq bir əsər kimi aradan götürülür. “Kələfin ucu”nda təsvir olunan qəhrəman bir kənd uşağı ikən Bakıya gəlmiş və burada inqilabçı proletar mühitində “əsil kommunist” olmaq əvəzinə “millətçilik” ruhuyla aşılanır. Bunu öncə hiss etməmiş sovet çekistləri sonra ayılırlar, əsəri də, müəllifi də aradan götürürlər.

1937-ci il radələrində bütün sovetlərdə olduğu kimi, Azərbaycanda da şıddətli təmizləmələr oldu. Qətliam dövrü deyilən bu illərdə Azərbaycandakı mədəni qüvvələr əsaslı surətdə təmizləndi. Azərbaycanın sovetləşdirilməsində mühüm rolu olan yerli kommunistlərin belə boğazlandığı bu qanlı illərdə Hüseyn Cavid, Əhməd Cavad kimi milli şairlərin də məhv ediləcəyinə şübhə yox idi. Onları və onlara bənzəyənləri meydandan götürdülər. Sadəcə cismən öldürməklə kifayətlənməyib, təmsil etdikləri ədəbi cərəyana da yeni bir istiqamət vermək istədilər. Türklük və türkçülük ideologiyası qoxuyan duyğu və düşüncələr kimi “türk” termini də qadağan edildi. Ideologiyadakı kommunizm kimi, terminologiyada da sovetizm hakim olur. Bu terminlərin İslam və Avropa sistemindən rus sisteminə keçilməsi və Azərbaycan dilində olmayan sözlərin yerinə ərəbcədən, farscadan və hətta qeyri bir türk dilindən deyil, ancaq rusca kəlmələrin qoyulması deməkdi. Böyük bir “sovet milləti” yaradılırdı. Çoxdilli sovet elləri bu millətin yüksək mənafeyinə xidmət edəcək, kiçik millətlər böyük rus milləti ilə birləşərək yolunda yüksələcəkdi. Hakim ruh bu idi. 1939-cu ildə türk xalqlarına tətbiq olunan bu mədəniyyət siyasətinin qəlibi tapıldı. Ərəb hərfləri sistemindən vaxtilə latın hərfləri sisteminə keçirilmiş türk yazıları kirillisa deyilən rus hərfləri sisteminə keçdi. O gündən etibarən ideologiyada da sözdə sovet idealı deyilən “böyük rus milləti ilə birləşmək” əsnasında yürüdülür.

Bu dövrdən başlayaraq, azəri və ya Azərbaycan türkcəsi yox, Azərbaycan dili, milləti və ədəbiyyatı vardır. Millət və dinin birləşməsindən yaranan mədəni mühit yox, yalnız kommunist ideologiyası və sovet vətənpərvərliyi vardır. Məhəlli və milli dəyərlər yalnız bu “müştərək və böyük vətən”in mənfəətinə uyğun gəldikdə sayılır və sevilir, əks təqdirdə əzilir və öldürülürlər.

Azərbaycan ədəbiyyatı indi bu şəraitdə yaşamağa məcburdur. Bu məcburiyyətlər və təzyiqlər nəticəsində ayaq üstə durmaq istəyən bir yazıçı, ədib və şair təsadüfi deyil ki, tarixcə bağlı olduğu İslam və türk ideallarından üz çevirəcək, mədəni dünyaya xor baxacaq və hətta 1939-cu ildən əvvəlki illərdə yazılan Sovet Azərbaycanı ədəbiyyatının əsərlərini belə rədd və inkar edəcəkdir. Necə ki, əsil sovet dövründə yetişən və bir kommunist ədib və şair olaraq şöhrət qazanan adamlar belə əvvəlki yazılarından imtina etmişlər, “böyük” Stalinin iltifatını qazanmaq və kökslərinə Lenin ordenini taxmaqla karyera düzəldə bilmək üçün Səməd Vurğun kimi əski şerlərinin öldüyünü elan etmişlər.

Buna baxmayaraq, Azərbaycanın potensial mədəni qüvvələrinin fəaliyyətdən qalmadığına şahid oluruq. Sovet vətənpərvərliyinin kadrları içində belə Azərbaycanın özünəməxsus potensialı öz təsirini göstərməkdə və varlığını isbat üçün çalışmaqdadır. Son illərdə bir çox tərcümə ədəbiyyatı nümunələri yaranmışdır. Şərq və Qərb klassiklərindən bir çoxu Azərbaycan dilinə çevrilmişdir. Bunlar arasında Nizaminin bütün əsərləri, rus şairi Puşkinin “Yevgeni Onegin”, gürcü şairi Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” mənzuməsi mənzum olaraq türkcəyə tərcümə edilmişdir. Tərcümə əsərlərindən başqa orijinal əsərlər də yazılmışdır: bunlar arasında yuxarıda haqqında danışdığımız Səməd Vurğun Stalini idealizə edən əsərlər yanında bir də “Vaqif” adlı mənzum dram yazmışdır. “Vaqif” XVIII yüzillikdə yaşamış məşhur Azərbaycan şairi Molla Pənah Vaqifin həyat və əsərlərindən ilham almaqla yazılmışdır. Ümumi sovet vətənpərvərliyinə rəvac verən son rus əsərlərindən öyrənməklə, Azərbaycan vətənpərvərliyinə rəvac verən bu pyes çağdaş Azərbaycan səhnəsinin ən uğurlu əsəri sayılır. Səmədin dili, şairlik qüdrəti və vətənpərvərliyi necə anlaması haqqında bir fikir yaratmaq üçün onun bu mənzuməsindən bəzi beytləri birgə gözdən keçirək:

Şair Vaqif, məlum olduğu kimi, Ağa Məhəmməd şah Qacar ilə müharibə edən Qarabağ xanının vəziri idi. Pyesə görə, Qarabağ xanı məğlub olmuş, Məhəmməd şahın keyf məclisi qurulmuşdur. Vaqif tutularaq onun hüzuruna gətirilir. Şair içəri girərkən Qacara baş əymir.

QACAR – Aha, baş əymir hüzurumda bu!...
ŞEYX – Yoxdur vicdanında qanun qorxusu.
QACAR – (Vaqifə) – Şair, hökmdarın hüzurundasan.
VAQİF – Bunu sizsiz belə düşünürəm mən.
QACAR – Bəs baş əymədiniz?
VAQİF – Əymədim, bəli!
Əyilməz vicdanin böyük heykəli...
QACAR – Qılınclar toqquşub iş görən zaman
Neylər dediyiniz quru bir vicdan?
VAQİF – Vicdan dedikləri bir həqiqətdir –
Beşiyi, yuvası əbədiyyətdir...
QACAR – Bəs zindan necədir, qaranlıq zindan?
VAQİF – Soyuq məzara da zinətdir insan...
QACAR – Aha, sınayırdım idrakınızı,
Doğrudan bir şair görürəm sizi.
Xoşbəxt xəlq eləmiş sizi yaradan!
VAQİF – Dünyada qalacaq yalnız yaradan!..
QACAR – Çox gözəl, çox gözəl, inanın ki mən
Sizin ruhunuzu sevdim ürəkdən.
Göylərə baş çəkən bu şanlı saray,
Göylərin büsatı o ulduz, o ay, -
Sizə tapşırılsın bu gündən gərək
Ancaq bir şərtim var...
VAQİF – Buyurun görək!
QACAR – Gərək fars dilində yazsın sənətkar.
VAQİF – Farsın Xəyyamı var, Firdovsisi var,
Nə çoxdur onlarda böyük sənətkar.
Azəri yurdunun oğluyam mən də,
Az-az uydururam yeri gələndə.
QACAR – Yaxşı, gəl əl götür bu inadından,
Bu qədər naşükür olmasın insan!
VAQİF – Aldada bilməmiş dünyanın varı
Bir məslək eşqilə yaşayanları!
Mən ellər bağında azad bir quşam,
Mənsəbə, şöhrətə satılmamışam!..
VƏZIR – Yaxşı da... Çarıqlı kiçik bir ölkə
Böyük Firdovsilər yaratdı bəlkə?..
VAQİF – Dayan... bu bağçanın hər bir bucağı
Neçə çiçək, neçə güllər bitirmiş.
Sizin güldüyünüz çoban torpağı
Nizamilər, Füzulilər yetirmiş*.

Son illərin məhsulu olan bir mənzumə üzərində də dayanmaq istərdik. 700 misradan ibarət bu mənzumə heca vəznində yazılmış bir poemadır. Klassik dastanlar üslubunda, Dədə Qorqud dastanlarının rəng və ahəngi ilə yazılan və Azərbaycan şivəsi və ədəbi zövqünün xüsusiyyət və ünsürlərini daşıyaraq ənənəvi həyat tablolarını canlandıran bu dastan:

“Şah İsmayıl dövründən
Təbrizin Qəmərindən
Sizə bir nağılım var,
Qulaq asın, a dostlar!” –

sözləri ilə başlayır.

Cəfər Xəndan imzasını daşıyan müəllifin bu əsərinin qısaca məzmunu belədir:
Şah İsmayılın toyudur. Bu münasibətlə Təbrizə dünyanın hər tərəfindən gəlmişlər. Hindistan şahzadəsi də bunların arasındadır. Bütün şəhər şahanə toy münasibəti ilə əylənir. Meydanda gənc qızlar cıdıra çıxırlar. Cıdırın diqqəti çəkən ən parlaq ulduzu gənc və gözəl bir qızdır:

Onun adı Qəmərmiş,
Günəşdən nur əmərmiş.
Aya baxma deyərmiş
Günə baxma deyərmiş...

Hindistan şahzadəsi bu “ləkəsiz Azərbaycan ayı”na vurulur. “Ləkəsiz ay” təbiri şairindir:

Qəməriylə öyünür,
Göydəki kəhkəşanlar.
Təbriz deyir: mənim də
Yerdə bir Qəmərim var.
Əgər ləkəlidirsə
Göydə ayın yanağı:
Ləkəsiz ay doğurmuş
Azərbaycan torpağı!

Qəmərlə şahzadə nişanlanırlar və birlikdə Hindistana gedirlər. Təbrizin Qəmərlə vidalaşması səhnəsi çox canlıdır.

Qəmər ayrılan zaman
Ona Təbriz uzaqdan:
Getmə, getmə deyirdi,
Dəvə zınqırovları
Həzin-həzin çalırdı
Göy məsciddən göylərə
Zil azan ucalırdı.
Qəlbində Azərbaycan
Qəmər getdi uzağa
Kim bilir, dönəcəkmi
Bir də doğma torpağa?!.

Hindistanda Qəmərin həyatı naz və nemət içində keçir. Şahanə həyat yaşayır, lakin ruhu iztirabdadır. Vətən ayrılığı ona rahatlıq vermir:

Başqa bir aləm varmış
Vətən adlı sevgidə
Unutdurur hər şeyi
Qürbət eldə bu sevgi,
Canlanır hər çiçəkdə
Hər bir güldə bu sevgi.
Vətən eşqi əzizdir,
O hər şeydən ucadır,
Onun şanlı tarixi
Tarixlərdən qocadır!

Gözləri daima Vətən yolunda qalan, qəlbi həsrətlə yanan Qəmər, Hindistandakı sarayın pəncərəsindən baxarkən o tərəflərdən gələn bir karvanın keçdiyini görür, adam göndərərək sarvandan bir xəbər öyrənmək istyəyir. Gətirilən xəbər qorxuncdur. Azərbaycanı düşmən orduları tutmuşdur. Təbriz küçələri səngərə çevrilmişdir. Yurdun gəncləri aslan kimi çarpışırlar. Evlər, obalar atəş içindədir. Qəmər nə etsin. Qanadı olsaydı, oraya uçardı. Dərdini kimə açsın. Hər şeyi var, amma azadlığı yoxdur. O get-gedə daha çox kədərlənir, az qalır dəli olsun. Kədər və ümidsizlik içində:

Nə vaxt qurtaracaqdır
Bu əzablar, ilahi?! –
Nədir səndən küsməyən
Bir ürəyin günahı?!
Məgər sənin vətənin,
Yurdun, yuvan yoxmudur?!

- deyə Allaha sitəmli bir dillə müraciət edir. Vətən sözü Qəmərin dilindən düşmür. Fikri də, zikri də Vətəndir. Bir gün yuxusunda özünü Azərbaycanda görür:

Təsəllidir yuxu da,
Gördü Qəmər yuxuda:
Azərbaycana gəlmiş.
Elə bildi təzədən
Doğub cahana gəlmiş.

Qəmər nəğmə oxuyur,
Oxuduğu söz budur.
“Gülüm, Vətən yaxşıdır,
Köynək kətan yaxşıdır.
Qürbət cənnət olsa da
Yenə Vətən yaxşıdır.

Qəmər görür röyada
Arzusuna çatıbdır:
Sevgilisi tutubdur
Onu cıdır düzündə
Sevinc gülür gözündə.
Qucaqlayır yarını,
Ömrünün baharını
O tapşırır oğlana.
Onu Azərbaycana.
Vətən deyib qalırlar
Burda məskən salırlar.

Lakin Qəmər sərsəm vəziyyətdə diksinərək oyanır, bütün bunların bir yuxu olduğunu görür və qəhrindən boğazı düyünlənir.

Əl atır qələmdana
“Apar Azərbaycana”
Sözlərini yazır o
Sonra dərin bir yuxu
Alır onu qoynuna.
Ölüm hökm edir ona.
Yüz məşvərət etdilər
Saraydakı həkimlər,
Fəqət verən olmadı
O mərəzdən bir xəbər
Neçin Qəmər gülmədi?
Saray əhli bilmədi:
- Bülbül çəmənsiz olmaz,
İnsan vətənsiz olmaz!..

Sovet idarəsi altında hər növ məhrumiyyətlərə, maneələrə və cəllad tədbirlərinə baxmayaraq, milli hiss ilə yurdsevərlik şüurunun nə kimi həmlələrlə qarşılandığını və nə şəkildə inkişaf etdiyini olduğu kimi izah edə bilmək üçün müstəqil bir konfransa ehtiyac var. İndi isə 1933-cü ildə Bakıda nəşr edilmiş “Azərbaycan ədəbiyyatı tarixi”nə yazılmış müqəddimədən bir neçə sətri nümunə gətirməklə kifayətlənirik:

“Vətən və xalqa dərin sevgi və hörmət bizim ədəbiyyatın ən nəcib xüsusiyyətlərindən biridir. Xalqını göz bəbəyi kimi sevən, ondan ayrılmağı özünə ölüm hesab edən böyük demokrat Həsən bəy Zərdabi yazmışdır: “Bir gün gimnaziyanın direktoru mənə məlum eylədi ki, sərdarın hökmünə görə gərək mən Yekaterinedar şəhərinin gimnaziyasına müəllim gedəm, ona görə mən ərizə verib qulluqdan çıxdım. Çünki mən Bakıdan çıxıb, müsəlman işlərindən kənar olmağı özüm üçün ölüm hesab edirdim”.

Sovet senzurasının icazəsi daxilində Azərbaycan yurdsevərliyindən ancaq bu qədər bəhs edilə bilər. Bundan artığına, hələ qırmızı rus istilasına qarşı yönəlmiş həqiqi yurdsevərliyə qətiyyən meydan verilməz. Qüvvəsini məmləkətin tarixi və milli ənənələrindən alan bu cərəyanın əlamətlərini bizə sovet əsirliyinin tam mənzərəsini yaradan gizli şerlər verirlər. Budur, faciələrə uğrayaraq faciələrlə dolu həyatından bezmiş, nə üçün doğulduğunu özü-özündən soruşan şair:

Nə yazayım artıq yurduma dair,
Düşmən zəhər salır, dostlar gizlənir...
Bilməm ki, yurdunu sevən bir şair,
Neçin də bir cani kimi gizlənir.

Yolu kəsmədim mən, qaçaq olmadım,
Qurulu bir həyatı pozmadım mən ki...
Dostu arxadan bıçaqlamadım,
Heç qətlə fərman yazmadım mən ki...

Bəs neçün qəribəm bu doğma eldə
Məhbəsmi dörd yanım, mən ki, boğuldum:
Məlun bir zamanda, məhkum bir eldə
Bu yerdə mən neçin şair doğuldum?..

Şairi boğan bu havasızlıq daha böyük təsirlə qadın şairin riqqətli qəlbini titrədir. Onun duyduğu əzabı bir “Hicran” adlı parçada görürük:

Bir solğun çiçəyəm, bir sarı yarpaq
Candan şikayətkar, canandan iraq,
Çıxdım ki, yollardan alayım soraq,
Xəbər verən yoxdur, sorma dedilər!

Ayrılınca hilal qaşlı yarımdan,
Mən yaslara batdım, geymədim əlvan,
Düşünüb o ulduz gözləri hər an,
Ağlarkən, özünü yorma dedilər!

Mənim göylərimdən günəş çəkildi,
Parlaq həyatıma zülmət töküldü:
Vərəmli qəlbimə oxlar tikildi,
Qoy axsın qanları, sarma dedilər!

Günəşim bir daha doğmayacaqmı?
Vəhşi qaranlığı boğmayacaqmı?
Kölgələri şəfəq qovmayacaqmı?
Sordum, ümidini qırma dedilər!

Milli Azərbaycan öz bağrından fədakar mücahidlər yetişdirir. Qəhrəmanlıqla ölməyi şərəfsiz yaşamaqdan üstün tutan bunlar kişi kimi savaşır və itirilmiş hürriyyətlə istiqlalın geri alınması uğrunda Sovet zindanları ilə uzaq Şimalın buzlu sahillərini saysız qurbanlarla doldururlar. Bu igidlər arasında şahanə həyəcanlarla yaşayan istedadlı gənclər az deyildi. Bu məhbus şairlər haqqında vaxtı ilə Bakıdan gələn mühacirət nəşriyyatında nəşr edilmiş bir məktubda təfsilat verilmişdi. Milli düşmənə qarşı kin və mübarizə ruhu ilə qabaran bu canlı parçalar arasında diqqətəlayiq bir şerləşmə vardır. Məhbuslardan biri edamlar və işgəncələrə məruz qalan məhbusların qorxunc vəziyyətini “Yazma!” adlı şerdə belə təsvir edir:

Görürəm, qanlı qaranlıqların
Zülmə baş əydirən alçaqlıqların
Ölümdən yapdığı qorxunc bir varlıq
Əlləri qazmada dərin məzarlıq.
Hayqırmaq istədim: “məzarçı qazma,
Qazma, yaşayıram, ölməmişəm mən!..
Qəlbim, qanım istidir səninkindən
Ümidim böyükdür, gömülməz, qazma!
Kiçikdir mənimçin aldığın ölçün,
Bu məzarı öz boyuna biçdin!
Boş yerə yorulma... göy yerə sığmaz!”
Ancaq...
Susdurur səsi qaranlıqların
Qan köpürən öskürəkli nəfəsi...
Çınladır afaqı bir bayquş səsi
Acı bir fəryadla bağırır: “Yazma!”

Məhbus şairlə zindanda əzab çəkən arkadaşı özünə “Yaz!” – deyə müraciət edir:

Üfüqdə duyulan bayquşun səsi
Qulaqlar çınladır, ruhlar hırpalar[15],
Qaranlığın qan donduran nəfəsi
Bəzən bizi belə qorxuya salar.
Əvət, söylədiyin alçaq qatillər,
Hər yerə soxular, hər yeri gəzər
Yıxar, yaxar, boğar, yıxdırar, əzər!
Bəlkə hər şey edər, lakin o şeytan
Bir cənnət var, orda bir şey edəməz.
O cənnət ideal, bəkçisi[16] iman,
İman olan yerdə şeytan yaşamaz!

Millətin parlaq gələcəyinə böyük ümidlər bağlayaraq hürriyyətə susamış, mübarizə həyəcanının gərginliyini daşıyan bu igidlərin əsil qəhrəmanlığı ilə bizi həqiqi mənada tanış edən şer bolşevik senzurasından azad olaraq mühacirətdə nəşr edilən Azərbaycan ədəbiyyatıdır. Bu ədəbiyyatda,

İstiqlal, o yaşayan millətin qəlbində can,
İstiqlal, o səadət, həyat, zəfər, şərəf, şan,
İstiqlal, o sönməyən müəbbəd bir məşalə,
Könüllərdə tutuşur, gözlərdə sönsə belə, –

deyən Gültəkin adını daşıyan alovlu şairin yazıları xüsusi bir yer tutur. Gültəkinin şerlərində biz həqiqi milli-inqilab mübarizəsinin nəşidələrini[17] görürük. Mübarizənin ədalətliliyinə və qələbə ilə nəticələnəcəyinə bağlanan ümid, Gültəkində adətən dini bir mahiyyət alır. Gültəkin şerlərinin təfsilatı ilə araşdırılması bizi çox məşğul edir, vaxtımız və iclasımızın çərçivəsi buna imkan vermir. Bir neçə misalla kifayətlənirik, düşünürük ki, bu bir neçə misalla da Gültəkinin yaradıcılığı haqqında müəyyən fikir yarana bilər.

Onun milli istiqlal və milli bayrağa müraciət etdiyi bir şer:

Hür dedim özümə, zəncir qıraraq,
Get də kəməndini cəhənnəmdə yak!
Yurdumun mübbəd nigahbanıdır
Asırlar altından yüksələn bayraq!

Bayrağımız ölməz, ölərsə əgər,
Torpağın altına köçər ölkələr.

Azəri qanıyla yuyundun, yetər!
Etdiyin Neronun zülmündən betər...
Bir zəhər sunsa[18] da, əməl doğrudu
Türklüyün qəlbinə vurduğun neştər.

Qaldıqca ruslarda diyarım mənim
Intiqam alacaq şüarım mənim!

Azəri oğluyam, adımda şan var,
Damarlarımda zülmə hayqıran qan var:
Məni öksüz[19] sanıb kükrəmə, düşmən,
Bax, arxamda haqqı sevən cahan var.

O cındır bayrağın əlbət solacaq,
Azərbaycan yenə mənim olacaq!

Qurtuluş, ey nazlı, sevimli pəri,
Könüldən vurğundur sənə azəri,
Dişimlə qıraram bir gün gələr də
Bağrına saplanan qanlı xəncəri.

Yaşa, ey həsrətlə doğan istiqlal!
Yaşa ey türk, yaşa ey gözəl hilal!

Gültəkinin yanında milli mühacirət şəraitində yaşayan və yurdsevərlik ideyalarını tərənnüm edən başqa şairlər də vardır. Bunlardan Sənan və Yaycılı Kərimi göstərə bilərik. Budur, Sənanın “İstiqlal şəhidlərinə” müraciət etdiyi bir parça:

Məşhədində nə daş, nə məzarın var,
Qara torpaglardır qanlı kəfənin...
Həsrətlə can verdin ah və zarın var,
Uyu ağuşunda yanıq Vətənin...
Analar! Dindirin həp göz yaşını,
Qoymayın onlara məzar daşını...
Onlar yüksəlmişlər başqa aləmə
“Ölürük, yaşasın istiqlal” – deyə.
Qalxın, ey mələklər, bir ləhzə susun
Süsləyin əflakı, salama durun.
Istiqlal ediniz canfədaları
Qanlı qələbəylə şühədaları...
Siz ey gözəl yurdun qoynunda yatan
Şühəda! Yolunuz sevgi izləri...
Hərarətli eşgin zəhrini dadan
Nəsil unutmayacaq əlbət sizləri!

Yaycılı Kərim Anadolu istiqlal hərbi zamanı Şərq komandanlığı tərəfindən himayə edilən azərbaycanlı yetim uşaqlar arasında yetişmiş gənc bir şairdir. Hələ uşaqkən yaşadığı faciələrlə duyduğu iztirab bu içli[20] şairi həsrət və iztirab hissləri ilə canlandırmışdır. Bunu biz onun Araz çayına müraciət etdiyi bir şerindən görürük:

Suyundan son ayrılıq damlasını içərkən,
Tutmuş bir od kimi bağrımı yaxdın, Araz,
Birər damla qan idi gözlərimdə birikən[21]
Çox acı xatirəylə könlümə axtın, Araz!

Bir zamanlar nə coşğun, nə qədər şən axardın,
Köpürən sularınla dağı, daşı yarardın.
Söylə: büllur suların nədən belə bulandı?..
Sən ki günəşdən parlaq, aydan bərraqdın, Araz!

Çoxdandır ayrılmışıq ana-ata yurdundan,
Fələk cananı almış aşiqlərin qoynundan.
Söylə, yoxmu bir xəbər o dərdli anamızdan?..
Sən də mi könlümüzü sonsuz buraxdın, Araz!..

Ədəbiyyat bir millətin ruhunu əks etdirən ən gözəl aynadır, - deyirlər. Bu tərif baxımından yuxarıdakı iqtibas etdiyimiz materiallar bizə kommunizm ölkəsində, qırmızı istilanın milli hissi öldürdüyünə dair söylənən bəzi bədbin hökmlərin mübaliğəli olduğunu göstərir.

Həyat meydanına partlayışlı günlərdə atılan və sovet istilasından qaçaraq indi mühacirətdə olan Almas Yıldırım Vətənə bağlılıq hissini “Qürbətdə” adlı şerində coşğun bir ifadə ilə anlatmaqdadır:

Mən torpağı atəşlə yoğrulan bir diyarın,
Doğdum yad çəkmələrlə tapdanan yaxasında.
Ömrümü udub keçən hər qışın, hər baharın,
Içində mən ağlaram yalnız onun yasında.

Basdığın hər torpağın qoy cənnət olsun yeri,
Mən onu bircə anda adlayıb keçəcəyəm.
Getsin də buz bağlasın hər bir çeşmənin gözü
Mən yenə o içdiyim ağunu[22] içəcəyəm...

Gəlsin hər çiçək mənə versin baharı müjdə,
Könlümdəki dağların getməz başımdan qışı...
Mən edəməm eşqimə yad bir məbəddə səcdə,
Burax, getdiyi yolun tufanlar olsun eşi[23].

Mən qürbətdə ölərsəm, qəlbinə salma çilə[24],
Söylə dostlar gömməsin nəşəmi torpaqlara...
Yaxaraq vücudumu kül edib verin yelə
Bəlkə bir zərrə alsın rüzgar bizim dağlara?

Yox, mən ölmək istəməm, görmədən doğma yurdu,
Mən orda ağlamışam, mən orda güləcəyəm.
Elə et, sevinməsin Kremlin vəhşi qurdu,
Mən tufanla doğmuşam, tufanla öləcəyəm!..


Bu ruhda və bu inamda nə qədər gənc qüvvələr müxtəlif sovet zindanlarında məhv olurlar. Zülm görmüş bu azərbaycanlı qardaşlarına ithaf etdiyi gözəl bir şerinə şair Gültəkin “Buzlu cəhənnəm” başlığını vermişdir. Bu dinləyəcəyiniz şairin şah əsəridir:

Sibirya, ey soyuq və qorxunc dəniz
Şimalın köksündə uyuma səssiz,
Qalx, bir müsafirin gəldi, diqqət et:
Sənə hədiyyələr gətirdi – vəhşət!..

Əlinin buzunu eşqdə ərit,
Çıx, acıyan qəlblə qucağını aç.
Hədiyyən bir dəmət[25] saralmış igid
Hamsı bitkin[26], hamsı xəstə, hamsı ac.

Sən, ey bu gün yalnız qatilin deyil,
Haq deyən başın da qəbri olan yer:
Bu solğun dəmətin önündə əyil,
Ona ölüm vermə, həyat və ruh ver!

Düşün ki, həpsini düşmən soldurmuş...
Hicran qəlblərinə bir damğa vurmuş...
Onları yollamış bədbəxt bir diyar,
Qəlblərində kədər, gözlərində nəm,
Onları incitmə, yetimdir onlar,
Ey soyuqla yaxan buzlu cəhənnəm!

Söylə tapındığın məbudun qışa,
Qucağında çılpaq uyuyanlar var.
Acısın məhv olan bu yaşayışa,
Dinsin qasırğalar, həp fırtınalar...

Soyuğun altında bir yumaq kimi,
Gömüldüyü qara,
Rüzgarların ilıq bir bucaq kimi,
Açılsın onlara.

Of... bu boğucu qaranlıq
Hardan endi gözəl yer.?!
Tıxandı hər nəfəs artıq,
Sanki boğuluyor kürə...
Bulanıq bir yerin kirli yaxası[27]
Yerdə sürünüyor iştə Tundra...
Sibirya, Sibirya... əvət Sibirya:
Təbiətin o bir zalım cakası...[28]

Nənə!
Yenə
Nələr düşündün ki, doldu gözlərin?
Rahatsızmı yoxsa sənin də yerin?
Yoxsa oğlunumu sən xatırladın?
Yox... onu düşünmə, indi övladın,
Buzlu üfüqlərin qucağındadır,
O, ən əməlpərvər bir çağındadır:
Əmdikcə soyuğu, “yenə ver” deyir:
Qəlbindəki alov bax, nələr deyir:
Sil göz yaşlarını, dur gözlə onu
Hər donduran qışın bahardır sonu!..
Və sizə, ey ölümün qorxunc yolunda
Dəmir addımlarla yürüyən gənclər!
Siz ey bir taleyin gizli qolunda
Yürürkən bəxti də sürüyən, gənclər!
Uzadın siz mənə əlinizi,
Təbrik eyləyim mən, igidlər sizi!
Baş əymədiniz siz haq yeyənlərə,
Dediniz yaşamaz azəri haqsız,
Sizi kəsmək üçün enən xəncərə
“Hürriyyət istərik” – deyə yazdınız!
Səlamət yoludur getdiyiniz yol,
Günəşlər doğacaq izlərinizdə.
Yalnız deyilsiniz, yoldaşınız bol,
Bir imanlı millət var yerinizdə.
Düşmən saldırsa da dörd yandan sizə
Qorxmayın “qurtuluş çox mahal” deyə,
Biz də gəlirik o yoldan sizə
Istiqlal, istiqlal, istiqlal, - deyə!

Dünya tarixinin xülasəsi haqq ilə batil, hürriyyətlə əsarət mübarizəsinin bir ifadəsidir. Bir yandan hürriyyət və demokratiya, o biri yandan isə totalitarizm ilə kommunizm cəbhəsinə ayrılan bu günkü dünya mənzərəsi həmin mübarizənin yeni, böyük qarşılaşması deməkdir. Bu, bəlkə də son qarşılaşmadır. Bu mübarizədə həqiqi ədib və şairlərin vicdanına tərcüman olan böyük şərhçilərə görə vətən, hürriyyət və istiqlal ideallarına bağlı qaldığını güclü surətdə elan edən milli Azərbaycan türklüyünün yeri çoxdan təyin olunmuşdur. Müqəddəratını hürriyyətsevər millətlərin və mədəniyyət dünyasının müqəddaratı ilə bağlamış Azərbaycan, hürriyyət və demokratiya cəbhəsinin son və qəti zəfərinə əsla şübhə etməz! Duyduğu min bir iztirabdan sonra arzuladığı hürriyyət və istiqlalına qovuşacaq, şair Gültəkinin bu beytini zəfər sevincləri içində təkrar edəcək:

Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı A z ə r b a y c a n !..

Qeydlər

[redaktə]
  1. Türkcə məsəldir.
  2. Yol göstərən, bələdçi.
  3. Azadlıq.
  4. Sərinlik.
  5. Ləzzətli.
  6. Ləhcə.
  7. Söhbət, ürəyini boşaltmaq.
  8. Bu şer parçasındakı son 7 misranı şairin bu əsərinin çapında və həmin kitabın izahat hissəsində tapa bilmədik. (Hüseyn Cavid. Əsərləri, Üçüncü cild, “Yazıçı”, Bakı, 1984).
  9. Əsas düşüncə mənasında.
  10. aşçı, rəhbər.
  11. Ətrafında.
  12. Boyunbağı.
  13. Ziyarətə gələnlər.
  14. Ümumi qırğın, ucdantutma qılıncdan keçirtmə.
  15. Əzab vermək.
  16. Keşikçi.
  17. Beyt və ya misra.
  18. Təqdim etmək, uzatmaq.
  19. Yetim.
  20. Həyəcanlı.
  21. Toplanan, yığışan.
  22. Zəhər.
  23. Yoldaş.
  24. Əzab, iztirab.
  25. Dəstə.
  26. Gücdən düşmüş.
  27. Yer, sahil.
  28. Lovğa.