İranın oyanması

Vikimənbə saytından
İranın oyanması (1906)
Müəllif: Firudin bəy Köçərli
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s.


(İranda konstitusiya elan edilmәsi münasibәtilә)
 
 
On il bundan әvvәl mәn tәsadüfәn bir nәfәr varlı iranlı ilә tanış oldum. O, öz ticarәt işlәri ilә әlaqәdar olaraq İstambula gedirdi. Mәnim tanışım İranın әsl oğlu kimi çox mәlumatlı, әylәncәli vә maraqlı bir adam idi. Mәnim İran haqqındakı suallarıma cavab verәrәk, o ölkәnin vәziyyәti haqqında müfәssәl mәlumat verdi vә öz vәtәninin gәlәcәyi haqqında çox bәdbin mülahizәlәr söylәdi. Vaxtı ilә xoşbәxt vә әzәmәtli bir dövlәt olan İranın ağır vәziyyәtini qabarıq tәsvir etmәk üçün o, belә bir müqayisә apardı: dәmir yolu vә hәrәkәt üçün başqa az-çox әlverişli nәqliyyat vasitәsi olmayan Әrәbistan yarımadasında susuz vә hәyat әsәri olmayan sәhralarda uzun mәsafәlәri yalnız dәvә karvanları ilә qәt etmәk mümkündür. Bәzәn elә olur ki, karvandakı dәvәlәrdәn biri taqәtdәn düşür vә yolu davam etdirә bilmir. Belә hallarda sarvanlar yorulmuş dәvәdәn yükü götürür vә yazıq heyvanı başlı-başına buraxaraq yollarına davam edirlәr. Zira, tәcrübә göstәrir ki, yerә çökәn dәvәni heç bir vәchlә ayağa qaldırmaq olmaz!
 
Karvan uzaqlaşdıqdan vә qaranlıq düşdükdәn sonra sәhranın vәhşi heyvanları hәr tәrәfdәn dәvәnin üstünә cumur vә onu diri-diri parçalayırlar. Müqavimәt göstәrmәyә әsla taqәti qalmayan, hәtta yerindәn belә qalxmağa qüdrәti olmayan bәdbәxt heyvan inilti ilә böyürür vә öz sәsi ilә sәhralarda hökm sürәn sakitliyi pozur. Hazırda İranda da vәziyyәt belәdir. O, bәşәriyyәtin fasilәsiz irәli gedәn karvanından kәnar düşmüş vә tәkmillәşmәyә, inkişafa doğru yolunu davam etdirә bilmir. İndi bu müdafiәsiz, zәiflәmiş ölkәni yırtıcı heyvanları xatırladan başqa dövlәtlәr parçalamaq istәyirlәr.
 
Bu söhbәtdәn beş il keçdikdәn sonra namәlum bir müәllifin İran haqqında "Sәyahәtnamәyi-İbrahimbәy" adlı ifşaediçi bir әsәri meydana gәldi.
 
Sәlis әdәbi dildә yazılmış vә Misirdә çap olunmuş bu әsәr, İranın özündә olduğu kimi, kәnarlarda da çox böyük tәsir bağışladı. Kitab müasir İranın hәyatı ilә, xüsusәn, İran xalqının vәziyyәti vә İran hökumәtinin ona münasibәti ilә oxucuları tanış edirdi. Bu kitab bir daha bizdә belә bir әqidәni möhkәmlәtdi ki, İran әn bәdbәxt ölkәdir vә o, yaxın gәlәcәkdә mütlәq mәhv olacaqdır.
 
Lakin görünür ki, bu müәmmalı Şәrqdә xalqların taleyindәn baş çıxarmaq qeyri-mümkündür. Tәәccüblüdür ki, İranda indi qәribә hadisәlәr baş vermәkdәdir. Uzun müddәt davam edәn yuxudan sonra burada oyanma әlamәtlәri müşahidә edilir. Deyәsәn, yorulmuş dәvә ayağa qalxmaq vә karvana qoşulmaq istәyir. Fikir intibahı bütün ölkәni bürümüş vә islahat işlәrinә böyük meyl görünmәkdәdir. Xüsusәn, İranda böyük tәsir qüvvәsinә malik olan ruhanilәr qorxulu әhvali-ruhiyyә keçirir. Hәlә keçәn әsrin 80-cı illәrindә İranın Londondakı keçmiş sәfiri Mirzә Melkum xan ruhanilәrin ölkәdә qüvvәtli tәsirini hiss etdiyi üçün "Qanun"da İran müctәhidlәrini o zamankı sәdrәzәmin siyasәtinә vә bir sıra xarici dövlәtlәrin İranda qüvvәtlәnәn tәsirinә qarşı әlbir etiraz üçün fәal mübarizәyә çağırmışdı.
 
Bu dövrdәn iyirmi beş il keçmişdir. İndi ruhanilәr dәrk etmişlәr ki, onların әn әsas vәzifәsi xalqın mәnafeyini, onun ruhani vә әxlaqi müstәqilliyini müdafiә etmәkdәn ibarәtdir. Onlar müasir quruluşdan öz narazılıqlarını hamıdan әvvәl açıb söylәmiş, hәtta öz etirazlarını şahın paytaxtında, Tehranda da bildirmişlәr. Yerli әhali öz ruhani rәhbәrlәrinin sәslәrinә tam şәrik olmuşdur. İki seyidin qәtli vә Tehrandan ruhanilәrin sürgün edilmәsi hәrәkәtin qabağını almadı, әksinә, daha da qüvvәtlәndirdi. Baş vәzirә qarşı düşmәnçilik vә nifrәt daha da artdı vә hәr yerdә zalım Eynәlüddövlәyә lәnәt oxumağa başladılar. Hökumәt әleyhinә qalxmış vә hәr yerdә ruhanilәr tәrәfindәn müdafiә edilәn hәrәkat çox sürәtlә bütün ölkәyә yayıldı.
 
Şahın Tehran ruhaniliyi nümayәndәlәrinin adına göndәrdiyi fәrmanından görünür ki, şah onun idarә etdiyi ölkә üçün tәhlükә törәdә bilәcәk bu hәrәkatdan çox narahat olmuşdur. Fәrmanda şah ciddi surәtdә müctәhidlәri -- öz sadiq bәndәlәrini tәbәәlik vәzifәlәrini yerinә yetirmәyә, sülhә vә itaәtә çağırır, eyni zamanda, söz verir ki, onların mәnafeyini müdafiә etsin vә ağıllı arzularını yerinә yetirsin.
 
Mәşriqi adlı birisi "İrşad" qәzetindә Tehranda yayılmış bir intibahnamәnin mәzmununu nәql edir. Bu intibahnamә tehranlıların әhvali-ruhiyyәsini eyni ilә әks etdirir. Onun mәzmunu belәdir: İki nüfuzlu vә mәlumatlı xan arasında söhbәt gedir. Onlardan biri soruşur, o birisi cavab verir:
 
S u a l: Tehranda yenә nәlәr baş verir, nә üçün Eynәlüddövlә seyidlәri edam vә ruhanilәri sürgün etmәyә hökm vermişdir?
 
C a v a b: Görüm onu lәnәtә gәlsin, o özünü dә, hökumәti dә rüsvay elәdi vә öz inamsızlığını vә daxili alәmini açıb göstәrdi. Onun bu hәrәkәti elә ruhanilәr üçün çox әlverişlidir. Xalq bu vaxta qәdәr düşünürdü ki, o, müsәlmandır. İndi allaha şükür o, başa düşdü ki, Eynәlüddövlә müsәlman deyil, kafirdir; әks halda müqәddәs imamın qәbri üstündә peyğәmbәr nәslinin qanını tökmәzdi vә ona mәxsus olan kәndi güllә-baran etmәzdi.
 
S u a l: Bәs nә әcәb şah bu cür cinayәtlәrә yol verir?
 
C a v a b: Ay qardaş, şah kimdir, bütün bunlar onun nә vecinәdir. Mәyәr o bilir ki, әtrafında nәlәr baş verir, mәyәr bu şümrlәr[1] (vәzirlәr) qoyarlar ki, şah onun ölkәsindә baş verәn cinayәtlәrin ondan birini bilsin.
 
[1] Tәhqiredici sözdür. Şümr -- Mәhәmmәd peyğәmbәrin nәvәsi imam Hüseynin qatilidir.
 
S u a l: Әgәr şah bilmirsә onun dövlәtindә nәlәr olur, bәs onda onun gәlәcәkdә taleyi necә olacaqdır?
 
C a v a b: Mәn sizә sözün düzünü deyirәm: әgәr işlәr bu vәziyyәtdә davam edәrsә, onda çox çәkmәz ki, nә İran qalar, nә dә İran xalqı. Buna görә dә mütlәq xalq özü haqqında düşünmәli vә vaxtında özünә çarә tapmalıdır. Әks halda, bu satqın hakimlәr ölkәni tamam mәhv edәcәklәr....
 
S u a l: Bәs İngiltәrә konsulxanasında gizlәnmiş tacirlәrin, sәnәtkarların, tәlәbәlәrin vә başqalarının xahişi nәdәn ibarәtdir?
 
C a v a b: Hәm onların, hәm dә xalqın xahişi budur ki, şah taxt-taca vә xalqa düşmәn olan vәzirlәri mәhkәmәyә vermәk şәrti ilә rәdd elәsin, iki seyidin qatillәrini lazımınca cәzalandırsın, hәmçinin ruhanilәri lazımi әdәb-әrkanla Tehrana geri qaytarsın. Onların başqa xahişi budur ki, Tehranda xalq mәclisi tәşkil olunsun, burada işlәr müqәddәs quranın tәlәbi, mәnası vә ruhuna uyğun şәkildә hәll edilsin vә belәliklә, xalqı acgöz hakimlәrin cinayәtlәrindәn vә әdalәtsizliyindәn azad etsin....
 
Bütün bunlar göstәrir ki, İranda xalq şüuru oyanır vә İran xalqı yeni gözәl hәyata qәdәm qoyur.
 
Lakin İranın ictimai xalq hәrәkatı tarixindә әn tәsirli fakt -- indiyә qәdәr mütlәqiyyәtin mühafizәkar dayağı hesab edilәn ruhaniliyin hәrәkatda әsas qüvvә kimi iştirak etmәsidir.
 
İranda konstitusiya elan edilmişdir. Belә düşünmәk olar ki, azad xalqın hüquqlarını cәsarәtlә müdafiәyә qalxmış xalq zәkası bütün ölkәni geniş vә aydın tәrәqqi yoluna çıxaracaqdır.