Şair nə qazandın?
VikiMənbə saytından
Şair nə qazandın?
Şairəm eşqim də öz qəlbim kimi mərdanədir . Vahid . .
Yalan yalmanına əli dəymədi ,
Üzəngi bassa da tərifçi çapar ,
Baş da əydirmədi , baş da əymədi .
Dili dil açmadı ağlından qabaq .
Mən onu görmüşdüm nurani çağda ,
Qızıla sarınmış yumaq kimiydi .
Mən onu görmüşdüm pirani çağda ,
Uşaqdan da uşaq , uşaq kimiydi .
Sınardı , deməzdi ürəyim sınıb .......
Yerə də , göyə də halaldı andı .
Manat əvəzinə əlyazmasını
Aca - yalavaca bağışlayandı .
Qəlbində bir işım Məcnun gümanı ,
Dəminə dəmkeşdi qəmi də hərdən .
Azanda , çaşanda öz ünvanını
Dönüb soruşardı sürücülərdən .
Mən onu görmüşdüm ürəyi güzgü ,
Palıd gövdəsinə bənzəri vardı .
Mən onu görmüşdüm üzülü , üzgün .
Büdrəsə qarışqa tapdalayardı .
Onu görməmişdim o illərdə ki ,
Xəyanət yorğandı mərdanəliyə ,
Zaman da ikili , zaman da iki ,
Zaman da yorğandı mərdanəliyə .
İnsana qanaddı adi həvəs də ,
Həvəsi gözündə qalanlar azmı ?
Məhbəs də , qəfəs də , həbs də , qəsd də
İnsan mərd olanda həddini aşmır .
Ağ yola səslərdi istəklər onu ,
Mərdin söykənəyi qayadı , dağdı .
Mərdanə olmasa küləklər onu
Qatıb yarpaqlara aparacaqdı .
Mən onu görmüşdüm ürəyi güzgü ,
Mən onu görmüşdüm üzülü , ügün ;
Heç onu görmədim hüzünlü , küsgün ;
Şair nə qazandın mərd olmağınnan ?