Məzmuna keç

Şikəstə (Məşədi Əyyub Baki)

Vikimənbə saytından
Şikəstə
Müəllif: Məşədi Əyyub Baki
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005.

Qalmışam pərvanə tək,
Odlanə-odlanə mən.

Rəhm et məni-müztərə,
Yığılmış dərd bir yerə,
Deyim ya bir kafərə,
Ya bir müsəlmanə mən.

Bilmişəm qəm çarasın,
Yarım telin darasın,
Qanlı ciyərparasın
Eyləmişəm şanə mən.

Deyiz, töküm qanımı,
Faş olsun imanımı,
Tapşırmışam canımı,
Zülfıi pərişanə mən.

Qudurmusan, azmısan,
Ölüm hökmün yazmısan,
Qəbrimi gen qazmısan,
Gedim qəbristanə mən.

Aşqi məhəbbət basıb,
Boynumdan zünnar asıb,
Nahaq yerə əl basıb,
And içim Quranə mən?

Kafər olma, dinə gəl,
Dinsizsən, ayinə gəl,
Xətanı, qoy, Çinə gəl,
Qoy gedim İranə mən.

Pozuldu can gülşəni,
Öldürdü bu dərd məni,
Vəfasızsan, get, səni,
Tapşırdım Quranə mən.

Gül, çəməndə gül kimı,
Günüm keçsin il kimi,
Həsrətlə bülbül kimi,
Baxım gülüstanə mən.

Peygəmbərsən, tarısən,
Dındırmə əğyarı sən,
Qoyma, əgər yar ısən,
Qalım yanə-yanə mən.

Çərxi-fələk mahisən,
Çox böyük dərgahisən,
Əgər sən Allah isən,
Səcdə edim hayanə mən?

Gah ağlayıb, gah gülüb,
Gahi göz yaşım silib,
Baki tək həsrət ölüb
Yetmədim cananə mən.