Məzmuna keç

Əlilliyin müəyyən olunması meyarlarına dair əsasnamə

Vikimənbə saytından
Əlilliyin müəyyən olunması meyarlarına dair əsasnamə (1997)
Müəllif: Azərbaycan Respublikası Nazirlər Kabineti


Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamənin təsdiq olunması haqqında Qanunvericilik Azərbaycan qanunvericiliyi Nazirlər Kabinetinin aktları Qərarlar №: 99 Tarix: 29.08.1997 Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamənin təsdiq olunması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 5 iyun tarixli, 595 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə təsdiq edilsin (əlavə olunur). 2. “Əlilliyin müəyyən edilməsinin meyarlarına dair Əsasnamənin təsdiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 21 dekabr tarixli 678 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin. 3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 29 avqust 1997-ci il № 99

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

Əlilliyin müəyyən olunması meyarlarına dair

ƏSASNAMƏ

1.ÜMUMİ MÜDDƏALAR

[redaktə]

Əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir.

“Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır.

Bütün əlillərə qanunvericiliklə müəyyən olunmuş növdə sosial yardım göstərilir. Əlilliyə görə təqaüd (pensiya) ancaq əlillik müəyyən edildiyi hallarda təyin edilir.

Əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir.

Əlillik barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, müxtəlif növ sosial yardıma ehtiyac olması, konkret əmək şəraiti və işinin mahiyyəti, peşə hazırlığı, yaşı və s. nəzərə alınır.

Hər bir halda, tibbi-sosial ekspert komissiyasında müayinə olunarkən xəstəliyin və qüsurun xarakterindən asılı olmayaraq, xəstənin orqanizminin bütün sistemləri kompleks halında yoxlanılır. Səhhətinin vəziyyətini vəsosial uyğunlaşma dərəcəsini obyektiv surətdə qiymətləndirmək məqsədi ilə funksional və laboratoriya müayinələrinin nəticələrindən istifadə olunur, xəstəyə suallar verilir, lazımı sənədlər təhlil edilir. Müayinə xəstənin peşə-əmək fəaliyyəti, fərdi xüsusiyyətləri və sosial uyğunlaşma imkanları nəzərə alınmaqla, tibbi etika və deontologiya prinsiplərinə əsaslanır.

Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir.

Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir.

Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamlı, dönməz morfoloji dəyişiklikləri və pozulmaları zamanı görülən reabilitasiya tədbirlərinin səmərəsizliyi nəticəsində xəstəliyin gedişini yaxşılaşdırmaq və sosial uyğunlaşmanı bərpa etmək mümkün olmayan hallarda əlillik yenidən (təkrar) müayinə müddəti göstərilmədən təyin edilir.

“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yaşa görə pensiya təminatı hüququ olan şəxslərə əlillik təkrar müayinə müddəti göstərilmədən təyin edilir.[1]

Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı şəxslərə əlillik müddətsiz təyin olunur.[2]

Dağınıq skleroz xəstəliyinə tutulmuş 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı şəxslərə əlillik müddətsiz təyin edilir.[3]

Əmək qabiliyyətini itirmiş narkoloji xəstələrə digər xəstələr üçün nəzərdə tutulmuş qaydada onların səhhətinin vəziyyəti nəzərə alınmaqla əlillik müəyyən edilir və sosial təminat təyin edilir.[4]

Əmək qabiliyyətini itirmiş onkoloji xəstələrə digər xəstələr üçün nəzərdə tutulmuş qaydada, onların səhhətinin vəziyyəti nəzərə alınmaqla, əlillik müəyyən edilir və sosial təminat təyin edilir.[5]

2.ƏLİLLİYİN MÜƏYYƏN OLUNMASI MEYARLARI

[redaktə]

2.1. Birinci dərəcə əlillik, xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, eyni zamanda xəstənin daimi olaraq kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olsun. Qüsurların və ya funksiya pozğunluqlarının xüsusi vasitələrləkompensasiya olunduğu hallarda əlil şəxs, xüsusi əmək şəraiti yaradılmış istehsalat, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər.

Birinci dərəcə əlillik əsasən aşağıda nəzərdə tutulan hallarda təyin edilir:

2.1.1. Qan dövranının üçüncü dərəcəli xroniki çatmamazlığı.

2.1.2. Talassemiya-homoziqot böyük talassemiya, güclü tez-tez təkrar olunan hemolitik sindrom.

2.1.3. Üçüncü dərəcəli ağciyər-ürək çatmamazlığı.

2.1.4. Xroniki böyrək çatmamazlığının terminal mərhələsi.

2.1.5. Xroniki qaraciyər çatmamazlığının terminal mərhələsi.

2.1.6. İnkurabel onkoloji xəstəliklər.

2.1.7. Ətrafların hərəkət funksiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, paraparez).

2.1.8. Hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması: ataksiya hiperkinetik sindrom, hərəkət və ayaqüstə durmağa imkan verməyən amiostatik sindrom.

2.1.9. Baş beyinin üzvü xəstəlikləri nəticəsində total afaziya.

2.1.10. Hər iki gözü tam və ya əməli korluğu (yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0,005-dən az olması və ya görmə sahəsinin 10-dərəcəyədək konsentrik daralması).*

2.1.11. İki ətrafın güdülü. *

2.1.12. Birinci barmaq da daxil olmaqla əlin üç və ya onsuz dörd barmağının olmaması, həmin barmaqların kəskin kontrakturası və ya daha yuxarıdan amputasiya nəticəsində əllərin güdülü. *

2.1.13. Hər iki bud-çanaq oynaqlarının hərəkətsizliyi və ya kəskin nəzərə çarpan kontrakturası.

2.1.14. Etiologiyasından asılı olmayaraq kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərə çarpan inbesillik. *

2.1.15. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar.

2.1.16. Orqan və sistemlərin müştərək pozğunluqları və ya anomaliyalar nəticəsində digər şəxsin daimi xidmət və ya yardım göstərməsi lüzumu törədən orqanizm funksiyalarının nəzərə çarpan dərəcədə pozulması.

2.1.17. Şizofreniya xəstəliyi nəticəsində baş verən ağır psixi qüsur halı.

2.2. İkinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarət etmə, hərəkətetmə, özünə xidmət etmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, eyni zamanda xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.

Belə hallara aşağıdakıları nümunə göstərmək olar:

2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı.

2.2.2. İnoperabel ürək qüsurları, ikinci dərəcə qan dövranı çatmamazlığı ilə və ya ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda. *

2.2.3. Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi.

2.2.4. Kəskin və xroniki leykozlar, limfomalar.

2.2.5. Ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ilə.

2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə.

2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə.

2.2.8. Nefroktomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması, birinci-ikinci dərəcəli xroniki böyrək çatmamazlığı ilə. *

2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə.

2.2.10. Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibulyar pozğunluqlar, görmə pozğunluqları və ya piramid çatmamazlıq əlamətləri ilə.

2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları.

2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqları.

2.2.13. Hər 2 gözdə görmə itiliyinin korreksiya ilə 0,08-dən aşağı olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması.

2.2.14. Şizofreniya, paranoid qüsur halı. *

2.2.15. Emosional-iradi pozğunluqlar və psixopatabənzər davranışla keçən imbesillik və ya debillik. *

2.2.16. Epilepsiya tez-tez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə.

2.2.17. Miokardın infarktından sonrakı hal: nəzərə çarpan koronar çatmamazlıq əlamətləri ilə (üçüncü-dördüncü funksional sinif).

2.2.18. Bir budun güdülü. *

2.2.19. Bir əlin olmaması. *

2.2.20. Beyin maddəsində və ya miokardda yad cismin olması. *

2.3. Üçüncü dərəcə əlillik travma, xəstəlik və ya anadangəlmə qüsurlar nəticəsində həyat fəaliyyətinin (sosial uyğunlaşma, ünsiyyət, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur.

Belə hallarda aşağıdakıları nümunə göstərmək olar:

2.3.1. Bazunun və ya hər iki said sümüklərinin yalançı oynaqları.

2.3.2. Dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması).

2.3.3. Bazu və ya dirsək oynağının laxlaması.

2.3.4. Bir əldə üç barmağın olmaması, onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası. *

2.3.5. Birinci və ikinci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması, hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması. *

2.3.6. Baldırın güdülü, pəncənin Piroqov üzrə və ya Şopar oynağından amputasiyası, hər iki pəncənin Şarp üzrə (daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası. *

2.3.7. Topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti.

2.3.8. Hər iki topuğun ankilozu və ya kəskin kontrakturası. *

2.3.9. Budun və ya baldırın hər iki sümüyünün yalançı oynağı.

2.3.10. Diz və ya bud-çanaq oynağının laxlaması.

2.3.11. Bud-çanaq oynağının funksional yararsız vəziyyətdə (170 dərəcədən yuxarı və ya 150 dərəcədən aşağı) ankilozu və ya kəskin kontrakturası. *

2.3.12. Hər iki bud-çanaq oynağının anadangəlmə və ya qazanılmış çıxığı. *

2.3.13. Bir bud-çanaq oynağının anadangəlmə və ya qazanılmış çıxığı, aşağı ətraf funksiyasının nəzərə çarpan dərəcədə pozulması ilə. *

2.3.14. Aşağı ətrafın 7 sm. qısa olması. *

2.3.15. Diz və ya bud-çanaq oynaqlarının endoprotezi. *

2.3.16. Üçüncü dərəcəli kiloskolioz. *

2.3.17. Əlin və ya yuxarı ətrafın iflici*, aşağı ətrafın iflici*, yuxarı və aşağı ətrafın nəzərə çarpan parezi.

2.3.18. Bir gözün olmaması və ya tam korluğu (görmə itiliyinin korreksiya ilə 0,04-dən az olması yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması). *

2.3.19. Çənənin və ya sərt damağın çeynəməni protez təmin etməyən qüsurları. *

2.3.20. Hipovizarnanizm, osteoxondropatiya, osteoxondrodistrofiya, boyun inkişafdan kəskin qalması ilə (cırtdanboyluluq). *

2.3.21. Hemofiliya, tez-tez müşahidə olunan qanaxma, oynaqlara qansızma (hemartoz).

2.3.22. Hər iki qulağın karlığı. *

2.3.23. Hər iki qulaqda III – IV dərəcəli ağıreşitmə.

2.3.24. Qırtlağın olmaması nəticəsində daimi konyuladaşıyıcılıq. *

2.3.25. Qırtlağın xroniki stenozu (səs yarığı 3 mm-dən az).

2.3.26. Xroniki (ildə 5 dəfə residivləşən) koxleovestibular pozğunluqlar, polipoz, polisinusitlər.

2.3.27. Kəllə sümüyünün geniş (3 x 1sm-dən artıq) qüsuru. *

2.3.28. Nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması: xroniki böyrək çatmamazlığının ilkin əlamətləri ilə. *

2.3.29. Epilepsiya seyrək tutmalarla.

2.3.30. Oliqofrenik qüsurun əsas tipində olan debillik. *

2.3.31. Etioligiyasından asılı olmayaraq şəxsiyyətin dəyişilməsi və ya dərketmə qabiliyyətinin enməsi.*

2.3.32. Astenik qüsur və ya qeyri-sabit remissiya halında olan şizofreniya.

3.ƏLİLLƏRƏ TEXNİKİ VƏ DİGƏR REABİLİTASİYA VASİTƏLƏRİ VERİLMƏSİNƏ TİBBİ GÖSTƏRİŞLƏR

[redaktə]

3.1. Texniki reabilitasiya vasitələri (ətrafların və ya duyğu orqanlarının pozulmuş funksiyalarını əvəz etmək üçün tətbiq olunan xüsusi avadanlıq, cihazlar və tərtibatlar) verilməsi aşağıdakı hallarda tövsiyə edilir:

3.1.1. Nəzərə çarpan monoparez, hemiparez, paraparez, triparez.

3.1.2. Nəzərə çarpan ataksiya.

3.1.3. Nəzərə çarpan hiperkinetik sindrom.

3.1.4. Daimi olaraq sidiyi və ya nəcisi saxlaya bilməmək, o cümlədən sidik və ya nəcis fistulu.

3.1.5. Karlıq.

3.1.6. Dörd barmağın olmaması və ya əlin daha yuxarıdakı amputasiya nəticəsində güdülü.

3.1.7. Ətraflarda oynaqların nəzərə çarpan kontrakturası.

3.1.8. Bazu, dirsək, diz oynaqlarının laxlaması.

3.1.9. Şarp üzrə və ya ayağın daha yuxarıdan amputasiya nəticəsində güdülü.

3.1.10. Hər iki gözün görmə itiliyinin korreksiya ilə 0,1-dək olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması.

3.2. Hərəkəti təmin edən vasitələr:

3.2.1. Kreslo-araba (otaqda hərəkət üçün) aşağıdakı hallarda tövsiyə edilir:

3.2.1.1. Üçüncü dərəcəli xroniki qan dövranı çatmamazlığı.

3.2.1.2. Üçüncü dərəcəli ağciyər-ürək çatmamazlığı.

3.2.1.3. Hemiplegiya, nəzərə çarpan hemiparez aşağı paraplegiya, nəzərə çarpan aşağı paraparez, triplegiya, nəzərə çarpan triparez, nəzərə çarpan tetraparez.

3.2.1.4. Tetraplegiya kəskin nəzərə çarpan ataksiya, hiperkinetik, amiostatik sindrom, tetraplegiya.

3.2.1.5. Hər iki baldırın güdülü və ya amputasiyaların daha yüksək səviyyəsi.

3.2.1.6. Bir baldırın güdülü və digər aşağı ətrafın funksional yararsız vəziyyətdə olması.

3.2.2. Velo-araba (çöldə gəzmək üçün) 3.2.1.3, 3.2.1.5. və 3.2.1.6. bəndlərində nəzərdə tutulmuş hallarda verilir.

3.2.3. Avtomobillər aşağıdakı hallarda verilir:

3.2.3.1. İkinci V dərəcəli xroniki qan dövranı çatmamazlığı.

3.2.3.2. İkinci dərəcəli ağciyər çatmamazlığı.

3.2.3.3. Bir aşağı ətrafın iflici və ya nəzərə çarpan parezi.

3.2.3.4. Hemiplegiya, nəzərə çarpan hemiparez.

3.2.3.5. Nəzərə çarpan ataksiya, hiperkinetik, amiostatik sindrom.

3.2.3.6. Hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, ikinci dərəcə arterial çatmamazlıqları.

3.2.3.7. Aşağı ətrafların nəzərə çarpan trofik pozğunluqları (hər iki aşağı ətraf və çanaq qurşağı əzələlərinin müxtəlif etiologiyalı atrofiyaları).

3.2.3.8. Aşağı ətraf venalarının xəstəlikləri, bir aşağı ətrafda üçüncü və ya hər iki aşağı ətrafda ikinci-üçüncü dərəcə venoz çatmamazlıqları.

3.2.3.9. Hər iki aşağı ətrafın fillik xəstəliyi.

3.2.3.10. Hər iki əlin güdülü.

3.2.3.11. Hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 5 dərəcəyədək məhdudlaşması).

3.2.3.12. Hər iki pəncənin Şarp üzrə güdülü (ayaqdarağı sümük başlıqlarının amputasiyası) və ya hər iki aşağı ətrafın yüksək səviyyədə güdülü.

3.2.3.13. Baldırın güdülü.

3.2.3.14. Bud-çanaq oynaqlarının, ətrafların funksiyasının nəzərə çarpan dərəcədə pozulması ilə müşayiət edilən, anadangəlmə və ya qazanılmış çıxığı.

3.2.3.15. Bud-çanaq və ya diz oynağının laxlaması.

3.2.3.16. Bud-çanaq oynağının ankilozu və ya kəskin nəzərə çarpan kontrakturası (hərəkətlərin həcmi 10 dərəcədən az olduqda).

3.2.3.17. Diz oynağının ankilozu və ya funksional əlverişsiz vəziyyətdə (150 dərəcədən az və 170 dərəcədən artıq bucaq altında) kəskin kontrakturası.

3.2.3 18. Topuq oynağının kəskin nəzərə çarpan kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti.

3.2.3 19. Hər iki bud və ya baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində onların 170 dərəcədən az bucaq altında deformasiyası.

3.2.3.20. Bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieliti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə).

3.2.3.21. Budda yalançı oynaq, yaxud iri sümük qüsuru olması (sümüyün çevrəsinin yarısından artığı dağılmaqla) budun və ya baldırın hər iki sümüyünün yalançı oynağı və ya sümük qüsuru yaxud qamış sümüyünün incik sümüyündə 170 dərəcədən kiçik bucaq altında deformasiya olmaqla yalançı oynağı və ya sümük qüsuru.

3.2.3.22. Bud-çanaq oynağının endoprotezi.

3.2.3.23. Hər iki diz oynaqlarının endoprotezi.

3.2.3.24. Bir aşağı ətrafın 10 sm. qısa olması.

3.2.3.25. Baldırda 20 kv.sm., pəncənin üst səthində 10 kv. sm. və pəncənin alt səthində ən azı 2 kv. sm. ölçülü uzun müddət (6 aydan artıq) sağalmayan xora yaxud travmadan sonrakı trofik pozğunluqlar.

3.2.3.26. Onurğanın ayaq üstə dayanmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyası:

onurğa funksiyasının kəskin nəzərə çarpan pozulması ilə müşayiət olunan üçüncü-dördüncü dərəcəli əyilmələri.

3.2.3.27. Aniklozlaşdıran spondiloartrit (Bexterev xəstəliyi) bud-çanaq oynaqlarının nəzərə çarpan kontrakturası ilə.

3.2.3.28. Müharibə əlilləri və onlara bərabər tutulan əlillərin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 dərəcədən aşağı olduqda.

  • Göstərilən hallarda əlillik müddətsiz təyin edilir.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

[redaktə]
  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 fevral 2002-ci il tarixli 21 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №2, maddə 100)
  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 sentyabr 2005-ci il tarixli 167 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 858)
  1. 26 sentyabr 2006-cı il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cI il, № 9, maddə 830)
  1. 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130)
  1. 20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787)
  1. 4 iyul 2012-ci il tarixli 145 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyul 2012-ci il, № 146)