Əsli və Kərəm (məqalə)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Əsli və Kərəm (1914)
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
"İqbal" N 568, 3 fevral 1914


Milli aşıqlarımızın avamımız üzərində böyük təsirlər icra edərək söylədikləri "Əsli və Kərəm" hekayəsindən iqtibas olunan "Əsli və Kərəm" operasına mən keçən cümə gecəsi birinci dəfə tamaşa ediyordum. Üzeyir bəy arkadaşımızın musiqarlıqdaki birinci əsəri və gərək İslam və gərək Türk aləmində birinci olan "Leyli və Məcnun" operasına tamaşa eləmiş, sonra Bakıdan ayrılmışdım. "Leyli və Məcnun"dan sonra yazılan musiqi əsərlərinin heç birini görməmişdim. Beş il keçmişdir. Tainki keçən dəfə "Fərhad və Şirin”i görmüş, beş ildəki tədənniyə ürəyim ağrımışdı. Fəqət "Əsli və Kərəm" operasının tamaşası bu ağrını sağaltdı.

"Əsli və Kərəm" operasının misalını təlxis etmək istəməz. Çünki, camaatımız mükərrərən oynanılmış olan bu operanı görməmiş olsalar belə "Əsli və Kərəm" nağılını oxumuşlar və yaxud eşitmişlərdir.

Müsəlman operasının aktyorları həqiqətən gözəl oynayırlar. Və kim nə deyirsə-desin Üzeyir bəy Hacıbəyovun təlif etdiyi əsərdə bir zövqi-ədəbi və musiqi vardır. Xıncaxınc dolmuş olan teatrda oyunun və musiqinin məharətlə ifası nəticəsi olaraq müsəlman tamaşaçılarına xas olan bir səs və bir səda da yox idi. Hər kəs valeh olmuş, hər kəs Kərəmin o lahuti eşqinə mütənasib ahəngi nəqəmatə candildən bənd olmuşdu.

"Əsli və Kərəm" bir yerə cəm etmiş olduğu Şərqi və Qərbi nəğmələrdən başqa mənə bir şey nöqteyi-nəzərindən daha çox yarındı. Bu da orada mühüm bir yer tutmuş olan "türk havası"dır, saz havası. Çox təəssüf ediyoram ki, toylarımız milli saz aşıqlarımızın əlindən çıxıb gürcü ğəzzallarına və gürcü zurnaçılarının düdüklərinə giriftar oluyor, bunun intiqamını mən keçən cümə gecəsi Sarabskinin Kərəm sifətilə oxuduğu türk havaları ilə alıyordum. Və əgər mümkün olsaydı qalxıb xalqa deyəcəydim ki: Görünüz bəyənmədiyiniz milli aşıqlanmızın havası nə qədər dilrübadır, nə qədər cazibdir. Milliyyət hissini itirməyənlər və milliyyət ruhundan uzaqlaşmayanlar üçün aşıq Kərəmdə, Koroğluda və bunun əmsalındaki nəğmələrdə o qədər ülvi hisslər və o qədər geniş zövqlər vardır ki, onu ancaq saz nəğməsilə oxunduğu zaman hekayə qəhrəmanının dərdinə tamamilə aşina ola bilən köylülər qədər saf və pak ürəklərimiz anlaya bilərlər.

Zənn ediyoram ki, möhtərəm musiqarımız Üzeyirbəyin milii nəğmə xanlarımız olan saz aşiqları ilə milii romanlarımız olan aşıqları ilə milli romanlarımıız olan aşıq hekayələrini daha ziyadə tədqiq edəcək olurlarsa əsli turk aləmində payıdar ola biləcək əbədzində əsərlərini bundan sonra yazacaqlardır. Bunun üçün əlbəttə lazımdır ki, lazım gələn elmlərlə silahlandıqdan sonra Peterburqu tərk ilə Qafqasiyaya gəlsinlər və burada kəndləri gəzmək surətilə millət ruhu və millət musiqisilə aşina olsunlar. Əlbəttə boylə də edəcəklərdir

* * *

Dedik ki, oyun gözəl keçdi. Hər şeydən əvvəl Müslüm bəyin məharətlə idarə olunan musiqi dəstəsinin bir ahəngi-tam ilə icra olunduğunu qeyd edək. Bunu görmək və bunu hiss etmək üçün — Əhməd oğlu da eşitsin — əlbəttə musiqişünas olmaq gərək deyildir. Necə ki, bülbülün ahəng havasından həzz duymaq üçün musiqişünas olmağa lüzum yoxdur.

Aktyorların oyunlarına və oxumalarına söz yoxdur. Hamısı vəzifələrini hüsn ifa etdilər. Sarabski məsəlinki, aşiq rollarını oynamaq üçün xəlq olunmuşdur, — nəzərə elə gəlirdi ki, o ancaq Məcnunu yaxşı oynayır, görüldü ki, Kərəmdə də müvəffəqiyyəti tamdır.

Padşah rolundakı Qoca Mahmudov da yerində idi. Keşiş rolunu ifa edən Tanrıquliyevin gözəl və dəyərli surətdə ifayi-vəzifəsi deyə biliyoram ki, müvəffəqiyyətin canlı bir nümunəsidir. Tanrıquliyev tam bir aktyordur, rus səhnələrində gördüyümüz iqtidarlı aktyorlardan.

Əsli rolunu oynayan cənab Məhəmmədzadə bəd oynamadı. Fəqət bunu Leyli rolunu oynayan Əhməd Bədəlbəyov oynasaydı daha gözəl çıxacaqdı — zənnindəyim...

Sofi, Rəmzibəy və Şeyx Nurani rollarını ifa edənlər də birər qiymətə malik idilər.

Xor həmişə və hər yerdə olduğu kimi burada da gözləndiyi qədər mükəmməl deyildi. Hələ arvad xoru çox zəif idi. Çünki, məlum səhnəmiz bu xüsusda hələ naqisdir...

Mənzərə və qiyafələrə gəlincə yenə şikayət edəcəyəm. İsfəhan padşahının müqərrəbi olan keşişin bağında qoyulan Roma heykəlləri artıq idi. Bağ dəxi vaxt və vəqəəyə uymayacaq dərəcədə müasir idi. Erməni deyə ortaya çıxarılan kəndlilərin nədənsə hamısı saqqallı idi. İçlərindən birisi çaşıbda saqqal qoymamış və yaxud təsadüfən aralarına müsünni birisi girməmişdi.

Keşiş bir erməni terterindən ziyadə bir rus popuna bənzədilmişdi. Hələb diyarı yolu üzərində ərəblərlə bərabər Kərəm ilə yoldaşına təsadüf edən qızların qiyafəsi Ərəbistan mənzərəsindən ziyadə Cənubi Rusiya həyatına işarə ediyordu. Sanki bir xutordan gəlmiş xaxol qızlarıdır. Sonra bir səhvi dəxi haman qızlarla, haman ərəblər eynən Hələb şəhərində də görünüyorlar. Bu olsa-olsa ancaq altı aylıq yolu bir göz yummada təyy etdirən Şeyx Nuraninin nəfəsilə ola bilər. Sofinin başına qotazlı fəs qoymaq da bica idi. Paltarı da bir az sadəcə olsaydı Sofiyana olardı. Sofi madam ki, bir İran sofisidir, başına dərvişvari bir sərpuş qoysaydı daha müvafiq olardı.

Qəbulumuzdur ki, müsəlman səhnəsinə məxsus müsəlman teatrosu olmasa mənzərə və qiyafələrdə həmişə bir nöqsan göruləcəkdir. Fəqət buda var ki, rejissorlar bir az diqqət etsələr bir çox nöqsanların azalması dəxi mümkündür.

Ələlümum keçən cümə gecəsi oynanılan "Əsli və Kərəm" operası tamaşaçılardan hər kəsi məmnun qoyduğu kimi, məni də məmnun etdi. Pərdələr arasında gələcək həftələrdə "Evlikən subay" ilə "Arşın mal alan" operettalarının oynanılacağı dəxi elan olundu. Demək opera diringiləri başlıyor. Fəqət nə olaydı da bundan sui-istifadə olunmayaydı.