Avşarlar - I Fəsil (Oğuzlar)

VikiMənbə saytından
Keçid et: naviqasiya, axtar

I Fəsil

Oğuzlar

Oğuz sözünün anlamı ilə ilgili çeşidli fikirlər irəli sürülüb. Dirsəkləndiyimiz bilgilərdə yazılıb ki, oğuz—oxlar, boylar, soylar birliyidir. Əski-əntiq çağlarda qonşuları tərəfindən sıxışdırılan ayrı-ayrı boylar birləşib, bir ittifaq yaradıblar. Bu birlik oğuz, doqquz oğuz, on oğuz və sair adlanıb. Adnan Menderes Kaya «Avşar türkmənləri» kitabında Oğuz adının anlamı haqqında yazır: «Eski eserlerde Oğuz adının manası hakkında bilgilere rastlanılmıyor. İlhanlılar zamanında Uygurca yazılmış olan Oğuz Kağan Destanında ilk süt anlamına gelen ağız, oguz biçiminde yazıldığı için Oğuz ’ un bu anlama geldiğini düşünenler olmuşsa da bunun bir imla hatası olduğu vurgulanmıştır. Aynı destanda Oğuz Han dünyaya geldikten sonra konuşarak “ sarayda doğduğum için adım Oğuz konulsun ” demiş. Çadırda doğmakla Oğuz arasında ne gibi bir ilişki olduğu şüphelidir. Zamanımızdaki bilginlerin bir çoğu Oğuzun mənşəyini təspitə çalışmışdı. J. Marquart Oğuz kəlməsinin ok(ok) + uz (adam)dan gəldiyini irəli sürmüşdü. Ancaq türk dilində adam anlamında (uz) sözü yokdur. D. Sinor ise Oğuzu öküz ilə ilgili bilir. Halbuki Toxarca okus/ökes, Türk dilinə öküz olarak keçmiş və günümüzə qədər gəlmişdir. L. Bazin Oğuzun kök, yoğun mənasına gəldiğini söyləyir. Türk ləhçələrində yoğun anlamında oğuz kəliməsi də yoxdur. J. Hamilton isə qərara gəlib ki, bu sözün kökü oguşdur. Amma Oguş və Oğuz sözləri Orhun kitabələrində eyni cümledə işlənilir. Göründüyü kimi Oğuz adının kökü ilə bağlı müxtəlif görüşlər irəli sürülsə də, Gy. Nemeth tərəfindən izah edilən görüş doğru olanıdır. Buna görə Oğuz Ok + z dən törəmiş bir sözdür. (Ok) oymaq, (z) isə çoxluq şəkilçisidir. Oğuz sözünün Çin dilində “ qəbilələr” deyə tercümə edilmesi de bu görüşü dəstəklər. Beləcə Oğuz sözünün Ok (ok ve oymak) + z şəkilçisindən törədiyini qəbul etmiş oluruq ki, Oğuz (oymaklar) anlamına gəliir» (Bax: A. M. Kaya, Avşar türkmənləri) Sonralar «oğuz» termini özünün ilkin anlamını itirib və türklərin əfsanəvi babası Oğuzun adına çevrilib. Azərbaycanda, əsasən də Qarabağda üzü boz, cavabqaytaran adama «oğuz adam» deyilir. Bu ifadə ilkin versiya ilə səsləşir. Oğuznamələrdən bəllidir ki, Oğuz xan atasına qarşı üzünü bozartmışdı. «Kitabi-Dədə Qorqud»un IX boyunda bir kafirin dilindən deyilir: «oğuzun arsızı türkmanın dəlisinə bənzər!» Həmin dönəmdə türkmanlar oğuzlardan ayrılmışdılar. Əski çağlarda oğuz eli iki sümüyə ayrılırdı. Ağ sümüyə bəylər, qara sümüyə bodun, kütlə aid olurdu. Başçılar, başbuğlar ağ sümükdən seçilirdi. Qara sümüyə bağlı olanlar bəylər tərəfindən «qaraçı» adlanılırdı.Qara camaata xor baxılmır və «qaraçı» sözü mənfi ekspressiya ifadə etmirdi. Türkman adının qaraçı sözü ilə birgə işlənməsi XI yüzildən bəri çağların yetişdirməsidir.Orta Asiyada müsəlmanlığı birinci qəbul edən türk boyu Balasaqun ilə Mirki arasında yaşayan türkmənlər olduğundan «türkmən» adı Mavəraünnəhr müsəlmanları içində «müsəlman türk» şəklində özəl bir anlam da qazanmışdı… Lakin o zamanlar oğuzlar özlərinə türkmən demirdilər.Onlar müsəlmanlar tərəfindən hər yerdə özlərinə verilən bu adı uzun zaman mənimsəmədilər və oğuz sözünü atalarının adı kimi olsa da uzun müddət unutmadılar (Bax: F.Sümər. Oğuzlar. Bakı. 1992. səh.70). Əski çağlarda Oğuzlar türkmanları bəyənmirdilər. Qanlı qoca oğlu Qanturalıya el içindən qız təklif etdikdə hirslənmişdi: - «Bəs varasan, bir cici-bacı türkman qızını alasan!..» Hətta yağılar da oğuz-türkman fərqini bilirdilər.Bəkil oğlu Əmranın durumunu görən kafir demişdi: «—Oğuzun arsızı türkmanın dəlisinə bənzər…» Oğuzlardan başqa türk xalqları da «türkman» adını mənfi çalarda işlədirdilər.Qırğızlar qul anlamında «türkman» sözünü qullanırdılar.Onlar çətin iş, ağır əmək haqqında deyirdilər: --Bu iş türkman əməyidir… Orta çağlarda Azərbaycan aydınları da «türkman» sözünü kölə anlamında işlədirdilər. O ayaqdan Kişvəri deyirdi:

        Kimdir  ol  türki-Xütən  demiş  filanın  sevdigi,
        Bir  qulağı  həlqəlicə  türkimandır  sevdigim…

«Türkman» adını kölə anlamından başqa «kobud», «savadsız» mənasında da işlədirdilər. Nəsimi deyirdi:

        Ərəbin  nitqi  tutulmuşdur  dilindən,
        Səni  kimdir  deyən  kim,  türkmansan?..

Türk bəyləri türkmanlara ağız büzürdülər: Ya türkman, ya çöldə çoban… Tahir (Tahir və Zöhrə dastanı) saz götürüb, oxuyurdu:

Tahirəm, neçə neçəsin, Sevmədim türkman beçəsin. Ağ üzündə ənbərçəsin, Açıb oyanmaz-oyanmaz…

Türkmanı-tərki iman, imanı tərk edənlər kimi yozanlar da var. Türkmanlar qılınc qurşanıb, gülünc olmaqdan qurtuldular. XI yüzildə bir bayraq altında Xorasana yürüş etdilər.Bu hayı eşidən Qəznəvi vəziri Əhməd ibn Əbdüssəməd əlini dizinə vurmuşdu: «Bu günədək işimiz çobanlarla idi, indi ölkə zəbt əmirlər gəldilər…» Türkman adı daha həqarətlə çəkilmədi. Onlar Səlcuqlu dövləti kimi tanınan bir imperatorluq qurdular.Adları tarixi ədəbiyyatlarda şərəflə çəkildi. Türkmanlara potensial nifrət bəsləyən Səlcuqlu vəziri, millətcə fars olan Nizamülmülk öz ünlü əsəri «Siyasətnamə»də yazırdı: «Doğrudur, türkmənlərdən qanıqaralıq əmələ gəlmişdir, lakin onların sayı çoxdur, bu dövlətin boynunda onların haqqı vardır, çünki dövlətin də yaranmasında çoxlu xidmət göstərmiş, əziyyətlərə dözmüşlər, qohumluqları çatır.» Illər keçir, oğuz adı unudulur, türkman adı işlənilir. Qaracaoğlan qoşqularında deyir:

                    Saralıb  da,  tökülməyir  xəzəlim,
                    Könül  deyir,  diyar-diyar  gəzəlim.
                    Soyum  türkman, türkman  olsun  gözəlim,
                    Ölür  olsam  o  ellərdə  ölərəm…
  …Qanlı  qoca  oğlu  Qanturalı   türkman  qızını  bəyənməmişdi.Oğuz  zamanında  türkman  qara  sinif  idi. Oğuz  ataları  deyirdi:  «Gül  ağacından  odun  olmaz,  qaraçı  qızından  xatın…»

Əski türk quruluşunda orun sistemi vardı. Bu sistemə görə hər kəs əyləşdiyi yeri bilirdi. Oğuz orunlarında, məsələn Bayandır xanın divanında sağda, solda, dibdə və eşikdə əyləşərdilər. Dədə Qorqud kitabında Beyrək Qazan bəyi öyərkən deyir: «sağda oturan sağ bəylər, sol qolda oturan sol bəylər, eşikdəki inaqlar, dibdə oturan xas bəylər, qutlu olsun dövlətiniz!» Qazan bəy oğlu Uruza baxıb köks ötürmüşdü:

                                Bəri  gəl,  qulunum  oğul!
                                Sağ  ələ  baxanda  
                                Qardaşım  Qaragünəni  gördüm—
                                Baş  kəsib--qan  tökübdür,  
                                Haqqın  alıb, ad  qazanıbdır.
                                Sol   ələ  baxanda  
                                      Dayım  Aruzu  gördüm,--
                                Baş  kəsib—qan  tökübdür, 
                                 Haqqın  alıb,  ad  qazanıbdır.
                       
                                Qarşı  ələ  baxanda  səni  gördüm,
                                On  altı  yaş  yaşadın,
                                Bir  gün  ola,  düşüb  öləm,  sən  qalarsan,
                                Yay  çəkməmisən,  ox  atmamısan…

Kül təkin abidəsində yazılır: «Məndən sonra duran kiçik qardaş və qohumlarım, oğlanım, birləşmiş qəbiləm, xalqım, sağdakı şad və apa bəylər, soldakı tarxanlar və buyuruq bəylər…» Türklərin orun quruluşunda sağ əldə əyləşənlər üstün, ünlü və xana-xaqana daha yaxın idilər. Monqollarda isə adlı-sanlı noyonlar sol yanda əyləşərdilər. Türklərdə ordu birinci sağ yandan, monqollarda isə sol yandan yürüşə başlayırdı. Türk-monqol ordusunda «kol», «kar» quruluşu var idi. Hər iki sözün açması qol, əldir. Orduda sağ cinah türklərdə «sağ qol», monqollarda isə «baran qar», sol cinah «sol qol», «çabın qar» adlanırdı.

Əski  türklər  kola  «tur»  da  demişlər. Onda   Bayandur   baran  tur—sağda  duran,  sağ  qol,  Çavundur   çabun  tur---solda  duran,  sol  qol, Bolqar   bar  kar—sağ  əl,  Salur   sol  kar---sol  əl,  Ürəgir   Yürə  kar—sol  qol  deməkdir. Yürə—əski  türk  dilində  sol  anlamındadır.

Yazdığımız kimi sağ əl türklərdə hörmətli tutulub və böyük cinah sayılıb. Sol əl isə kiçik cinah hesab olunub. Oğuzların böyük qoluna «bozoq», kiçik qoluna isə «üçoq» deyilib.Onda bozoq-bözük-böyük sözündən, üçoq-üçük-küçük, yəni kiçik sözündən yaranıb. Çox zamanlar Üçoq və Bozoq adlarıyla iki ana qola ayrılan oğuzlar daha sonrakı dövrlərdə, Doqquzoğuz, Altıoğuz adlarında da boylara ayrıldılar. Oğuzlar iyirmidörd boydan əmələ gəlmişdilər. Bunlardan on ikisi Bozoq, on ikisi Üçoq qoluna bağlıydılar. Tarixçilər, hazırladıqları cədvəllərdə oğuz boylarının adlarını, simvollarını və onqonlarını göstərmişdilər. Bu cədvəllərə görə, Bozoqlar; Qayı, Bayat, Alqaevli, Qaraevli, Yazır, Dodurqa, Dügər, Yaparlı, Afşar, Bəydili, Qızıq, Qarkın; Üçoqlar isə; Bayandır, Peçene, Çavundur, Çəpni, Salur, Eymur, Alayuntlu, Ürəgir, Iğdır, Bəydüz, Yıva, Qınıq boylarına ayrılmışdı. Bugün Azərbaycanda, Türkiyədə, Iranda başqa şərq ölkələrində iyirmidörd oğuz boyuna aid yer adlarına rast gəlinir. Oğuz adına ilk dəfə Yenisey kitabələrində rastlanmaqdadır. Barlıq irmaq yörəsində tapılan bu kitabələrdə Altı Oğuz budunu sözü yer almaqdadır. Öz Yiğən Alp Turan adlı bir bəyə aid olan bu kitabələrin yazıldığı dövrdə, oğuzlar, Göytürklərin hakimiyyəti altında altı boy halında Barlıq kənarında yaşamaqda idilər. VI yüzillikdən etibarən Göytürklərin idarəsində toplanan Türk qəbilələrindən bir qismi kimi oğuzlar da öz aralarında birlik quraraq Tula-Selenge irmaqları bölgəsində Doqquz-Oğuz xaqanlığını meydana gətirdilər. Göytürk xaqanlığının, Qutluq şad (Ültəris xaqan) tərəfindən 682-ci ildə də ikinci dəfə qurulmasındap sonra, Göytürklər, hakimiyyətliklərini qəbul etməyən oğuzların üzərinə yürüş etdilər. Tula çayı kənarında edilən qanlı bir savaşda, Oğuzlar yenildilər. Amma, Göytürklərin hakimiyyətini qəbul etmədilər. Ültəris xaqan oğuzların üzərinə bir çox səfər təşkil elədi və Baz xaqanı yenib, oğuzların mərkəzi Ötükən və çevrəsini ələ keçirdilər. Bu yenilgi nəticəsində Ültəris xaqanın hakimiyyətin qəbul etmək zorunda qalan Oğuzlar, Göytürklərin Qırğız səfərinə qatıldılar. Göytürk xaqanlarından Bilgə xaqan zamanında üsyan etdilər.Bir il içində bir neçə dəfə hərbə girən oğuzlar; yenilərək, geri çəkildilər.Daha sonra Doqquz-Tatarlar ilə ittifaq quraraq Göytürklərlə mübarizə etdilərsə də, yenə məğlub olaraq, Çin tərəflərə köç etdilər. Bir müddət sonra təkrar köhnə yurdlarına geri döndülər. Bu mübarizələrdə zəifləyən Göytürklər, 745-ci ildə Uyğurlar tərəfindən yenildilər. Bu əsnada Uyğurlara kömək edən oğuzlar, Uyğur dövlətindən asılı boylardan biri oldular.Uyğurlarla bərabər Basmıl və Qarlıqlara qarşı savaşdılar. Amma zaman-zaman Uyğurlara qarşı da üsyan etməkdən geri durmadılar.Köhnə müttəfiqləri Doqquz-Tatarlar ilə birləşərək Uyğur xaqanı Moyunçura qarşı cəbhə aldılar. Zaman-zaman Çinə getdilər. Daha sonra Çindən çıxaraq köhnə yurdlarına geri döndülər.Uyğur dövlətinin çökməsi üzərinə basqıya düşərək Sır-Dərya (Seyhun) kənarına və onun quzeyindəki çöllərdə yerləşdilər.Onuncu yüzildə, köçəri həyatı buraxaraq, oturaq yaşam sürməyə başladılır. Köçəri oğuzlar, daha çox qoyun, at, dəvə, mal-qara yetişdirir və ticarətlə məşğul olurdular. Yerli Oğuzlar isə, Sabran (Qaracuq), Sərpən, Qarnaq, Sidkənd kimi yerlərdə yaşayırdılar. Onuncu yüzildə hələ müsəlman olmayan oğuzlar, inancları bir sıra ibadət və ayinləri yerinə yetirirdilər. Onuncu yüzilliyin əvvələrində oğuzlar, Mavərənnəhr çevrəsində yerləşib, Yabgu deyilən bir hökmdarın idarə etdiyi bir dövlət qurdular. Dövlət və millət işlərinin bir məclis rəisi, sübaşı deyilən ordu komandiri, Yabgunun vəkili və naibi olan təkin, inal və tarkan ünvanlarını daşıyan məmurlar vardı. Oğuzların bu sıradakı baş şəhərləri, Sır Dərya kənarındakı Təzəkənd idi. Yabgu Dövləti zamanında Oğuzlar, Üçoq və Bozoq deyə iki qola ayrılırdılar. Onuncu yüzilliyin sonlarında Islam dinini qəbul edərək oğuzlar, peçeneklər və xəzərlər ilə savaşlar edərək onları yendilər. Amma XI yüzilin ortalarında, Oğuzların Islam dinini qəbul etməmiş bir qismi, Qıpçaqların basqısıyla yurdlarını tərk edərək Qaradənizin quzeyindən Dunay boylarına, oradan da Balkanlara doğru irəlilədilər. Islam dinini qəbul etmədikləri üçün ətraflarını saran xristian dövlətinin basqısıyla qısa zamanda adət-ənənənlərini və gələnəklərini unutdular. Əriyib, yox oldular. Geri qalanları da yox oldular, Bizans xidmətinə girdilər. 1071-ci ildə edilən Malazgird meydan müharibəsində Bizansların yanında idilər. Amma çox keçmədən səlcuqlar tərəfinə keçdilər. Islam dini qəbul edən Səlcuq bəyliyinin idarəsindəki Oğuz boyları isə, Oğuz Yabgu dövləti hökmdarının, onlara pislik edəcəyindən çəkinərək, yurdlarından ayrılaraq Islam diyarı olan Xorasana tərəflərə getdilər. Mavərənnəhrdə qalan digər Oğuz boyları da, Qıpçaqların hücum və basqınlarından sonra dağıldılar.Beləliklə Oğuz dövləti dağıldı. Yerlərində qalan Oğuzlar isə Qaraçuq dağları bölgəsində, Manqışlaqda Seyhun çayı yaxasında yerləşdilər. Daha sonra Qaraxanlıların və Qarlıqların basqısı nəticəsində, Xorasana gəlib səlcuqlara tabe oldular. Səlcuğun böyük oğlu Arslan, Xorasanda hakimiyyət qurub, digər Oğuz boylarını idarəsi altına topladı. Daha sonraları, Toğrul və Çağrı bəylər idarəsindəki səlcuqlar, samanlılar ilə ittifaqa girərək, Qaraxanlılara və Qəznəvilərə qarşı mübarizə etdilər. Səlcuqların bacarıqlı idarələri səbəbiylə bir çox oğuz bəyi onların hakimiyyəti altında toplandı. Bir çoxları oturaq həyata keçdilər. Səlcuq dövlətinin qurulmasında böyük rol oynayan oğuzlar və digər oğuz boyları, XI yüzilin ikinci yarısından etibarən axın-axın Iran, Iraq, Anadolu və Suriyaya doğru yayıldılar. Səlcuq Dövləti sərhədini Ceyhun çayından Aralıq dənizinə qədər genişlətdilər. Islamiyyəti qəbul etmədən əvvəl dünyəvi məqsədlər və quru cahangirlik üçün çalxanan, hərb edən və soylarının təmizliyiylə tanınan oğuzlar, Islam dinini qəbul etdikdən sonra, Islamiyyəti yaymağa başadılar. Getdikləri yerlərdə doğruluğun, ədalətin, elmin və mədəniyyətin müdafiəsinə qalxdılar. Insanlara xidmət etmək, elmin və mədəniyyətin yayılması üçün bir məscid, mədrəsə, karvansaray, hamam və küçə düzəltdilər. Böyük Səlcuq, Türkiyə səlcuqları, Ağqoyunlular, Salqurlar, Artuqlular, Qaramanoğulları, Ramazanoğulları, Zülqədəroğulları və Osmanlı dövlətlərini quraraq Islam dininin yayılmasına xidmət etdilər. Islamiyyətin və Müsəlmanların yox edilməsi üçün qalxan səlibçilər-xaçlılar üzərində parlaq qələbə qazandılar.Islamiyyətə, elmə və ədalətə qarşı olan orta çağ Avropasına bir çox yenilikləri gətirdilər.Doqquz yüz il boyunca, qurduqları dövlətlərin sərhədləri içində yaşayan bütün ünsürlərə qarşı Islam dininin əmrləri içində hərəkət edərək xidmət etdilər. Bugün Türkiyə, Azərbaycan, Iran, Türkmənistan, Əfqanıstan, Iraq və Suriyada yaşayan türklərin əksəriyyəti oğuzların nəslindəndir.