Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlaliyyət Bəyannaməsi

Vikimənbə saytından
Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlaliyyət Bəyannaməsi (28 may 1918)
Müəllif: Azərbaycan Xalq Cumhuriyyəti Milli Şurası
Mənbə


Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlaliyyət Bəyannaməsinin Azərbaycan dilində mətni

28 mayıs, sənə 1918 ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası - rəis müavini Həsən bəy Ağayev, katib Mustafa Mahmudov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyov, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanov, Heybətqulu Məhəmmədbəyov, Mehdi bəy Hacınski, Əliəsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məhəmmədyusif Cəfərov, Xudadat bəy Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlikaslanov və Hacı Mirzə Səlim Axundzadə əfəndilərin iştirakı ilə Azərbaycanın istiqlalı haqqında zildəki əqdi elan etdi:

Böyük Rusiya inqilabının cərəyanında dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın rus orduları tərəfındən tərkinə mövcib bir vəziyyəti-siyasiyyə hasil oldu. Kəndi qəvayi-məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq Cümhuriyyətini təsis etdilər. Vəqaye- siyasiyyənin inkişaf etməsi üzərinə gürcü milloti Zaqafqaziya Qoşma Xalq Cümhuriyyəti cüzindən çıxıb da müstəqil Gürcü Xalq Cümhuriyyəti təsisini səlah gördü. Rusiya ilə Osmanlı imperatorluğu arasında zühur edən müharibənin təsviyəsi üzündən hasil olan vəziyyət hazireyi-siyasiyyə və məmləkət daxilində bulunan misilsiz anarxiya Cənub-şərqi Zaqafqaziyadan ibarət bulunan Azərbaycana dəxi bulunduğu daxili və xarici müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor. Buna binaən arai-ümumiyyə ilə intixab olunan Azərbaycan şurayi-milliyeyi islamiyyəsi bütün cəmaətə elan ediyor ki:

  1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi, Cənubi və Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.
  2. Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi Xalq Cümhuriyyəti olaraq təqərrür ediyor.
  3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə, həmcivar olduğu millət və dövlətlərlə münasibəti-həsənə təsisinə əzm ediyor.
  4. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrovunda yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin eylər.
  5. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.
  6. Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş şurayi-milliyəyə qarşı məsul hökuməti-müvəqqəti durur".
  7. Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyov, Cavad Məlik-Yeqanov, Mustafa Mahmudov.
Wikipedia logo Azərbaycanın İstiqlal Bəyannaməsi haqqında Vikipediyada məqalə var.

Xarici keçidlər[redaktə]