Bayatılar/M

Vikimənbə saytından
L Bayatılar. M hərfi ilə başlayan bayatılar
Müəllif: Şifahi xalq ədəbiyyatı
N
Sister Projects. Həmçinin baxın: Haqqında • Mənbə: Bayatılar. Bakı, 1995

Maral baxar təpəyə,
Özün yıxar təpəyə.
Oba sahibsiz olsa,
Donuz çıxar təpəyə.

Maral oxdan qaçıbdır,
Qannan, çoxdan qaçıbdır.
Ellərə xəbər olsun,
Yağı çoxdan qaçıbdır.

Maralın izi qanlı,
Topuğu, dizi qanlı.
Ovçular ov vurdular,
Tutdular bizi qanlı.

Meyvə gərək tər olsun,
Övlad gərək nər olsun.
İgidə yaraşıqdır,
Ad qazansın, ər olsun.

Məcməyidə gavalı,
Yedim, oldum havalı.
Qonşuda bir qız sevdim,
O da çıxdı davalı.

Məktub yazdım mən sizə,
Ayrılıq düşdi bizə.
Allah qismət eyləsə,
Oturarıq diz-dizə.

Mən aşiq, ağladaram,
Yarımı bağladaram.
Ürək dərdimi desəm,
Dünyanı ağladaram.

Mən aşiq and içmişəm,
Bağından gül biçmişəm.
Gözəllərin içində,
Bircə səni seçmişəm.

Mən aşiq ay camala,
Yar əldən ay cam ala.
Götür üzdən örtüyün,
Baxım bir ay camala.

Mən aşiq daldasına,
Qonça gül dalda sına.
Namərd, elə namərddir,
Üzü nə, daldası nə?

Mən aşiq dəstə-dəstə,
Durnalar dəstə-dəstə.
Qasid, dilin qurusun,
Düşübdür yarım xəstə.

Mən aşiq gözlərinə,
Qoy baxım gözlərinə.
Canım canına qurban,
Gözlərim gözlərinə.

Mən aşiq güldən allam,
Gülabı güldən allam.
Bağda bülbülüm ölsə,
Qanını güldən allam.

Mən aşiq, gülə baxdı,
Bülbüllər gülə baxdı.
Bir gözəl gülümsədi,
Ağzından gülab axdı.

Mən aşiq gülə-gülə,
Gül əkdim gülə-gülə.
Düşmən evimi yıxdı,
Üzümə gülə-gülə.

Mən aşiq günə düşdüm,
Kölgədən günə düşüb.
Düşmənə xəbər olsun,
O deyən günə düşdüm.

Mən aşiq necə keçim?
Bu sudan necə keçim?
Dünyanı namərd alıb,
Mərdləri necə seçim.

Mən aşiq, neylim sənə,
Düşübdü meylim sənə.
Mən dönsəm, üzüm dönsün,
Sən dönsən neylim sənə.

Mən aşiq, nə gözlərsən,
Gözlərim nə gözlərsən?
O yar səni gözləməz,
Sən onu nə gözlərsən.

Mən aşiq oda yaxar,
Qəlyanın oda yaxar.
Dost-dostunun yolunda,
Canını oda yaxar.

Mən aşiq öz günümə,
Dərdlərə döz günümə.
Düşmən əlimə düşsə,
Salaram öz günümə.

Mən aşiq səsə gülləm,
Naləyə, səsə gülləm.
Yad eldən qaça bilsəm,
Yolları kəsə billəm.

Mən aşiq yaman gündə,
Boynumda vardı kündə.
Hər yaxşı yüz yaşasın,
Ölsün yüz yaman gündə.

Mən aşiq verdiyinə,
Həmd olsun verdiyinə.
Verərsə xudam versin,
Qul nədi, verdiyi nə?

Mən aşiq yaralılar,
Dərdlilər, yaralılar.
Təbibi burda gördüm,
Yığılın yaralılar.

Mən aşiq yerişinə,
Qurbanam yerişinə.
O qədər ölməyəydim,
Çataydım görüşünə.

Mən aşiqəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.

Mən aşiqəm üz qandı,
Sinə qandı, üz qandı.
Ev yıxmaq bir qan olsa,
Könül yıxmaq min qandı.

Mən aşığam ayına,
Bəndəm qaşın yayına.
Qorxuram kirpik çalam,
Üzündən göz yayına.

Mən aşığam bir ay var,
Bir ulduz var, bir Ay var.
Gündə gördüyüm yarı,
Görməmişəm bir ay var.

Mən aşığam əzəldən,
Yar yarın verməz əldən.
Dostum var, düşmənim var,
Salma məni nəzərdən.

Mən aşığam Həsəni,
Həqq saxlasın Həsəni.
Xəstə gönlü nar istər,
Mənim gönlüm na səni.

Mən aşığam hər aylar,
Hər ulduzlar, hər aylar.
Başım cəllad əlində,
Dilim səni haraylar.

Mən aşığam, gülüm vay,
Bülbülüm vay, gülüm vay.
Bir bağda bağban oldum,
Heç dərmədim gülüm vay.

Mən aşığam, qəm əldən,
Qoymaz məni qəm əldən.
Getsə dünyalıq getsin,
Getməsin həmdəm əldən.

Mən aşığam üzünə,
Heyranam qaş-gözünə.
Sən məndən əl çəkməzdin,
Baxdın əğyar sözünə.

Mən aşığam, yaz, göndər,
Payız göndər, yaz göndər.
Kağaz ələ düşməsə,
Yarpaq üstə yaz, göndər.

Mən gedəndə bahardı,
İldırımlar çaxardı.
Yara namə yazanda,
Göz yaşlarım axardı.

Mən gedəndə qış idi,
Güllər doli quş idi.
İstədim namə yazım,
Barmaqlarım üşüdi.

Məni bir ilan çaldı,
Dilimi bilən çaldı.
Üzdə dost, dalda düşman,
Üzümə gülən çaldı.

Mənim adım Həsəndi,
Mənzilim Daşkəsəndi.
Fələkə bel bağlama,
Fələk zəncir kəsəndi.

Mənim bu yanmış könlüm,
Dərdə qalanmış könlüm.
Bildir günüm xoş keçdi,
Bu il talanmış könlüm.

Mənim yarım naşıdı,
Naşıların başıdı.
Atdananda bəy oğlu,
Düşəndə yüzbaşıdı.

Mənim yarım talışdı,
Gərdəni beş qarışdı.
Sinəsi məxmər döşək,
Qolları nazbalışdı.

Mərd anadan mərd oğul,
Yada ağa, mərdə qul,
Qorxaq töhmət gətirər,
Baş ucaldar mərd oğul.

Mərd sözi sözdən alı,
At qaçar, parlar nalı.
Mahir ovçu ovlaqda,
Nişanı gözdən alı.

Muğanın şirin narı,
Yeməyə şirin narı.
Dünyanın malı sizin,
Göndərin bizim yarı.