Məzmuna keç

Bayatılar/N

Vikimənbə saytından
M Bayatılar. V hərfi ilə başlayan bayatılar
Müəllif: Şifahi xalq ədəbiyyatı
O
Sister Projects. Həmçinin baxın: Haqqında • Mənbə: Bayatılar. Bakı, 1995

Nabat xanım naz eylər,
Xara tuman toz eylər.
Qırx incəbel içində,
Yarım mənə göz eylər.

Naçaram, ha naçaram,
Bağlı qapı açaram.
Yar gözün yaşlı görsəm,
Baş götürüb qaçaram.

Naçaram, ha naçaram,
Bağlı qapı açaram.
Yarım cavan olmasa,
Baş götürüb qaçaram.

Naçaram, mən naçaram,
Yaman dərdə düçaram.
Yar yadıma düşəndə,
Nazbalışı qucaram.

Naxçıvan düzən yerdi,
İgidlər gəzən yerdi.
Araz üstə körpu var,
Əl əldən üzən yerdi.

Naxçıvanın duz dağı,
Duz qayası, duz dağı.
Çəkdi yar sinəm üstə,
Dağ üstündən yüz dağı.

Naxırda ağ inəyim,
Ağılda sağ inəyim.
Kömürdən qara yandı,
Kağızdan ağ ürəyim.

Nal istəsən, məndə nal,
Sən atın al, mən də nal.
Sinəm əttar dükanı,
Nə istəsən məndən al.

Nalə çəkdim, ah tutdum,
Gah əyləndim, gah tutdum.
Eldə bir dərdli gördüm,
Öz dərdimi unutdum.

Namazım qəza qaldı,
Qılmadım, qəza qaldı.
Nə qul murazın açdı,
Nə günü yaza qaldı.

Namə yazdım qaradan,
Dağlar qalxsın aradan.
Qovuşdursun bizləri,
Yeri-göyü yaradan.

Nar ağacı vuruldu,
Su dibində duruldu.
Hamının yarı gəldi,
Mənim boynum buruldu.

Nar budağın əyəndə,
Ucu yerə dəyəndə.
Bir qoç qurban kəsəcəm,
Balam "ana" deyəndə.

Narın irisindənik,
Xublar sürüsündənik.
Yarımamış bəndənin,
Biz də birisindənik.

Narınc idim, sıxdın yar,
Xatirimi yıxdın yar.
Dost-düşmən arasında,
Çox vəfasız çıxdın, yar.

Narınca bax, narınca,
Əl vurma saralınca.
Məndə ürək qalmadı,
Yar könlünü alınca.

Narınca bax, narınca,
Saxlaram saralınca.
Al qılınc, vur boynumu,
Məni gözdən salınca.

Narınca bax, narınca,
Saxlaram saralınca.
Öləydim, qurtaraydım,
Bu günlərə qalınca.

Narınca bax, narınca,
Saxlaram saralınca.
Şama döndü ürəyim,
Səndən cavab alınca.

Narıncı oyub getmə,
Qabığın soyub getmə.
Mən yazığa rəhm eylə,
İntizar qoyub getmə.

Naşı bilməz sözünü,
Kor eyləyər gözünü.
Ana bala ucundan,
Oda yaxar özünü.

Nazbalış baş altdadı,
Ala göz qaş altdadı.
Yalvarram cavab vermir,
Ya dili daş altdadı?!

Nazik çəkin ipliyi,
Qardaşın köynəkliyi.
Qardaş bir qız sevibdi,
O, Dərbəndin kəkliyi.dərd oldun,
Nə sağalmaz yara sən.

Nazlasın dilim səni,
Böyütsün elim səni.
Meydanda at oynadan,
Bir igid bilim səni.

Nə aydınlıq gecədi,
Ülkər aydan ucadı.
Qismətin qürbət olsun,
Gör ayrılıq necədi?!.

Nə batmısan qara sən,
Könül yara-yara sən.
Nə tükənməz dərd oldun,
Nə sağalmaz yara sən.

Nə budaqdı, nə daldı,
Nə qovğadı, nə qaldı.
Öldü, canın qurtardı,
Mən yazığa nə qaldı.

Nə dad vardı məzədə,
Qismət olsun bizə də.
Sənə də qurban olum,
Sənə baxan gözə də.

Nə desən qanıram mən,
Səni yar sanıram mən.
Mənə od nə gərəkdi,
Odsuz da yanıram mən.

Nə idi dəydi mənə,
Xəbər verin ötənə.
Qoy səni oxlasınlar,
Yağı qoyma vətənə.

Nə istər tanrı yardan,
Əl çəksin barı yardan.
Fələyin qaydasıdı,
Ayırır yarı yardan.

Nə köçən köçdən oldu,
Nə uçan quşdan oldu.
Qəza bir iş eylədi,
Əməyim heçdən oldu.

Nə uca dağların var,
Al-yaşıl bağların var.
Qürbət eldən tez qayıt,
Dalınca ağların var.

Nə yatıbsan daş üstə,
Qələm oynar qaş üstə.
Sən haçan ilqar verdin,
Mən demədim baş üstə.

Nə yatmısan, oyan gül,
Bu yan bağça, o yan gül.
Mən qəribə rəhm elə,
Bülbülündən doyan gül.

Nə zalımsan, sən fələk,
Ömrü böldün tən fələk.
Can qurtarım əlindən,
Hara gedim mən, fələk.