Məzmuna keç

Bibliya/Vaiz Kitabı

Vikimənbə saytından
Süleymanın Məsəlləri Bibliya. Vaiz Kitabı

Nəğmələr Nəğməsı Kitabı


1 2 3 4 5 6 7 8 9 10 11 12 Qeydlər

«Vaiz» Kitabı insan həyatının qısa və təzadlı olmasından, onun müəmmalı haqsızlığından, insan ümidlərinin puça çıxmasından və «həyat puçdur» deyib bu nəticəyə gələn adamın fikirlərindən danışır. O, insan həyatını nizamlayan Allahın yollarını başa düşə bilmir. Buna baxmayaraq, adamlara səylə işləməyi və Allahın bəxş etdiyi nemətlərdən zövq almağı tövsiyə edir.

Vaizin çox fikirləri mənfi və sıxıntılı görünür. Lakin bu kitabın Müqəddəs Kitaba daxil olması göstərir ki, Allaha inam belə bədbinliyi və ruh düşkünlüyünü aradan qaldıra bilər.

Çox adam «Vaiz» Kitabını oxuyarkən öz fikir və düşüncələrini sanki güzgüdə görür və bu kitabdan təsəlli tapır. Belə fikirlər əks etdirən adam Allaha daha çox ümid etməyi öyrənir və beləliklə, həyatın əsl mənasını aşkar edir. Kitabın məzmunu:

  • 1:1-18 Hər şey puçdur
  • 2:1-26 Şadlığın puçluğu
  • 3:1-22 Hər şeyin öz vaxtı var
  • 4:1-16 Dünyanın əziyyətləri
  • 5:1-6:20 Allaha münasibət
  • 7:1-8:17 Hikmət haqqında
  • 9:1-10:20 Hər kəsin taleyi eynidir
  • 11:1-11:6 Zəhmətin qiyməti
  • 11:7-12:8 Son məsləhət: Allahı yada sal
  • 12:9-14 Son söz </poem>

Hər şey puçdur

1 Bu, Yerusəlimdə padşahlıq edən Davud oğlu Vaizin sözləridir.
2 Vaiz deyir:
«Hər şey puçdur, puçdur, tamam puçdur!
3 İnsanın səma altında çəkdiyi
Bütün zəhmətlərinin nə faydası var?
4 Bir nəsil gedir, o biri nəsil gəlir,
Amma dünya daim qalır.
5 Günəş çıxır, günəş batır,
Sonra tələsik yerinə dönür ki,
Təzədən çıxsın.
6 Külək cənub səmtinə əsir,
Sonra şimal səmtinə dönür.
Dönə-dönə gedir,
Öz yolunu təkrar edir.
7 Bütün çaylar dənizə axır,
Amma dəniz heç vaxt dolmur.
Axdıqları yerə qayıdırlar ki,
Təzədən axsınlar.
8 Hər şey çətin başa gəlir.
Sözlər kifayət etmir,
Göz görməkdən doymur,
Qulaq da eşitməkdən.
9 Nə olubsa, yenə olacaq,
Nə edilibsə, yenə ediləcək.
Ona görə də səma altında tamam təzə bir şey yoxdur.
10 Məgər bir şey var ki,
Onun haqqında deyilsin:
“Bax bu təzə bir şeydir?”
O da çoxdan var imiş –
Bizim dövrümüzdən əvvəl.
11 Əvvəlki şeylərdən heç nə xatırlanmır,
Gələcəkdə baş verən şeylərdən də
Bundan sonra gələnlər arasında
Heç nə xatırlanmayacaq.

Hikmətin puçluğu

12 Mən Vaiz Yerusəlimdə İsrailin padşahı idim. 13 Ürəyimdə niyyət etdim ki, göylər altında edilən bütün işləri hikmətlə öyrənib araşdırım. Bu çətin işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib. 14 Səma altında edilən bütün işlərə nəzər saldım və bildim ki, onların hamısı puçdur, külək dalınca qaçmağa bənzər.

15 Əyri olan düz ola bilməz,
Əskik olan sayıla bilməz.

16[1] Öz-özümə dedim: “Bax mən böyük adam olmuşam və məndən əvvəl Yerusəlimdə yaşayanların hamısından çox hikmət qazanmışam. Ağlımda çoxlu hikmət və bilik var”. 17 Sonra ürəyimdə niyyət etdim ki, hikmətin nə olduğunu, dəlilik və axmaqlığın nə olduğunu öyrənim. Amma bildim ki, bu da külək dalınca qaçmağa bənzər.

18 Çünki hikmət çox olduqca
Kədər də çoxalır.
Bilik artdıqca
Dərd də artır.

Şadlığın puçluğu

1 Mən ürəyimdə dedim: “Gəl indi də şadlıq etməyi sınaqdan keçir və kefə bax”. Amma gördüm ki, bu da puçdur. 2 Gülmək haqqında “Dəlilikdir!”, şadlıq haqqında “Nə faydası var?” dedim. 3 Hələ ağlım başımda olarkən cəhd etdim ki, necə özümü şərabla şənləndirib ağılsız olum. Beləcə görmək istəyirdim ki, göylər altında insanlar üçün bir neçə günlük ömürlərində kef açan nədir.

4[2] Mən böyük işlər gördüm: özümə evlər tikdim, üzüm bağları saldım, 5 özümə bağçalar və bağlar düzəltdim, orada hər cür meyvə ağacı əkdim. 6 Özümə su hovuzları düzəltdim ki, meşədə bitən ağacları suvarsın. 7[3] Nökərlər və kənizlər aldım, evimdə doğulan qullarım var idi. Naxırlarım və sürülərim də məndən əvvəl Yerusəlimdə yaşayanların hamısınkından çox idi. 8[4] Özümə qızıl-gümüş, padşahların və vilayətlərin xəzinələrini yığdım. Özümə kişi və qadın müğənnilər gətirtdim, kişilərin xoşuna gələn ən gözəl qadınların sayını artırdım.

9[5] Beləcə yüksəlib məndən əvvəl Yerusəlimdə yaşayanların hamısından daha əzəmətli oldum. Hikmətim də özümdə qaldı.

10 Gözlərimin istədiyi hər şeyi özümdən əsirgəmədim,
Ürəyimi heç bir həzzdən məhrum etmədim,
Könlüm etdiyim hər işdən zövq aldı.
Bu çəkdiyim bütün zəhmətlərin payı idi.
11 Mən etdiyim bütün işlərə,
Nail olmaq üçün çəkdiyim bütün zəhmətlərə dönüb baxdım:
Gördüm ki, hər şey puçdur,
Külək dalınca qaçmağa bənzər.
Səma altında bunların faydası yoxdur.

Hikmət və ağılsızlıq puçdur

12 Sonra mən hikmət, dəlilik və ağılsızlığın
Nə olduğuna dönüb baxdım.
Bundan sonra padşah olan adam
İndiyə qədər görülən işlərdən başqa
Nə edə bilər ki?
13 Mən gördüm ki,
Necə işıq qaranlıqdan üstündürsə,
Hikmət də ağılsızlıqdan eləcə üstündür.
14 Hikmətli adamın gözləri yerindədir,
Ağılsız adam isə qaranlıqda gəzir.
Lakin mən yenə bilirəm ki,
İkisinin də aqibəti eyni cür olur.
15 Mən ürəyimdə dedim:
“Mənim də aqibətim ağılsız adamın
Aqibəti kimi olacaq.
Onda hikmətli olmağımın
Nə faydası var?”
Ona görə də ürəyimdə dedim:
“Bu da puçdur”.
16 Çünki müdrik adam da
Ağılsız adam kimi
Bir daha xatırlanmayacaq,
Gələcək dövrdə hamısı unudulacaq.
Heyf ki hikmətli adam da
Ağılsız adam kimi ölür!
17 Beləcə həyata nifrət etdim,
Çünki səma altında edilən işlər
Mənim üçün dərddir.
Hər şey puçdur,
Külək dalınca qaçmağa bənzər.

Zəhmətin puçluğu

18 Mən səma altında çəkdiyim bütün zəhmətlərə nifrət etdim. Çünki onun da səmərəsini məndən sonra gələn adama verməliyəm. 19 Kim bilir, o da bir müdrik adam olacaq, yoxsa ağılsızın biri? Lakin hər halda səma altında hikmətlə davranıb çəkdiyim bütün zəhmətlərin səmərəsinə sahib olacaq. Bu da puçdur. 20 Ona görə də səma altında çəkdiyim bütün zəhmətlərdən əlimi üzdüm. 21 Çünki biri hikmət, bilik və bacarıqla zəhmət çəkir, axırda isə onun payını heç bir zəhmət çəkməmiş başqa adama verməli olur. Bu da puçdur, böyük bir dərddir. 22 İnsanın səma altında çəkdiyi bütün zəhmətlərin, ürəyindəki qayğıların ona nə faydası var? 23[6] Onun bütün günləri dərd içində, işləri kədər içində keçir. Hətta gecə də ürəyi rahatlanmır. Bu da puçdur.

24[7] İnsan üçün yeyib-içməkdən və gördüyü işdən zövq almaqdan yaxşı şey yoxdur. Ancaq mən gördüm ki, bunu da verən Allahdır. 25 Çünki Onsuz[8] kim yeyə, kim kef çəkə bilər? 26[9] Allah hikməti, biliyi və şadlığı razı qaldığı adama verir. Günahkarlara isə var-dövlət yığıb-toplamaq zəhmətini verir ki, sonra onu Özünün razı qaldığı adama bəxş etsin. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.

Hər şeyin öz vaxtı var

1 Hər şeyin öz vaxtı var, göylər altında hər işin öz vaxtı var:

2 Doğulmağın öz vaxtı var, ölməyin öz vaxtı.
Əkməyin öz vaxtı, kökündən çıxartmağın öz vaxtı.
3 Öldürməyin öz vaxtı, sağaltmağın öz vaxtı.
Yıxmağın öz vaxtı, qurmağın öz vaxtı.
4 Ağlamağın öz vaxtı, gülməyin öz vaxtı.
Yas tutmağın öz vaxtı, rəqs etməyin öz vaxtı.
5 Daş atmağın öz vaxtı, daş yığmağın öz vaxtı.
Qucaqlaşmağın öz vaxtı, qucaqlaşmamağın öz vaxtı.
6 Axtarmağın öz vaxtı, itirməyin öz vaxtı.
Saxlamağın öz vaxtı, atmağın öz vaxtı.
7 Yırtmağın öz vaxtı, tikməyin öz vaxtı.
Susmağın öz vaxtı, danışmağın öz vaxtı.
8 Sevməyin öz vaxtı, nifrət etməyin öz vaxtı.
Müharibənin öz vaxtı, sülhün öz vaxtı.

9 İşləyən adama zəhmət çəkib gördüyü işin nə faydası var? 10 Gördüm ki, bu işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib. 11 Allah hər şeyi öz vaxtında gözəl yaratdı və əbədiyyəti də insanların ürəyinə qoydu. Hərçənd ki insan Allahın etdiyi işi əvvəldən axıra qədər anlaya bilməz. 12 Mən bilirəm ki, insan üçün şadlıq etməkdən və ömrü boyu xeyirxahlıq etməkdən yaxşı şey yoxdur. 13 Həm də hər kəsin yeyib-içməyi və gördüyü işdən zövq almağı Allahın bəxşişidir. 14 Bunu bilirəm ki, Allahın etdiyi hər iş daim qalır: ona nə bir şey artırmaq, nə də bir şey əskiltmək olar. Allah bunu ona görə edir ki, insanlar Ondan qorxsun.

15 İndi nə olursa, keçmişdə də olub,
Nə olacaqsa, lap qədimdən də var idi.
Allah olub-keçənləri araşdırır.
16 Səma altında bir şey də gördüm:
Ədalətin yerində pislik var,
Salehliyin də yerində pislik.
17 Mən ürəyimdə dedim:
“Allah həm salehi,
Həm də pis adamı mühakimə edəcək.
Çünki O hər iş, hər əməl üçün
Bir vaxt qoyub”.

18 İnsanlar barədə mən ürəyimdə dedim: “Allah onları sınayır ki, heyvan kimi olduqlarını görsünlər”. 19 Çünki heyvanın başına gələn insanın da başına gəlir, ikisinin də aqibəti eyni cür olur. Necə biri ölürsə, eləcə də o biri ölür. İkisi də eyni nəfəsə malikdir, insan heyvandan üstün deyil, çünki hər şey puçdur. 20 Hamısı bir yerə gedir, hamısı torpaqdan yaranıb, torpağa da qayıdır. 21 Bunu kim bilir ki, insanların ruhu yuxarı qalxır, heyvanların ruhu aşağı – yerin altına enir?

22 Gördüm ki, insanın etdiyi işdən zövq almasından yaxşı şey yoxdur, çünki onun payına düşən budur. Kim onu bir də geri qaytaracaq ki, özündən sonra nə olacağını görsün?

Dünyanın əziyyətləri

1 Mən yenə səma altında edilən
Bütün zülmləri gördüm:
Məzlumların göz yaşlarını gördüm,
Onlara təsəlli verən yox idi,
Qüdrət zalımların əlində idi,
Məzlumlara təsəlli verən yox idi.
2 Çoxdan ölüb getmiş adamları
Hələ diri qalanlardan daha xoşbəxt saydım.
3 Bunlardan da xoşbəxt o adamdır ki,
Hələ dünyaya gəlməyib,
Səma altında edilən pisliyi görməyib.

4 Mən gördüm ki, bir adamın çəkdiyi bütün zəhmətlər, yaxşı gedən bütün işlər qonşusunda qısqanclıqdan həvəs yaradır. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.

5 Ağılsız adam əlini qoynuna qoyur,
Öz canını üzür.
6 Bir ovuc dolusunun gətirdiyi rahatlıq
İki ovuc dolusunun gətirdiyi
Zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır.

7 Mən yenə səma altında puç olan başqa bir şeyi gördüm:

8 Tənha bir adam var idi,
Onun nə oğlu, nə də qardaşı var idi.
Zəhmət çəkməkdən yorulmazdı,
Lakin yenə də gözləri mal-dövlətdən doymurdu.
Özündən soruşmurdu ki,
Kimin üçün bu qədər zəhmət çəkirəm,
Kimin üçün özümü zövq almaqdan məhrum edirəm?
Bu da puçdur, böyük bir dərddir.
9 İki adam bir adamdan yaxşıdır,
Çünki zəhmətləri üçün yaxşı muzd alacaqlar.
10 Əgər biri yıxılsa,
O biri yoldaşını qaldırar.
Lakin vay o adamın halına ki,
Yıxılanda onu qaldıran olmur!
11 Həmçinin iki nəfər bir yerdə yatarsa,
Bir-birini isidər.
Amma tək yatan necə isinə bilər?
12 Əgər bir nəfər tək qalıb məğlub olarsa,
İki nəfər hücuma tab gətirə bilər.
Üçqat ip tez qırılmaz.

13 Yoxsul və hikmətli bir cavan irad qəbul etməyən qoca və səfeh padşahdan yaxşıdır. 14 Çünki o cavan bu ölkədə yoxsulluq içində doğulsa da, zindana düşsə də, çıxıb padşah ola bilər. 15 Gördüm ki, səma altında dolaşan bütün adamlar padşah taxtına oturan bu cavanın ardınca gedir. 16 Onun başına yığışan bütün xalqın sayı-hesabı yox idi. Ancaq sonra gələn nəsillər onun üçün də sevinməyəcək. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.

Allaha münasibət

1 Allahın evinə getdiyin zaman hərəkətlərinə diqqət et. Qulaq asmaq üçün oraya girmək yaxşı və pisin nə olduğunu bilməyən səfeh adamların qurban təqdim etməsindən yaxşıdır.

2 Dilin tələsməsin,
Allahın hüzurunda söz deməyə
Ürəyin tələsməsin.
Çünki Allah göydədir, sən yerdə.
Buna görə də az danış.
3 Necə ki iş çox olanda adam yuxu görər,
Söz də çox olanda səfeh danışığa çevrilər.

4[10] Allaha əhd edəndə onu yerinə yetirməkdə yubanma, çünki ağılsızlar Onun xoşuna gəlməz. Öz əhdini yerinə yetir. 5 Əhd etməmək əhd edib onu yerinə yetirməməkdən yaxşıdır. 6 Qoyma sözlərin səni günaha batırsın. Allahın elçisinə demə ki, bu, kiçik səhv idi. Nə üçün Allah sənin sözünə qəzəblənsin və əlinin zəhmətini yox etsin? 7 Çünki çox yuxu görəndə də, çox söz danışanda da puç şeylər çox olar. Sən ancaq Allahdan qorx.

Var-dövlətin puçluğu

8 Əgər bir vilayətdə yoxsullara zülm edildiyini, ədalət və salehliyin ayaq altında tapdalandığını görürsənsə, gördüyünə təəccüb etmə. Çünki hər vəzifə başında olana özündən yuxarıda bir nəzarətçi qoyulub və onların başında da özlərindən yuxarıda olanlar var. 9 Ancaq hamıdan yuxarıda olan padşah ədalətli olsa, hər kəs öz tarlasının bəhrəsindən xeyir götürər.

10 Pul sevən puldan doymaz,
Var-dövlət sevən də qazancdan.
Bu da puçdur.
11 Var-dövlət çoxaldıqca
Onu yeyənlər də çoxalır.
Gözləri ilə görməkdən savayı
Sahibinə ondan nə fayda var?
12 Fəhlə az da yesə, çox da yesə,
Yuxusu şirindir.
Amma varlı adamın dövləti qoymaz ki,
O, rahat yatsın.

13 Səma altında gördüyüm
Başqa böyük dərd də var:
Yığdığı sərvət sahibinə zərər gətirir,
14 Bu sərvəti bədbəxt hadisələr yox edir,
Sərvət sahibinin oğlu doğulanda
Ona verməyə bir şeyi qalmır.
15[11] Necə ki o, anasının bətnindən çılpaq doğulub,
Eləcə də bu dünyadan gedir.
Zəhmətinin bəhrəsindən
Heç nəyi əlinə götürüb
Özü ilə apara bilmir.
16 Bu da böyük bir dərddir:
İnsan dünyaya necə gəlirsə,
Elə də gedir.
Boş yerə çəkdiyi zəhmətin
Ona nə faydası var?
17 Ömrü boyu öz çörəyini
Qaranlıq, böyük sıxıntı, xəstəlik və
Qəzəb içində yeyir.

18 İnsan üçün mənim gördüyüm yaxşı və gözəl olan budur ki, o yeyib-içsin və Allahın ona verdiyi bir neçə günlük ömründə səma altında çəkdiyi bütün zəhmətlərindən zövq alsın, çünki ona düşən bəxşiş budur. 19 Həmçinin Allah hər kəsə var-dövlət bəxş edərək qüvvət verib ki, ondan yesin, payını götürsün və zəhmətindən zövq alsın. Bu, Allahın hədiyyəsidir. 20 Çünki Allah insanın başını şənliklə qatdığı üçün insan ömrünün günlərini dərindən düşünmür.

1 Səma altında gördüyüm bir dərd də var ki, insanlar arasında çox yayılıb: 2 adam var ki, Allah ona var-dövlət, izzət verir, arzu etdiyi hər şeyi yerinə yetirir, ancaq ona bu şeylərdən yeyib-içməyə imkan vermir, yad bir adam onun malını yeyir. Bu da puçdur, böyük bir dərddir. 3 Bir adam yüz uşaq atası olub, uzun illər yaşasa da, amma uzun ömrünün əvəzində firavanlığından doymayıb hörmətlə dəfn olunmazsa, məncə, ölü doğulmuş uşaq ondan yaxşıdır. 4 Çünki ölü doğulmuş uşaq boş yerə doğulur, qaranlıq içində itib-gedir, heç adı da çəkilmir. 5 Nə günəş üzü görür, nə də bir şey bilir. Amma bu uşağın rahatlığı o adamınkından çoxdur. 6 Çünki o adam iki dəfə min il ömür sürsə də, sevincin nə olduğunu bilmir. Məgər hər ikisi eyni yerə getmirmi?

7 İnsan bütün zəhməti
Qarnı üçün çəkir,
Amma yenə də iştahası bitib-tükənmir.
8 Hikmətli adamın ağılsızdan
Nə üstünlüyü var?
Yoxsul başqa insanlarla
Necə rəftar etməyi bilsə də,
Bunun ona nə faydası var?
9 Gözün görməsi ürəyin istəməsindən yaxşıdır.
Bu da puçdur, külək dalınca qaçmağa bənzər.

10 Nə varsa, adı çoxdan qoyulmuşdur,
İnsanın da nə olduğu bilinir.
Heç kəs özündən güclü ilə güləşə bilməz.
11 Sözün çoxluğu puçluğu çoxaldır.
Bunun insana nə faydası var?

12 Görəsən kim bilir ki, kölgə kimi keçən qısa puç həyatda insan üçün yaxşı şey nədir? Kim insana deyə bilər ki, özündən sonra səma altında nə baş verəcək?

Hikmət haqqında

1[12] Yaxşı ad ətirli yağdan,
Ölüm günü isə doğum günündən yaxşıdır.
2 Yas evinə getmək
Ziyafət evinə getməkdən yaxşıdır,
Çünki hər kəsin axırı ölümdür.
Gərək yaşayan hər adam
Bunu yadında saxlasın.
3 Qüssə gülməkdən yaxşıdır,
Çünki üzün qəmgin olması
İnsan üçün daha yaxşıdır.
4 Hikmətli adamın ürəyi yas evindədir,
Amma ağılsızın ürəyi şadlıq evində.
5 Hikmətli adamın məzəmmətini eşitmək
Ağılsızın nəğməsini eşitməkdən yaxşıdır.
6 Çünki ağılsız adamın gülməyi
Qazan altında yanan tikanlı kolun səsi kimidir.
Bu da puçdur.
7 Haram gəlir hikmətli adamı ağılsıza çevirir,
Rüşvət isə ürəyi bərbad edir.
8 Bir şeyin axırı əvvəlindən yaxşıdır,
Səbirli adam qürurludan yaxşıdır.
9[13] Qəzəblənməyə tələsmə,
Çünki qəzəb ağılsızların
Ürəyində yuva salar.
10 “Niyə keçən günlər bu gündən yaxşı idi?” demə,
Çünki verdiyin sual hikmətli sual deyil.
11 Hikmət miras mal qədər yaxşıdır,
Dünyada yaşayan hər kəs üçün faydalıdır.
12 Çünki pul necə insanın sipəridirsə,
Hikmət də eləcə insanın sipəridir.
Amma biliyin faydası bundan ibarətdir:
Hikmət ona sahib olana həyat verər.

13 Allahın işinə diqqət et:
Onun əydiyini kim düzəldə bilər?
14 Yaxşı gündə şad-xürrəm ol,
Pis gündə isə bunu anla:
Hər cür günü Allah təyin edib ki,
İnsan özündən sonra nə olacağını bilməsin.

15 Puç ömrümdə bunları gördüm:
Saleh adam salehliyinə baxmayaraq, ölür,
Pis adamın isə pisliyinə baxmayaraq, ömrü uzanır.
16 Həddən artıq saleh olma,
Həddən artıq müdrik olma.
Nə üçün özünü üzəsən?
17 Həddən artıq pis olma,
Həddən artıq ağılsız olma.
Nə üçün əcəlin çatmamış öləsən?
18 Bir şeydən yapışmağın yaxşıdır,
Amma o birindən də əlini çəkmə.
Çünki Allahdan qorxan adam
Hər ikisini tarazlayar.

19 Hikmət ağıllı adama
Şəhərdə olan on hakimin hökmündən
Daha çox güc verər.
20 Doğrudan da, yer üzündə elə saleh adam yoxdur ki,
Yalnız yaxşılıq edib heç bir günah etməsin.
21 Adamların dediyi hər sözə məhəl qoyma,
Onda nökərinin səni söydüyünü eşitməzsən.
22 Çünki sənin ürəyin də yaxşı bilir ki,
Sən də başqa adamları çox söymüsən.

23 Bu deyilənlərin hamısını hikmətlə sınadım.
“Hikmətli olacağam” söylədim.
Amma buna qadir olmadım.
24 Hikmət deyilən şey
Çox uzaqda, çox dərindədir.
Onu kim tapa bilər?
25 Mən ürəyimdə niyyət etdim ki,
Hikməti və hər şeyin əsasını bilim,
Axtarıb araşdırım,
Bilim ki, pislik ağılsızlıqdır,
Ağılsızlıq isə dəlilikdir.

26 Tələ quran qadını
Ölümdən acı gördüm.
Onun ürəyi tora,
Əlləri zəncirə bənzər.
Allahın razı qaldığı adam ondan qaçar,
Ancaq günahkar adam ona əsir olar».

27 Vaiz deyir:
«Bax bunu öyrəndim:
Hər şeyin əsasını tapmaq üçün
Bir-bir araşdıran zaman
28 Ürəyim hey axtarır, ancaq tapa bilmir.
Min kişinin içində bir yaxşısını tapdım,
Amma bu qədər qadının içində bir yaxşısını tapmadım.
29 Ancaq bunu öyrəndim ki,
Allah insanları kamil yaratdı,
Onlar isə qarışıq fikirlərə düşdü.

1 Kim hikmətli adama tay ola bilər? Şeylərin mənasını kim bilər? Hikmət insanın üzünü nurlandırar, Tutqun simasını dəyişdirər.</poem>

Padşaha itaət

2 Mən deyirəm: padşahın hökmünə qulaq as, çünki Allaha and içmisən. 3 Padşahın hüzurundan çıxmağa tələsmə, onun xoşuna gəlməyən işində inad etmə, çünki o istədiyi hər şeyi edə bilər.

4 Padşahın sözündə səlahiyyət var.
Kim ona “Nə edirsən?” deyə bilər?
5 Onun hökmünü yerinə yetirən
Heç bir bəlaya düşməz.
Hikmətli adamın ürəyi
Bunun vaxtını da, qaydasını da bilir.
6 Axı hər şeyin həm öz vaxtı,
Həm də öz qaydası var.
Hərçənd ki insanın daşıdığı dərd çox ağırdır.
7 Çünki kim bilir ki, nə olacaq?
Bəs kim ona deyə bilər ki, necə olacaq?
8 Küləyi tutub saxlamağa heç kəsin gücü çatmadığı kimi
Ölüm gününü saxlamağa da heç kəsin gücü çatmaz.
Döyüşçü meydanı tərk etmədiyi kimi
Pislik də pis adamı tərk etməz.

9 Bunların hamısını gördüm və səma altında görülən hər işə diqqət etdim: bir adamın başqa adama ağalıq etməsi başına bəla olur. 10 Sonra mən pis adamların axırını da gördüm. Bu adamlar müqəddəs yerə gəlib-gedər, buna görə də pislik etdikləri şəhərdə təriflənərdi. Bu da puçdur. 11 Pis işin cəzası tez verilmədiyinə görə insanların ürəyi də pislik etməyə cəsarət tapır. 12 Günahkar adam yüz dəfə pislik edib uzun müddət yaşasa da, Allahdan qorxanların, Onun hüzurunda ehtiramla duranların yaxşılıq görəcəyini bilirəm. 13 Ancaq pis adam yaxşılıq görməyəcək və onun kölgəyə bənzər günləri uzadılmayacaq, çünki Allahın hüzurunda ehtiramla durmur.

14 Yer üzündə baş verən başqa puç şey də var: saleh adamlara layiq olan şeylər pis adamlara qismət olur, pis adamlara layiq olan şeylər saleh adamlara qismət olur. Dedim ki, bu da puçdur.

15 Beləcə mən kef çəkməyi üstün saydım, çünki səma altında insan üçün yeyib-içməkdən və kef çəkməkdən yaxşı şey yoxdur. Çünki səma altında Allahın insana ömrü boyu çəkdirdiyi zəhmətdən ona ancaq bu qalır.

16 O zaman ürəyimdə niyyət etdim ki, hikmət öyrənim və yer üzündə insanların gecə-gündüz gözlərinə yuxu getməyərək gördükləri işlərə nəzər salım. 17 Onda Allahın bütün işlərini gördüm. Bildim ki, kimsə səma altında edilən işləri anlaya bilməz, nə qədər səy göstərsə də, yenə də bunu anlaya bilməz. Bir hikmətli adam bunu bildiyini iddia etsə də, yenə dərk edə bilməz.

Hər kəsin taleyi eynidir

1 Beləcə bunların hamısını ürəyimdə araşdırıb bu nəticəyə gəldim: salehlər, hikmətlilər və onların etdikləri işlər Allahın əlindədir. İstər sevgi olsun, istər nifrət, insan qabağına nə çıxacağını bilmir. 2 Hər kəsin aqibəti eyni cür olur: salehlərin və pislərin, yaxşıların və yamanların, təmizlərin və murdarların, qurban təqdim edənlərin və qurban təqdim etməyənlərin. Yaxşı adama nə olursa, günahkarlara da elə olur. And içənə nə olursa, and içməkdən qorxana da elə olur. 3 Səma altında edilən işlərin hamısının pis cəhəti bundadır ki, hər kəsin aqibəti eyni cür olur. Doğrudan da, insanların ürəyi pisliklə doludur. Nə qədər ki yaşayırlar, ürəklərində dəlilik var. Sonra isə ölüb gedirlər. 4 İnsan nə qədər ki yaşayır, onun üçün ümid var, ona görə ki diri it ölü şirdən yaxşıdır.

5 Çünki dirilər öləcəklərini bilir,
Ancaq ölülər heç nə bilmir.
Onlara daha heç vaxt əvəz verilməyəcək,
Çünki onların xatirəsi də unudulub.
6 Ölülərin sevgisi, nifrəti,
Paxıllığı artıq məhv olub.
Səma altında görülən işlərdə
Daha payları olmayacaq.

7 Get çörəyini şadlıqla ye,
Şərabını şən ürəklə iç.
Çünki artıq Allah
Etdiyin işlərdən razıdır.
8 Qoy paltarın həmişə ağ olsun,
Başından ətirli yağ əskik olmasın.

9 Səma altında Allahın sənə verdiyi puç ömrünün bütün günlərini – həyatının hamısını sevdiyin qadınla xoş həyat keçir. Çünki həyatından və səma altında çəkdiyin zəhmətdən sənə qalan pay budur. 10 Çalışmaq üçün nə bacarırsan, var gücünlə et. Çünki gedəcəyin ölülər diyarında nə iş, nə fikir, nə bilik, nə də hikmət var.

11 Səma altında daha bir şey də gördüm:
Yarışı həmişə bərk qaçanlar udmur,
Müharibədə həmişə igidlər qalib gəlmir.
Çörək həmişə müdriklərə,
Var-dövlət həmişə ağıllılara nəsib olmur,
Hörmət alimlərə göstərilmir.
Ancaq zaman və fürsətdir ki, hər kəsin qabağına çıxır.
12 Həmçinin insan öz vaxtını bilmir.
Balıqlar amansız bir tora,
Quşlar tələyə düşdüyü kimi
İnsanlar da pis bir zəmanəyə düçar olur,
Onda pis zəmanə qəfildən başlarının üstünü alır.

Hikmətin ağılsızlıqdan üstünlüyü

13 Səma altında mənə çox təsir edən bu hikməti də gördüm: 14 içində az adam yaşayan kiçik bir şəhər var idi. Güclü bir padşah oraya hücum edib onu dövrəyə aldı, ətrafında böyük mühasirə işləri gördü. 15 Orada yoxsul, ancaq hikmətli bir adam yaşayırdı. O öz hikməti ilə şəhəri xilas etdi. Lakin heç kəs bu yoxsul adamı xatırlamadı.

16 O zaman mən dedim:
“Hikmət qüdrətdən yaxşıdır,
Lakin yoxsul adamın hikmətinə xor baxırlar,
Onun sözləri eşidilmir”.
17 Hikmətli adamın pıçıltı ilə dediyi sözlər
Ağılsızların içindəki başçının qışqırtısından yüksəkdir.
18 Hikmət döyüş silahından üstündür,
Amma bir günahkar hər cür yaxşılığı bərbad edər.

1 Ölü milçəklər ətirdüzəldənin yağını
İylədib xarab edər.
Kiçik ağılsızlıq da
Hikmət və hörmət sahibini rüsvay edər.
2 Hikmətli adamın ürəyi düzlüyə tərəf yönələr,
Ağılsız adamın ürəyi əyriliyə.
3 O yol gedəndə də ağlının azlığı bilinər,
Ağılsız olduğunu hamıya göstərər.
4 Əgər hakimin qəzəbi sənə qarşı alovlansa,
Yerindən tərpənmə.
Çünki sakitlik
Böyük xətaların üstünü örtər.

5 Səma altında bir dərd də gördüm:
O da hökmdarın əlindən çıxan səhvdir.
6 Ağılsızlar yüksək vəzifələrə qoyulur,
Halbuki varlılar aşağıda oturur.
7 Gördüm ki, qullar necə at üstündə,
Ağalar isə qul kimi piyada gedir.

8[14] Quyu qazan içinə özü düşə bilər,
Divar sökəni ilan sanca bilər.
9 Daş kəsəni daşlar yaralar,
Odun yarana odun xətər yetirər.
10 Əgər balta kütdürsə,
Onun ağzı itilənməyə verilməyibsə,
Daha çox güc sərf olunmalıdır.
Amma hikmət insanın köməyinə çatar.
11 Əgər ilan ovsun oxunmazdan qabaq sancsa,
Ovsunçu çağırmağın faydası yoxdur.

12 Hikmətli adamın ağzından lütfkar sözlər çıxar,
Lakin ağılsız öz dili ilə həlakına yol açar.
13 Onun dilindəki sözlər ağılsızlıqla başlanar,
Danışığının axırı da sarsaqlıqdır.
14 Ağılsız adam çox söz danışar.
Heç kəs nə olacağını bilməz.
Bəs kim ona özündən sonra
Nə olacağını deyə bilər?
15 Ağılsızların çəkdikləri zəhmət
Özlərini yorar,
Onlar şəhərə gedən yolu da bilmir.

16 Əgər padşahın bir uşaqdırsa,
Başçıların səhər tezdən
Ziyafətə başlayırsa,
Onda vay halına, ey ölkə!
17 Əgər padşahın bir əsilzadədirsə,
Başçıların da vaxtında
Keflənmək üçün yox, qüvvətlənmək üçün yeyirsə,
Onda xoş halına, ey ölkə!
18 Tənbəllik üzündən evin damı uçar,
Heç bir iş görməsən, evin tavanı damar.
19 Yemək şadlıq gətirər,
Şərab həyatı keflə doldurar,
Pul isə hər istəyini ödəyər.
20 Padşahı hətta ürəyində də söymə,
Varlı adamı yataq otağında da lənətləmə.
Çünki göydə uçan quşlar xəbər aparar,
Qanadlı məxluqlar sənin sözünü çatdırar.

Zəhmətin qiyməti

1 Çörəyini suların üzünə burax,
Çünki uzun müddət sonra yenə onu taparsan.
2 Yeddi ya səkkiz adama pay ver,
Çünki bilmirsən ki,
Ölkədə necə bir pis gün olacaq.
3 Əgər buludlar su ilə dolu olsa,
Yağışlarını yer üzünə səpər.
Əgər bir ağac cənub ya şimal
Səmtinə yıxılsa,
Elə yıxıldığı yerdə də qalar.
4 Küləyə baxan toxum səpməz,
Buludlara baxan əkdiyini biçməz.

5 Küləyin səmtini,
Hamilə qadının qarnında
Sümüklərin necə böyüdüyünü bilmədiyin kimi
Hər şeyi yaradan
Allahın işlərindən də xəbərsizsən.
6 Toxumunu səhər vaxtı səp,
Axşama qədər də əlin boş durmasın.
Çünki bilmirsən ki, əvvəlki məhsuldar olacaq
Yoxsa sonrakı
Yaxud hər ikisi birlikdə.

Yaradanı unutma

7 Həqiqətən, işıq gözəldir,
Günəşi görmək gözlərə xoşdur.
8 Əgər insan uzun ömür sürürsə,
Qoy sevinclə yaşasın.
Ancaq qaranlıq günlərinin də olduğunu unutmasın,
Çünki onlar daha çox olacaq.
Baş verəcək hər şey puçdur.

9 Ey gənc, cavanlığında sevin,
Qoy ürəyin səni cavanlıq günlərində sevindirsin.
Ürəyinin istədiyi ilə,
Gözlərinin gördüyü ilə get.
Ancaq bil ki, Allah
Bunların hamısına görə
Səni mühakimə edəcək.
10 Buna görə də təşvişi ürəyindən qov,
Əzabı bədənindən uzaqlaşdır.
Çünki cavanlıq da,
Cavanlıqdakı güc də puçdur.

1 Pis günlər gəlməzdən qabaq,
“Onlardan zövq almıram” deyəcəyin illər
Yaxınlaşmazdan əvvəl,
Cavanlıq günlərində
Səni Yaradanı xatırla.
2 Günəş, işıq, ay və ulduzlar sönməzdən əvvəl,
Yağışdan sonra buludlar yenə qayıtmazdan əvvəl
Onu xatırla.
3 O gün gələndə
Evi qoruyanlar tir-tir əsəcək,
Güclülər əyiləcək,
Əl dəyirmanı ilə işləyənlər
Az olduqları üçün
Dən üyüdə bilməyəcək,
Pəncərədən baxanlar qaralacaq.
4 Küçəyə açılan qapılar bağlanacaq,
Dəyirmanların səsi kəsiləcək. [15]
Adamlar quş səsi ilə oyanacaq,
Nəğmə oxuyan bütün qızların səsini
Zəif eşidəcəklər.
5 O zaman onlar uca yerdən qorxacaq,
Yolda yerimək də təhlükəli olur.
Bax badam ağacı çiçək verir,
Çəyirtkə özünü güclə çəkir,
Həvəsi zəifləyir.
Beləcə insan son mənzilə gedir,
Yas tutanlar küçələrə düşür.

6 Gümüş iplər qopmamış,
Qızıl kasa qırılmamış,
Bulaq başında kuzə tikə-tikə olmamış,
Quyu yanında çarx sınmamış,[16]
7 Torpaq gəldiyi yerə qayıtmamış,
Həyat nəfəsi isə onu verən Allaha dönməmiş[17]
Səni Yaradanı xatırla».

8 Vaiz deyir:
«Hər şey puçdur, tamam puçdur».

Son söz

9 Vaiz hikmətli adam olmaqdan başqa, xalqa bilik də öyrədirdi. O bir çox məsəlləri araşdırıb axtardı və tərtib etdi. 10 Vaiz faydalı sözlər tapmağa çalışdı. Onun yazdıqları düzgün və doğrudur. 11 Hikmətlilərin sözləri çoban çubuğu kimi, topladıqları sözləri bərk vurulmuş mıxlar kimidir; o sözlər bir Çoban tərəfindən verilir.

12 Bunlardan başqa, oğlum, sən buna diqqət et ki,
Çox kitab yazmağın axırı yoxdur,
Çox oxumaq adamı yorur.

13 Hər şey aşkar oldu,
Nəticə bundan ibarətdir:
Allahdan qorx,
Onun əmrlərini yerinə yetir.
Bəli, insanın əsas vəzifəsi budur.
14 Çünki Allah hər işi, gizli olan hər şeyi –
İstər yaxşı olsun, istər pis –
Mühakimə edəcək.

Qeydlər

[redaktə]
  1. 1Pad. 4:29-31
  2. 1Pad. 10:23-27; 2Saln. 9:22-27
  3. 1Pad. 4:23
  4. 1Pad. 10:10,14-22
  5. 1Saln. 29:25
  6. Əyy. 5:7; 14:1
  7. Vaiz 3:13; 5:18; 9:7; Yeş. 56:12; Luka 12:19; 1Kor. 15:32
  8. Onsuz – bəzi qədim mətnlərdə mənsiz.
  9. Əyy. 32:8; Sül. 2:6
  10. Zəb. 66:13-14
  11. Əyy. 1:21; Zəb. 49:17; 1Tim. 6:7
  12. Sül. 22:1
  13. Yaq. 1:19
  14. Zəb. 7:15; Sül. 26:27
  15. Burada rəmzi izah mümkündür: evi qoruyanlar – əl-qol, güclülər – ayaqlar, əl dəyirmanı ilə işləyənlər – dişlər, pəncərədən baxanlar – gözlər, küçəyə açılan qapılar – qulaqlar, dəyirmanlar – dişlər mənasını verə bilər.
  16. Bu sözlər insanın bədən üzvlərinin çürüməsini təsvir edən rəmzi ifadələr də ola bilər.
  17. Bax: Yar. 2:7.

Yaradılış Kitabı • Çıxış Kitabı • Levililər Kitabı • Saylar Kitabı • Qanunun Təkrarı Kitabı • Yeşua Peyğəmbərin Kitabı • Hakimlər Kitabı • Rut Kitabı • Birinci Şamuel Kitabı • İkinci Şamuel Kitabı Birinci Padşahlar Kitabı • İkinci Padşahlar Kitabı • Birinci Salnamələr Kitabı • İkinci Salnamələr Kitabı • Ezra Kitabı • Nehemya Kitabı • Ester Kitabı • Əyyub Kitabı • Zəbur • Süleymanın Məsəlləri • Vaiz Kitabı • Nəğmələr Nəğməsı Kitabı • Yeşaya Peyğəmbərin Kitabı • Yeremya Peyğəmbərin Kitabı • Mərsiyələr Kitabı • Yezekel Peyğəmbərin Kitabı • Daniel Peyğəmbərin Kitabı • Huşə Peyğəmbərin Kitabı • Yoel Peyğəmbərin Kitabı • Amos Peyğəmbərin Kitabı • Avdıya Peyğəmbərin Kitabı • Yunus Peyğəmbərin Kitabı • Mikeya Peyğəmbərin Kitabı • Nahum Peyğəmbərin Kitabı • Habaqquq Peyğəmbərin Kitabı • Sefanya Peyğəmbərin Kitabı • Haqqay Peyğəmbərin Kitabı • Zəkəriyyə Peyğəmbərin Kitabı • Malaki Peyğəmbərin Kitabı • Mattanın Nəql Etdiyi Müjdə • Markın Nəql Etdiyi Müjdə • Lukanın Nəql Etdiyi Müjdə • Yəhyanın Nəql Etdiyi Müjdə • Həvarilərin İşləri • Paulun Romalılara Məktubu • Paulun Korinflilərə Birinci Məktubu • Paulun Korinflilərə İkinci Məktubu • Paulun Qalatiyalılara Məktubu • Paulun Efeslilərə Məktubu • Paulun Filipililərə Məktubu • Paulun Kolosselilərə Məktubu • Paulun Saloniklilərə Birinci Məktubu • Paulun Saloniklilərə İkinci Məktubu • Paulun Timoteyə Birinci Məktubu • Paulun Timoteyə İkinci Məktubu • Paulun Titə Məktubu • Paulun Filimona Məktubu • İbranilərə Məktub • Yaqubun Məktubu • Peterin Birinci Məktubu • Peterin İkinci Məktubu • Yəhyanın Birinci Məktubu • Yəhyanın İkinci Məktubu • Yəhyanın Üçüncü Məktubu • Yəhudanın Məktubu • Yəhyaya Nazil Olan Vəhy