Bir qızın son fəryadı, yaxud zindan guşəsindən bir səs

Vikimənbə saytından
Bir qızın son fəryadı, yaxud zindan guşəsindən bir səs
Müəllif: Hüseyn Cavid
Şeir Tiflisdə yazılıb

Yürəkdə qaldı məramım, duyulmaz oldu səsim,
Gözümdə qalmadı nur, ah, iştə son nəfəsim!..
Məzalim atəşi yaqdıqca qavrulur bədənim,
Nə hali-müdhiş! Aman, son günüm bumuydu mənim!?
Solub bahari-şəbabım, dəyişdi hər halım;
Bu surətim, bu vücudum, bu dönmüş iqbalım.
Bənimlə doğmuş imiş sanki iztirabü kədər!...
Zamani-şəb... uyuyor hər kəs, istirahət edər.
Bütün cihan uyuyor, bisəda, tüyurü vühuş,
Nücumi-zahirə həp nimxab, həp bihuş...
Sükunü heyrətə dalmış fəzayi-naməhdud,
Təbiət aləmi olmuş da sanki xabalud.
Bana ənis olacaq iştə bir soluq sima!..
Qəmər, bənim kibi müğbər, o şəbnəərd səma.
Bənim kibi o da bixabü müztərib-əhval...
Bənim kimi o da bitab, həm qərini-zəval...
Bu fərqimiz var: o, varəsteyi-məzalimdir,
Bənim nəsibi-həyatımsa zülm zalimdir.
O bəxtiyardır, artıq əsarət anlamıyor,
Gözəl-gözəl gəzinir, hürr yaşar o solğun nur.
Fəqət, üzər bəni hər ləhzə bir vərəmli xəyal,
Əcəlmi yaqlaşıyor? Ya nədir bu küskün hal?
Nədir bu teyfi-məqabir gözümdə şöləfüruz!?
Tükətdi səbrimi, ya rəb, bu hali vicdansuz.
Xayır, xayır, yaşamam qeyri, ey kədərli həyat!
Çəkil də get, bana rahət ver! İstəməm heyhat!..
Bən istəməm yaşamaq, hər ümidim oldu təbah,
Ürəkdə qaldı bütün dərdü həsrətim, eyvah!..

Sən, iştə ey gecənin aşinayi-razi qəmər!
Gəzib dolaşdığın afaqə eylədikcə nəzər;
Güzərgəhindəki həmşirələr, xanım qızlar,
Səninlə söyləşərək həsbi-hal edər, zinhar!
Unutma, halımı aç söylə! Yalnız onlar için
Bu can çəkişməyə verdim riza ki, bəlkə yarın
Bu zülmü duymayaraq bəxtiyar olur onlar.
Əvət, bu nəmli, işıqsız, bu kirli zindanlar
Yerim deyildi, fəqət kəndim ixtiyar etdim,
Bənim bu iştə vəzifəmdi. Əlvida!. Getdim.

Tiflis