Bir rəsm qarşısında

Vikimənbə saytından
Bir rəsm qarşısında
Müəllif: Hüseyn Cavid


Həzin bir çöhrə, bayğın bir nəzər, suzişli bir mənzər.
Geniş bir cəbhə, ülvi bir zəka, düşgüncə bir sima.
Əvət, düşgüncə bir sima; fəqət pək nazlı, pək dilbər...
Mənim ən sevdiyim bir lövhə, bir təsviri-pürməna,
O dalğın gözlərə baxdıqca ruhum eylər istela,
O gözlər hər baxışda fikrə yüz min rəmz edər ima.

O lahuti baxışlar çox dərin, çox heyrətəfzadır.
Nə hikmətlər arar bilməm ki əlvahi-təbiətdən?
O solğun çöhrədə bir nuri-səfvət var ki, çox nadir...
O, məncə, mürtəsəm bir lövhədir rəngi-həqiqətdən.
Məhəbbət, ya səmimiyyət təcəssüm etsə aləmdə,
Təcəlli eylər ancaq böylə bir ruhi-mücəssəmdə.

Nə küskün bir nəzər, ya rəb? Nə məsumanə bir surət!
Nə düşgün bir sehr, ya rəb? Nə məzlumanə bir fitrət!
Gülərmi, bilməm ağlarmı? Bütün əczimlə heyranam,
Fəqət bir nazənin sima ki, təqdisə şitabanam.
Silinməz lövhi-qəlbimdən o nəqşi-nazənin, ölsəm;
Ona ruhumla, vicdanımla məftunam. Neçin?
Bilməm!