Can vermə qəmi-eşqə ki, eşq afəti-candır
Görünüş
Can vermə qəmi-eşqə ki, eşq afəti-candır Müəllif: Məhəmməd Füzuli |
Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,
Eşq afəti-can olduğu məşhuri-cahandır!
Sud istəmə sövdayi-qəmi-eşqdə hərgiz!
Kim, hasili-sövdayi-qəmi-eşq ziyandır!
Hər əbruyi-xəm qətlinə bir xəncəri-xunriz,
Hər zülfi-siyəh qəsdinə bir əfi ilandır!
Yaxşı görünür surəti məhvəşlərin, əmma
Yaxşı nəzər etdikdə, sərəncamı yamandır!
Eşq içrə əzab olduğun ondan bilirəm kim,
Hər kimsə ki, aşiqdir, işi ahü fəğandır!
Yad etmə qara gözlülərin mərdümi-çeşmin,
Mərdüm deyib aldanma kim, içdikləri qandır!
Gər dersə Füzuli ki: "Gözəllərdə vəfa var"
Aldanma ki, şair sözü, əlbəttə, yalandır.