Məzmuna keç

Dəllək (hekayə)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dəllək
Müəllif: Cəlil Məmmədquluzadə


Sadıq kişinin on yaşında oğlu Məmmədvəlinin gözləri ağrıyırdı. Bir gün uşaq anasına dedi:
"Axı, Kərbəlayı Qasımın oğlu Əhmədin də gözləri ağrıyırdı. Dünən Əhmədnən arxın kənarında oynuyurduq. Əhməd burun qanadan otnan burnunu qanatdı. Elə burnundan bir az qan axan kimi, Əhmədin gözləri yaxşı oldu.
"Bala, get sən də burnunu qanat!" — anası Məmmədvəliyə dedi.
Məmmədvəli getdi, otların içindən haman tikanlı otu tapdı, sol əli ilə otu soxdu burnunun deşiklərinə, sağ əli ilə yumruğunu düyüb vurdu sol əlinin altından və Məmmədvəlinin burnundan qan başladı axmağa.
Yarım saat qədərincə qan axdı. Məmmədvəli barmaqları ilə burnunun deşiklərini tutdu ki, bəlkə qan kəsilə, amma qan kəsilmək bilmədi. Axırı anasını çağırdı. Anası dəxi qanın kəsilməyinə bir çarə tapmadı. Bu heyndə Sadıq kişi əlində ət səbəti bazardan evə ət gətirdi. Övrət üzünü tutdu Sadıq kişiyə:
"A kişi, gəl gör, Məmmədvəlinin burnunun qanına nə çarə eliyirik--kəsilmir; gəl bəlkə sən bir çarə tapasan."
Sadıq kişi oğlunun yanına yetişib, sağ əlinin barmaqları ilə yapışdı Məmmədvəlinin burnunun ucundan və qoymadı qan axsın. Amma qan burnunun içində şişib, genə yol tapıb, başladı axmağa.
"A kişi, qaç bazara--övrəti başladı uca səslə Sadıq kişiyə deməyə.--Qaç tez Usta Hüseynin yanına. Onun həkimlikdə səriştəsi çoxdu. Tez qaç Usta Hüseynə de. Yoxsa uşağı qan aparar, evin yıxılar. Tez durma qaç və tez xəbər gətir."
Sadıq kişi əllərinin qanını arxda yuyub, üz qoydu həyətdən çıxmağa. Sadıq kişi o vaxt Usta Hüseynin dükanına yetişdi ki, usta bir müştərinin başını qırxıb qurtarıb, qanatdığı yerlərə pambıq düzürdü.
Sadıq kişi dükanın qabağında durub salam verdi. Usta Hüseyn kişini görcək onu müştəri hesab etdi və qoltuq cibindən aynanı çıxardıb tutdu Sadıq kişinin qabağına. Sadıq kişi aynanı alıb və gözlərini yumub bir salavat zikr etdi və aynanı əvvəl sağ çiyninin, sonra sol çiyninin qabağına aparıb tutdu üzünün müqabilində və gözlərini açıb sol əli ilə başladı qırmızı saqqalını tumarlamağa və bir dəfə də salavat çevirib, aynanı qaytardı Usta Hüseynə və dedi:
"Ay Usta Hüseyn, bizim Məmmədvəlinin burnu qanıyıb. Nə əlac edirik qan kəsilmək bilmir. Arvad məni yalvara-yalvara sənin yanına göndərib, bəlkə sən bir çarə tapasan."
Usta Hüseyn Sadıq kişidən aynanı alıb əvvəl ona təklif etdi ki, girsin dükana və otursun səkinin üstündə. Sadıq kişi dükana girib oturandan sonra, Usta Hüseyn onun yavığına yeriyib sağ əlini uzatdı və Sadıq kişinin börkünü götürüb qovzadı yuxarı. Sadıq kişi altdan-yuxarı baxırdı Usta Hüseynin üzünə. Usta başını bulaya-bulaya dedi:
"Ax, ax, vay, vay! Yazığım gəlir gününə, ay Sadıq kişi! Bilmirəm sənin axırın nə günə qalacaq! Ay kişi, ya adını erməni qoy, xalq bilsin ki, sən müsəlman deyilsən, yoxsa əgər müsəlman olmaq istəyirsən, qardaş, bu müsəlmançılıq deyil ki, sən eliyirsən. Kişi, utanmırsan başuvun tükünü bu qədər uzadıb qırxdırmırsan? Hələ xəcalət çəkməyib deyirsən ki, Məmmədvəlinin burnunun qanı kəsilmir? O allahın qəzəbidir ki, səni tutub. Yoxsa harda görsənən şeydir ki, burnunun qanı kəsilməyә? Sənin tək müsəlmanlar bundan da artıq bəlaya giriftar olacaqlar!"
Bu sözləri deyə-deyə Usta Hüseyn balaca mis qaba soyuq su töküb, Sadıq kişinin başını hər iki əlləri ilə ovurdu ki, tükləri yumşalsın. Sadıq kişi dinməz-söyləməz oturub başını əymişdi aşağı. Usta Hüseyn əllərini ətəklərinə silib götürdü ülgücü və başladı daşın üstə çəkib itiləməyə və sonra bir neçə dəfə də qayışa çəkib, Sadıq kişinin başını qırxmağa məşğul oldu və Sadıq kişiyə belə moizə elədi:
"Sadıq əmi! Müsəlmançılığın şərtləri çox ağırdır. Az bir adam bu şərtlərin hamısını əmələ gətirə bilər. Məsələn, başı tüklü saxlamaq heç bilirsən ki, necə böyük günahların biridir? Əvvəla budur ki, başını vaxtından-vaxtına qırxdırmıyanın evində heç xeyir-bərəkət olmaz. İkinci budur ki, insana növbənöv bədbəxtliklər üz verər. Mən nəyə deyirsən and içim ki, oğlunun qanının kəsilməməyi məhz tənbehdir ki, xudavəndi-aləm bu günahların qabağında sənə göndərib. Məndən sənə vəsiyyət: bir də belə qələtləri eləmə; yazıqsan, fağırsan. Yoxsa bir özgə cür bədbəxtlik üz verər, dəxi sonra peşimanlıq bir yerə çatmaz."
Usta Hüseyn, Sadıq kişinin başını qırxıb qurtardı. Sadıq kişi börkünü qoydu başına, iki qəpik çıxarıb uzatdı Usta Hüseynə və dedi:
"Usta, Allah atana rəhmət eləsin."
Və usta Hüseyn pulu alıb cavab verdi:
"Allah sənin də atana rəhmət eləsin."
Sadıq kişi üz qoydu evinə getməyə.
Həyətə girib Sadıq kişi gördü ki, oğlunun qanı çoxdan kəsilib. Məmmədvəli bir uzun ağacdan at qayırıb minmişdi, həyəti o tərəfə çapırdı, bu tərəfə çapırdı və hərdən bir at kimi kişnəyirdi.