Mənbə: Araz Yaquboğlu, "Daşkənd və daşkəndlilər", Bakı, "Hərbi Nəşriyyat", 2012.
|
Bahar fəsli, yaz ayları gələndə,
Süsənli, sünbüllü, lalalı dağlar,
Yoxsulu, ərbabı, şahı, gədanı,
Tutmaz bir-birindən aralı dağlar.
Xəstə üçün təpəsində qar olur,
Hər cür çiçək açır, laləzar olur,
Çeşməsindən abi-həyat car olur,
Dağıdır möhnəti, məlalı dağlar.
Yazın bir ayıdı çox yaxşı çağın,
Kəsilməz çeşməndən gözəl yığnağın,
Axtarma motalın, yağın, qaymağın...
Zənbur çiçəyindən bal alı, dağlar!
Yayın əvvəlində dönərsən xana,
Son ayda bənzərsən yetkin bostana,
Payızın zəhməri qoyur virana,
Dağıdar üstündən calalı, dağlar!
Gahdan çiskin tökər, gah duman eylər,
Gah gəlib-gedəni peşiman eylər,
Gahdan qeyzə gələr, nahaq qan eylər,
Dinşəməz haramı, halalı dağlar.
Ağ xələt bürünər, zərnişan geyməz,
Heç kəsi dindirib keyfinə dəyməz,
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar.
Köçər ellər, düşər səndən aralı,
Firqətindən gül-nərgizin saralı,
Ələsgər Məcnuntək yardan yaralı,
Gəzər səndə dərdli, nalalı, dağlar!
- Ərbab - burada: varlı, dövlətli.
- Gəda - fəqir, dilənçi.
- Abi-həyat - dirilik suyu.
- Möhnət - burada: həsrət.
- Məlal - kədər, qəm.
- Zənbur - arı.
- Zəhmər - şaxta, burada: dəhşət.
- Qeyz - acıq, hirs, qəzəb, hiddət.
- Dinşəməz - ayırmaz, fərq qoymaz.
- Zərnişan - zərlə işlənmiş (parça)
- Firqət - ayrılıq.