Durnalar (Qasım bəy Zakir)

VikiMənbə saytından
Keçid et: naviqasiya, axtar
Disambig.svg Eyni adda digər mətnlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Durnalar
Müəllif: Qasım bəy Zakir


Bir saat havada qanad saxlayın,
Nizam ilə gedən qoşa durnalar!
Qatarlaşıb nə diyardan gəlirsiz
Qaqqıldaşa-qaqqıldaşa, durnalar?

Mən sevmişəm onun ala gözünü,
Nəsib ola bir də görəm üzünü,
Yoxsa danışırsız dilbər sözünü,
Veribsiniz nə baş-başa, durnalar?

Diyari-qürbətdə müddətdi varam,
Gecə-gündüz canan deyib ağlaram,
Mən də sizin kimi qəribü zaram,
Eyləməyin məndən haşa durnalar!

Laçın yatağıdır bizim məkanlar,
Yavaş-yavaş gedin səsiniz anlar,
Qorxuram toxuna ötən zamanlar,
Sürbəniz dağılıb çaşa, durnalar!

Zakirəm, od tutub alışdı cigər,
Var isə canandan sizdə bir xəbər,
Təğafül etməyin, Allahı sevər,
Dönməsin bağrınız daşa durnalar!