Ey mələksima ki, səndən özgə heyrandır sana
Görünüş
←Kargər düşməz xədəngi-tə’neyi-düşmən man | Ey mələksima ki, səndən özgə heyrandır sana Müəllif: Məhəmməd Füzuli |
Cam içrə mey ki, dairə salmış hübab ona→ |
Ey mələksima ki, səndən özgə heyrandır sana,
Həq bilir insan deməz, hər kim ki, insandır, sana.
Verməyən canın sənə bulmaz həyati-cavidan,
Zindeyi-cavid ona derlər ki, qurbandır sana.
Aləmi pərvaneyi-şəmi-cəmalın qıldı eşq,
Cani-aləmsən, fəda hər ləhzə min candır sana.
Aşiqə şövqünlə can vermək ikən müşkül deyil,
Çün Məsihi-vəqtsən, can vermək asandır sana.
Çıxma yarım, gecələr, əğyar tənindən saqın,
Sən məhi-övci-məlahətsən, bu nöqsandır sana.
Padişahım, zülm edib aşiq sana zalim demiş,
Xubrulardan yaman gəlməz, bu böhtandır sana.
Ey Füzuli, xubrulardan təğafüldür yaman,
Gər cəfa həm gəlsə onlardan, bir ehsandır sana!