Məzmuna keç

Gözlərəm yolunu, ata, mən sənin

Vikimənbə saytından
Gözlərəm yolunu, ata, mən sənin (XIX əsr)
Müəllif: Əli Musa oğlu
Mənbə: Aşıq Musa, "Əsərləri" (tərtib edəni:İslam Ələsgər), Bakı, "Elm və təhsil", 2013.

 
Pədəri-mehriban, ey nuri-didar,
Gözlərəm yolunu, ata, mən sənin.
Nökərəm necə ki, canımda can var,
Gözlərəm yolunu, ata, mən sənin.

Sən gedəndə, intizaram dalınca,
Gecə-gündüz yol gözlərəm gəlincə,
Yalvarram Allaha ta sübh olunca,
Gözlərəm yolunu, ata, mən sənin.

Əlinin də qəlbi gəlibdir coşa,
Eşidin, qardaşlar, edin tamaşa.
Bu uzaq səfərin yetincə başa
Gözlərəm yolunu, ata, mən sənin.