Getmə göz önündən, ay Şəkər xanım

Vikimənbə saytından
(Gеtmə göz önündən, ay Şəkər xanım səhifəsindən istiqamətləndirilmişdir)
Getmə göz önündən, ay Şəkər xanım
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Qoşma

Getmə göz önündən, ay Şəkər xanım,
Könül mayıl olub o qələm qaşa.
Gəl, əyləş məclisdə, sən mənim canım!
Mən saz çalım, sən də eylə tamaşa.

Mən aşığam, yasaq yoxdu dilimə,
Şükr eylərəm haqdan gələn zülümə.
Sənin kimi gözəl keçməz əlimə,
Yüz il gəzsəm bu dünyanı baş-başa.

Gözəllər sultanı, mələklər xanı,
Qaytarmazlar pirə gələn qurbanı.
Öldür Ələsgəri, qurtarsın canı,
Vay xəbərin göndər qohum-qardaşa.