Hüseyn və Şahsənəm
VikiMənbə saytından
Hüseyn və Şahsənəm
(Aşıq Hüseyn Saraclı)
(dastan-roman)
Zəlimxan Yaqubun “Aşıq Hüseyn Saraclı” dastanının bir qismi dövrü mətbuatda çap olunub. Çox da uzaq olmayan, lakin unutmağa məcbur edildiyimiz tariximizin bir məqamına işıq salan dastan şirin dili, gözəl qoşmaları ilə diqqəti cəlb edir. Dastan 14 aprel 2007-ci ildə nəşr olunub.
Ustadnamə
Körpə vaxtı bir beşiyə sığarsan,
Cavan vaxtı dünya sənə dar gələr.
Bivəfadı, bel bağlama ömrə sən,
Aylar keçər, qış yetirər, qar gələr.
Əyilməmiş düzəldəsən işini,
Sındırasan ehtiyacın dişini,
Nizam olmaq tez ucaldar kişini,
Hardan gəlsə əllərində var gələr.
Qılınc ensə, qalxan olmaz hər sinə,
Oğulsansa çətin günə gər sinə,
Ay Zəlimxan, iş dönəndə tərsinə,
Nə dost çatar, nə imdada yar gələr.
Atınız yüyrək, baxtınız yeyrək olsun.
Nə vaxta arxalan, nə baxta aldan,
Nə dövran, nə də bir çağ vəfalıymış.
Min bir daş ürəkli dostdan, tanışdan,
Bir daşlı, qayalı dağ vəfalıymış.
Nə toxa bel bağla, nə aca söykən,
Nə ada, şöhrətə, nə taca söykən,
Özün böyütdüyün ağaca söykən,
Bağbandan min dəfə bağ vəfalıymış.
Zəlimxan, dilində min dürlü dastan,
Gah toydan söz açır, gah da ki yasdan,
Bahalı köynəkdən, əlvan libasdan,
Kəfən etibarlı, ağ vəfalıymış.
Ustadlar ustadnaməni iki deməz, üç deyər, biz də deyək üç olsun, dərdləriniz puç olsun, qurbanınız qoç olsun.
Dostum, gileylənmə yaddan, yaxından,
Əzəldən belədir hamı bir olmur.
Hər kəsin evinin öz qibləsi var,
Çırağı bir olmur, şamı bir olmur.
Həyat dövr eləyir hər axşam, səhər,
Bir günü bal olur, bir günü zəhər,
Birində sevinc var, birində qəhər,
Hər günün ləzzəti, tamı bir olmur.
Zəlimxan söyləsin, bil yavaş-yavaş,
Bir yerdə olarmı ayaq ilə baş?
Birində nəm hava, birində daş-qaş,
Həyatın saraylı, damı bir olmur.
Bəli, sizə hardan xəbər verim, kimdən deyim, oğuzların at oynatdığı, ozanların oxuduğu, qopuzların, toppuzların dindiyi, telli sazın dil-dil ötdüyü qədim Borçalı mahalından, Saraçlı kəndindən. Saraçlı kəndində kimdən, Aşıq Hüseyn Saraçlıdan.
Günlərin bir günündə qara başımı qara sazın sinəsinə söykəyib, zilini zil, bəmini bəm, sinəmə müstəkəm eləyib Hüseyn Saraçlının çaldığı qədim saz havalarını şirin-şirin, asta-asta çalıb-oxumağa başladım. “Məmmədbağırı”, “Sultanı”, “Mixəyi”, “Quba Kərəmi”, “Dol hicranı”, “Kərəmköçdü” havaları bir-birini əvəz edirdi. Başımın üstündə Allahım, ruhumda, yaddaşımda yalnız Aşıq Hüseynin özü və sözü, ruhu və səsi varıydı. Onun xəyalıyla o qədər çaldım, oxudum ki, əlimi saz apardı, dilimi söz. Sərin bir yorğunluq çökdü canıma. Nə vaxt yuxuya getdiyimi bilmədim. Deyəsən, bu yuxu o yuxudan deyildi. Lələni Kərəmə qovuşduran Tanrının Hüseyn Saraçlını da Zəlimxana qovuşduran gecəsiydi.
Yuxuya gedən kimi Hüseyn Saraçlını başımın üstündə gördüm. Həmişəki kimi ulu ozan görkəmində, sinəsində sədəfli saz, əlində qara yelənli ağ yaylıq, bığlarını eşə-eşə, alnının və üzünün tərini silə-silə “Ayə, qardaşoğlu, görürəm neçə gündü mənnən əlləşirsən, eşitmişəm mənim dastanımı yaratmaq istəyirsən. Gəlmişəm sözünə söykək olum. Bilirsən də xalq dəmnən tapanda, mən qəmnən tapmışam aşıqlığı. Bilirəm məndən ötrü, mənim köhnə havalarımdan ötrü çox darıxmısan. İstəyirəm “Mansırı” havasına şair Ağacandan oxuyum.
Yığılın başıma dost olanlarım,
Oxudun üstümdə Quran, gedirəm.
Fitnəkar olmadım, evlər yıxmadım,
Aparıb əxrətə iman, gedirəm.
Ayrılıq sinəmi yandırdı, yaxdı,
Fələk məni tərki-vətən buraxdı,
Deyillər cənnətlə cəhənnəm haqdı,
Görmədim ədalət, divan gedirəm.
Canım qurban mərd iyidin mərdinə,
Yaralar sinəmdə sızıldar yenə,
Ağacanın pünhan olan dərdinə,
Olmadı fələkdən dərman, gedirəm.
Hava qəmli, söz ağrılı. Hava məni elə tutdu ki, bilmədim yatmışam, ya oyağam.
Qəmi çəkib çıxarırdı canından,
Elə bil ki, qılınc qından çıxırdı.
Qan gölüydü sağı, solu, arxası,
Təpə-dırnaq aşıq qandan çıxırdı.
Od vurulub külə dönmüş zəmiydi,
Gözündəki buludların nəmiydi,
Qəlbindəki min illərin qəmiydi,
Dil-dil olub ağrı candan çıxırdı.
Zaman-zaman necə çəkib bu dərdi,
Danışdıqca köz-köz oldu, közərdi,
Bir tərəfdən gələn olsa dözərdi,
Ağrı-azar dörd bir yandan çıxırdı.
Qoca aşıq bir dumanlı dağıydı,
Bu da bir cür dövranıydı, çağıydı,
Bəxti qara, üstü-başı ağıydı,
Dərd üyüdüb dəyirmandan çıxırdı.
Ürəyimin qapılarını taybatay açıb orada işığa tutub elə həmin hava üstündə oxumağa başladım.
Yenə a Saraçlı, nə yandırırsan,
Dərdin hər üzündən xəbərinmi var?
Göylərə sovrulan torpağın, daşın,
Dağlara tən gələn kədərinmi var?
Havalar hamısı göz yaşı tökən,
Kimdi damar-damar bağrını sökən,
Hasarı yıxılan, qalası çökən,
Xaraba kökündə şəhərinmi var?
Öldürür adamı səsin, avazın,
Niyə qəm üstündə köklənib sazın,
Tərsəmi yazılıb taleyin, yazın,
Canda qiyamətin, məşhərinmi var?
Yağılar od vurdu xəstəyə, sağa,
Dağ çəkdi arana, dağ çəkdi dağa,
Torpaq qorumağa, yurd qaytarmağa,
Ordun, qoşununmu, əsgərinmi var?
Kədər qismətindi, həsrət yazındı,
Haqqın haqsızlara etirazındı,
Göydə Allahındı, yerdə sazındı,
Sənin sazdan özgə səngərinmi var?
Aşıq, “bərəkallah oğul, ustadına bərəkallah” deyib razılıq elədi.
Sazla dediyim kimi sözlə də ustadı sorğu-suala tutdum:
- Ustad, toxunduğun iki mətləbin açmasını sənin öz dilindən istəyirəm. Birincisi, niyə dedin ki, xalq dəmdən tapanda, mən qəmdən tapmışam? İkincisi də niyə söhbətə şair Ağacanın o qəmli sözləriylə başladın?
Bu dərd nə olan şeydi, ay ustad! Oğul dərdlə lap köhnədən, dədə-babadan qan qohumluğum var. Məni ilk dəfə dərdlə qan tanış eləyib. Qohumlarım çox olsa da, məni dərddən çox istəyən yoxdu, ay bala. Nə qədər ki, uşaq idim bizə az-az gələrdi. İldə bir-iki dəfə gələr, üzünü bozardar, gözünü ağardar, dişini qıcıyar, yavaş-yavaş xəlvətə çəkilib gedərdi. Mən böyüdükcə o da böyüdü, sonralar məndən əl çəkmədi. Qardaşınam dedi, dostunam dedi. Səninlə ömürlük sirdaş olacağam dedi.
Dərdə mərdim
Düşməsin dərdə mərdim.
Yazıq canım neyləsin,
Tifilkən dərd əmərdim.
Elə bil çərxi-fələk bu dərdi mənim boynuma biçmişdi. Dərdin mənə quşu qonmuşdu. Məni yaman çox istəyirdi. Mən ondan qaçmaq istəyirdim, o məndən bir addım da kənara çəkilmək istəmirdi.
- Ay ustad, dərd adama neyləyir ki, sən ondan belə hour-zour eləyirsən, niyə belə yanıqlısan?
- Dərd adama neyləyəsidi, o bala! Böyümək istəyirsən başından basır, yerimək istəyirsən ayağından dartır, uçmaq istəyirsən qollarını bağlayır. Dilini titrədir, yerişini büdrədir, dişini laxladır, saçını vaxtsız ağardır, ciyərini pencər kimi sıxır, gözünə duzlu su, ürəyinə qan, beyninə duman doldurur. Gözün görə-görə səni öldürür, sonra da üstünə gülə-gülə deyir, get yaşa! Nəfəs candan, ruh bədəndən çıxmamış səni bircə an da olsun gözdən qoymur. Elə ki, nəfəs getdi, canın çıxdı, o da çıxıb gedir, daha sənlə yoldaşlıq eləmir. Bax dərd budu bala, qəmnən tapmaq budu!!!
Suallarım elə bil aşığın yarasının üstünə köz basdı: “Oof, ay bala, mənim köhnə dərdlərimi niyə təzələdin, yaralarımın üstünü niyə açdın? O ki belədi, məndən demək, səndən eşitmək, yüz gün yaraq, bir gün gərək deyəllər. Lazımın olar, inşallah”!
Niyə dedim, necə dedim, nə dedim, Yaxşı dinlə, yaxşı anla, yaxşı qan. Hər nə varsa, məndən sənə əmanət, Yaxşı dinlə, yaxşı anla, yaxşı qan.
Dərdim çoxdu, açma mənim falımı, Zalım dövran zəhər etdi balımı, Yaxşı öyrən mənim ərzi-halımı, Yaxşı dinlə, yaxşı anla, yaxşı qan.
Qan üstündə bir məmləkət quruldu, Al qanımız neştər ilə soruldu, Ağlar gözüm ağlamaqdan yoruldu, Yaxşı dinlə, yaxşı anla, yaxşı qan.
Mən Hüseynəm, şərbət mənə ağıdı, Şeytan feli ömrümüzə yağıdı, Niyə belə dərd sinəmi dağıdır?!
Yaxşı dinlə, yaxşı anla, yaxşı qan.
Oğul, sazla dediyim kimi sözlə də deyirəm. “Dərdlini dindirməyin, dərd onsuz da dindirir” - deyiblər. Ona görə “mən aşıqlığı qəmdən tapmışam” dedim ki, Saraçlı kəndinin üstündə atam Qurban kişini - on uşaq atasını gözlərimin qabağında Şura hökuməti güllələdi. “Güllələdi” - sözü dilinnən çıxdığınnan, aşığın rənginin qapqara qaralmağı bir oldu. Elə bil ki, palıd ağacını qəfildən ildırım vurdu. Dili tutar-tutmaz “mənə su verin” - dedi. Mən tez aşığa bir dolça su verdim. Dodaqları cadar-cadar olmuş torpaq suyu ciyərinə necə çəkirsə, aşıq da dolçanı o cür başına çəkdi.
Qırx il sinədə qövr eləyən yaranı, ürəkdən girib, kürəkdən çıxan güllənin yanğısını bir dolça su ilə söndürmək olardımı?
Qurban kişini Saraçlının yuxarı başında, Qaraqayanın ətəyində, Qalxama çayının üstündə güllələdilər. 12 dil bilən Qurban kişinin onda əlli yaşı var idi. O zaman atılan güllə qırx il sonra aşığın sinəsindən dəyib, kürəyini açım-açım eləmişdi. O zaman ataya-ağsaqqala dəyən güllələr bu gün oğula, aşığa, sənətə, sənətkara, sazın tellərinə dəymişdi.
O qanlı səhnə birdən-birə aşığı o dəhşətli və amansız günlərə aparmışdı... Hökumətin əmri, qəzanın hökmü beləydi. Qurban ağa güllələnməliydi. Düzdü, ona rəsmi şəkildə dövlət tərəfindən ağalıq verilməmişdi. Amma şəxsiyyəti, oturuşu, duruşu, savadı ona ağa nüfuzu qazandırmışdı.
Əlaltından satqınlar vasitəsiylə öyrənmişdilər ki, bu kənddə sözü keçən, irəlidə olan Qurban kişidi. Hökumətin qara dəftərinə düşmüşdü.
Güllə rus beşaçılanından açılır. Güdaza verən özümüzünkülər, tətiyi çəkən rus barmağı olur. Qəbristanlıqda dəfninə icazə verilmir. Ölümündən sonra qarışıqlıq olmasın deyə üç gün əsgərlər qəbri qorumağa məcbur olur. Harda güllələnibsə, orda da onu torpağa basdırırlar.
Güllələnmədən 5-10 dəqiqə qabaq son söz demək istəyir. Çuğullar hökumət adamlarına qandırır ki, ona söz verməyin. Onda elə dil var ki, əgər ağzını açdısa, o bəraət qazana bilər. Şeytan fitvası işini görür, hökm yerinə yetirilir. Qurban kişinin ölümündən üç gün sonra hökumətdən kağız gəlir ki, onu güllələmək olmaz, bağışlamaq lazımdır. Artıq gec idi. Daldan atılan daş topuğa dəymişdi...
Aşıq yavaş-yavaş özünə gəlib söhbəti davam etdirir. Mən ailənin ikinci uşağı olduğum üçün bütün ağırlıq mənim çiynimə düşdü. Qanlar, qırğınlar, qaçaqlar, qoçaqlar, güllələnmələr, sürgünlər gördüm. Anam Yetər qarı dilinin bayatısı, gözünün yaşı ilə böyütdü bizi. Ağılar, laylalar, oxşamalar, eydirmələr anamın səsində, sözündə iliyimə, qanıma hopdu, damarlarıma yeridi. Anamın bayatı - ağı kökündə dodaqaltı zümzümələri, qımqımaları, duaları, Allaha ərzi-halları havalandırırdı məni. Dedilər Qurban kişinin oğlu havalanıb. Oxlovdan, odundan, yarmaçadan, maşadan, süpürgədən əlimə nə keçirdisə saz kimi sinəmə basıb oxuyurdum. Niyə oxuyurdum, kimdən oxuyurdum bilmirəm, bircə onu bilirdim ki, oxuyurdum.
Dədə Ozan əlini yenə qara sazına apardı, söylədi görək nə söylədi.
Ulu Tanrı bölgüləri böləndə,
Kimə çoxu, kimə azı verdilər.
Bölüşdürüb fəsilləri, ayları,
Kimə qışı, kimə yazı verdilər.
Püşkümüzə ulduz düşər, Ay düşər,
Bəxtimizə çeşmə düşər, çay düşər,
Yaradandan hər kəsə bir pay düşər,
Mənə buta telli sazı verdilər.
Sevişənlər naz-qəmzələr satanda,
Bir-birinin ürəyinə yatanda,
Növbə gəlib Saraçlıya çatanda,
Şirin səsi, xoş avazı verdilər.
İbtida olaraq şair Ağacandan oxumağım da boşuna deyil, oğul:
Dər dəymişi,
Budaqdan dər dəymişi,
Mən özüm dərd əhliyəm,
Tanıram dərd əymişi.
Onun başına açılan müsibət mənimkindən də betər olub. Ağacan Gümrü mahalında dünyaya gəlib, ordan Borçalıya, Quşçu kəndinə köçüb. Savadlı olduğuna, dini gözəl bildiyinə, şair olduğuna görə Sibirə sürgün eləyiblər. Vəfalı ömür-gün yoldaşı Zəhra xanım şairin ölümündən iki il sonra gedib ərinin sümüklərini Sibirdən gətirib, Qaçağan qəbristanlığında torpağa tapşırıb. Zəhra xanım öləndə onu şair Ağacanın sümükləri basdırılan yerdə dəfn ediblər. Sümükləri Sibirdə sızlayanlarımız birdirmi, beşdimi, ondumu, yüzdümü, hansını deyəsən, oğul. Gör aradan neçə illər keçib. Sibir deyiləndə indinin özündə də adamın sümükləri göynəyir.
Güllələnmiş sıramızdı,
Uzaq düşən aramızdı,
Sağalmayan yaramızdı,
Sibirdə qalan sümüklər.
Qanlı taxt-taca nifrətdi,
Kindi, qəzəbdi, hiddətdi,
Dəhşət içində dəhşətdi,
Sibirdə qalan sümüklər.
Yediyini yedi qürbət,
Dediyini dedi qürbət,
Soruş desin nədi qürbət,
Sibirdə qalan sümüklər.
İşığımız, nurumuzdu,
Odumuzdu, qorumuzdu,
Yer dəyişən gorumuzdu,
Sibirdən gələn sümüklər.
Vətənə dönmüş qürbətdi,
Heyrətə dönmüş qeyrətdi,
Bir əbədi ziyarətdi
Sibirdən gələn sümüklər.
Bax, budu cənazəsi Sibirdə, sümükləri Qaçağanda dəfn olunan şair Ağacanın faciəsi. İndi tale oxşarlığına fikir verdinmi, verdiyin sualın cavabını aldınmı, oğul.
Bəli dedim, bağır basdım, baş endirdim ustada. Gördüm aşığın taleyi ilə mənim taleyimdə də bir qəribə, maraqlı oxşayış var. Mən də öz növbəmdə öz taleyimdən danışdım ulu ozanımıza.
Mənim ana babam Sərdəroğlu Qurban yaraşıqlı, boylu-buxunlu sazı gözəl çalan, şirin avazlı, eşq əhli bir insan olub. 1937-ci ildə Şura hökuməti onu da Sibirə sürgün elədi. Nabat nənəm ondan sonra beş-altı il yaşaya bildi. Bu həsrətə dözmədi, dünyasını dəyişdi. Yetim qalan üç sahibsiz qızın biri mənim anam, ömrü boyu gözü yollara baxan, kipriyiylə odlar götürən Güllü xanım olub. Ömrü boyu anamı dili bayatılı, gözü yaşlı gördük. Ürəyi qardaş istəyəndə deyərdi:
Qar daşı,
Qarlı dağdan qar daşı,
Xəstə könlü nar istər,
Mənim könlüm qardaşı.
Bir at mindim başı yox,
Bir çay keçdim daşı yox,
Yetim bir qız ağlayır,
Qohumu qardaşı yox.
Muraza çatan yetim-yesiri görəndə gümüldənə-gümüldənə deyərdi:
Mən də yetim,
Sən yetim, mən də yetim,
Sən yetdin mətləbinə,
Dua qıl mən də yetim.
Atalının atası varsa, yetimin də Allahı var. Allah məni anama təkcə oğul kimi yox, həm də şair kimi bəxş elədi ki, onun ağlı-qaralı günlərini, bir gözü gülüb, bir gözü ağlayan dəmlərini bayatının, qoşmanın, təcnisin diliylə ipə-sapa düzüm, ellərdə, dillərdə səsləndirim. Bəlkə Allah məni saza ona görə bu qədər möhkəm bağladı ki, sazı köynəkdə, qəlbi göynəkdə qalan, səsi alınan babamın yarımçıq arzularını davam elətdirim. Bu talelərin dastanını yazmaq üçün mən də qoşuldum saz çalıb, söz deyənlərin cərgəsinə.
Ustad aşıqların nəvəsiyəm mən,
Könlüm çalmasınmı saz havasını.
Meylini verməzmi bağlara bülbül,
Tərlan istəməzmi yaz havasını.
Düşəndə gözlərin dodağı qəndə,
Günahdı salasan ürəyi bəndə,
Sallama yerişli bir qız görəndə,
Dinləmək istərəm naz havasını.
Zəlimxan, sevgiyə tapşıranda can,
Uca dağlar kimi ucalar insan,
Aşıq, layla deyən dilinə qurban,
Çal, mənim anamın öz havasını.
Hüseyn Saraçlının bu söhbətdən ürəyi qübar elədi, onsuz da kövrək olan aşıq bir az da kövrəldi. Ala gözlərindən bir neçə damla yaş düşdü, o yaş sazın sinəsinə və mənim nisgilli ürəyimə düşdü. Dedi oğul, mənim atam Qurbanın güllələnməsi də, sənin baban Qurbanın sürgünü də qara gəlmiş 30-cu illərin işi, yerdə özünə Allah deyənlərin fitnə-fəsadı, şəri-böhtanıydı, o şərə, böhtana da bizim ata-babalarımız düşdü. Hələ də azarını çəkirik. Nə azar qurtarır, nə dərd-bəla. Nəysə... Söhbətin axarını dəyişək.
İndi de görüm oğul, mən aşıqlığı qəmdən tapdım, sən şairliyi hardan tapdın, nədən mayalandın?
- Ustad, hardan tapasıydım. Borçalının aranı-yaylağı, dağı-binəsi, çayı-çeşməsi, bulaqların zümzüməsi, yarpaqların pıçıltısı, çayların şırıltısı məni şair elədi.
Ustad bu sözümü yumşaq bir gülüş və təbəssümlə qarşıladı. Adəti üzrə yenə bığlarını eşə-eşə dedi:
- Ayə, rəhmətliyin oğlu, kimin ağlına soğan doğruyursan? Yarpaqların pıçıltısınnan, bulaqların şırıltısınnan şairlik olsaydı, şairləri dağ-dərə tutmazdı, çomaq götürənin hamısı məmə deyəndən pəpə yeyənə şair olardı.
Ustad sözü yerində demiş, hədəfə vurmuşdu. İşarə verirdi ki, şairlik Allahın işidi, bəndəlik deyil. Özü o yolları keçib gəldiyinə görə belə şeyləri yaxşı bilirdi. Atası gözünün qabağında güllələnəndə də, atasının üstündə iki dəfə həbsə düşəndə də, Dağ Borçalıda Cücəkəndində gözəllər gözəli Şahsənəm xanıma vurulanda da, yuxularda saz çalıb, bülbül kimi oxuyanda da
Dəmə gəl,
Söhbətə gəl, dəmə gəl,
Dərd bilənin özü gələr,
Dərd bilməzə demə gəl.
deyib öz ömrünü-gününü laylaya tutanda da aşıq-haqq vergisi olmaq nədi, buta verilmək nədi, dərviş alması nədi, ələst aləmi, ərənlər piri nədi, çox gözəl bilirdi. Zaman-zaman mənə bu həqiqətlərdən danışmışdı.
Amma di gəl ki, bu mətləbləri dərindən bilsə də, həmişə deyərdi:
- Qırx ildi bu sənətə qulluq edirəm, qırx ilin aşığıyam, amma hələ də bilmirəm aşıqlıq nədi. Çünki nə qədər əlləşdim, vuruşdumsa da bu mətləblərin sonunu bir yana çıxardammadım.
- Mən də bu dünyanı belə gördüm ki, ancaq bilənlər dedi mən heç nə bilmirəm. Bilməyənlər hər şeyi bilirəm dedi.
Ustad yenə meydanı saza verdi. “Mixəyi” havası üstündə dedi görək nə dedi:
Qədəm basıb bu sənətə gələndən,
Hünər tapdım, qorxu nədi bilmədim.
Qırxlar piri sığal çəkdi başıma,
Ərənlərin qırxı nədi, bilmədim.
Havaların sambalı nə, sayı nə,
Qəm yükünün mənə düşən payı nə,
Bu sənətin çeşməsi nə, çayı nə,
Seli nədi, arxı nədi, bilmədim.
Una döndüm, ömrüm keçdi ələkdən,
Dərdə-qəmə bələnmişəm bələkdən,
Saraçlıyam, dad elədim fələkdən,
Fələk nədi, çarxı nədi, bilmədim.
Ustad, bu sirləri sən də bilmirsənsə onda biz kimin yanına gedək.
- Dərgahımız, pirimiz, ocağımız, murad alıb, murad verənimiz el içində, xalq arasındadı, oğul. İşıq gələn tərəf oradı, üzünü həmişə o tərəfə tut, elin “bərəkallah”ını qazanana zaval yoxdu, mənim balam.
Hər oğulun hünəri deyil ki, elin “bərəkallah”ını qazansın. Kim bu sərvəti qazana bilsə, Tanrının dostu, elin anası, xalqın sirdaşıdır. Əgər sən doğrudan da haqq aşığı, el şairisənsə bil ki, qiblə də, qara daş da, Kəbə də, Məkkə də ordadı.
Şair qardaş, elə yaz ki,
söhbətinə, sözünə,
Sənətkarın sazındakı,
tel bərəkallah desin.
Xalq ucaldar sənətkarı,
xalq üçün yanmaq gərək.
Elə yan ki, atəşinə
kül bərəkallah desin.
Mən şairəm deyən kəsin
ürəyi közdən gərək,
Ağır olsun, inciməsin,
hər quru sözdən gərək.
Qiymətini el içində
salmasın gözdən gərək,
Yeriyəndə arxasınca
el bərəkallah desin.
Dərya olsan havalanma,
de damladan azam mən,
Gəl özündən dəm vurma ki,
yayam, qışam, yazam mən.
Tel olmamış söyləmə ki,
bir sədəfli sazam mən,
Bu gedişə dodaq gülsün,
dil bərəkallah desin.
Elin yanına getdinsə, elin içində əridinsə, elin dilində danışdınsa, el sənin dilinlə dilləndisə dünya sənin, sən də dünyanın olacaqsan, oğul.
Sənsiz səni coşduracaq yaradan,
Bülbülsənsə gül yanına get, oğlum!
Qovuşarsan ümmanların qoynuna,
Damlasansa sel yanına get, oğlum.
İşığı gör dumanda sən, sisdə sən,
Yaxşını tap yamanda sən, pisdə sən,
Şirin üçün Fərhad olmaq istəsən
Külüng götür, bel yanına get, oğlum.
Elin dili durna telli, cığalı,
El içində yaraların sağalı,
Ruhumuzun yaraşığı, sığalı,
Elə çevril, el yanına get, oğlum.
El deyəndə mən bunu gəlişi gözəl söz kimi işlətmirəm. Elin qaçağı-qoçağı, mərdi-namərdi, dəlisi-dolusu, qarısı-qocası, keçəli-lotusu, dərvişi-dəlləyi var. Hər birinin də öz dünyası, öz aləmi, öz gözəlliyi. Hər birinin öz nağılı, öz dastanı, öz qaravəllisi, öz atmacası. Naxırçıdan, sağıcıdan, ilxıçıdan, çobandan, dəlləkdən elə söz eşidərsən ki, ömrün boyu oxusan da onu heç bir kitabda tapmazsan, oğul.
Sözə qüvvət: Bir gün çoban sürüsünü sulamaq üçün qoyunları suya vermişdi. Qoyun-quzu sudan içir, çoban da “qürreyhə-qürrey” fışqırığına ara vermir. Kənardan biri bu mənzərəyə tamaşa edirdi. Dedi, ayə, ay çoban, doğrudan da elə çobansan ki, çobansan. Ayə, qoyundu, sudu, içsə içər, sən nə fışqırığa dəm verirsən. Çoban heç təhir-töhrünü pozmadan: “qardaş, məni bağışla, içində o qədər səni kimi qanmayanı var ki, fışqırıqlamasam içmir” cavabını verir.
Məclis adamı məclisnən, el adamı elnən, yol adamı yolnan, söz adamı söznən olmalıdır. Hər yerin öz adamı, hər adamın öz yeri var. Hər sözün öz yeri-yatağı, dağı-binəsi var, oğul. Sözü deyənlə dedirdən, danışanla danışdıran yarıbayarıdı. Sözün cavabı söz olar, bezin cavabı bez. Sözü vaxtında və yerində deməsən heç kəs eşitməyəcək. Sözü sahibinə çatdıra bilməsən özündən küs, özgədən yox.
Bu bayatını eşitməmiş olmazsan.
Qoy qala,
Odun gətir, qoy, qala.
Sözün keçməyən yerdə
Ürəyində qoy qala.
Ustad davam elədi:
Ömrümün oğlan çağlarında başıma gələn bir söhbəti qulluğunuza yetirirəm. Yayın qızmar çağlarıydı. Qaşqa kəhəri minib arandan yaylağa, Saraçlıdan Qaraxaça yol gedirdim. Ayaq üzəngidə, diz qabırğada, əl qamçıda. Sazı da çiynimdə. Uzaqdan baxanda Osmanlı beşaçılanına oxşayır. Saraçlıdan çıxdım, Qoçulu körpüsünü adladım, Kəpənəkçini, İncəoğlunu, Şəmisoyu keçdim, Çatağın körpüsünün üstündə fikirləşdim ki, yol məni darıxdıracaq, Allah eləyə bir yol yoldaşı ola, yaylaq yollarına nərdivan qoyaq, körpü salaq. Söhbət başımızı elə qata ki, ayılanda görək Lök Candarını keçmişik. Yolun sonuna çataçatıq. Elə bil Allah səsimi eşitdi. Çatağın körpüsünü təzəcə keçmişdim ki, arxadan qamçı şaqqıltısı eşitdim. Gördüm bir atlı gəlir, atın cilovunu çəkib onun gəlişini gözlədim. Salamlaşdıq. Cilov vura-vura atlarımız qoşalaşdı. Bir az getmişdi ki, dedim qardaş, deyirəm yola bir nərdivan qoyaq, bir söhbət başlayaq, bəlkə o hesaba yolu qısalda bildik. Dedi sən bilən yaxşıdı. Nəyi bilirsən başla. Fikirləşdim ki, hansı dastanı Çataqdan başlasam Lökün altı Candarda söhbətin əl-ayağını yığa bilərəm. “Alı xan və Pəri” dastanını başladım. Yaylaq yolu ola, dağ cığırları ola, köhlən atla səfər ola, ömrün oğlan çağları ola, aşığın nağıllı-dastanlı-atmacalı dünyası ola, qulaq asanın da xoş halına, danışanın da.
Bəli, söhbəti başladım. Dastanın ustadnaməsi, vücudnaməsi, deyişməsi, qıfılbəndi, hərbə-zorbası, duvaqqapması - hamısı yerli-yerində. Söz sözü çəkir, söhbət-söhbəti. Boğazım yumşalır, arada bir tərlan kimi qıy vururam, sinəm dəmirçi kürəsinə dönür. Doğrudan da dediyim yerə Lökün altı Candara çatanda dastanı tamamladım. Lök dağı Ləlvərlə, Ağlağanla adı qoşa çəkilən Borçalının aran-yaylaq yolları arasında ən hündür dağın adıdı. Lökə qar düşəndə babalarımız deyərdi ki, hazırlıq görün, qış gəlir. Lök dağı ilə bağlı bir bayatımız da var.
Yekə dərdi,
Yetimin yekə dərdi.
El çəkməz, oba çəkməz,
Söylədim Lökə dərdi.
Nəysə.. gələk mətləb üstünə. Dastanın duvaqqapmasını deyib, söhbəti tamamladım və yol yoldaşımın üzünə baxdım. “Sağol”unu, “bərəkallah”ını gözləyirdim. Birdən-birə gözlədiyimin tərsini gördüm. Sifətində saza, söhbətə heç bir maraq oxumadım. Elə bil beş saatlıq yaylaq yolunda olan söhbət heç onun yel olub yanından da keçməmişdi.
Dedim, qardaş, söhbət xoşuna gəldimi? Sualımdan kişi yuxudan ayılan kimi oldu. Var səsiylə bircə söz işlətdi. “Hayy!” Dedim Allah evini yıxsın, səhərdən qızıl xırdalayıram, “Hayy” nədi? Sabahdan bir Quranlıq söz danışmışam, deməli, bu sözlərin sənə təsiri olmuyub?
Dedi: ay aşıq, sən Allah məni bağışla. Dağ kəndlərinə kartofa dəyişməyə qarğıdalı aparıram. Bütün yol boyu fikrim alverin yanında olub. Alı xan kimdi, Pəri xanım kimdi, sənin nə danışdığından qəti xəbərim olmayıb. O gündən mənə dərs oldu ki, sözün müştərisi olmasa, bazarını bağlı, xəzinəni örtülü, sandığını qıfıllı saxla. Özümü ələ almaq üçün yenə bir zarafata əl atdım. Ay eloğlu, daha mənə olan olub, izn ver sənin bu ərzi-halına bir misal çəkim. “Buyur!” dedi. Yenə sağ olsun ki, “Buyur” kəlməsini işlətdi.
- Bir gün bir tacirin qızıl yüklü dəvəsi karvandan ayrılıb, qatardan üzülüb itkin düşmüşdü. Tacir başı alovlu düşür dəvəni axtarmağa. Orda dəvə, burda dəvə, axtara-axtara, soruşa-soruşa gəlib bir kəndə çıxır. Təzəcə kəndə girmişdi ki, gördü bir gözəl qız çiynində durnaboğazlı səhəng bulağa sarı gedir. Ay qızım, bir dayan, sənə sözüm var. Qız ədəblə dillənir, əmi, buyurun görüm nə deyirsiniz.
Tacir: Ay qızım, iki min manat muştuluq verirəm, bəlkə dəvə görəsən?
Qız: Əmi, uşaqlıqdan məni əmimoğluna beşikkəsməsi eləyiblər, bu gün-sabah toyumuz olasıdı.
Tacir: Ay qızım, onu demirəm, muştuluq verirəm, bəlkə dəvə görəsən?
Qız: Əmi, qonşumuzda qoldan yoğun, ağıldan az bir oğlan var, məni o götürüb qaçmaq istəyir.
Tacir: Ay qızım, iki min manat muştuluq verirəm, bəlkə dəvə görəsən?
Qız: Əmi, əslinə qalsa mənim qəlbim nə əmim oğlundadır, nə də qonşumuzun oğlunda. Mənim ürəyim xalam oğlundadır. Mən ancaq onunla xoşbəxt ola bilərəm.
Hə... Tacir barmağını dişlədi ki, ey - dili qafil, mən nə hayda, bu nə hayda. Deməli, hər kəs öz dəvəsini axtarır. Beləcə mən başıdaşlı da o tacirin gününə düşüb, “Alı xan və Pəri” dastanını kartofla qarğıdalının güdazına verdim.
Gücüm yenə dərdimin dərmanı telli saza çatdı, ürəyimi boşaltdım.
Hərənin öz dəni, öz dəyirmanı,
Hər kəs öz işində, öz hayındadı
Əzrayıl can atır can bazarına,
İnsan od eşqində, köz hayındadır.
Canını ağrıdan azara baxmır,
Ucuz satıldığı bazara baxmır,
Ölünü yuyanlar məzara baxmır,
Kəfən alverində, bez hayındadır.
Qara ləkə düşür yaşıl xalıya,
Sönən ocaqları kimlər qalıya,
Dastan qurban gedib qarğıdalıya,
Aşıq Saraçlı da saz hayındadır.
Bəli, bu yaylaq yolları o yollardı ki, məni dönə-dönə dağlarla, binələrlə, çaylar-çeşmələrlə, el ağsaqqalları ilə, sinədəftər qocalarla görüşdürüb.
Bu o yaylaqlardı ki, məni həmişə özünə çəkir. Şıdırğı dolusu, leysan yağışı, qəzəblənmiş seli, havalanmış çayı, oxuyan bulağı gecə yuxularımda, gündüz xəyallarımda qərar tutub.
Bu o yaylaqlardı ki, qırx incəbelli qızla seyrə çıxan Gülzar xanım ceyran şəklinə girib Şah İsmayılın ağlını başından almışdı. Dalınca gəlsin deyə, əl-ayağını yığışdırıb, sona kəklik kimi Şah İsmayılın başının üstündən sıçramış, qaça-qaça gedib öz çadırına girmişdi.
Bu o yaylaqdı ki, Gülzar xanımdan ötrü Şah İsmayıl kimi bir sərkərdəni, şahı bir qarıya minnətçi salmışdı.
Mən ovçuyam, öz ovumu ovlaram,
Alacağam, nənə ceyran mənimdi.
Yeddi bələn aşırıban ovlaram,
Alacağam, nənə ceyran mənimdi.
- deyən şairə göy yaylağın başında kənizlərin başçısı qarı belə cavab vermişdi:
Mən ceyranı yeddi ildi saxlaram,
Kərəm eylə, oğlan ceyran mənimdi.
Gündə üç yol nəzər salıb yoxlaram,
Kərəm eylə, oğlan ceyran mənimdi.
Bu o yaylaqlardı ki, “Çərşənbə günündə, çeşmə başında” incəbelli gözəllər, durnaboğazlı qızlar çox oğulları havalandırmış, Abbas Tufarqanlı demiş “Ağlını başından, ruhunu bədənindən almışdı”.
Günlərin bir günündə təzə-təzə sinəm saza, əlim pərdəyə yatığlı bir vaxtda Cücəkəndinə gedəsi oldum. Atamın dağ kəndlərində dostları çox olduğu üçün yaylaqlara, dağlara tez-tez gedib-gələrdim. Cücəkəndində atamın dostu Tomarrı Qurban kişi var idi. Atamın ürək dostu idi. Məni görən kimi öz doğma balası bilib bağrına basdı: Hüseyn bala, sən mənim əziz dostumun oğlusan, neçə gün ürəyin istəyir bizim evdə qalacaqsan. Bura gələndə Yetər anama demişdim, evimizdən nigarançılığım yox idi, ona görə də əmin-arxayın burda qalası oldum. Üçüncü günün axşamında Qurban əmi mənə müraciətlə - qardaşoğlu, qonşuda toy var, gəl səni də o toya aparım, dağlarda çalınan toyları öz gözlərinlə gör dedi. Üzünü evdən bayıra sarı çevirib, ay Şahsənəm, qızım, hazırlaş, səni də toya aparacağam. Qız bu sözü eşidən kimi tovuz quşuna döndü, bəzənib çardağa çıxdı. Qız məni hardasa görmüşdü, ancaq mən qızı heç vaxt görməmişdim. Mən Qurban əmi ilə evdən çıxanda gözlərimə inanmadım. İlahi, bu nə gözəl, bu nə gözəllik idi. Çardağın altında bir dünya gözəli yerdə çiçəklərə, göydə ulduzlara meydan oxuyurdu. Öz-özümə fikirləşdim ki, üç gündü mən burdayam, bu qızı harda saxlayıblar ki, mən görməmişəm. Bəlkə gözlərim tutulub, bəlkə fil qulağında yatmışam. Nəysə, getdik toy məclisinə. Qara zurnanın səsi, dəfin gumbultusu, adam nədi, daşı da yerindən oynadırdı. Gözəllər kəklik kimi səkirdi. Qızlar Şahsənəmi də oynamağa dəvət etdilər. Şahsənəm oynamağa çıxdı, nə çıxdı, bulud altından çıxan gün kimi gözəlliyi də, gözəl oynamağı da cavanların ürəyinə od saldı. Ürəyimə dammışdı ki, Allah bu el gözəlini mənim bəxtimə yazmasaydı, ilin-günün bu vaxtında mənim burda nə işim vardı. Şahsənəm oynadıqca ürəyim atlanır, könlümdən söz qaynayırdı. Nə vaxt dillənib şeir oxumağımdan özümün də xəbərim olmadı. Hamının eşidəcəyi bir səslə oxumağa başladım.
Bir dünya gözəli çıxdı meydana,
Bağrımın başında buz oynatdılar.
Əridim, töküldüm, əsdim, titrədim,
Elə bil sinəmdə köz oynatdılar.
Qəfil bir baxışla gəldik üz-üzə,
Kimdi bu ceyranı buraxan düzə,
Biri mələk dedi, biri möcüzə,
Şairlər ortada söz oynatdılar.
Ürəyə od axdı, damara işıq,
Dəydi bir-birinə xanəndə, aşıq,
Bu nə tamaşaydı, bu nə yaraşıq,
Gözlər baxa-baxa göz oynatdılar.
Can çiçək olanda nəfəs tər olar,
Dodaq bal olanda yanaq zər olar,
Dedilər məclisdə bədnəzər olar,
Çevirib başına duz oynatdılar.
Bir sərgi yaradıb qızdan, qadından,
Allah danışırdı eşqin adından.
Bu toy görənlərin çıxmaz yadından,
Bu toyda bir gözəl qız oynatdılar.
Alqış sədaları göylərə ucaldı. Mənim oxuduğum şeir məclis əhlini daha da coşdurdu. Məclis qurtaran kimi Qurban kişi şad-xürrəm bizi də götürüb evinə gəldi. Elə bil təzə anadan olmuşdum. Yerə-göyə sığmırdım. Göylərin neçənci qatında uçurdum, Allah bilirdi. Ürəyimin tırpıltısı, döyüntüsü sinəmi yarıb eşiyə çıxmaq istəyirdi. Fürsət gəzir, məqam axtarırdım ki, Şahsənəmə ürəyimin sözünü yetirəm. Nəhayət, mən deyən saat gəlib çatdı. Gün bir çatı boyu qalxmışdı ki, Qurban kişinin qapısında beş-altı atlı göründü. Qurban kişini də İlməzli kəndinə toya aparmaq üçün Cücəkəndinin adamları bir yerə cəm olmuşdular. Qurban əmi atını minib atlılara qoşuldu. Arvad evdən-eşikdən, oğul-uşaqdan muğayat ol, axşama qayıdaram, dedi. Mənə də belə bir tale fürsəti lazım idi, Allah verdi. Sən demə Şahsənəm xanım da məndən xəbərsiz belə bir anı səbrsizliklə gözləyirmiş.
Görüşdük. Dillə dodaq, közlə ocaq, odla torpaq görüşən kimi. Görüşdük. Qızla bulaq, şehlə yarpaq, güllə yanaq görüşən kimi. Görüşdük. Bu görüşdə elə bir çətinliyimiz olmadı. Elə bil bizi görüşdürmək üçün Allah özü hər şeyi əvvəlcədən hazırlamış, yerbəyer eləmişdi. İlk görüş baxışların payına düşdü. Baxışların ürəyə düşən körpüsündən arzular, diləklər, fikirlər, xəyallar keçdi. Kövrək düşüncələr gələcəyə doğru qanadlandı. Əl əldən, göz gözdən, nəfəs nəfəsdən od aldı. İlk görüş haqda tarixlər boyu dahilər bir-birindən maraqlı fikirlər söyləyib. Ancaq heç kəs bu vaxta qədər ilk görüşün dadını, tamını, ləzzətini, gözəlliyini, unudulmazlığını tam açıq göstərə bilməyib. Qələmə gəlmir, dəftərə sığmır, kitaba yerləşmir ilk görüşün yaratdığı duyğular.
Ürəyin sinəni yumruq kimi döyməsi, qəlbin tellərinin dil-dil ötməsi, damarda qanın coşması, qaynaması, gözdə odun-alovun alışıb-yanması, dodağın titrəməsi, yanaqların allanması, əllərin titrəyişi, dilin dolaşması, ağlın çaşması ilk görüşün, ilk sevginin heç vaxt yaddan çıxmayan, həmişə kövrək hisslərlə xatırlanan əlamətləridi.
Hüseyn Saraçlı da ilk görüşün, ilk sevginin odunda beləcə yandı, beləcə qovruldu.
Kənardan baxan nə bilsin ki, gənc Hüseyn fikrində, xəyalında haralara getdi, haralardan qayıtdı.
Harda barış, harda savaş vaxtıdı,
Qılınc bilər, qalxan bilər, qan bilər.
İnsan oğlu cəsarəti özünə
Şöhrət bilər, şərəf bilər, şan bilər.
Haqqa doğru addım atan yolları,
Addımbaşı nura batan yolları,
Yaradana gedib çatan yolları
Ərən bilər, sultan bilər, xan bilər.
Bağban bilər dəymiş nədi, bal nədi,
Sevən bilər yanaqdakı xal nədi,
Gül-çiçəkdən mayalanmış bal nədi,
Çiçək bilər, arı bilər, şan bilər.
Bir qız ilə bir oğlanın xətrinə,
Yer-göy batır çəmənlərin ətrinə.
Cavanlığın qiyməti nə, qədri nə,
Ürək bilər, nəfəs bilər, can bilər.
Asta-asta dil tərpənər, səs eylər,
Dil tərpəndi, görüş üçün bəs eylər.
Qız dodağı, qız yanağı nə söylər,
Axşam bilər, gecə bilər, dan dilər.
Hüseyn ürəyini yandıran sözü yana-yana Şahsənəmin qulluğuna yetirdi. Şahsənəm isə qəlbindən keçənləri birbaşa demədi, xeyli özünü naza çəkdi, dilini sürüdü ki, aşiqin ürəyini bir az da alovlandırsın.
İlk görüşdən, bir baxışdan dağlar gözəlinə vurulan Hüseyn bu yerdə özünü saxlaya bilmədi, sinəsini saz elədi, barmağını təzənə, aldı görək sevdiyi gözələ nə dedi, dağ çiçəyi ona nə cavab verdi:
Hüseyn
Bir dolça su çilə yanan qəlbimə,
Qəlbi də, canı da al, əmim qızı!
Sənin gözəlliyin dilə gətirər,
Qara daş olsa da lal, əmim qızı!
Şahsənəm
Mən dağlar gözəli, sən aran əhli,
Uzaqdı arada yol, əmim oğlu!
Körpülər xatalı, keçidlər dərin,
Gəl qoyma bu işə qol, əmim oğlu!
Hüseyn
Məhəbbət aşiqin qəlbi, canıdı,
Sevən sevdiyini seçdi, tanıdı,
Alma yanaqların can dərmanıdı,
Qönçə dodaqların bal, əmim qızı!
Şahsənəm
Bu bağdan pay olmaz hər gələn kəsə,
Gəl salma bu sirri hələlik səsə,
Anam istəməsə, atam verməsə,
Boylana-boylana qal, əmim oğlu!
Hüseyn
Kim eşqin barını başacan dərib,
Özünü heç yerdə saymayıb qərib,
Səni Hüseyn üçün Allah göndərib,
Salma ürəyimə xal, əmim qızı!
Şahsənəm
Şahsənəm qıyarmı həsrət görəsən,
Qoymaram qəribtək qürbət görəsən,
Gərək bu sevdadan cənnət görəsən,
Çeşmə ol, qəlbimə dol, əmim oğlu!
(Davamı )
Sazbənddən ayrılıb, nalbəndin yanına gəldi. Köhlən atın nalları köhnəlib əldən çıxmışdı. Dedi nalbənd qardaş, uzaq bir səfərim var, atana rəhmət, əllərin ağrımasın, bir bu atı ifcin nalla, yola dözsün. Nalbənd atın dırnaqlarını yaxşı təmizləyib, yonub, yontalayıb düzəltdi. Doğrudan da çox ifcin nalladı atı. Nalbənd dedi, aşıq, vallah naldan ötrü eləmirəm, çalış heç vaxt bu atı daşlığa salma. Bu atın nə incə, nə gözəl ayaqları var. Onu qoru, lap sür dünyanın o başına, heç vaxt səni yolda qoymaz. Nalbəndlə sağollaşıb gəldi mehtərin yanına. Yəhəri, üzəngini, cilovu, qantarğanı yaxşı-yaxşı yoxlatdı. Mehtər də baxdıqlarının təzə, möhkəm olduğunu bildi və aşığı arxayın saldı ki, səfərdə heç bir narahatçılığın olmasın. Mehtərlə sağollaşıb gəldi çəkməçinin yanına. Bir neçə çəkməyə baxdı, ustanın əl işi çox xoşuna gəldi. Par-par parıldayıb, gözün işığını çəkən yaxşı bir qara xrom çəkmə tikdirdi. Ayağına geyinəndə elə gözəl yaraşdı ki, aşıq dönə-dönə baxmaqdan doymadı. Çəkməçiylə alış-verişini qurtarıb gəldi papaqçının yanına. Salam verib, əleyk aldı. Bir-bir papaqlara göz gəzdirdi. Nə söz ola bilərdi, hamısı gözün işığını çəkirdi. Aşıq bir-bir papaqların qiymətini soruşdu. Qardaş, o papaq neçəyədi, 500 manat, o biri papaq neçəyədi, 1000 manat, bəs yuxarıdan asılan neçəyədi, 1500 manat. Aşıq özünü saxlaya bilmədi. Sözün yeri gəlmişdi. Dedi papaqları o qiymətə verdiyin üçün hamısı mıxdan asılı qalıb. Bu sözə ikisi də gülüşdü. Papaqçı hal əhli, saz-söz adamıydı, bu dükanda o qədər maraqlı adamlar görüb, gözəl söhbətlər eşitmişdi ki. Dedi aşıq qardaş, mənim üçün söz papaqdan bahadı. Bir halda ki, sən bu gözəl sözü işlətdin, əlini at, ürəyin istəyən, gözün tutan ən yaxşı bir papağı sənə peşkəş verirəm. Aşıq razılaşmadı, xeyir, elə şey yoxdu. Sənin ona zəhmətin keçib, münasib qiymətini de, papağı götürüm. Aşıq çox dedi, papaqçı az eşitdi. Papaqçı aşığın gözü tutan ən gözəl papağı Hüseyn Saraclıya verdi. Aşıq bir də narazılıq eləmək istəyəndə papaqçı dedi, Aşıq, ürəklə sənə bağışlayıram. Bilirəm o başın içində ağıllı sözlər çoxdu. Qoy mənim papağım sənin başını qorusun, hər dəfə səndən ağıllı söhbətlər eşidəndə mən də qarpızdanım ki, baş başdısa, papaq da papaqdı haaa!
Ovçular ova, səyyahlar səyahətə, dərvişlər ellərə-obalara, ozanlar məclislərə, aşiqlər uzaq səfərlərə necə hazırlıq görərsə Aşıq Hüseyn Saraclı da beləcə səfərə hazırlaşdı. Ovçunu da, səyyahı da, dərvişi də, ozanı da dar və dolama yoxuşlar, sərt aşırımlar, imtahanlı, sınaqlı, hadisələr gözləyir.
Sağolllaşıb papaqçıdan ayrıldı. Artıq səfər tədarükü görülmüşdü. Evə gəldi, Şahsənəm xanımdan xəbər aldı ki, mən səfərə gedirəm, de görüm evin ehtiyatı yerindədirmi? Unun-dənin, yağın-balın, şorun-pendirin, qarının-motalın, qovurman-basdırman, odunun-ocağın qaydasındadımı? Şahsənəm xanım dedi: Ay kişi hər şey yerindədi, bircə şey yerində deyil. Dedi, arvad o nədi elə. Dedi sənin həsrətin. Sən üçcə gün evə gəlməyəndə özümü-sözümü bilmirəm, bu uzun səfərə dözə bilərəmmi? Dedi, Şahsənəm, Allah səbrli qulunun dostudu, nə səni, nə məni utandırmaz, inşallah. Bir də dözməlisən, ayrı yolumuz yoxdu.
Sonatək boylanıb, gözəltək baxıb,
Gəlintək gəzməyi bacarmalısan.
Uçub əlimizdən gedən illəri
Nizama düzməyi bacarmalısan.
Düz dərəyə dönsə, dərə düz olsa,
Coşan dalğaların sayı yüz olsa,
Ayrılıq sahilsiz bir dəniz olsa,
Qol atıb üzməyi bacarmalısan.
Qoy zaya getməsin çəkdiyin əmək,
Dostum min olsa da səndədir kömək,
Nə lazım hər sözü dil açıb demək,
Baxışdan sezməyi bacarmalısan.
Hər qalxan tufana bir sinə gərib,
Sevənlər özünü saymayıb qərib,
Vaxtında becərib, vaxtında dərib,
Vaxtında üzməyi bacarmalısan.
Çoxdu bu aşığın doğması, yadı,
Çalış el içində olmasın adı,
Onsuz da vüsalın şirindir dadı,
Həsrətə dözməyi bacarmalısan.
Şahsənəm xanımnan, anası Yetər xanımnan halal-hümbət eləyib, Allahı çağırdı, atı mindi, ata bir qamçı çəkib yerindən tərpəndi. Qarşısına məqsəd qoymuşdu ki, Dədə Ələsgərin məzarını ziyarət eləmək, onu yetirən torpağa baş əymək, o elnən-obaynan görüşmək lazımdı. Gecəli-gündüzlü at sürsə də qətiyyən yorulmaq bilmir, elə bil göynən uçurdu. Yorulmaq olardımı, onu Göyçəyə Ələsgərin ruhu aparırdı. Amma səfəri Göyçəyə olsa da fikrindən-xəyalından çox yerlər keçirdi. Təbrizi, Urmiyanı, Qaradağı, Qarsı, Ərzurumu, Çıldırı, Zəngibasarı, Dərəçiçəyi, Dərələyəzi, Qaraqozlunu, Qarabağı, Gəncəni, Şəkini, Şirvanı gəzib dolaşırdı. Borçalıdan artıq yola çıxmışdı, görək tale onu haralara qovuşduracaqdı.
Ürəyi yanırdı, su içmək istəyirdi. Bir kəndin içindən keçəndə gördü kəndin ortasında beş-on cavan oğlan şirin-şirin söhbət eliyir. Salam verib əleyk aldı. Gördü yolun qırağında bir qız bulaqdan su doldurur.
- Ay qızım, ölənlərin ehsanı olsun, ciyərim yanır, mənə bir dolça su ver, içim dedi. Qız bu sözü eşidib quş kimi uçub əlində dolça aşığın yanına gəldi. Əmi buyur iç, nuş olsun dedi. Aşıq suyu birnəfəsə başına çəkib, “baxdın da bu su kimi duru olsun, qızım” - dedi.
Cavanlardan biri dilini dinc qoymayıb dilləndi.
- Aşıq qardaş, sən bizdən qorxmadınmı, çəkinmədinmi, biz dura-dura suyu qızdan istədin?
- Ay oğul, şəriətdə yanana su vermək savabdı. Mən də istədim ki, savab o qıza qismət olsun. Söz cavanların xoşuna gəlsə də oğlan yenə dilləndi ki, sən bilirsənmi sənə su verən qız kimin butasıdı?
Aşıq gördü ki, bu sözə tutarlı cavab verməsə cavanlar ondan əl çəkməyəcək. Cavanların ürəyindən keçənləri duymuşdu. Aşığı söhbətə tutub ondan ləzzət almaq istəyirdilər. Aldı görək, aşıq Hüseyn cavanlara nə dedi, cavanlar nə eşitdi.
Hüseyn Saraclı
Gözəllərə Allah versin eşqi, baxtı, yığvalı,
Öz gülümüz, çiçəyimiz, öz arımız var bizim.
Gözümüz yox özgələrin bağçasında, bağında,
Mən bağbanam, hər çiçəkdə yüz arımız var bizim.
İndi də başqa bir cavan dilləndi ki, aşıq əmi, bu sənə söz atan oğlan da şairdi, ona görə sizi ilişdirmək, sizdən söz almaq istəyir. Şair olan oğlan dedi, əmi, Allah eləməsin mən sizə söz atam. O ki, elədi onda bir balaca mənə də qulaq as.
Oğlan
Aşıq qardaş, zarafatım toxunmasın qəlbinə,
Bura gələn hər qonağa hörmətimiz var bizim.
Xoş olsa da çeşmələrin suyunu nuş eləmək,
Atdan enin, ev-eşikdə nemətimiz var bizim.
Hüseyn Saraclı
Qadir Allah bağışlasın, əgər varsa günahım,
Bu dünyanın heç nəyində yoxdu gözüm, tamahım,
Baha aldım, baha satdım, sözdü mənim mətahım,
Öz daşımız, tərəzimiz, bazarımız var bizim.
Oğlan
Sazdı, sözdü, məclislərdi, sevincimiz, nəşəmiz,
Saz bitirir, söz yetirir dağ-daşımız, meşəmiz,
Uzaq yollar yolçusuna uğur demək peşəmiz,
Bizi sayıb gələnlərə rəğbətimiz var bizim.
Hüseyn Saraclı
Tez düşməsin kişi ruhdan, tez enməsin bəy atdan,
Ləzzət alsın aydan, gündən, saniyədən, saatdan,
Qılınc çəkib qan tökənlər nə apardı həyatdan,
Axır gündə haqq yerində məzarımız var bizim.
Oğlan
Sən bir tavar telli sazsan, o sazdakı siməm mən,
Sən bərkimiş bir özülsən, üzdən düşən himəm mən,
Ağsaqqalın qarşısında necə deyim kiməm mən,
Ustadlara baş əyməyə qeyrətimiz var bizim.
Aşıq Hüseyn Saraclı oğlana “afərin” dedi. Cavanlarla xudahafizləşib yoluna davam elədi.
Yol gedə-gedə fikrindən-xəyalından nələr keçirdi.
Qan adından,
Qorxuram qan adından.
Xəyalım gəzən yeri
Quş gəzməz qanadınnan.
Aşığın fikri-xəyalı haraları dolaşmırdı. O, Alıdan, Ələsgərdən ötrü Göyçəni, Valehdən ötrü Qarabağı, Aşıq Şenlikdən ötrü Çıldırı, Abbasdan ötrü Tufarqanı, Xəstə Qasımdan ötrü Tikmədaşı, Qurbanidən ötrü Diri dağını, Molla Cümadan ötrü Şəkini, Hüseyn Bozalğanlıdan ötrü Bozalqanı, Şəmşirdən ötrü Kəlbəcəri, Bilaldan ötrü Şirvanı, Sarı Aşıqdan ötrü Güləbirdi, Cəlildən, Qəhrəmandan ötrü Dərəçiçəyi ziyarət eləmək, onların ruhu ilə həmsöhbət olmaq istəyirdi.
Aşıq yol gedirdi. Biçinin, biçənəyin qızğın vaxtlarıydı. Otunu biçən biçir, yehrəsini vuran vurur, tayasını quran qurur, alafını aparan aparırdı. Arabalar, ziyrıqlar şaq-şaq şaqqıldaşır, öküzün, atın, ulağın qaçaqaç, daşıhadaşı çağlarıydı. Yavalar göydə oynayır, dırmıqlar yerə daraq çəkir, kərəntilər ilan kimi fısıldayırdı. Kərəntilər zindanda döyülür, bülövə çəkilir, itilənib ülgücə dönür, otun ağzından çıxanda buluddan şimşək sıyrılan kimi havada parıldayırdı. Biçinçilər çöllərdə qarışqa kimi qaynaşırdılar. Günəşin istisindən, təbiətin ətrindən, havaların gözəlliyindən elə qarışqalar, arılar da qayır-qayır qaynaşırdı. Bu gözəl mənzərələrə tamaşa eləyə-eləyə aşıq yol gedirdi. Artıq Göyçənin sərhəddini keçmişdi. Soraqlaşa-soraqlaşa Ağkilsəyə sarı yön aldı. Gün günortaya qalxmışdı. Biçinçilər göy çəməndə süfrə salmış, bir xeyli adam süfrənin başına yığışmışdı. Aşıq uzaqdan yığnağa salam verib, keçib getmək istəyirdi. Ancaq aşığın verdiyi bir salama yeddi yerdən “əleyk” cavabı gəldi. “Aşıq qardaş, keçmə, buyur qonaq ol” sözünü o qədər şövqlə dedilər ki, aşıq sözü qəti çevirmədi, üzəngini basıb, atdan endi. Baxmayaraq ki, çörək üstəydilər, hamı bir nəfər kimi ayağa durdu. Aşıq onların hamısı ilə bir-bir əl salamı tutub görüşdü. Məclisin ağsaqqalı dedi, aşıq qardaş, yol gəlibsən, yaxşı bir çörək ye, sonra imkanın olsa bir az sazına qulaq asarıq. Belə də elədilər. Allah verəndən yaylaq süfrəsi yedilər-içdilər, dincəldilər, gözlərinə işıq gəldi. Yenə həmin ağsaqqal dilləndi: Aşıq qardaş, bağışla, qəlbinə toxunmasın. Geyim-keçimindən aşıq olduğunu bildik. Ancaq yerini-yurdunu, adını-ünvanını bilsək çox şad olardıq. Bir bilək hansı qohumlardansan.
Aşıq “baş üstə!” deyib çox böyük həvəslə sazı köynəyindən çıxartdı. Sazın zilini zil, bəmini bəm eləyib təzənəni tellərə çəkəndə gördülər yox, bu elə belə aşıq deyil. Hüseyn Saraclı eşidənlərin arzusunu yerinə yetirib görək əyləşənlərə özünü necə təqdim elədi, “Divani” havası üstündə necə nişan verdi.
Hüseyn Saraclı
Mən damlayam, yol gedirəm, dəryalara baş vuram,
Min bir qəlbi dilləndirən bir eşqin rübabıyam.
Hardan gəlib hara getmək mənim fərmanım deyil,
Ulu Tanrım nə buyursa mən bu əmrə tabıyam.
Mərd iyidin meydanına həmişə mərdlər gələr,
Hər görüşdə qarşımıza suallar, şərtlər gələr,
Əl Allahda, ayaq yerdə başa çox dərdlər gələr,
Öz dərdimdi, öz ürəyim, göz yaşımın qabıyam.
Günəş öpər budağımı, torpaq öpər kökümü,
Aylar, illər qara yelə pay eləməz tükümü,
Mən karvanam, dünya səhra, daşıyaram yükümü,
Məcnunların, Kərəmlərin qayğısı, əzabıyam.
Məni ulu dərgahına çağıranda ol xuda,
Dedi gərək qonağını dilləndirə, oxuda,
Ağam gəldi mətləb aldım, mətləb verdim yuxuda,
Məhəbbətin dəftəriyəm, sevginin kitabıyam.
Doğma elim Borçalıdı, Saraclı kəndim mənim,
İtməz huşum, çaşmaz ağlım, pozulmaz zəndim mənim,
Telli sazdı uçmaz qalam, dağılmaz bəndim mənim,
Özüm ulu, yaşım qədim min ilin hesabıyam.
Biçinçilərin sevinci yerə-göyə sığmadı. “Sözün cavabı söz olar”. Xəstələn məndən ötrü, ölüm səndən ötrü” - deyiblər. Aşıq az qala ürəyini yerindən çıxarıb onlara vermək istədi. Necə qarşılamışdılar, beş qat artıq bir sevgiylə də yola saldılar. Amma yolun salığını verdilər ki, aşıq yolu dolaşdırıb, çaşmasın. Aşıq Ağkilsə kəndinə yaxınlaşdıqca həyəcanı çoxalır, ürəyi döyünürdü. O, hara getdiyi, hansı qapını açdığını, kimlərlə görüşəcəyini çox yaxşı bilirdi, ona görə də bu yükün ağırlığı altında özünü itirən kimi olmuşdu. Nəhayət, kəndin içindəki adamlarla salamlaşa-salamlaşa gəlib Ələsgər ocağına çatdı. Elə bu vaxt aşığın nəvəsi İslam müəllim əlini arxasında çarpazlayıb var-gəl eliyirdi. Aşıq da İslam müəllimi uzaqdan görən kimi atdan düşüb atı yedəklədi. Bir-birinə yaxınlaşıb hörmətlə əl tutub, hər ikisi adlarını nişan verdilər. Həyətdə uşaqlar oynaşırdı. Səs-küyə Ələsgərin o biri nəvələri Haqverdiylə İsmixan çıxdılar. İsti bir tanışlıqdan sonra onun Borçalıdan gəldiyini bilib çox şad oldular. Kəndin bir neçə ağsaqqalını da dəvət edib çox da uzaq olmayan ustadın məzarını ziyarətə getdilər. Allah kəlamı oxundu. Hüseyn Saraclı Ələsgər məzarının ayaq tərəfində diz çöküb, qəbir torpağını öpüb gözünün üstə qoydu, sonra da əl yaylığını çıxarıb, torpağı yaylığa büküb yadigar götürdü. Başdaşına sarı gəldi. Qollarıyla başdaşını qucaqladı, üzünü daşa sürtüb, alnını daşa söykədi. Bir neçə dəqiqə beləcə qaldı. Hamı sakit dayandı, heç kəsdən səs çıxmadı.
Murazına yetən, arzusuna çatan, həsrətinə qovuşan adamlar hansı hissi keçirərsə, aşıq Hüseyn də dilnən deyiləsi olmayan həmin hissləri keçirirdi.
Bu sənətə könül bağlayan gündən Aşıq Hüseyn Saraclı, Aşıq Ələsgərin bir şerinin hər bəndini, hər sətrini, hər kəlməsini incəldir, iynədən keçirir, ələyir, süzür, bu şerin üstündə xəyala dalmaqdan, var-gəl eləməkdən yorulmurdu.
Aşıq olub tərki vətən olanın
Əzəl başdan pür kamalı gərəkdi.
Oturub durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdi.
Bu bəndlə başlanan şeirin bütün sözləri onun həyatının mənasına çevrilmişdi. Aşıq “pürkamal” olmalıdır. Yəni aşıq kimi qabil və kamil, ağıl, dərrakə, savad, danışıq, yaddaş, səliqə-səhman sahibi olmalıdır. Yükü, sərvəti, xəzinəsi, nağılı, dastanı, ustadnaməsi, vücudnaməsi ta duvaqqapmaya, müxəmməsə qədər yerli-yerində olmalıdır.
Aşıq “mərifət elmi”nə sahib olmalıdır. Ədəbi-ərkanı, mərifəti-qanacağı, ağır oturub, batman gəlməyi, nəfsini-nəfəsini təmiz saxlamağı, əl halallığı, dil halallığı, bel halallığı, yol halallığı ilə yaşamağı, mərifətdən-təriqətə, təriqətdən-şəriətə, şəriətdən-həqiqətə- son məqsədə sağ-salamat, zədəsiz-ləkəsiz, duru və pak gəlib çıxmaq - bütün bunlar aşıq sənətinin Ələsgər tərəfindən yazılmış ədəbi və dəyişməz qanunlarıdır.
Bəli, mərifətdən - həqiqətə doğru gedən yol Ələsgər məzarından, Ələsgər ocağından keçib gedirdi. İslam müəllim gözəl bir məclis qurmuşdu. Borçalıdan gələn aşığın şərəfinə Göyçənin hörmətli ağsaqqalları məclisə dəvət olunmuşdu.
Bircə nəfər çatışmırdı, onun yeri görünürdü. Ələsgər kişinin sonbeşik oğlu aşıq Talıb baba görünmürdü. Yaşı yetmişi haqlayan aşıq Göyçənin hansı kəndindəsə toy məclisi aparırdı. Aşıq Talıb toy məclisini başa vurub, evə qayıdanda ustada yolda xəbər verdilər ki, Talıb baba, Aşıq Hüseyn Saraclı sizə qonaq gəlib. Aşıq Talıb bu xəbərə çox sevindi. Atını bir az da yeyinlətdi. Gəlib evə çatanda gördü məclis qurulub. Hüseyn Saraclı oxumağında, çalmağında, camaat da ona şirin-şirin qulaq asmaqda. Talıb kişinin uca boyu qapıda görünəndə bütün məclis ona sarı döndü.
Aşıq Talıbla aşıq Hüseyn Saraclı bir-birini bağrına basdı. Məclis bir az da gözəlləşdi. Aşıq aşığı, saz sazı, hava havanı əvəz eliyə-eliyə zaman musiqinin və Ələsgər sözünün sehri ilə axıb asta-asta gedirdi:
Nəhayət vədə gəldi yetişdi. Aşıq Talıbdan xahiş elədilər ki, bu da bir tarixdi, Göyçənin Borçalının nəfəsi bir-birinə toxunan məclisdə gərək üz-üzə oxuyasınız. Ya qismət, bir də belə bir görüş ola-olmaya. Bu “ya qismət” sözündən bəzi adamların ürəyi üşüdü, qəlbinə şübhə toxumları düşdü. Çünki Göyçənin başı dönə-dönə bəlalar çəkmiş, iki dəfə qaçqın düşüb yerlərindən oynamışdılar.
Zaman aşığı dəyirmançı, ağanı çarvadar eliyəndə Ələsgər kişi demişdi:
Dad sənin əlindən çərxi-kəçmədar,
Ürəyimdə yüz dərmansız yaram var.
Aşıq dəyirmançı, ağa çarvadar,
Sərraf gəlsin bu bazara dolansın.
Məclisdə o faciələri gözləriylə görən kişilər vardı. Vahram adlı bir xaçpərəstin anasına yazdığı məktubu çoxları bilirdi. Zabit anasına yazırdı: “Mən Basarkeçərin tatar-türk əhalisini, heç nəyə məhəl qoymadan məhv etdim. Bəzən gülləyə heyfim gəlirdi. Bütün qadınları, kişiləri və uşaqları yığıb quyulara ataraq, başlarına daş tökərək öldürürdüm”. Bəli, bu tarixin acı həqiqətiydi. Qışın qarlı-şaxtalı günündə Göyçədən Kəlbəcərə gələn Göyçə qaçqınları üçün zamanın acı tarixi “Dar dərəni”, “Sümüklü dərə”yə, “Qanlı dərə”yə çevirmiş, qaçqınların çoxu orda qırılmışdı.
Göyçəlilər nə biləydi ki, onların başına sonradan gələn faciələrin yanında əvvəlkilər toya getməli olacaq. Onlar nə biləydi ki, İsmixan Göyçə deyə-deyə, göynəyə-göynəyə, ağlaya-ağlaya bu dünyadan Göyçəsiz köçəcək. Sızıltılı misraları bizə yadigar qalacaq:
İsmixanam, yönüm düşdü yad elə,
Nələr etdin, eyləməzdi yad, elə.
Mən aşığam yad elə,
Yad ölkəyə, yad elə.
Dedim mənnən sirdaş ol,
Sağlığımda yad elə.
Mən öləndə yaddan çıxart, yad elə.
Nə soruş, nə axtar, nə ara məni.
Onlar nə biləydi ki,
Dilimin əzbəri, andım, amanım,
Daha sağlığına yoxdu gümanım,
Ölüb Ələsgərim, itib İmanım,
Dolanıram, heç bir yanı, tapmıram.
deyən Aşıq Talıbın nəinki özünə, məzarına da həsrət qalacaqlar. Hələ bunlar sonralar olacaqdı.
Nəysə... Aşıq Talıb hörmətlə baş üstə deyib, ayağa qalxdı. Kişi o qədər boylu-buxunlu bir adam idi ki, yerindən duranda elə bilirdin dağ tərpənir. Talıb kişinin sazını gətirdilər. Görək ustad oğlu aşıq Talıb əziz qonağı Aşıq Hüseyn Saraclıya nə dedi, Saraclı ona nə cavab verdi.
Aşıq Talıb
Ay Saraclı, göz üstündə yerin var,
Öz babanı ibadətə gəlmisən.
Ələsgərin həsrətini çəkirdin,
Nöqtə qoyub o həsrətə, gəlmisən.
Hüseyn Saraclı
Aşıq Talıb Borçalıdan güc alıb,
Göyçə adlı bir cənnətə gəlmişəm.
Sazın sözün şahı, xanı, sultanı,
Tanrı quran səltənətə gəlmişəm.
Aşıq Talıb
Ulu Tanrı ağ eləsin üzünü,
Öz evin bil, qonaq sayma özünü,
Öpə-öpə çeşmələrin gözünü
Dadmaq üçün bal-şərbətə gəlmisən.
Hüseyn Saraclı
Şerin dostu, sazın yarı burdadı,
Gözün nuru, qəlbin varı burdadı,
Xəzinənin xəznədarı burdadı,
Baxmaq üçün o sərvətə gəlmişəm.
Aşıq Talıb
İşıq aldım ata adlı butamdan,
Heç doymadım bu ləzzətdən, bu tamdan,
Mən oğluyam, nə danışım atamdan,
Layiq olub ləyaqətə gəlmisən.
Hüseyn Saraclı
Söz-söhbəti düşüb dilə-dodağa,
Çilçıraqdı qəlb adlanan otağa,
Baş endirib haq yandıran çırağa,
Saf sevgiyə, məhəbbətə gəlmişəm.
Aşıq Talıb
Üşüyənlər istisinə qızındı,
Bu ocağın söz-söhbəti uzundu.
Nemətindi, çörəyindi, duzundu,
Tükənməyən bir sərvətə gəlmisən.
Hüseyn Saraclı
Oxucuydum, əlif lama yetişdim,
Pərvanəydim, gəldim şama yetişdim,
Arzuladım, arzu-kama yetişdim,
Yetmək üçün o qismətə gəlmişəm.
Aşıq Talıb
Neçə-neçə istəyindən aralı,
Borçalım da Göyçəm kimi yaralı,
Niyə bizim meydanımız daralı,
Bəlkə sözə, məsləhətə gəlmisən.
Hüseyn Saraclı
Sevgi yağsın hər dövrana, hər çağa,
Kim istər ki, vaxtsız başa qar yağa.
Saraclıyam, arxa dursun dağ-dağa,
Mən bu eşqə, sədaqətə gəlmişəm.
Hər yandan “Bərəkallah” sədaları ucaldı.
Ələsgərin qardaşı Məşədi Salahın nəvəsi İsmixan da məclisdəydi. Gənc olsa da gözəl şair kimi dilə-dişə düşmüşdü. Aşıq Talıbdan xahiş elədilər ki, icazə verin İsmixan da bir neçə kəlmə söz desin. Aşıq Talıb razılıq verdi. İsmixan əvvəlcə çəkindi, danışmaq istəmədi. İşi belə görən Aşıq Hüseyn dedi oğul, “bir güllə yaz açılmaz” “tək əldən səs çıxmaz” deyiblər. Biz siznən güclüyük, Bu sənət babadan-nəvəyə, atadan-oğula, ustaddan şagirdə, qocadan cavana gəlməsə bulağımız quruyar. Bu söz gənc İsmixanı İlhama gətirdi, ona söz demək fürsəti verdi.
İsmixan
Aşıq qardaş, mən bir körpə tərlanam,
Fikrim uçar, göy üzündə süzər hey.
Sən babamın Göyçəsinə yetişdin,
Mənim fikrim Borçalıda gəzər hey.
Aşıq Hüseyn
Körpə tərlan, ötən dilin mübarək,
Gənclik bizim bağçamızı bəzər hey.
Ət yeyən quş dimdiyindən bildirər,
Hamı onu körpəlikdən sezər hey.
İsmixan
Dost bağında çiçəkləri üzəydim,
Ləçək-ləçək yaddaşıma düzəydim,
Borçalını qarış-qarış gəzəydim,
Bir salaydım o yerələrə nəzər hey.
Aşıq Hüseyn
Cavan olan saat kimi qurular,
Çeşmə kimi axa-axa durular,
Vaxtı çatdı bir gözələ vurular,
Bir budağın qönçəsini üzər hey.
İsmixan
Dədələrdi özülümüz, mayamız,
Çiçəklərdi abırımız, həyamız,
Təbiətdi boyaqçımız, boyamız,
Ömrümüzü əlvan-əlvan bəzər hey.
Aşıq Hüseyn
Saraclıyam ocaq bildim kəndini,
Çox bəyəndim kamalını, zəndini,
Dürüst dedin hər kəlməsin, bəndini,
Qoşmaların dil-dil olub gəzər hey.
İsmixan
İsmixanam, ağsaqqaldı tacımız,
Oğlun-qızın qardaşımız, bacımız,
Telli sazla şirinləşər acımız,
Ruhumuza şərbətini süzər hey.
Söz tamama yetişdi. Aşıq Hüseyn Saraclı İsmixanı öz doğma balası kimi bağrına basıb ona gələcək həyat və sənət yollarında xeyir-dua verdi: Aşıq sazı yerə qoydu. Yağlı-ballı bir yaylaq süfrəsi, çay dəsgahı açıldı. Süfrə arxası söhbətlər daha da şirinləşdi, getdikcə dərinə işlədi. Göyçənin, Borçalının tarixi və tarixi şəxsiyyətləri bir-bir yada düşdü.
Birinin qaçaqlığından, birinin qoçaqlığından, birinin qanlı faciəsindən şirinli-acılı söhbətlər getdi. Göyçənin ağsaqqalları Göyçənin tarixi ilə bağlı Əmir Teymurdan, Şah İsmayıl Xətaidən, Miskin Abdaldan, Alıdan, Ələsgərdən, Loğman Nağıdan, Səməd Ağadan, Aşıq Nəcəfdən, Aşıq Əsəddən, Mirzə Bəylərdən danışdılar. Deməklə qurtarasıdımı bu söhbətlər.
Aşıq Hüseyn Saraclı da öz növbəsində Borçalıdan, Borçalının adı bəlli oğulları - Darvazlı Mehralı bəydən, Qızılhacılı Cööroğlu Qaradan, Kəpənəkçi İsrafil Ağadan, Emin ağadan, Qasımlı, Səməd Ağadan, Arıxlı Uzunbasoğlu Məhəmməddən, Fahralı şair Nəbidən, Qaçağanlı şair Ağacandan gözəl söhbətlər elədi. Amma Çıldırlı Aşıq Şenliklə Fahralı şair Nəbidən danışanda elə bil ki, aşığa təzədən vergi verildi, o qədər gözəl məsəllər, misallar çəkib söhbəti bəzədi ki, məclisdə oturanların barmağını kəssələr xəbəri olmazdı. Təsbeh çəkilsə səsi eşidilərdi:
Nəysə...
Aşıq Hüseyn Saraclı bir neçə gün burda qalandan sonra getmək üçün izn-icazə istədi. Aşıq Talıb dedi Aşıq Hüseyn, getsən yolundu, qalsan evindi. Hüseyn Saraclı neçə gündü onun zəhmətini çəkənlərə minnətdarlıq edib görək Göyçədən necə ayrıldı.
Aşıq Hüseyn Saraclı Göyçədən ayrılanda gözləri doldu, könlü qubar elədi, əlini günlükləyib başı qarlı dağlara baxdı. “Gəlimli-gedimli, son ucu ölümlü” dünyada xəyalından nələr keçmədi. Sazsız-zadsız əlini qulağının dibinə qoydu “atüstü” havasına elə bayatı çəkdi ki, dağlar, daşlar yerindən oynadı.
Dəryada dəryalıqlar,
Suda oynar balıqlar.
Nə bu görüş olaydı,
Nə də bu ayrılıqlar.
Mən aşıq olmayaydı,
Saralıb solmayaydı.
Ölüm Allah işidi,
Ayrılıq olmayaydı.
Əzizim belə meylər,
Süzülüb belə meylər.
Sevən sevənin axırın
Gətirib beləmi eylər.
Göyçəylə görüşə gedəndə aşıq quş kimi uçurdu, Göyçədən ayrılanda ayaqları getmirdi.
Görüşəndə nur yağırdı düzlərə,
Ayrılanda dağlar qəmli göründü.
Titrəməyə him gəzirdi dodaqlar,
Göz yaşardı, kirpik nəmli göründü.
Qəlb alışdı sızıltıya, göynəyə,
Yanan mənəm, nəyə lazım ney, nəyə?
Yavaş-yavaş saz çəkildi köynəyə,
Dili tutqun, səsi bəmdi göründü.
Gələn gedər, cərgəsi var, səfi var,
Qazancı var, ziyanı var, nəfi var,
Ayrılığın nə amansız xofu var,
Baş ağrılı, can sitəmli göründü.
Elə bil aşığın sümüyünə dammışdı ki, bir vaxtlar Göyçə boyda bir mahal yerindən oynayacaq. İldırım buluddan, qaya dağdan, palıd kökündən, dünya mehvərindən qopan kimi Göyçə də Azərbaycanın əlindən, ürəyindən, bağlarından qoparılacaq. Can cəsəddən, ruh bədəndən, ət dırnaqdan, kök budaqdan ayrılanda insan hansı duyğuları yaşayırsa aşıq eldən ayrılanda eyniylə həmin duyğuları yaşayır. “Arsız aşıq elsiz niyə yaşadı, ölsün Ələsgərtək qulların dağlar”.
Aşıq Göyçədən ayrılmışdı. Qazuçandan Kəlbəcərə aşmaq üçün yol gedirdi. Əvvəlki yol onu Ələsgər oğacına aparmışdısa, bu yol onu Ağdabanlı Qurbanın ocağına, Aşıq Şəmşirin səsinə-sorağına aparırdı.
Aşıq Kəlbəcərə doğru getsə də fikri, düşüncəsi Göyçədə gördüklərinin, eşitdiklərinin, bildiklərinin yanında idi. Bu səfərdən çox razı gedirdi. Fikirləşirdi ki, bütün ömrü boyu getdiyim və gedəcəyim səfərlərin ən gözəli zaman-zaman bu səfər olacaq. Körpəlikdən ürəyində yaşatdığı ən gözəl arzusunu, ən təmiz niyyətini həqiqətə çevirmişdi. Ələsgər ocağından Ələsgər haqda, Göyçə aşıqları haqda yeni rəvayətlər, əfsanələr, dastanlar aparırdı. Bunların içində “Su” məsələsi onu yaman tutmuşdu. Bir evdə, bir eldə, bir obada böyük bir istedad sahibi dünyaya gələndə, bir Tanrı hədiyyəsi, Allah vergisi meydana çıxanda xalq o şəxsiyyət haqqında müxtəlif fikirlər danışır. Belə adamların yetişməsini hər kəs bir səbəblə bağlayır, hərə bir kökə, bir səmtə, hərə bir sunura çəkir.
Biri deyir: Anasının südündəndi!
Biri deyir: Ata tərəfdən ulu babası filankəsə çəkib!
Biri deyir: - İçdiyi sudandı!
Biri deyir: - Onu yetirən torpağın hünəridi!
Biri deyir: - Zarafat deyil, kişinin oğluna buta verilib.
Bəzi ağzıgöyçəklər, gözügötürməyənlər xoşagəlməz bir ifadə işlədir.
- Zibillikdə bir gül bitib!
Bir adam şair kimi üzə düşəndə əvvəlcə camaatın içində lağlağı söhbətlər gəzir. O şair haqqında hər başdan bir avaz gəlir. Elə ki, həmin adam böyüdü, ucaldı, şöhrət tapdı, onda el sevgisi, xalq məhəbbəti ilə yanaşı paxıllıqlar başlayır. Elə ki, görürlər paxıllıq. rəzillik, xudbinlik yel olub heç onun yanından da keçə bilmir, onda artıq səcdə, məhəbbət, rəğbət mərhələsi başlayır. Hamı bir ağızdan birmənalı şəkildə “kişinin oğlu şair doğulub, bu Allah vergisidir” - deyir. Kim ki, yaş əllini keçəndə ya arabadan “yıxılır”, ya sərsəm yuxular görür, ya başı daşa dəyib zədələnir, bu səbəbdən şair olmaq eşqinə düşür, onda xalq doğru olaraq ironiya ilə “filankəs şair olub” deyir. Deməli şair doğulubsa Allah vergisidi, şair olubsa şeytan əməlidir.
Bu mənada Allah Aşıq Hüseyn Saraclını hər yerdə şair doğulanlarla qovuşdurmaq üçün bu yollara yoldaş eləmişdi.
Səfər gərək səfər ola, yola çıxan da əsil Allah adamı.
Səfərdən gözəl nə var,
Ağıl ola, dərk ola.
Hər yerdə sənə qarşı,
Sevgi ola, ərk ola.
Od qaynaya qanından,
Qızlar keçə yanından,
Ağrı-azar canından
Birdəfəlik tərk ola.
Nə yata, nə sürünə,
Haq nuruna bürünə,
Yaxşı elə görünə,
Yamanlara görk ola.
Səfərdən gözəl nə var,
“Gəl!” - deyə pərvərdigar.
Yağsa da üstünə qar,
Boz dumanlar kürk ola.
Gül açanda arzular,
Qışda da verəcək bar.
Səfərdən gözəl nə var.
Evdən belin bərk ola!
Qayıdaq “Su” məsələsinə!
Növrəs İmanın gənc, odlu-alovlu çağlarıymış. Yayın günündə çöldə qoyun otarırmış. Axşam olur, sürü arxaca dönür. Görürlər ki, İman yoxdu, gözə görünmədi, səsi-səmiri gəlmədi. Axşamın şəri, gecənin qaranlığı, yaylağın dumanı, hara gedəsən, hardan tapasan Növrəs İmanı. Məcbur olub səhərin açılmasını gözləyirlər. Elə ki səhər açılır, camaat düşür ələ-ayağa.
Orda İman, burda İman, gəlib görürlər ki, bir qayanın dibində yatır. Nə qədər səsləyirlər, İman oyanmır. Görürlər ağzından köpük daşlanır. Xəbər Ələsgərə çatır, o saat Ələsgər xəbər göndərir ki, ona toxunmaq olmaz. Göz-qulaq olun. Elə ki, ayıldı, heç nə soruşmadan, heç bir sual vermədən evə gətirin. Belə də olur.
Aşıq Ələsgər bu haqda heç kəsə heç nə demir. Uzun illər bu sirri özündə saxlayır. Ömrünün axır çağlarında Ələsgər bir dəfə möhkəm xəstələnir və İmanla bağlı saxladığı sirri doğmalarına, Aşıq Talıba danışır.
Danışır ki, 17-18 yaşım olardı. Eynilə İmanın başına gələn bu hadisə mənim başıma gəlir.
Biri deyir: - Vurğun vurub!
Biri deyir: - Üstündən saat adlayıb!
Biri deyir: - Yuxusuna mələklər girib!
Biri deyir: - Kiminsə qızına aşiq olub!
Ancaq heç kəs həqiqəti deyə bilmir.
Biri deyir - sudandı,
Biri deyir - oddandı.
Biri deyir - qohumdan,
Biri deyir - yaddandı.
Biri durdu, dayandı,
- Dedi mənə əyandı.
Yaşı keçib on beşdən,
Bir parçadı Günəşdən,
Ruhu - “Abı atəşdən,
Qəlbi - “Xaki baddandı”.
Biri deyir Ələsgər
İmam adı daşıyır.
Ona verilən nə var,
Daşıdığı addandı.
Biri deyir Göyçənin
Sularında sehr var.
Çiçəkdəki ətirdən,
Meyvədəki daddandı.
Axırınci fikri deyən adam həqiqətə yaxınlaşmışdı. Ancaq dediyi sözü dərindən dərk edib deməmişdi, fəhmin gücünə demişdi.
Bəli, uzun illərdən sonra bu mətləb açılırdı. Ustad danışırdı ki, mənim Səhnəbanının eşqi ilə alışıb-yanan çağlarım idi. Günlərin birində havalandım, coşdum, yerə-göyə sığmadım. “Həm aşığam, həm dərvişəm, həm dəli” dediyim günlər idi. Özümü elə apardım ki, heç kəs mənim bu halımdan xəbər tutmadı. Bir gün şirin və dərin bir yuxuya getdim. Yuxuma bir nurani-pirani, nur parçası, açıq alınlı, enli qaşlı, ağ saqqallı, ala gözlü bir kişi girdi: Qurbani ki deyir: “Yatmışdım üstümə gəldi ərənlər, qafil nə yatmısan, oyan dedilər”. Bax mənim də belə bir saatım gəlib çatmışdı.
Yuxuma girən kişi əllərimi sıxdı, saçlarımı sığalladı, üzümdən öpdü.
Mənə sual verib dedi: “Oğlum, dünən günorta kəndinizin üst tərəfindən axan çaydan içdiyin su yadındadımı?”
Dedim bəli, yadımdadı. Dedi oğlum bu gündən sən Allahın sevilmiş, seçilmiş bəndələrindən birinə çevrildin. Sənə yüz ildən çox ömür, dünyaya sığmayan həyat eşqi verildi. Dedim, ey piran qoca, nədən bilim mənə bu nemətlərin verildiyini? Dedi oğlum, o ki, kəndinizin üst tərəfində nazik bir dərə var haa. Heç vaxt o dərənin suyu kəsilmir. Yeddi ildə bir dəfə günün günorta çağları üç saat o su gömgöy axır. Yeddi ildə bir dəfə üç saat gömgöy axan o sudan kim içərsə, kimin bəxtinə, hansı bəxtəvərin qismətinə düşərsə ona alimlik, şairlik, aşıqlıq, pəhləvanlıq, qəhrəmanlıq, görücülük verilir. Sənə aşıqlığı, görücülüyü verdik.
Halalın olsun. Kişinin axırıncı “halalın” sözü ağzından çıxan kimi yox oldu.
Demək hikmət suyun hikmətiymiş. Çünki dağlardan gələn sular buludun nəmini, yerin-göyün sevincini-qəmini, bütün çiçəklərin şəhdini-şirəsini, ağacların kökündəki qayaları yarmaq eşqini, torpağın canındakı “itirmək” və bitirmək, öldürmək və diriltmək qüdrətini, Günəşin odunu, ulduzların işığını, qayanın sərtliyini, palıdın möhkəmliyini, dağların əzəmətini, zirvələrin qarını-buzunu özündən yuxarıda, özündən aşağıda nə varsa yığıb-yığşırıb öz canına çəkir. Onu içən adama Allahın qüvvəti, Tanrının sağlamlığı, təbiətin əlvanlığı verilir.
İnsan dünyaya gələn kimi əvvəlcə uşağı su ilə çimizdirir, pak edir, ona həyat verir. İnsan dünyadan gedəndə yuyucu yenə isti su ilə cəsədi yuyub təmizləyir, o dünya üçün pak edir və kəfən üçün hazırlıq görür.
Dəvəçidən başlamış yuyucuya qədər, beşikdən-məzara, bələkdən-kəfənə, əvvəldən-axıra bizi su yaşadır, oğul. Bizi yaşadan dörd ünsürün bir qardaşı da “SUDUR!!!” mənim balam!
Allah məni o suyu içmək, onun atəşinə, yanğısına, oduna, alovuna, yükünə dözmək üçün, o yükü götürmək üçün ucaboy, enlikürək, palıd cüssəli bədən, sağlam can vermişdi. Ona görə də mən dözdüm, dayandım, külə dönüb yellərə yem olmadım. Hərdən eşqim mənə zor gələndə “Demədimmi, içmə eşqin camını, içsən dünya sənə dar olacaqdı” - deyib özümü danlayırdım. Sonra da lənət şeytana deyib, Tanrının buyurduğunu qəbul edirdim. Ancaq məndən fərqli olaraq Növrəs İmana Allah çox balaca boy vermişdi. İkimiz də eyni sudan eyni ölçüdə içmişdik. Mənim bədənim dözən yükə onun bədəni tab gətirmədi.
Su adlı nemətlə bağlı xalq içində nə qədər deyimlər var, heç biri boşuna deyilməyib, oğul.
“Axar su qapından axsın”, “Səni görüm otun bitib, suyun axmasın”, “Yuxunu suya danış, su kimi baxtın olsun”, “Suyu filankəsə çəkib”, “Bu işdən gözüm su içmir”, “Əməyin qar suyuna dönsün”, “Öləndə üstündə su tapılmasın”, “Su tökməklə quyu sulu olmaz”, “Evimiz susuz dəyirman kimidir” və s.
Bəli, baxtı su kimi duru, yolu su kimi aydın olan Aşıq Hüseyn Saraclı, Göyçədən bu sərvətdən, bu xəzinəynən, bu varidatnan ayrılırdı. Ayrılırdı Göyçəni ürəyində əbədi yaşatmaq üçün, sazını tutub, sözünü oxumaq üçün.
- * *
Aşıq Kəlbəcərə gedirdi. Hansı düzdən keçdi, hansı dağdan aşdı, hansı cığırı ətəklədi, hansı yolu tutdu, bilmədi, bir də gözlərini açanda özünü Tərtər çayının qırağında bir ağacın kölgəsində, bir çeşmənin başında gördü. Sağa baxanda gördü çeşmədən bir az aralı nəhəng yaşıl bir palıd ağacının altında bir oğlanla bir qız sarmaşıq kimi bir-birinə dolanıb. Aşığı görən kimi həyalanıb aralandılar. Kökündən kəsilib kötüyə çevrilmiş fısdıq ağacının üstündə əyləşdilər. Aşıq sevgililərin adını xəbər aldı. Oğlan mənim adım Məhəmməd, sevgilimin adı Güləndamdır - özümüz də Kəlbəcərdənik, deyib cavab verdi: Dedi, aşıq qardaş, mən də, sevgilim də sazın, sözün, aşığın xəstəsiyik. Üç gündən sonra xeyir işimiz olacaq. Bəlkə bir sazını köynəkdən çıxardasan. Amma oğlan deyəndə ki, “Mənim adım Məhəmməddi, sevgilimin adı Güləndam” aşığın yadına “Məhəmməd və Güləndam” dastanı düşdü. Dedi elə oğlanın da, qızın da könlünü almaq üçün o dastandan oxuyaram.
Bir də fikirləşdi ki, yeni söz qəhətliyidimi? Əgər mən aşığamsa muraz üstə olan, toyunu gözləyən bu cavanların eşqinə təzə bir könül sözü söyləməsəm olarmı?
Aşıq üzünü cavanlara tutub “Aran gözəlləməsi” havası üstündə onlara xeyir-dua verdi.
Sizi gördüm, gözüm-könlüm açıldı,
Ürəyimə süzüldünüz, axdınız.
Yaylaq yaşıl, meşə yaşıl, dağ yaşıl,
Yaylaq kimi yaşıl olsun baxtınız.
Ay nurunda qar işığı gözəldi,
Yar gözündə yar işığı gözəldi,
Yağla-balın qarışığı gözəldi,
Şirin olsun dövranınız, vaxtınız.
Vüsal gəlsin, həsrət çıxsın aradan,
Müjdə versin yara səhər, yara dan,
İşığını bol eləsin yaradan,
Toy gecəsi bəzənəndə taxtınız.
Toyqabağı bu sözləri eşidən sevgililərin ürəyi çiçək kimi açıldı, sevinci birə-min oldu. Elə bil ki, ozan xeyir-duası, ağsaqqal alqışı üçün Aşıq Hüseyni cavanların yanına Allah özü göndərmişdi.
Aşiqlərin sevincinə sevinən aşıq onların ruhunu daha da qanadlandırmaq üçün sözün ikinci varağını çevirdi.
Güləndam bir güldü, Məhəmməd çiçək,
Nə gözəl yaraşır qız Məhəmmədə.
Elə bir qız seçib qızlar içindən,
Layiqdi ən şirin söz Məhəmmədə.
Qəlbin atəşinə, oduna qurban,
Eşqin ləzzətinə, dadına qurban,
Peyğəmbər adıdı, adına qurban,
İlahi, dəyməsin göz Məhəmmədə.
Dönsün məhəbbətin şirin barına,
Tanrı qovuşdursun yarı yarına,
Qarışsın Hüseynin arzularına,
Versin murazını saz Məhəmmədə.
(Davamı növbəti saylarımızda)
25 May 2007
İndi bu gedişatı ki, belə görürəm deyəsən Təbriz sarıdan Allah bizim murazımızı gözümüzdə qoyacaq. Onu nə sən görəcəksən, nə də mən. Ona görə də sazı köynəyindən çıxaraq. Ölüm-itim dünyasıdı. Dünyanın işini nə bilmək olar. Bir də ya qismət, görüşək, ya görüşməyək. Hər ikisi kövrəldi. Sazlar köynəkdən çıxdı. Sazın Borçalı köküylə Təbriz kökü qoşalaşdı. Qaynadılar-daşdılar, qabardılar-çəkildilər, zillər-bəmlər, keçidlər-aşırımlar, endirmələr-döndərmələr ustad barmaqlarından bal kimi ruhlara, damarlara süzülürdü. Yenə axırda Təbriz söhbətinin üstə gəldilər. Aldı görək başı bəlalar çəkmiş, gözü odlar görmüş iki qocaman aşıq nə dedi, hardan dedi:
Aşıq Hüseyn Saraçlı
Aşıq, arzularım gözümdə qaldı,
Sən məni Təbrizə aparammadın.
Təbriz söhbətimdə, sözümdə qaldı,
Sən məni Təbrizə aparammadın.
Aşıq Hüseyn Cavan
Saraçlı, zamanın günahkarıyam,
Mən səni Təbrizə aparammadım.
Həsrət qollarımı salıb yanıma,
Mən səni Təbrizə aparammadım.
Aşıq Hüseyn Saraçlı
Vursa da düşmənə hey pəncə Təbriz,
Çox gördü düşməndən işgəncə Təbriz,
Nə Təbriz Gəncədi, nə Gəncə Təbriz,
Sən məni Təbrizə aparammadın.
Aşıq Hüseyn Cavan
Zalımlıq ovçuda, fağırlıq ovda,
Ayağım qandalda, əlim buzovda,
İçim də, çölüm də yandı alovda,
Mən səni Təbrizə aparammadım.
Aşıq Hüseyn Saraçlı
Düşmən pıçıldadı, him-cimə düşdü,
Kim harda qırıldı, kim-kimə düşdü,
İşlər düyünləndi, tilsimə düşdü,
Sən məni Təbrizə aparammadın.
Aşıq Hüseyn Cavan
Könül, Vətən sarı havalan dedim,
Qoy görsün üzünü Savalan dedim,
Ovuna çatmasın ov alan dedim,
Mən səni Təbrizə aparammadım.
Aşıq Hüseyn Saraçlı
Tarixlər hamısı saxta yazıldı,
Yollarda qismətə şaxta yazıldı,
Ayrılıq yığvala, baxta yazıldı,
Sən məni Təbrizə aparammadın.
Aşıq Hüseyn Cavan
Gözümdən, könlümdən odlar ələdim,
Ömrümü, günümü oda bələdim,
Yetim quzu kimi yandım, mələdim,
Mən səni Təbrizə aparammadım.
Aşıq Hüseyn Saraçlı
Göz yaşım olsa da sel kimi rəvan,
Səndə nə günah var, ay aşıq Cavan!
Ədalətsiz oldu ədalət-divan,
Sən məni Təbrizə aparammadın.
Aşıq Hüseyn Cavan
Adım Cavan oldu, yığvalım qoca,
Çatmadım Təbriztək Məkkəyə, Haca,
Döndü aqibətim Mənsur Həllaca,
Mən səni Təbrizə aparammadım.
Aşıq Hüseyn Saraçlı
Saraçlı, hey yağdı həsrətin qarı,
Biz gedə bilmədik Təbrizə sarı,
Oğlumuz, qızımız gedəydi barı,
Sən məni Təbrizə aparammadın.
Söz sözü, dərd dərdi, hava havanı gətirirdi. Heç biri bilmirdi ki, bu onların həyatında axırıncı görüşü, birlikdə apardığı son məclis idi. Sazları “Şahsənəm” havasına kökləyib, bədahətən elə oradaca gələn “Təbrizdə” rədifli gəraylı üstündə qoca bülbüllərin qoşa zəngulələri Gəncədən qalxıb Göygölə, Kəpəzə sarı uçurdu ki, bəlkə bu səsdən Səhəndə, Savalana da yetişə.
Aşıq Hüseyn Cavan
Ayrılıqdan qisasımı
Alam Təbrizdə, Təbrizdə.
Sevin - şadlıq namazını
Qılam Təbrizdə, Təbrizdə.
Aşıq Hüseyn Saraçlı
Ulu Tanrım qanad verə,
Olam Təbrizdə, Təbrizdə,
Bulud kimi boşalmışam,
Dolam Təbrizdə, Təbrizdə.
Aşıq Hüseyn Cavan
Talan oldu ömrüm-günüm,
Çaş-baş düşdü qibləm, yönüm,
Ağrım-acım, səsim-ünüm,
Nalam, Təbrizdə, Təbrizdə.
Aşıq Hüseyn Saraçlı
Uzaq yollara yovuşam,
Bu dərddən, qəmnən sovuşam,
Şirin bir eşqə qovuşam,
Qalam Təbrizdə, Təbrizdə.
Aşıq Hüseyn Cavan
Hər şey yasaq Türk adında,
Mal adında, mülk adında,
Yetim qalıb Ərk adında,
Qalam Təbrizdə, Təbrizdə.
Aşıq Hüseyn Saraçlı
Yolu verən Araz ola,
Hər işimiz taraz ola,
Görüş günü bir saz ola,
Çalam Təbrizdə, Təbrizdə.
Aşıq Hüseyn Cavan
Nələr getdi, nələr qaldı,
Yaralı nəğmələr qaldı,
Quzu kimi mələr qaldı,
Balam Təbrizdə, Təbrizdə.
Deyişmə başa çatdı, çay süfrəsinə əyləşdilər. Aşıq Hüseyn Cavanı yenə həsrət dolu bir xəyal qanadlarına aldı. Xəyalında yenə Təbrizə sarı uçurdu.
Yenə fikirliydi, düşüncəliydi,
Bizə qəm şərbəti içirən aşıq.
Özü getməsə də arzularını
Bu taydan o taya keçirən aşıq.
Axtarıb dayazı, gəzib dərini,
Dağtək daşıyırdı dərdi-sərini,
Yuxuda görürdü öz şəhərini,
Fürsəti əlindən qaçıran aşıq.
Kövrək dillənirdi, fağır dururdu,
Onu dərd yıxırdı, qəm susdururdu,
Xəyaldan özünə yuva qururdu,
Təbrizi Gəncəyə köçürən aşıq.
Aşıq Hüseyn Saraçlı Borçalıda, Bolus çökəyində Saraçlıya ən yaxın kənd olan Qoçulu kəndindən toy məclisindən təzəcə qayıtmışdı. Kefi kök, damağı çağ idi. Sədri taxtda, xalı-xalçanın üstə, mütəkkəyə, balınca dirsəklənib pürrəngi çay içirdi.
Bu o vaxtlar idi ki, Qoçulu Məhəmmədin yazdığı, Aşıq Hüseyn Saraçlının “Dubeyti” havasına oxuduğu “Minaya” mahnısı düzü-dünyanı başına götürüb, dillərdə dastan olmuşdu.
Elin var Qoçulu kəndi,
Sənə deyim beşcə bəndi.
İtməz Məhəmmədin zəndi,
Gözəl sənsən, ay Minaya!
Bu söz o qədər məşhurlaşmışdı ki, bu yerlərdə kimin əlinə harda aşıq keçirdi, o saat ay aşıq, bir “Minaya”nı oxu, qulaq asaq deyirdi. Aşıqların çoxu o sözü oxumaq istəmirdi. Ona görə yox ki, sözü bilmirdi. Ona görə ki, Aşıq Hüseyn Saraçlı bu havanı o qədər həlim, gözəl və şirin oxumuşdu ki, başqası oxuyanda çox zəif bir yamsılama çıxırdı.
- * *
Aşığın ömür-gün yoldaşı Şahsənəm xanım çay süzə-süzə dedi ay kişi, sən gəlməmişdən iki-üç saat qabaq qapımıza bəy nişanlı, bəyzadə yerişli üç oğlan gəlmişdi. Durumundan-qırımından xana-bəyə layiq adamlardı. Sənə çatası bir məktub verdilər. Üstəlik dilcavabı da dedilər ki, ay ana, hörmətli aşığımıza deynən ki, biz Dərələyəz mahalından gəlmişik. O yerlərin ağsaqqalı İbrahim kişinin adamlarıyıq. O sizi dörd gözlə öz elində-obasında, ocağının başında gözləyir. Tiflisdə üç günlük işimiz var, qayıdıb gələndə sizə dönəcəyik. Əgər əlində elə vacib işi yoxdusa, bizim sözümüzü, ağsaqqalın dəvətini yerə salmasın. Onsuz da damağı çağ olan aşığın kefi bir az da kökəldi. Dedi arvad, payızın kövrək çağlarıdı. Onsuz da nə toylar qurtarasıdı, nə də mən dincələsiyəm. Bu İbrahim kişinin haqqında mən çox eşitmişəm. Deyirlər onun evi şairlərin, alimlərin, aşıqların görüş yeri, ziyarət məskənidi. Hatəm səxa bir kişidi. Özü də o yerlərdə heç olmamışam. O kişinin mənə əvvəllər də ismarıcı olub. Bu dəfə də getməsəm deyəllər ki, aşıq saymazyanalıq elədi. “Say səni sayanı, yer ilə yeksan olsa da, Sayma səni saymayanı, cahanda sultan olsa da.”
Bəli, üç günün tamamında İbrahim kişinin adamları gəlib çıxdı. Aşıq onları çox böyük hörmətlə qəbul elədi. Yaxşı bir süfrə açdı. Şahsənəm xanım dürlü-dürlü hər nemətdən süfrəyə düzmüşdü. Cavanlardan biri dedi. Ay ustad, deyillər payız ağzını qışa sarı çevirəndə sizin ən çox sevdiyiniz yemək təkənin qovurması olur, ondan varındımı, bir az biz də dadaq. Dağdan gələn cavanlar qovurmamı görməmişdilər? Onlar üçün maraqlı idi ki, görək belə şan-şöhrət sahibi olan el sənətkarının evdə günü-güzəranı, səliqə-sahmanı necədir. Aşıq dedi, oğul, əlli ildi mənim evimdə təkə qovurması olur. Qoç da sizə qurban olsun, təkə də, onun qovurması da. Elə bil qonaqların ürəyini oxumuşdu. Dedi oğul, aşığın qapısı elin qapısıdı. O, həmişə elin üzünə açıq olmalıdır. Ev də həmişə, hər şeyə hazır olmalıdır. Kişinin iti də qapısında dəmbər gərək. Sənətkarın qapısına daxil olanda həyət-bacasında, ev-eşiyində səliqə-sahman, təmizlik görmədinsə heç o evə girməsən yaxşıdı. Hər şey yerini aldı, çörəklərini yeyib, süfrəyə xeyir-dua verib qalxdılar. İlkindi vaxtı gün dağların dalına sarı əyilib, azca saraltısı qalanda özlərini Dərələyəzə yetirdilər. İbrahim kişi başqa yerlərdə, başqa məclislərdə Aşıq Hüseyn Saraçlını görmüşdü, ancaq tanışlıq verməmişdi. Səs-küyə eşiyə çıxdı, yola sarı boylananda o saat aşığı tanıdı. İbrahim kişi Dərələyəz mahalının sayılan, seçilən, hörmətli ağsaqqallarından biriydi. Aşığı həm öz adına, həm də aşığın adına layiq şəkildə qarşıladı. Qonağın ayaqlarının altında burmabuynuz, kirkirə quyruq, beli xınalı bir qoçu qurban kəsdilər.
Say-seçmə kişilərə, saz-söz qədri bilənlərə İbrahim kişinin dəvətçiləri dedi ki, cümə günü hamı bizə buyursun. Borçalıdan Aşıq Hüseyn Saraçlı qonaq gəlib.
Dərələyəzin say-seçmə kişilərindən ovçu Qəhrəman, Aşıq Bəhman, Əsgər Şahgəldiyev, Baxşalı oğlu Cabbar, Aşıq Mehti, Aşıq Mirzalı, Gəncinalıyev Gəray dəvətçilər arasında idi.
Cüməyə hələ üç gün qalırdı. Dəvət olunmayan adamlar da aşığa qulaq asmaq üçün saatları sayırdılar. Aşıq fikirləşdi ki, bu nə cür toydu. Heç bəydən, gəlindən, toydan, toyxanadan söhbət açan yoxdu. Heç nə soruşmadı. Aydın oldu ki, İbrahim kişi aşığı toya yox, əhli-ürfan kişilərin, elin-obanın görüşünə şəxsi qonağı kimi çağırıb.
Məclisin vaxtı gəldi çatdı. Hamı yerbəyer oldu. Üç gündü yağ içində böyrək kimi bəslənən, dincələn, özünə qarşı əsl ağsaqqal diqqəti görən Aşıq Hüseyn Saraçlı yavaş-yavaş sazı köynəyindən çıxartdı, nizam bir kök verdi, “Ya Allah, səndən mədəd” deyib ayağa durdu. Şair Nəbinin “Çox şükür” rədifli şerilə “Baş divani” havasına məclisi açdı.
Yazılanlar gəldi başa qələminə çox şükür,
Cümləmizə muraz verən kərəminə çox şükür.
Göydən dörd baş kitab endi, əzəl başdan “İncili”
Biz götürdük ol “Quran”ı, kəlamına çox şükür.
Şivən məşhər günüdü, yarəbb, kim çəkər zillət,
İsrafil ki, surun çalar, gəlsin nəki var millət.
İbtida əfv olundu ol hümməti Məhəmməd,
Əl götürən, dua qılan, salamına çox şükür.
Şair Nəbi eşq ucundan sərin sevdaya düşdü,
Çatıldı qıl körpü çox mömin qulları keçdi.
Quruldu haqqın divanı, yarəbb, bu necə işdi,
Biz də gəldik bu divana, divanına çox şükür.
Havanı o qədər kövrək, ləngərli başladı ki, camaatın dədəsi-babası, əvvəli-axırı, beşiyi-məzarı, toyu-yası gözünün qabağından gəldi keçdi.
Elə birinci havadan aşıq məclisi, məclis də aşığı tutmuşdu. İbrahim kişi ayağa qalxıb hamıya “xoş gəldin” elədi və üzünü aşığa tutub dedi: Aşıq Hüseyn Saraçlı, mən sözümü bir az sonra demək istəyirdim. Ancaq sən elə birinci havadan məni tərpətdin. Bu mahalın adından sənə təşəkkür edirəm ki, dəvətimi qəbul edib gəlmisən. Sənin bizə gəlişini bütün Borçalı aşıqlarının Dərələyəzə gəlişi kimi başa düşürük. Çoxdan sənin həsrətini çəkirdik. Bu məclis sənindir. Biz hamımız sənin işığına yığılmışıq. Bizi yaşat, dilləndir, gülləndir, qəlbimizi telləndir. Dünyanın halını bilmək olmaz. Qoy fələkdən oğurlanan, səninlə keçən bu günlər yaddaşlara yazılsın, tarixlərə düşsün. Xalqın gözəl bir sözü var, aşıq qardaş. Deyir, “igidi darda, taciri varda, aşığı sazda sına”. Biz səni sınağa, imtahana, sorğu-suala gətirməmişik. Yaddaşında nə var səpələ, sandığında nə var aç tök, barxananda nə var bağışla. Var əli kərəm əli, yox əli vərəm əli. Varını verən utanmaz, yoxdan verən dəlidi. Buyur, meydan sənindir.
İbrahim kişinin bu sözləri hamını kövrəltdi, məclisə elə bir sakitlik çökdü ki, qu desən qulaq tutulardı. Bu sükut müqəddəs sükut idi. Bütün düşüncəli insanlar həmişə belə sükutun həsrətində olublar. Aşıqla məclis bir ürəyə, bir cana döndü. Aşıq “baş üstə” deyib əlini gözünün üstünə apardı, başladı, nə başladı. Aşıq kimlərdən oxumadı, ilahi? Qurbanidən, Abbasdan, Kərəmdən, Qəribdən, Koroğludan, Alıdan, Ələsgərdən, Çıldırlı aşıq Şenlikdən, Fahralı Şair Nəbidən, Cəlildən, Səməd Vurğundan, Osman Sarıvəllidən. Söz-söhbət arası atmacalar da ki, məclisi nehrə kimi çalxalayırdı.
Aşıq nə az, nə çox düz bir həftə irili-xırdalı məclislərdə sözünü-söhbətini ipə-sapa düzdü, xalı kimi toxudu, ellərə ərmağan elədi. Bir həftənin tamamında Hüseyn Saraçlı Borçalıya qayıtmaq üçün İbrahim kişidən izn-icazə istədi. İbrahim kişi könül dostlarıyla bərabər elin-obanın adına layiq şəkildə aşığı qiymətli hədiyyə, dəyərli sor-sovqatla yola saldılar. Ayrılıq məqamında Aşıq Hüseyn Saraçlı üzünü qonağı olduğu başı qarlı dağlara, ona diqqət kəsilənlərə çevirdi. Görək Dərələyəzə, onun ağsaqqallarına, cavanlarına ürəyindən gələnləri “Dastanı” havası üstündə necə çatdırdı.
Aşıq Hüseyn Saraçlı
Üzünüz ağ olsun, el ağsaqqalı,
İlahi! Nur gördüm Dərələyəzdə.
Məclisi ləngərli, söhbəti şirin,
Hər sözü dürr gördüm Dərələyəzdə.
Çəkib sığalını Allahın əli,
Yerli-yataqlıdı sərvəti, ləli,
Dağları havalı, çayları dəli,
Selləri kür gördüm Dərələyəzdə.
Düzləri dolanıb, dağları aşır,
Zirvəyə baxanda xəyalım çaşır,
Bulaqlar başında qızlar qaynaşır,
Çeşməni gur gördüm Dərələyəzdə.
Göylərdən gələndi şeri, bəstəsi,
Həm səsi gözəldi, həm şikəstəsi,
Elin divanəsi, yurdun xəstəsi,
Ocağı pir gördüm Dərələyəzdə.
Qızı ismətlidi, oğlu mətindi,
Saraçlı, bu eldən doymaq çətindi,
Möcüzə Allahın, təbiətindi,
Varlığı sir gördüm Dərələyəzdə.
Hamı bu ayrılıq anlarında aşığa diqqət kəsilmişdi. İbrahim kişi möhkəm dolmuşdu. Dedi aşıq qardaş, sözün cavabı söz olar. Qoy bir söz də mən deyim, özünlə yadigar apar. Yeri gələndə məclislərdə hərdən bizi də yada salarsan.
İbrahim kişi
Aşıq, yollarına güllər döşənsin,
Qəlbini şad apar Dərələyəzdən.
Şöhrətin bir az da artdı, çoxaldı,
Ad üstə ad apar Dərələyəzdən.
Bizim görüşümüz düşsün dillərə,
Keçsin pərdələrə, hopsun tellərə,
Qoca Borçalıya, ağır ellərə,
Bir parça od apar Dərələyəzdən.
Ömrümüz çox keçib alovdan, oddan,
Qoca İbrahimi çıxartma yaddan,
Həmişə şirin ol, həmişə daddan,
Tam apar, dad apar Dərələyəzdən.
İbrahim kişinin şerə-şeriyyətə bu qədər dərindən bələd olması təsadüfi deyildi. Aşıqlar məskəni kimi tanınan, Aşıq Cəlil, Aşıq Qəhrəman, Aşıq Paşa, Aşıq Fətulla, Aşıq Məhəmməd, Aşıq Mirzalı, Aşıq Bəhman kimi ustad aşıqlar, Aşıq Mehti, Aşıq Rzaqulu kimi el şairləri yetirən Dərələyəz mahalında aşıq sənətinə həmişə tükənməz sevgi, coşqun məhəbbət olmuşdur. İbrahim kişinin Aşıq Hüseyn Saraçlıya vurğunluğu da o kökdən, o mayadan qidalanırdı. Aşıq Hüseyn İbrahim kişinin şəxsində yeni bir xəzinə kəşf etmiş, canlı bir kitab tapmışdı. O kitabı varaqladıqca varaqlamaq, oxuduqca oxumaq istəyirdi. Ona görə də el ağsaqqalının sevgi dolu şerinə elə həmin sevgi ilə də cavab verdi.
Gözüm gördü, könlüm sevdi, qulaqlarım eşitdi,
Səni əsil Dədə gördüm, Dədə İbrahim kişi!
İşığını bu yerlərə çox görməsin yaradan,
Toxunmasın varlığına zədə, İbrahim kişi!
Ərənlərin sirdaşısan, sazdı-sözdü yaşıdın,
Baş kişilər məclisində başçılardan baş idin,
Peyğəmbərdən gələn adı imam kimi daşıdın,
Çoxdan bizə gəlib çatıb səda, İbrahim kişi!
Yüz varaqla, başa çatmaz könüllərin kitabı,
Aqil olan hər suala orda tapar cavabı,
Öyrədənə, öyrənənə birə mindi savabı,
Kim istər ki, əlləri boş gedə, İbrahim kişi!
İxtiyarsan, ağsaqqalsan, çox yormağa qıymadım,
Sənli keçən günlərimi öz ömrümdən saymadım,
Görüşündən, söhbətindən, məclisindən doymadım,
Heyf, gəldi tez yetişdi vədə, İbrahim kişi!
Bu səfərdən Borçalıya Aşıq Hüseyn Saraçlı bir Dərələyəz sevgisi, Dərələyəz məhəbbəti gətirirdi. Aran Borçalıda, Dağ Borçalıda, Bağ Borçalıda yağış kimi məclislərə səpələnmək, bərəkət kimi yaddaşlarda göyərtmək üçün.
- * *
Elə-obaya, kəndə-şəhərə xəbər yayıldı ki, Aşıq Hüseyn Saraçlı Naxçıvana gəlib. Doğrudan da, Aşıq Hüseyn Saraçlı bir neçə gün idi ki, Naxçıvandaydı. Bu xəbər Şahbuz tərəflərdə Qışlaqlı Sərraf Qasıma da yetişdi. Sərraf Qasım neçə illərdi ki, Aşıq Hüseyn Saraçlının səsinə, nəfəsinə, avazına heyran olmuşdu.
Ancaq heç vaxt üzbəüz görüşməmişdi. Ona görə də fürsəti fövtə vermədi. Bu söhbəti eşidən kimi o, özünü Şahbuzdan aşığın Naxçıvanda apardığı bir toy məclisinə yetirdi. Söz adamları bir-birini çox tez tanıyır. Yüz ilin doğması kimi görüşdülər. Naxçıvanda yaxşı tanınan və sevilən, haqdan vergisi olan el şairi Sərraf Qasımla Aşıq Hüseyn Saraçlının qoşalaşması məclisə yeni bir təravət gətirdi. Sərraf Qasım Hüseyn Saraçlının gəlişi münasibətilə aldı görək ustad aşığa necə xoşgəldin elədi, Aşıq Hüseyn Saraçlı ona nə cavab verdi.
Sərraf Qasım
Ustad, yerin gözlər üstə,
Xoş gəlib, səfa gəlmisən,
O yer halal, bu yerlər saf,
Halaldan safa gəlmisən.
Aşıq Hüseyn Saraçlı
Məni gətirən gətirdi,
Can içində cana gəldim,
Nəqşi-cahan dediyimiz
Qədim bir cahana gəldim.
Sərraf Qasım
Dildə, dişdə, səsdə mənəm,
Zildə mənəm, pəsdə mənəm,
Saza, sözə xəstə mənəm,
Sən mənə şəfa gəlmisən.
Aşıq Hüseyn Saraçlı
Könlümü verdim sənətə,
Durdum haqqa, ibadətə,
Zəvvar kimi ziyarətə,
Arı kimi şana gəldim.
Sərraf Qasım
Axar suların safısan,
Eşqin Ağrısı, Qafısan,
Sən sərraflar sərrafısan,
Qasım Sərrafa gəlmisən.
Aşıq Hüseyn Saraçlı
Qara daşı ləl elədi,
Qucaq açdı, gəl elədi,
Saraçlıya əl elədi,
Ulu Naxçıvana gəldim.
Bu əlüstü deyişmədən sonra Aşıq Hüseyn sazla dediyi kimi sözlə də dedi ki, necə ola bilərdi ki, mən Aşıq Hüseyn Saraçlı olam, elləri-obaları diyar-diyar gəzəm, bu vaxta qədər Mömünə Xatunun Türbəsini, Atabəylərin yurdunu, Duz dağının şəfasını, Əcəminin naxışlarını, Batabatın gözəlliyini, Zor bulağın saflığını, Arpaçayın mənzərəsini, Əlincənin ucalığını, İlanlı dağın sərtliyini, Əshabi-kəfin möcüzəsini, Atababa Kültəpə, Qaradağlar türbələrinin qədimliyini və müqəddəsliyini öz gözlərimlə görməyəm. Bu səfər mənim çoxdankı arzum idi. Sazın ən şirin və ləngərli havalarından olan “Naxçıvani” havasının səsi-sorağı məni bu yerlərə gətirdi. Aşıq Hüseyn Saraçlı bir az çay süfrəsi arxasında söhbətləşəndən sonra, ağsaqqalların xahişi ilə yenidən ayağa durdu. Amma məclisdə əyləşənlərin ona qarşı diqqəti, marağı, məhəbbəti aşığı elə kövrəltmişdi ki, Ələsgər demiş “çaylar kimi çağlamaq” eşqinə düşmüşdü. Elə bu eşqlə də sözə-söhbətə başladı:
Meydana çağırar sənətkarını,
Eşqini dillərdə bir dastan eylər.
Dünəni bu günlə qucaqlaşdırar,
Bir dövrün içində min dövran eylər.
Çiçəyi, yarpağı sevdirər bizə,
Hər gülü, hər bağı sevdirər bizə,
Yarpağı, torpağı sevdirər bizə,
Bir damla sevinci bir cahan eylər.
Coşar gözəlləri heyran görəndə,
Sağalar dərdinə dərman görəndə,
Elləri bir ürək, bir can görəndə,
Tellər qucaqlaşıb canhacan eylər.
Saraçlı Hüseynəm, nurlu danım var,
Hər teldə, pərdədə ruhum, canım var,
Harda “Sərili”m var “Naxçıvanı”m var,
Orda bayramını Naxçıvan eylər.
“Naxçıvan” havasına çox böyük şövqlə aşığın oxuduğu bu söz məclisi yerindən oynatdı, “əhsən, afərin” sədaları buludları titrətdi.
Aşıq Hüseyn Saraçlının məclisdə yaratdığı heyrət Sərraf Qasımı yerindən oynatdı. Ayağa durub məclisə müraciətlə dedi:
Kişininki gərək haqdan verilə,
Nərəyə bax, elə bil ki, kürdü, kür.
Avaza bax, ovsuna bax, sehrə bax,
Söhbətə bax, elə bil ki, dürdü, dürr.
İki qardaş dayanmışıq göz-gözə,
Yaraşıqdır fikir-fikrə, söz-sözə,
Hər dastanı ilahi bir möcüzə,
Kökdü, zatdı, qədimlikdi, pirdi, pir.
Şair Nəbi, aşıq Şenlik ziyası,
“Əsli Kərəm”, “Aşıq Qərib” mayası,
Dilindədi yaradanın duası,
Zirvələrin seli kimi gurdu, gur.
Sazdı-sözdü saniyəsi, saatı,
Yaraşığı qoşma, təcnis, bayatı,
Aşiqlərin ömrü-günü, həyatı,
Aydı, Gündü, çilçıraqdı, nurdu, nur.
Sərraf Qasım düşdü səsin izinə,
Qulaq asdı, işıq gəldi gözünə,
Belə dolu, belə zəngin xəzinə,
Yaradanın özü bilən sirdi, sir.
Halal sevgilərin alqış payından Sərraf Qasıma da çatdı. Məclis birə-min gözəlləşdi. Şirin məclislər bir-birini əvəz edirdi. Ağsaqqalların arzusuyla məclisin birini də Şahbuzun Kolanı kəndində Əsgərxan kişinin evində qurdular. Dərələyəzdən köçüb Şərurun Danyik kəndində yaşayan Aşıq Həmid, Aşıq Hidayət, Aşıq Fərrux Hüseyn Saraçlının sorağına gəlmişdilər. Naxçıvan aşıqlarından Aşıq Fətullahın (Aşıq Fətulla Aşıq Mehdinin doğma dayısıdır. Köçüb Naxçıvanda yaşayırdı. Dərələyəzin Herher kəndindəndir), Aşıq Qulunun, Aşıq Həsənin, Aşıq Məhəmmədin, Aşıq Əlinin, Aşıq Abdullanın adları dillərdə yenidən qanadlanır, hər biri ilə bağlı şirin xatirələr, gözəl söhbətlər könüllərə sazın-sözün sehirkar havasını gətirirdi.
Əsgərxan kişi elin hörmətli, sayılan-seçilən adamlarından idi. Hüseyn Saraçlının Naxçıvana gəlişinin əsas səbəbkarı da o kişi idi. Saz-söz xiridarı, aşıq vurğunuydu. Bir neçə dəfə Saraçlıya gedib-gəlib aşıqla möhkəm dost olmuşdu.
Şükür haqqa, şirin keçdi görüşlər,
Qan damara, damar qana yetirdi.
Məhəbbətin qanadları açıldı,
Qəlbi qəlbə, canı cana yetirdi.
Aşıq dindi, şux bülbüllər lal oldu,
Bir havada dinən min bir xal oldu,
Simlər üstə barmaqları bal oldu,
Hər havadan bir nişana yetirdi.
Kim söhbətə vurğun oldu, kim saza,
Bu tarixi kimi yarada, kim yaza,
Salam gəldi Borçalıdan Şahbuza,
Saraçlını Əsgərxana yetirdi.
Məclis başa çatandan sonra saz-söz vurğunu olan bir neçə cavan aşığın ürəyindən keçən arzuları canla-başla yerinə yetirdilər. Naxçıvanda olan ocaqları, pirləri, ziyarətləri, türbələri, tarixi abidələri gəzdirib, hər birinin tarixiylə onu halı elədilər. Aşıq burda da böyük el sevgisi, xalq məhəbbəti görüb murazına çatmışdı. Artıq getmək vaxtı yaxınlaşırdı. Həvəskarlar aşıqdan ayrılmaq istəmirdilər. Saatın əqrəbini saxlamaq, buludun ətəyindən dartmaq, küləyi cilovlamaq mümkün olmadığı kimi zamanı dayandırmaq da imkan xaricində idi.
Aşıq Hüseyn Saraçlı Naxçıvandan ayrılırdı. Vaxt hökmünü verirdi. Sağollaşmaq, vidalaşmaq, halal-hümmət hamısı başa çatanda Aşıq Hüseyn Naxçıvanın başı qarlı dağlarına boylanıb son sözünü belə tamamladı:
Yüz də danış sonluğu yox, sonu yox,
Tükənməzdi bu məkanın dastanı,
Fürsət tapıb tarixlərə yazsalar,
Bir dünyadı hər insanın dastanı.
Qoca tarix hər daş üstə qazılmaz,
Yaddaşlara yazılanlar pozulmaz,
Hər oğulun qismətinə yazılmaz,
Şan-şöhrətin, adın-sanın dastanı.
Türbə gördüm, türbə ətri qoxudum,
Sazdan, sözdən ona xalı toxudum,
Tarixlərdə çox dastanlar oxudum,
Atabəydi bu meydanın dastanı.
Bu yerlərdə neçə-neçə ozan var,
Bir mətləbi min-bir yerə yozan var,
Hər dastanı yaradan var, yazan var,
Mənim oldu bu zamanın dastanı.
Saraçlıyam qayğı gördüm elində,
Səsə döndüm pərdəsində, telində,
Dünya görmüş bir aşığın dilində,
Min-bir oldu Naxçıvanın dastanı.
- * *
Sürgün... XX əsrin 90-cı illəri idi. Günlərin birində dostlar məni Qazaxıstanın Çu vilayətinə dəvət eləmişdilər. 15 günlük səfərimdə gözüm nələr gördü, qulağım nələr eşitdi. Otuzuncu illərdə Azərbaycandan sürgün olunanlar. Ağlayanlar-gülənlər-sevinənlər, göz yaşı tökənlər. Ürəyi gedənlər. Sazımın tellərində, sözümün qanadında uçanlar... Bir-bir gələnlər tanışlıq verir, adlarını, nəsillərini, hardan gəldiklərini deyir, özlərini təqdim edirdilər. Gələnlərin içində bir nəfər uca boylu, nazik bədənli, ala gözlü, ağ saçlı, bəy yerişli bir kişi mənə yaxınlaşıb əlimi sıxdı, məni öz doğma balası kimi bağrına basdı.
Adını soruşdum, “adım Sürgündür” - dedi. Sürgün adında adama birinci dəfədir rast gəlirəm - dedim. Mənim sözüm kişini talan olmuş şəhərə döndərdi. Gözlərini uzaqlara zilləyib, fikirli-fikirli sözə başladı.
Ay qardaşoğlu, bizi otuzuncu illərdə Füzuli rayonunun Kərimbəyli kəndindən sürgün ediblər. O kənd mənim babam Kərim bəyin adını daşıyırdı. Mən həmin Kərim bəyin nəvəsiyəm. Şura hökumətinin taxtı tarac olsun, yəhəri qanla dolsun, qan üstündə qurulmuşdu. Varımızı-dövlətimizi əlimizdən almaqla ürəyi soyumadı, gözü doymadı, üstəlik bizi də Qazaxıstana sürgün elədi. Cənnətdən cəhənnəmə, çeşmələrin gözündən ilan mələyən qumlu səhralara düşdük, oğul. İndi nə var, buraları cənnətə döndərmişik. Yollarda qırılan qızıldı, ölən öldü, itən itdi, batan batdı. Atamın, qardaşımın, bacılarımın hamısının meyiti çöllərdə qurda-quşa yem oldu. Düz-əməlli basdıra da bilməyiblər. Sürgün qatarı Azərbaycandan tərpənəndə mən anamın boyunda olmuşam. Qatar Qazaxıstana çataçatda mən elə qatarda anadan olmuşam. Anam mən dünyaya gələndən bir həftə sonra dünyasını dəyişib.
Sürgün!
Yetimlik!
Qəriblik!
Yoxsulluq!
Hamısı birdən döyüb qapımızı. Yazıq nənəm ağlaya-ağlaya adımı “Sürgün” qoyub. Ömrümüz boyu burda ölənimizə, orda itənimizə ağlamışıq. Nə ölən dirilib, nə itən tapılıb. İndi sənin gəlişini eşidəndə elə bil camaatın üstünə gün doğdu. Sən təkcə özünü gətirməmisən. Qarabağı, Şuşanı, Qoşqarı, Kəpəzi, Kərimbəylini, Azərbaycanı bizə gətirmisən, oğul. Barmaqların, sazın, sözün, avazın var olsun, mənim balam.
Sürgün... qapıları bağlayan, ocaqları söndürən, ilikləri donduran, sümükləri göynədən, insanı dirigözlü öldürən, ətini yeyib, qanını içən yeddibaşlı əjdaha, zəhərli səhra ilanı, qudurmuş it, ac canavar, vəhşi donuz...
Azərbaycanın hər yerində olduğu kimi sürğün Qazax mahalının Əskipara kəndindən də yan ötmədi. Əskiparadan da sürgünlər başladı.
Eldə-obada mərd və sərt kişi kimi tanınan Əskiparalı aşıq Qurbanın nəslini, Məmmədağanın nəslini də Qırğızıstana sürgün elədilər.
İndi sizə hardan deyim, kimdən danışım əsli Əskiparadan olan, sürgündə yaşayan Bimar təxəllüslü, Mehralı adlı bir el şairindən. O Bimardan ki, günlərin birində ürəyi qübar eləyib, qəlbi şan-şan olanda Aşıq Hüseyn Saraçlını yadına salıb, onun ünvanına şeirlə belə bir məktub yazmışdı:
Şər qarışar, şölə düşər çırağa,
Çıraq ağlar, ah-zar ağlar, şam ağlar.
Şam gecə alışar, gecələr yanar,
Amma mənim gözüm sübhi-şam ağlar.
Ayrılıq canıma necə güc eylər,
Sındırıb qəlbimi əyər, kəc eylər,
Çəkilməz dərdimi biəlac eylər,
Gözüm qürbət eldə hər axşam ağlar.
Çox sonalar ayrı düşüb gölündən,
Zəhər yedik ayrılığın əlindən,
Çünki ayrı düşüb yarın elindən,
Bimar ağlar, divar ağlar, dam ağlar.
Sən demə bu şeir təkcə sürgünlə, həsrətlə bağlı deyilmiş. Bimar Mehralı şirin yuxuda yatdığı yerdə ona Tiflisdə Gülnar xanımı buta veriblər. Yuxudan ayılan kimi bir bayatı çəkir.
Mən aşıq birəm, birəm,
Qar düşər birəm-birəm.
Qadir Allah, kömək ol,
Qürbətdə birəm, birəm.
Allah min dərd veribsə, min bir də dərman verib deyillər. Ulu Tanrı Bimara kömək olur. Gəlir qoca Tiflisə, Şeytanbazarda aşıqların çalıb-oxuduğu, köhnə kişilərin dıraxdın dediyi bir çayxanaya daxil olur ki, adı çayxana olsa da aşıqların, xanəndələrin, saz-söz adamlarının cəm olduğu görüş, əhdi-peyman yeri kimi bu yer Tiflisdə çox məşhur imiş.
Dərdi olan özünə bir dərdmənd axtarar. Çayxanada fikir verir gələnlərə, gedənlərə, əyləşənlərə. Nəsə gözü bir ağsaqqalı tutur. Fikirləşir ki, bu adama ürək qızdırıb, dərd açmaq, sirr demək olar. Tanış olurlar. Kişi doğrudan da danəndə bir kişi olur. Məsləhət görür ki, bu işdə sənə ancaq Aşıq Hüseyn Saraçlı kömək edə bilər. Bimarın yanına bir bələdçi qatıb onu hörmətlə Saraçlı kəndinə yola salır. Özünə də tapşırır ki, oğul, mənə Tavad Süleyman deyəllər. Al, bu da mənim ünvanım. Bu işdə nə çətinliyin olsa, tükümü yandır, yanında hazıram.
Bimar Mehralı gəlirdi Saraçlı kəndinə. Məsələdən halı olan Aşıq Hüseynin uçmağa qanadı olmadı. Bir-birini yüz ilin həsrətlisi kimi bağrına basıb, öpüşüb görüşdülər. Çünki aşıq Hüseyn Saraçlı Bimardan məktub alandan sonra onun şeirlərini məclislərdə həvəslə, yanğıyla oxuyurdu. İndi həmin adam öz ayağıyla gəlib onun evinə çıxmışdı. Bimar Mehralı bir həftə aşığın əziz qonağı olandan sonra gəlişinin mətləbini Aşıq Hüseyn Saraçlıya çatdırır, görək necə çatdırır:
Bir alagözlünün sorağındayam,
Axşam axtarıram, səhər gəzirəm.
Xeyirxah bəndəsən dedilər mənə,
Səndən bir xeyirli xəbər gəzirəm.
Dağı parçalayar, qayanı çapar,
Sevən sevgisini Kəbə tək yapar,
Atalar buyurub axtaran tapar,
Mən də kənd axtarıb, şəhər gəzirəm.
Düşdüm cığırlara, düşdüm izlərə,
Sevginin qüvvəti gəldi dizlərə,
Bimaram baş vurdum göy dənizlərə,
Dənizin dibində gövhər gəzirəm.
Aşıq Hüseyn Saraçlı Bimarın butasının, sevgisinin kim olduğunu, harda olduğunu bilən kimi ürəkdən şad oldu, görək Bimara nə cavab verdi:
Bu sevgi xəstəsi, yollar yorğunu,
Sıxmasın qəlbini kədər, darıxma.
Yaradan yar olar haqq aşığına,
Getməz bu zəhmətin hədər, darıxma.
Neçə toy-düyünə olmasam aşiq,
Neçə ürəklərə salmışam işıq,
Üz tutub yanına gəldiyin aşıq
Sabah elçiliyə gedər, darıxma.
Gəlmisən evimə xoş niyyət ilə,
Qəlbində tükənməz məhəbbət ilə,
Hüseyn Saraçlı el adətiylə,
Özü toyunuzu edər, darıxma.
Bimar oldu Kərəm, Aşıq Hüseyn Saraçlı oldu onun Lələsi.
Tavat Süleymanı tapdılar. Bimarın sevgilisi Gülnar xanımın harda yaşadığını öyrəndilər, elçi getdilər. Aşıq dili yüyrək olar. Nişan taxıldı, toy çalındı.
Sevgililər şəhəri qoca Tiflis Qəribi Şahsənəmə necə qovuşdurmuşdusa, Bimarı da Gülnar xanıma eləcə çatdırdı. Tavad Süleyman xərcini çəkib öz doğma balaları kimi sevgililərə üç gün, üç gecə məclis qurdu. Qəribin könlü şad oldu. Gülnar da murazına çatdı. Bimarla Gülnar bir-birinə qovuşandan sonra Aşıq Hüseyn Saraçlının sevinci yerə-göyə sığmadı. Elə bil təzəcə dünyaya gəlmişdi.
Bimar Mehralı sevgilisini də götürüb Qırğızıstana qayıtdı. Aradan iki il keçmişdi. Saraçlıya Bimardan yenə bir məktub gəldi. Aşıq Hüseyn Saraçlını oğlunun sünnət toyuna dəvət edirdi. El şairi məktubunu belə yazmışdı:
Qürbət eldə oğlum olub,
adını qürbət qoymuşam,
Ay Saraçlı, məndən ötrü
gəl qürbəti Vətən elə.
Bas bağrına telli sazı,
candan çıxsın ağrım-acım,
Həsrətimi, kədərimi,
ölən elə, itən elə.
Yerin qəlbi daşa dönüb,
dağ da susub, daş da susub,
Ağlamaqdan, yorulmaqdan
gözümdəki yas da susub.
Ürəyimi aça bilmir,
yaz da susub, qış da susub,
Lal dilimə bir nəğmə ver,
bülbül kimi ötən elə.
Ağac kimi bar gətirib,
meyvə kimi dərilərəm,
Qədəmlərin dəyən yerə
palaz olub sərilərəm.
Qəbrim olsa baş qaldırram,
ölmüş olsam dirilərəm.
Mətləbimə yetir məni,
murazıma yetən elə.
Hər sətrindən həsrət yağan, göz yaşı tökülən belə bir məktubdan sonra getməmək olardımı? Bəlkə də Bimar Mehralı adında adam heç yox idi bu dünyada. Bimar şəklində onu qədim Türküstana Manasın, Kaşğarlı Mahmudun, Əhməd Yəsəvinin, Balasaqunlu Yusifin, Əmir Teymurun, Yunus İmrənin, Nəvainin, Abayın, Məxtumqulunun, Mollanəpəsin ruhları çağırırdı. O ruhlar ki, min illər boyu Altaydan Anadoluya, Doğudan Batıya at minib, qılınc oynadıb, qamçı çəkib türkün ruhunu yaşatmışdı. Ruhu ölməyə, nəğməni susmağa, səsi kəsilməyə, sazı kiriməyə qoymadı. Bu yerdə ozanlar ozanı Hüseyn Saraçlı Qazax türkü, səhralar nəğməkarı Abayın misralarını xatırladı.
Sərvətə dəyişdi çoxu nəğməni,
Hər kəs duya bilməz axı nəğməni.
Alçaq adamlara nəğmə yaraşmaz,
Ruhu olanlarçün oxu nəğməni.
Axı onu yoldan keçən təsadüfi bir adam yox, ağac kimi kökündən qoparılan, əti dırnaqdan, közü ocaqdan, başı papaqdan, sözü dodaqdan ayrılan, Vətən deyəndə, Azərbaycan deyəndə bağrı köz-köz olub yanan qərib bir şair-eloğlu çağırırdı.
Bəli, Aşıq Hüseyn Saraçlı Türküstana gedirdi. Çiynində saz: sinəsinin altında ozan ürəyi. O, tək getmirdi, sazla gedirdi, sazla. Əlifbadan qabaqkı, yazıdan əvvəlki dünyanın yadigarıyla. O, sazı aparmaqla Azərbaycan türklərinin yaddaşını, Dədə Qorquddan dədə Şəmşirə, Dədə Əmraha qədər bütün ozanları Türkün qədim Vətəninə aparırdı. Sazın yetmiş iki havasını aparırdı. Nədir bu yetmiş iki hava? Bəlkə Türk adlanan nəhəng ağacın yetmiş iki budağını aparırdı. Hər budağın öz meyvəsi, hər meyvənin öz dadı-tamı. Havalarımızın adına baxın. “Dilqəmi”, “Yanıq Kərəmi”, “Hicranı”, “Qürbəti”, “Zarıncı”, “Dol Hicranı”. Hansı havaya əl vurursan ondan dərd tökülür, od-alov yağır, atəş püskürür, göz yaşları süzülür. Qürbətdə doğulan körpələrə verilən adlara baxın. Bimar, Qərib, Qürbət, Hicran, İntizar, Sürgün, Əfqan, Fəqan...
Qatar şütüyürdü, sürünürdü, hayqırırdı, səhraları başına götürmüşdü. Hərdən hirsi tutan atlar kimi yerindən tərpənmir, yerindəcə silkələnirdi, hərdən palçığa batmış camış kimi yerində yırğalanırdı, hərdən də qış yuxusuna getmiş ilan kimi səhrada qıvrılıb yatırdı. Bu qatarda Vətəndən qürbətə qəribləri sevindirməyə gedənlər çox idi. Onlardan biri də Aşıq Hüseyn Saraçlı idi.
(Davamı növbəti saylarımızda)
Bəli əzizlərim, söhbət elə şirin oldu ki, heç bilmədilər ay hardan gəldi, gün hardan getdi, hansı ildi, hansı gündü, hansı saatdı. Bir də gözlərini açdılar ki, şər qarışıb, şamlar yanıb, hər kəs öz evinə-ocağına çəkilib. Söz kəsib, ilqar alıb, ilqar verdilər, əhdi-peyman bağladılar. Yerlə-göy kimi bir-birini bağrına basıb qucaqlaşdılar. Ayrılıq vədəsiydi, getmək vaxtı gəlib çatmışdı. Hüseyn qızdan ayrılmaq istəyəndə gördü nə ayaq yeriyir, nə ürək getmək istəyir. Addım atmaq istədi, ayaqları sözünə baxmadı. Gül bülbüldən, arı çiçəkdən, kəklik qayadan, çəmən çeşmədən ayrıla bilirmi ki, Hüseyn də dağlar gözəlindən ayrıla. Hüseynin ürəyi cuşa gəldi, qəlbinə təsəlli vermək, ürəyini saz üstündə dindirmək üçün aldı görək sevgilisi ilə necə halal-hümmət elədi.
Hüseyn
Gözəllərin zər gözəli,
Nigaran qoymaram səni,
Yaylaqların tər gözəli,
Nigaran qoymaram səni.
Şahsənəm
Sözlərinə canım qurban,
Get oğlan, gözlərəm səni,
Sənə din-imanım qurban,
Get oğlan, gözlərəm səni.
Hüseyn
Haqqa qulaq asa-asa,
Uzaq yollar basa-basa,
Dönərəm Xızır İlyasa,
Nigaran qoymaram səni.
Şahsənəm
Şahsənəməm süslənərəm,
Nəğmə kimi səslənərəm,
Bir can kimi bəslənərəm,
Get oğlan, gözlərəm səni.
Hüseyn
Sənə verib dağ-binəmi,
Meydan edərəm sinəmi,
Hüseynin Şahsənəmi,
Nigaran qoymaram səni.
Bəli əzizlərim! Hüseyn bu gecəni Cücəkəndində gecələdi. Amma bu gecə o gecələrdən olmadı, Hüseyn üçün hər dəqiqə bir il qədər uzun çəkdi. Üstümüzə xeyirli sabahlar açılsın. Elə ki, səhər açıldı, Hüseyn Qurban kişiyə minnətdarlıq edib yola düşmək istəyəndə Qurban kişi dedi oğul, dünən toyda camaatla qaynayıb-qarışmağın çox xoşuma gəldi. Sənə bir at bağışlayıram. Halalın olsun, min çap, bu saat sənin köhlən atları yoran çağlarındı. Hüseyn Qurban əmiyə razılıq edib atı mindi. Halal-hümbət edib yol başladım dağdan arana doğru. Öz-özümə fikirləşdim ki, bu nə uğurlu səfər oldu. Hələ kişinin xəbəri yoxdu ki, mən onun qızına, qız da mənə aşiq olub. At muraz deməkdi. Yəqin ki, mindiyim bu at məni murazıma çatdırmaq üçün çox yollardan keçməli olacaq. Bəli, at doğrudan da yerimirdi, uçurdu, elə bil yeldən qanad taxmışdı, elə bil Saraçlıda balası qalmışdı. Könlü havalı, başı alovlu özümü yetirdim kəndimizə. Kəndə çatanda yadıma düşdü ki, atı yolda bircə dəfə sulamışam. Ata qarşı qəddarlığıma görə özümü danladım ki, sən necə qıydın ki, bu boyda yolu birnəfəsə sürüb gəldin. Axı, o sənin murazındı, innən belə gərək onu göz bəbəyi kimi qoruyasan. “At igidin qardaşıdı” sözünü Koroğlu elə-belə deməyib. Atın ürəyini almaq üçün yalmanına sarılıb, gözlərindən öpdüm. Anam məni görən kimi özünü saldı üstümə. Ay bala, Allah mənə ölüm versin. Yuxumu yaman qarışdırmışdım. Neçə gündü səndən nigaran qalmışam. Hardasan, gəlib çıxmırsan?
Hüseyn göylərdə süzən qartala dönmüşdü. Bir bəhanə gəzirdi çalıb oxumaq üçün. Sazı sinəsinə basıb dedi: Ay ana, gördüklərimi dilnən desəm dilim od tutub yanar, icazə ver mətləbimi saznan deyim, hara getmişdim, niyə getmişdim, kimin yanına getmişdim.
Ər kişilər meydanından gəlirəm,
O məclisdə yaxşı dəmi görmüşəm.
Ürəyimdə eşq adlanan dərya var,
O dəryada üzən gəmi görmüşəm.
Çiçək olub baharında, yazında,
Ərimişəm baxışların nazında,
Sevənlərin könül adlı sazında,
Enib qalxan zili-bəmi görmüşəm.
Çəkəmmərəm ayrılığın yasını,
Silməliyəm ürəyimin pasını,
Sevib-seçib gözəllərin xasını,
Cücəkənddə Şahsənəmi görmüşəm.
Hüseynin ürəyi dolmuşdu. Aldı görək anasına daha nə dedi.
Ruhum havalandı, qəlbim qaynadı,
Söz düşdü, dodaqdan-dodağa gəldi.
Hələ bu sərhəddi keçmə, dedilər,
Sevgiylə bu yerdə qadağa gəldi.
Baş verdi sinədə nar qoşalaşdı,
Zirvə qoşalaşdı, qar qoşalaşdı,
Tale fürsət verdi, yar qoşalaşdı,
Mən dağa qalxanda, o dağa gəldi.
Eşqimin sərdarı, sultanı mənəm,
Dillərin ən şirin dastanı mənəm,
Töksələr qanımı qurbanı mənəm,
Canım yar yolunda sadağa gəldi.
Anası Yetər qarı - ay oğul, bir əməlli-başlı başa sal görüm gördüyün qız kimin qızıdı, hardan aldın onun sorağını, adını hardan eşitdin ki, gedib onu tapdın. Hüseyn: - Ana, mənim sevdiyim qız atamın dostu Cücəkəndli Tomarrı Qurban kişinin qızıdı. Söz Hüseynin ağzından çıxdığınnan Yetərin özündən getməyi bir oldu. Bu ilmi ölübsən, bildirmi. Birtəhər üzünə su səpib arvadı ayıltdılar. Ayılan Yetər ananı elə bir ağlamaq, elə bir hönkürtü tutdu ki, gəl görəsən. Səsini el-oba eşitməsin deyə arxa otağa çəkildi. Az qaldı bu mənzərədən Hüseynin başına hava gəlsin. Gözlədi ki, qoy anası sakitləşsin, sonra bu işdən agah olsun. Bir az keçəndən sonra Hüseyn ehtiyatla, qorxa-qorxa soruşdu ki, ana, ağzımı açmamış məni niyə peşman elədin. Xeyir-dua vermək əvəzinə göz yaşı tökürsən. Oğlunun sözünə cavab verməyən ana dərin bir xəyala daldı. Fikri-xəyalı bir neçə il əvvələ getdi...
Onda hələ Qurban kişi güllələnməmişdi. Ailə, oğul-uşaq, dağ-binə, el-oba hamısı yerli-yerində idi. Hələ 37-nin qanı heç kəsin üstünə sıçramamışdı. Saraçlı Qurbanın köçü yaylaqdan təzəcə arana enmişdi. Günlərin bir günü Qurban kişi evdə aranı xəlvət görüb ömür-gün yoldaşı Yetər xanımı yanına çağırdı.
- Arvad, sənə bir sirr açmaq istəyirəm. Amma gərək bu arzumuz yerinə yetənə qədər söhbət ikimizin arasında qalsın.
Sözlü adama oxşayan Qurban kişinin gözlərindən xoşbəxtlik yağırdı.
Yetər qarı: “Buyur”, - dedi, - “ay kişi, Allah xeyir eləsin”.
- Ay Yetər, yadındadımı, Cücəkənddə Tomarrı Qurbanın dağda oğullu-uşaqlı bizim alaçığa qonaq gəlməyi?
Yetər qarı: “Bəli, yadımdadı ay kişi, xeyir olsun?”
- Xeyir olmamış nə olasıdı, Allahdan danmadım, səndən nə danım, Qurban kişinin beş-altı yaşlı Şahsənəm adlı bir qızı var idi. Mən ona çox diqqətlə fikir verirdim. O gələcəyin ən gözəl gəlini olacaq. Kimin evinə düşsə dirəyi qızıldandı. Onu indidən Hüseyn üçün gözaltı eləmişəm. Qız ağacı, qoz ağacı, hər gələn bir daş atar. Göz-qulaq ol, vaxtı çatar-çatmaz o qıza elçi gedəcəyəm. Nə deyirsən?
- Boy ay kişi, o günə qurban kəsərəm, niyyət orucu tutaram, yetimlər sevindirərəm. Sənin adın da Qurbandı, o qızın atasının adı da. Allah yazmayıbsa, iki Qurbanı bir-birinə qohum-dost-arxa yazsın. O gündən Saraçlı Qurban Şahsənəmi evinə gəlin gətirmək üçün ayları, illəri, saatları sanayır, hərdənbir bu söhbəti Yetər xanıma xatırladırdı. Ancaq bizim bilmədiyimiz işlər var. O ancaq Allahın əlindədi:
Nə saydı,
Çox nəs gündü, nəs aydı,
Mən nə saymaq istədim,
Gör bir fələk nə saydı.
İndi Allahın işinə baxın ki, özü həyatda olmayan Qurbanın arzuları həyata keçirdi. Yetər ananı ağladan, kövrəldən Hüseynin özündən xəbərsiz atasının ən gözəl arzusunu yerinə yetirməsiydi.
Yetər xanım xəyaldan ayrılıb oğlunun boynunu qucaqladı. Hüseyn yerində donub qalmışdı. Bayaqkı göz yaşı, hönkürtü nəydi, indiki sevinc nəydi. Ana fikrindən keçənləri oğluna danışanda ana-balanı yenidən ağlamaq tutdu. Gözlərinin yaşı bir-birinə qarışdı. Yetər xanım oğlunu sakitləşdirib dedi: Oğul, bu gün bu xəbərdən Qurbanın ruhu şad olacaq.
Necə demişdilər, elə də elədilər. Qəbir üstə Quran oxundu, Allah kəlamı səsləndi. Hüseyn dedi, ay ana, Allaha da qurban, onun kəlamına da, izn-icazə ver atamın məzarı başında sinəmə bir neçə kəlmə söz gəlib, mən də bir övlad sözü, bəndə kəlamı oxuyum.
- Buyur, oğlum, atan güllələnəndə sənin on üç yaşın vardı. Ürəyində nə varsa, qızırqalanma, de gəlsin. Qoy ömrü vaxtsız qırılan kişinin qolları-budaqları, oğul-uşağının arzuları, ümidləri qırılmasın.
Hüseyn atasının məzarı başında dolan buluda, yağan yağışa, axan selə dönmüşdü. Sevinclə-kədər, ölümlə-həyat gənc Hüseynin ürəyində qoşa dağlar kimi baş-başa vermişdi. Atasız keçən günlərini gözünün önündən keçirib, asta-asta, qəmli-qəmli “Zarıncı” havası üstündə oxumağa başladı.
Ata, ayrılığın yaman ağırmış,
Ağladım, gözümü yaşlar apardı.
Sənsiz talan olmuş xırman yeriyəm,
Daşıdı dənimi quşlar apardı.
Qaçsam da dünyanın qəm, kədərindən,
Bağrım dağ-dağ oldu min bir yerindən,
Dərd öz kotanını çəkdi dərindən,
Şumladı sinəmi xışlar apardı.
Yağdı saçlarıma həsrətin qarı,
Heç oldu gözümdə dünyanın varı,
Yeriyə bilmədim qəbrinə sarı,
Süründüm dizimi daşlar apardı.
Nisgilli bir ürəyin ata haqqında söz-söhbəti qurtarmadığı üçün Hüseyn sözün varağını çevirib ikinci qoşmaya keçdi. Görək öz sevgisi üçün atasından necə xeyir-dua istədi.
Sən deyən gözələ aşiq olmuşam,
İzin ver sözümü deyim, ay lələ!
Günah tutmuşamsa keç günahımdan,
Görəndə qalmadı heyim, ay lələ!
Göydən bəla gəlsə məndən ötürməz,
Atım yüyrək olub, bəxtim gətirməz,
Sənsiz toy eləsəm Allah götürməz,
Sızıldar kamanım, neyim, ay lələ!
Qıvrılır ürəyim, doğranır içim,
Əmrinə hazırdı karvanım, köçüm,
Rəva görürsənmi, qəm seli içim,
Dərdi çörək kimi yeyim, ay lələ!
Sənsiz ala gözlü pərim ah çəkər,
Basılar meydanda nərim, ah çəkər,
Torpağın üstündə yerim ah çəkər,
Qan ağlar, yaş tökər göyüm, ay lələ.
Sən mənim dünyamsan, mənə dünya ver,
Mən damla istəsəm, sən bir dərya ver,
Gəlmişəm, bu işə xeyir-dua ver,
Sultanım, əfəndim, bəyim, ay lələ!
Ana-bala gözlərinin yaşını, ürəyinin sözünü boşaldıb, bir az yüngülləşib, soluqlarını alıb qəbiristanlıqdan ayrıldılar.
Evin darvazasından içəri girəndə arxadan bir səs gəldi. Geriyə boylandılar, heç kəsi görmədilər. Addım atmaq istəyəndə o səs bir də eşidildi. Hüseynin tükləri biz-biz oldu. Yerindəcə quruyub qaldı. Səs Qurban kişinin səsiydi. Bu səs yerdənmi çıxdı, buludların arasındanmı endi, daşı-qayanımı tərpətdi, qəbrin sinə daşındanmı qalxdı? Səsi Yetər xanım da, Hüseyn də çox aydınca eşitdilər. Bu həmin səs idi ki, neçə il qabaq Qurban kişi Yetər xanıma Şahsənəmin söhbətini eləmişdi. Bu gün həmin səs də murazına çatmışdı. Bu xəbərə görə arvadına da, oğluna da gözaydınlığı verirdi. Hüseyn evdə anasından ayrılıb bu səsin dalınca səssiz-səmirsiz birbaşa düz qəbiristanlığa gəldi. Atasının məzarına diqqətlə baxdı. Gördüyündən heyrətə gəldi. Başdaşı bir az qəbrə sarı əyilmişdi. Qəbrin üstündəki torpaq bir neçə yerindən çat vermiş, xırda yarıqlar əmələ gəlmişdi. Bu mənzərə heç vaxt Hüseynin gözlərinin önündən getmədi, ömrü boyu da bu sirri heç kəsə açmadı. Nəydisə özüylə o dünyaya apardı.
Nəysə...uzatmayaq. Aşıq dili yüyrək, aşıq könlü köyrək olar. Aylar, illər gəldi keçdi. Hüseynin dostu Qara Osmanın ağsaqqallığı ilə Saraçlıdan Cücəkəndinə elçilər getdi. Razılıq çayı içildi, üzük taxıldı. Elçilikdən qayıdan kişilər elə bil ki, o yaylaqların nəki gülü-çiçəyi, ətri-təravəti var, hamısını dağ Borçalıdan bağ Borçalıya, Saraçlıya gətirmişdilər. Öz sevgisinə qovuşmağa can atan Hüseyn bu xəbərdən göydə uçan quşa döndü. Anasının əllərini öpüb gözlərinin üstünə qoydu. Bağrına basdı. Bu yerdə görək ana-bala bir-birini necə saza-sözə tutdular, nə dedilər.
Anası
Sənə də qurbanam, Şahsənəmə də,
Hər arzun açılan gül olsun, oğul!
Əlin daş görməsin, ayağın tikan,
Yolların ipəkdən tül olsun, oğul!
Hüseyn
Könül sevindirib, ürək açmağa,
Dualar dilində bol olsun, ana.
Sevincdən, sevgidən, nurdan, işıqdan,
Bütün ürəklərə yol olsun, ana!
Anası
Qoyma qəlbi küsə, ürəyi sına,
Yarın barmağına xına yax, xına,
Qoy səni çatdırsın öz murazına,
Canım yaradana qul olsun, oğul!
Hüseyn
Sevmişəm əsili, sevmişəm soyu,
Minadan ucadı yarımın boyu,
Ocaqda bayramdı oğulun toyu,
Dinən ürəyində tel olsun, ana!
Anası
Nisgilim, həsrətim getdi aradan,
Mən Yetər xanımam, çıxdım qaradan,
Versin qismətini ulu yaradan,
Dayağın həmişə el olsun, oğul!
Hüseyn
Dəyməsin Hüseynə dilin yarası,
Sevgidi gözümün ağı-qarası,
Sevinsin hamının ciyərparası,
Sevinci qaynasın, sel olsun, ana!
Sözün möhürbəndini vurub, tapşırmasını tapşırıb, ana-bala fikrini tamam elədi.
“Xəstə tələssə də armud vaxtında yetişər” - deyiblər. Toyu tez eləmək istəsələr də araya hadisələr düşdü. 37-nin xofu, qarabasması çox toyları, nişanları ləngitdi, çox arzuları qırdı, çox ümidləri yarıyolda qoydu. Bu minvalla Hüseynlə Şahsənəm iki il nişanlı qaldılar. Nəhayət iki ilin tamamında toy tədarükü görüldü. Faytonlar bəzəndi, arabalar qoşuldu, atlar yəhərləndi, qızlar darandı, gəlinlər sığallandı, oğullar döşünü qabağa verdi, ağsaqqallar, ağbirçəklər yerbəyer oldu. Aşığın uşaqlıq dostu Qara Osman, Yetər xanım, Saraçlı Gülxanım, əmisi Səməd kişi, kəndin üzdə olan say-seçmə adamları “Ya Allah, səndən mədəd!” - deyib yola çıxdılar. Yazın elə vaxtıydı ki... Yolda bir neçə yerdə öküzlər arabadan, atlar faytondan açıldı. Göy çəmənlərin sinəsi, qaynar bulaqların gözü ola, aşıqların söhbəti ola. Dincələn dincəldi, oynayan oynadı, güləşən güləşdi, hay-haray dağları başına götürdü. Nəhayət, gəlib Cücəkəndə çatdılar. Kəndin başbilənləri toya gələnləri el qaydası ilə, urvatnan qarşıladılar. Qərara gəldilər ki, toyu Cücəkəndindən yuxarı, Soyuqbulaqdan aşağı Halay bulağının başında keçirsinlər. Hamı razılaşdı. Halay bulağının başına toplaşdılar. Zurnaçı zurnasını nizamladı, aşıq sazını köklədi, dəfçi dəfini sambadı, at minən yəhəri bərkitdi, güləşçi kəmərini bağladı, aşbaz qazanları asdı, saqilər şərbət süzdü, cıdıra çıxanlar, nəmər alanlar, qamçı şaqqıldadanlar, qılınc oynadanlar, düzü-dünyanı başına götürdü. Üç gün, üç gecə toy vuruldu. Hamıdan çox sevinən, sevincindən gözünün yaşını saxlaya bilməyən, hamıdan sanballı və gözəl oynayan var idisə, o da Yetər xanım idi. Yetər xanım oynamırdı, uçurdu, qanadlanırdı. Qurban kişinin əvəzinə də oynamaq, onun ruhunu şad eləmək istəyirdi. Oynadı Yetər xanım, amma yaman oynadı. Elə oynadı ki,
Ana qalxıb oynayanda
Elə bil dağ-daş oynadı,
Sevincindən yağış kimi
Gözlərində yaş oynadı.
Öpüşdü dillər, dodaqlar,
Çağladı qaynar bulaqlar,
Quş oldu əllər, ayaqlar,
Göz süzüldü, qaş oynadı.
Bilinmədi cavan, yaşdı,
Arzuları aşdı, daşdı,
Qocalar da cavanlaşdı,
Olsa da yüz yaş, oynadı.
Dizlərini həsrət bükür,
Sevinc qalxır, kədər çökür,
Şükür, bu günlərə şükür,
Dost güldü, qardaş oynadı.
Çal-çağırın, toy-düyünün şirin yerində toyxanada səslər ucaldı ki, bəylə gəlin oynasın. Bəy öz toyunda oynayanda bolluq olar, deyiblər. Eşitmişik, - dedilər, bəyin yaxşı oxumağı da var. Oxusun görək nə oxuyacaq. Murazına çatan aşiq Hüseyn bu gün aşıq Hüseynə dönmüşdü. Onsuz da səhərdən ürəyində oxuyurdu, indi aşkara oxumaq çətin idi. Ağsaqqallardan çəkinirdi.
Ancaq elin-obanın ağsaqqalları təzə bəyin sözünü eşitmək, sazını dinləmək marağına düşmüşdü. Ona görə də cavanların dalbadal “bəy oxusun!” sədaları ərşə bülənd oldu. Hüseyn yenə yerindən tərpənmədi. Axır ki, bir el ağsaqqalı ədəb-ərkanla ayağa qalxıb üzünü Hüseyn Saraçlıya tutub dedi. Oxu oğlum, oxu, bu yerlərdən Kərəm keçib Ərzuruma doğru, lələsi də yanında, burda Koroğlular nərə çəkib, Aşıq Qərib Tiflisə gedəndə bu yerlərdə namaz qılıb, burda elədiyi dualar onu murazına çatdırıb. Çox igidlər, çox aşiqlər bu yerlərə səs salıb, qoy sənin səsin də bu yerlərin yaddaşında qalsın, dağa-daşa hopsun, gələcəkdə ot yerinə saz göyərsin, su yerinə səs qaynasın.
Daha bu yerdə Hüseyn Saraçlı oxumaya bilərdimi? Elə bil bu an dünyanın ən gözəl qızını da, ən şirin sazını da, ən coşqun avazını da, ən zil səsini də uca Tanrı ona vergi kimi vermişdi.
Aşıq oxuyurdu. Saçından dırnağına qədər bütün varlığı, ruhu, canı-qanı, nəfəsi, ürəyi oxuyurdu. Zəngulələr dağ şəlaləsinə dönüb şırhaşır dağlardan-dərələrə, qayalardan daşlara, yoxuşlardan enişlərə doğru axıb gedir, bu gözəl toy məclisinin səsini-sədasını yaylaqdan arana, Cücəkəndindən Saraçlıya çatdırmağa can atırdı. Bu səsə-sədaya nəki arana enən, yaylağa çıxan arvad-kişi, oğul-uşaq, qız-gəlin vardısa hamısı ayaq saxlayıb yolların sağında-solunda daşlardan, qayalardan salxım kimi sallanırdı.
Aşıq oxuyurdu...
Bura yüz yaşında bir qoca gəlsə,
Göz işığa gələr, diz qüvvət tapar.
Baxar gözəllərin şux yerişinə,
Hər bulaq başında bir cənnət tapar.
Baxmaz baharına, qışına baxmaz,
Saçlar qar olsa da başına baxmaz,
Təbiət insanın yaşına baxmaz,
Könül doxsanında məhəbbət tapar.
Xoşdu bu yerlərdə duman da, sis də,
Meylin nə çəkirsə dağlardan istə,
Hər çay kənarında, hər bulaq üstə,
Ömür bir əbədi təravət tapar.
“Qaytarma” üstündə dillənəydi saz,
Qayıda biləydim qoynuna hər yaz,
Burda aşıq olsa şirin bir avaz,
Burda şair olsa şeriyyət tapar.
Hüseyn, yaşama torpaqdan ayrı,
Közün nə ömrü var ocaqdan ayrı,
Sözün bu arandan, yaylaqdan ayrı,
Nə dildə səslənər, nə şöhrət tapar.
Bəli, doğrudan da Hüseynin ömrünün-gününün arxası-dayağı, yaraşığı göy yaylaqlar, uca dağlar olub.
Aşığın qismətinə baxın ki, onun sevgisi dağlar gözəli olduğuna görə toyu da dağlara, yaylaqlara qismət oldu. Bəlkə də elə buna görə təbiətin ildırımı-şimşəyi, çəni-çiskini, qarı-qırovu, ayazı-şaxtası, istisi-bürküsü, otu-suyu, yarpağı-torpağı onu qorudu, yaşatdı, ucaltdı, qocaltdı. Gənc Hüseyni Aşıq Hüseyn Saraçlı kimi dünyaya tanıtdı, aləmdə məşhur elədi. Bəlkə, hamıdan xəbərsiz bircə Allaha, bir də təbiətə bəlli idi ki, bu gün onun toyuna təkcə ağsaqqallar, ağbirçəklər xeyir-dua vermirdi. Lilpar da, əvəlik də, yarpız da, kəkotu da, qırxbuğum da, düyədavanı da, aşırğal da, qantəpər də, çobanyastığı da ona xeyir-dua verib, canlarında nəki Tanrının verdiyi ətir-təravət var, hamısını aşığa və onun sevgilisinə bağışlamaq istəyirdi.
Beləliklə, yaylaqda başlanan toy aranda bir həftə davam elədi. Gələn, gedən, atlanan, düşən, gözaydınlığı verən, muştuluq aparan, şirni paylayan, nəmər bağışlayan bir-birinə qarışmışdı. Toy toylardan, boy boylardan, soy soylardan seçiləndə onun barı, bəhrəsi nağıl olur, dastan olur, tarix olur, yaddaşlara köçür. Aşıq Hüseyn Saraçlının toyu kimi. Leyli-Məcnun, Əsli-Kərəm, Fərhad-Şirin kimi cəfa çəkən olmadı, Aşıq Hüseyn Saraçlı kimi də səfa sürən, murazına çatan olmadı. Oğullu-uşaqlı, nəvəli-nəticəli, şanlı-şöhrətli bir taleyə sahib oldu Aşıq Hüseyn Saraçlı. Allah ona altı övlad verdi, üç oğlan, üç qız. İsfəndiyar, Abbas, Əli, Şəhriyar, Zərnigar, Mehriban.
- * *
Bəli, bütün bu əhvalatlar, bu hadisələr olmuşdu. Bu tarixlər, bu söhbətlər az qala yüz ildir ki, mənə sarı yol gəlirmiş. Bu yüz ildə bu yolların yolçuları dəyişib, gözəllərə elçi gedən elçiləri dəyişib, o zamandan bu zamana zəmanənin ölçüləri dəyişib.
Aman qalar,
Ah qalar, aman qalar.
Yıxılar uca dağlar,
Tozu bir zaman qalar.
Bu yüz ildə neçə-neçə dağlar yıxılıb, neçə-neçə çaylar məcrasını dəyişib, batan sular, ölən dənizlər olub. Düşmənlərimiz dost, dostlarımız düşmən olub. Tapdanmışıq, qırılmışıq, güllələnmişik, asılmışıq, bölünmüşük, parçalanmışıq, ancaq məhv olmamışıq. Tapdalayıblar, parçalayıblar, ancaq yenə cücərmişik, bitmişik, yaşıllaşmışıq, böyümüşük, boy atmışıq, şaxələnmişik, çoxalmışıq, dilimizi, dinimizi, ruhumuzu qorumuşuq.
Bütün bunlar öz yerində. Bir neçə sual var ki, nə zamandı sinəmi deşir, məni düşündürür. Müəmmalı suallar, qayğılı düşüncələr, niyələr, neyçünlər içində çırpınmağa başladım. Aşıq Hüseyn Saraçlı Borçalıda, Saraçlı qəbiristanlığında uyuyur. Mən onun məzarı başında göz yaşları içində vida sözü söyləmiş, həm ağlamış, həm də xalqı ağlatmışdım. O gün, bu gün bir dəfə də olsun aşıq mənim yuxuma girməmişdi. Bu nə yuxuydu? Aşıq mənim yuxuma inyə girmişdi. Məndən narazı olmamalıydı. Onu bütün məclislərdə dilimin duasına çevirmişəm. Hansı qüvvə onu çəkib mənim yanıma gətirmişdi? Nədən nigaran idi? Köç-köç olub dünyaya səpələnmiş Borçalı oğullarının taleyiydimi, nigaran qəbirlər və qəbiristanlıqlar idimi, Dədə Ələsgərin, Dədə Şəmşirin kafər tapdağında inləyən ruhlarıydımı, Laçında, Güləbirddə Sarı aşığın sızıldayan sümükləriydimi? Qarabağın şan-şan olmuş bağrıydımı, Borçalıdan, Göyçədən, Dərələyəzdən, Zəngəzurdan, Dərəçiçəkdən, Zəngibasardan qalxan ahlar-amanlar idimi, köhnə yarasının üstə təzədən duz basılmış, Oğuz bəylərinin talan olan, dili kəsilən Kərkük ellərinə hər tərəfdən enən zərbələriydimi,
Nə zaman ki, Kərkük gəlir ağlıma,
Boğazlanmış bir türk gəlir ağlıma
- deyən bir şairin nəfəsiydimi, hər gün üstümüzə qanlı xəbərlər gələn, neçə dəfə güllələnmiş, küçələri qan gölünə dönmüş, Səttərxanın, Xiyabaninin, Pişəvərinin döyünən ürəyi, görən gözü Təbrizin sağalmayan yaralarıydımı, anası ölmüş Azərbaycanın böyük düşmənlər əlində tapdanan haqqıydımı. Naşı dərzilər əlində bahalı parçalar kimi iti qayçılarnan doğram-doğram olan Azərbaycan torpaqlarıydımı? Nəydi bilmirəm. Bildiyim odur ki, aşıq Hüseyn Saraçlı mənim yuxuma girmişdi. Həmişə oxuyanda bayatı çəkən aşıq bu dəfə də bir bayatı çəkdi.
Yara yeri,
Sızıldar yara yeri.
Nə səndən ox tükəndi,
Nə məndən yara yeri.
Aşıq doğru deyirdi. Nə məndən ox tükənirdi, nə ondan yara yeri. O, mənə Zəlimxan yox, Zelimxan deyə müraciət edərdi. Yenə də mənim düşüncəmdən keçən suallar sona çathaçatda onun ittihamı, qınaq dolu sualları başladı.
- Zelimxan, Borçalıda nə var, nə yox? Camaatın toyu-yası, xeyri-şəri, günü-güzəranı necə keçir? Gözüm bu gedişatdan su içmir, ay bala. Bu köçhaköçün, qaçhaqaçın sonu nəylə qurtaracaq?
Dağlar boyda dərdi olan aşığın dərdini təzələmək istəmirdim. Ancaq verdiyi suallar məni deşik-deşik elədi.
Aşıq sözün arxasını gətirməmiş mən ustadın cavabını vermək üçün telli saza əl atdım, “Qaraçı” havası üstündə oxumağa yox, ağlamağa başladım.
Yıxılan ağacdı köklü-budaqlı,
Çürüyə-çürüyə gedir Borçalı.
Axır zirvələrdən qar suyu kimi,
Əriyə-əriyə gedir Borçalı.
Kimlərdi aşağda, yuxarda, bilmir,
Nə var bu bulanlıq axarda, bilmir,
Çulunu sulardan çıxarda bilmir,
Sürüyə-sürüyə gedir Borçalı.
Əlləri soyuyub əkin-biçindən,
Qorxur karvanından, qaçır köçündən,
Qırıla-qırıla qalıb içindən,
Kiriyə-kiriyə gedir Borçalı.
Ağlayır kimsəsiz uşaqlar kimi,
Tökülür budaqdan dəymiş bar kimi,
Öz qara baxtını qalın qar kimi,
Kürüyə-kürüyə gedir Borçalı.
Düşmənin sözü cod, xisləti çopur,
Dərdi canımızda əriyir, hopur,
Möhtəşəm bir dağdı, yerindən qopur,
Yeriyə-yeriyə gedir Borçalı.
Aşığın rəngi qar kimi ağappaq ağardı. Aşıq elə bildi ki, 15-20 il bundan əvvəlki vaxtıdı, Borçalı haqqında ona şad xəbərlər verəcəyəm. Ancaq tərsinə oldu, aşığı da ağlatdım, özüm də ağladım.
Baxışlarından gördüm aşığın ürəyi suallarla doludu, hər şeyi bilmək istəyir. Dedim tale fürsətidi, qoy ürəyini boşaltsın. Aşığın sualları davam elədi.
- De görüm, mən dünyadan köçəndən sonra bizim evdə neçə dəfə olub, məni xatırlamısan? Aşıq Əmrahın, Kamandarın, Xındı Məmmədin, Aşıq Sadığın, Şair Nəbinin, şair Ağacanın, Quşçu İrvahamın, Qarayazılı aşıq Alxanın, Əhməd Sadaxlının məzarlarını ziyarət edə bilmisənmi? Qaraxaç yaylağına, Oy dərəsinə, Ağçalıya, Novçalı bulağa, Cücəkəndinə, İlməzliyə, Yırğançağa, Soyuqbulağa, Başkeçidə, Əyriqara qalxa bilmisənmi? Get oğul, get! Doğulduğun torpaqları, gəzdiyin oylaqları heç vaxt unutma! Unutma ki, qapılar var açılmağa, süfrələr var sərilməyə, ocaqlar var qalanmağa, qurbanlar var kəsilməyə, köhlənlər var minilməyə, gözəllər var öpülməyə həsrət qalıb oğul. Qorxuram, narahatam, nigaranam. Saraçlı qəbiristanlığında qəbirdə rahat yata bilmirəm. Məni öz əllərinlə gora sallamışdın? Gorum od tutub yanır, oğul. Qəbrim yolun lap qırağında qazıldığından, şəklim yola sarı baxdığından yoldan keçənlərin hamısının səsini eşidirəm, oğul. Saza qayıdın, məclisləri şenləndirin, oğullar öyləndirin, qızlar köçürün, bulaqları öpün, torpağı sürmə kimi gözünüzə çəkin, anaların gözünü yolda qoymayın, mənim nigaran ruhuma bir rahatlıq gətirin, bayatı çəkin, söz qoşun, saz çalın, ağac basdırın, körpü salın, ev tikin, yurdu-yuvanı abad eləyin, oğul. Axı Borçalı oğullarına düz əlli il “Misri”, “Cəngi” üstündə Koroğlu havaları oxumuşam. Onlar qoçaq olar, qaçaq olmaz, oğul. Aşıq Şenlikdən, Sarvan Bayramdan, Dollu Abuzərdən, Şair Nəbidən, neçə-neçə kamil ustaddan öyrəndiyim qəhrəmanlıq dastanları üstündə böyütdüyüm, iliyinə, damarına, qanına, canına, çöhrəsinə saz havalarını bal kimi süzdüyüm, şərbət kimi içirtdiyim insanlar yurdu-yuvanı tərk edə bilməz, oğul.
Bir gün çox dərdlərə, sitəmlərə sinə gərmiş bir ağsaqqaldan soruşdum ki: Ey qoca dədələrin yadigarı adınız nədir? Dedi: Oğul mənim adım yoxdur. Dedim: Əmi, bu nə cür cavabdır? Dedi: Oğul, mənim adım Ağakişi idi. 30-cu illərdə ağaların axırına çıxdılar, 50-ci illərdə kişilərin. İndi nə ağam qalıb, nə kişim, adsız yaşayıram. Ağalığın da, ağaların da axırına çatdılar. Heç olmasa kişiliyi və kişiləri qoruyun, oğul. Satqınları öldürməklə iş qurtarmır, satqınlığın kökünü kəsin, mənim balam.
Ayıq olun, yatmayın, düşünün, daşının, papağınızı qabağınıza qoyub fikirləşin. Tapın, tanıyın düşməninizi. İçinizdə xainlər, satqınlar var, oğul! Düşmənlərimizə dost olanları el-obanın gözü qabağında niyə rüsvayi-cahan eləmirsiniz? Satqına, xainə niyə aman verirsiniz? Niyə div yuxusuna gedibsiniz? Əgər deyilənlərə vaxtında əməl eləməsəniz yuxunuza ağsaqqallar, ozanlar, övliyalar, şairlər yox, ilanlar, çiyanlar, bayquşlar, əjdahalar, kaftar-küsdülər girəcək, oğul.
Lal olmuşdum. Başıma haranın daşını salım, nə deyim, nə cavab verim. Suallar dolu kimi başımdan elə yağırdı ki, elə bil yaylağın tüpüsünə, tufanına rast gəlmişdim. Aşıq sazı sərt bir tövrlə yenə bağrına basdı. Görək nə dedi, necə dedi:
Oğulsansa bu sözlərdən od alma,
Uyu indi, yuxla indi, yat indi,
Ürək dözsün ağlasığmaz işlərə,
Yeddi yerdən qoy verməsin çat, indi.
Söylə görüm aranlısan, dağlısan,
Azad quşsan, yoxsa yolu bağlısan,
Bilirsənmi kimsən, kimin oğlusan,
Harda qalıb əsil indi, zat indi.
Sınan könlü saat kimi qurmadın,
Səngərində əsgər kimi durmadın,
Qaçan ovu bərəsində vurmadın,
Güllələri boş-boşuna at indi.
İman küfrün, din ahların içində,
Bir canım var min ahların içində,
Yaşadığın günahların içində,
Quylan indi, boğul indi, bat indi.
Tor bağlamış bacalara tüstü ver,
Ürəklərə hünəri ver, şəsti ver,
Yaş oduna nəfəsindən isti ver,
Sönüb gedən ocaqları çat indi.
Qan-yaş kimi candan süzül, qandan ax,
Öz gününə, öz halına yaxşı bax,
Oğulsansa ildırımdan qanad tax,
Bu dərdlərin arxasından çat indi.
Aşıq məni dəhşətə gətirmişdi, illərlə üst-üstə qalanan ağrılı-acılı bu söhbətləri qəzəblənmiş dağ çayı kimi hirslə-hikkəylə üstümə axıdırdı. Ürəyimin yaralı sahilləri bu çayı qucaqlaya bilmir, dəli sular güllə kimi bədənimin yeddi qatından keçirdi. Bu yuxudan xilas olmağa can atırdım, ancaq suallar dəyirman daşı kimi başımdan basır, ayağımda qandala, qollarımda zəncirə dönürdü. Allaha yalvarırdım ki, Allah məni yuxudan ayıltsın, heyif ki, o da məni eşitmək istəmirdi. Bilirdim ki, “Allah da çox sevir şerin səsini”. Şairliyimi işə salıb, ulu Tanrıya yalvarmağa başladım.
Bu nə yuxu, bu nə qorxu, bu nə səs,
Ayılt məni bu yuxudan, Allahım!
Yuxu deyil, bəlkə qarabasmadı,
Ayılt məni bu yuxudan, Allahım!
Duman çökür, fikir çatır qaşımı,
Divar uçur, sel aparır daşımı,
Qılınc alıb cəllad kəsir başımı,
Ayılt məni bu yuxudan, Allahım!
Dil haçalı, böhtan dilli, şər xain,
Dost avara, düşmən kinli, yar xain.
Fil qulağı məni saldı arxayın,
Ayılt məni bu yuxudan, Allahım!
Yollarımız ayrı düşdü, kəc oldu,
Mən yumşaldım, düşmən mənlə öc oldu,
Uzun yatdım, ayılmağım gec oldu,
Ayılt məni bu yuxudan, Allahım!
Sözüm yoxdu dilə gəlib dinəsi,
Dərd-qəm ilə dolub-daşır sinəsi,
Ağır olur ustadların tənəsi,
Ayılt məni bu yuxudan, Allahım!
Yuxulara ilan-çayan girməsin,
Boz tulalar şir-pələngə hürməsin,
Heç gözlülər belə yuxu görməsin,
Ayılt məni bu yuxudan, Allahım!
Doğrudan da, Allah şerin və şairin səsini eşidirmiş. Yuxudan ayıldım. Elə bil məni koruş kəsməz balta ilə doğram-doğram eləmişdilər. Özümə gələ bilmirdim. Rəngim dümağ avazımışdı. Elə bil yenə yuxudaydım. Həyata qayıda bilmirdim. Mənim yerimə dağ olsa əriyər, qaya olsa quma çevrilərdi. Hələ ürəyim partlamamışdı, bu böyük şey idi. Bir neçə gün fikirli gəzdim, ağır addımladım, oturanda qalxmaq bilmirdim. Günü keçmiş, ölümünü gözləyən qocalar kimi dirsəyim dizimdən, əlim çənəmdən ayrılmırdı, qarnımda atlar təpişirdi. İçim özümü yandırırdı, çölüm özgəni.
Neyçün ağlar,
Gözlərin neyçün ağlar?!
Batan karvan mənimdi,
Kiradər neyçün ağlar?!
Kiradər də mən idim, karvanı batan da. Dünyanın bütün dağları mənim çiynimdə, bütün dumanları mənim başımda idi. Palıd közü kimi ağır-ağır yanır, korun-korun tüstülənirdim. Nə yerdə yerimi tapırdım, nə göydə göyümü. İşə baxın ki, bir neçə gün əvvəl yuxudan ayılmaq üçün Allaha yalvarırdımsa, indi yatmaq üçün ona üz tutmuşdum. O yuxudan sonra yuxumu da itirmişdim. Amma yatmağa da qorxurdum. Aşıq mənim yorğanıma qor doldurub, yarama duz basmışdı. Qorxurdum ki, yuxuda yenə həmin divan-məhkəmə başlaya. Həyatla ölüm, yuxuyla yuxusuzluq - hərəsi məni bir tərəfə çəkirdi. Bilsəydim yuxuda başıma nə gələcək, heç yatmazdım. Nəysə yuxu məni apardı. Möhkəm yatdım, Allah kəssin elə yatmağı. Bu birinci yuxudan da ağır oldu. Təzəcə yuxuya getmişdim ki, qulaqlarımın dibində kişnərti səsi gəldi. Başımı qaldırdım ki, başımın üstündə ifçin nallı, qızıl yallı, qızıl üzəngili, gümüş yəhərli, “alma gözlü, qız birçəkli” bir qaşqa kəhər dayanıb. Atı görən kimi tanıdım. Bu, Aşıq Hüseyn Saraçlının məşhur yorğa kəhəriydi. Məni fikir götürdü. At gəlib, bəs sahibi hanı? Bəlkə sözümdən, söhbətimdən incimişdi. Bəlkə haradasa cavanlıq eləyib sözümün yerini bilməmiş, ustadın qəlbinə toxunmuşdum? At mənim qəlbimdən keçənləri insan kimi baxışlarımdan oxudu, gözləriylə işarə verdi ki, dur, məni aşıq Hüseyn göndərib, səni onun gəzdiyi oylaqlara qaldırmalıyam. At elə bil adam kimi danışır, mən də qulaq asırdım.
- Özü gəlmədi, məni göndərdi ki, get Zəlimxanı gətir. Çoxdandı Qaraxaça, Əyriqara, Ləlvərə, Başkeçidə, Ağlağana, Çubuqluya, Şamdüyəyə çıxmır. Qoy gəlsin buraların gününü görsün. At qabaq dizlərini yerə qoyub mənə minmək işarəsini verdi. Atı mindim. Atı minən kimi yadıma aşıq Qəribin Hələbdən Tiflisə gələndə mindiyi at düşdü. Bəlkə elə həmin atdı, məni murazıma çatdırmaq üçün göndərən göndərib. Gözlərimi yumub-açmağa macal tapmamış özümü Qaraxaçda Fahralının, Kəpənəkçinin, Saraçlının, Arxılının, Darvazın, Qarayazının, Qaraçöpün, Dəllərin, Saralların, Bavayşıların, Gülöyrün, Qoçulunun binə yerlərində gördüm.
İçərimdən gələn səs dəyəsiz, alaçıqsız, muxrusuz, binəsiz, məhləsiz, səssiz-səmirsiz dağlara, sürüsüz, ilxısız, naxırsız, çobansız, mehtərsiz, naxırçısız yallara-yamaclara, gözəlsiz-igidsiz, oğulsuz-qızsız, toysuz-tamaşasız çeşmələrə, tüstüsüz bacalara, sönən ocaqlara, köçən kəndlərə, ot basan cığırlara, solan arzulara, qəribsəyən yollara baxdıqca bax deyirdi. Bu ölü sükutunu kim yaratmışdı. Dağları yiyəsiz, binələri sahibsiz qoyan kimlər oldu. Çilingağacı, ənzəli, eşşəkbeli, dirədöymə oyunları niyə yoxa çıxdı. Dəyəni, qarımı, nəmini, çətəni, çadırı, qara kağızı, keçəni, kilimi, gəvəni, farmaşı, xurcunu, heybəni, çuvalı, kəndiri, örkəni, sicimi, irəşməni, çüyü, külü, kömürü, közü niyə unutdurdular? Qarını, motalı, çılğını, sərnici, sacı, sacayağını, təhnəni, ərsini, irəfətəni neylədilər?
Yağı-balı, ayranı-şoru, südü-qaymağı, bulaması, pendiri, dələməsi, qurudu olan süfrələr harda qaldı? Göyəmi çəkildi, yermi uddu bu ilahi nemətləri? Necoldu o dəmlər, o dəsgahlar? Necoldu o toylar-nişanlar? Harda qaldı sevənlərin-sevilənlərin dünyası?
Cığırlar-çəhlimlər, yollar-izlər, yallar-yamaclar, enişlər-yoxuşlar, zirvələr-ətəklər, talalar-yastanalar, aşırımlar-bələnlər, körpülər-keçidlər, yurdlar, arxaclar, duzdaqlar birdən-birə niyə yetim qaldı?
At ağızlı, köhlən yerişli, qurd ürəkli, şir biləkli, pələng pəncəli, aslan nərəli oğulların hanı? İsti ocağın, dolu bucağın, eyvan otağın, ağır yığnağın, gələn qonağın hanı?
Bulaqlar niyə qurudu, ağaclar niyə kəsildi, nərələr niyə susdu, aşıqlar niyə lal oldu?
Dağa çıxdım, dəyə qurdum,
Xana qurdum, bəyə qurdum,
Belə ki, tez köçəsiydim
Heç bilmədim nəyə qurdum?
Aşığın köhlən atı məni bu dağlara kef üçün gətirməmişdi. Ağlamağa, ağlatmağa gətirmişdi. Düşünməyə, düşündürməyə gətirmişdi. Ölməyə, öldürməyə, məni özümə tanıtmağa, özümü tanımağa gətirmişdi. Kağızı-qələmi yandıran dərdlərimizi yazmağa yaratmağa gətirmişdi.
Mənim də əlimdən ancaq yazmaq, bu dərdləri dünyaya car çəkmək qalırdı ki, onu da aşığın, sazın, sözün diliylə deməyə çalışıram. Tez-tez gəlib bu dağları gəz deyirlər, bu dağlara bir doyunca bax deyirlər.
Bax deyirlər, baxmağımın nə mənası,
Soruşan yox, dindirən yox, dinən yoxdu.
İgid ölüb, nal sökülüb, yəhər düşüb,
Köhlən ata sığal çəkib minən yoxdu.
Həsrət qalıb igidlərin nərəsinə,
Sükut çöküb dağların yan-yörəsinə,
Ov olsa da ovçu yatmır bərəsinə,
Silahının arxasında sinən yoxdu.
Arzuları, ümidləri puç elədi,
Yadlar gəldi, doğmalarım köç elədi,
Namərd mərdi qova-qova heç elədi,
Gedən getdi, bu yerlərə dönən yoxdu.
İndi mən aşığa hansı ürək açan mətləbdən söhbət açım? O elə bilirdi ki, mən ona evlərdən, qurulan saraylardan, çəkilən bulaqlardan, salınan yollardan, açılan məktəblərdən, ləngərli məclislərdən, qarapapaq kişilərdən söhbət açacağam. Aşıq hardan bilsin ki, sevgilisi Şahsənəmi dünyaya gətirən kənd əriyib, yox olub, qeybə çəkilib, daha yoxdu. Türklərin qədim əlifbası daşlarına həkk olunan bu kənd yağı düşmən əlində inildəyir.
Görəsən niyə bu kəndin adına Cücəkəndi deyiblər. Hansı əsrin, tarixin yadigarıdı bu kənd. Görəsən burda ilk dəfə kim - qazıb, daş töküb, ev tikib, ocaq qalayıb. Onu ancaq Allah bilər. Allahdan aşağıda da ancaq daşlar bilər. Günəş öpən, yağış sığallayan, dolu döyən, sel oyan, mamır bağlayan daşlar. Onlar da ki, dilinin gədəyini açıb bir kəlmə də olsa heç vaxt heç kəsə sirr vermir, söz demir, ürək açmır. Bu daşların gözü çox şey görüb, qulağı çox şey eşidib. Nə danışsalar ancaq öz dillərində, öz aralarında danışırlar. Hələ daşla danışan adama bu dünyanın heç yerində rast gələn olmayıb.
Bəlkə belə yaxşıdı. Bəlkə də daşlar danışsaydı insan oğlu daha böyük faciələrlə qarşılaşardı. Allah bilmirmi ki kimə dil vermək, kimi dilsiz eləmək lazımdı. Daşlar danışsaydı bəlkə müharibələr, savaşlar, ehtiraslar yenidən qızışar, dünya qana çalxanardı.
Bəlkə də əksinə, Cücəkəndinin daşları, qayaları danışsaydı, dörd məhləsi, iyirmiyə yaxın ocağı, tayfası, üç dəyirmanı, Böyük təpə, Kiçik təpə, Dəvə qılıcı, Qızlar dərəsi, Damqaya, Əyriçay adlı əbədi ünvanı, yeri-yurdu, Sərçələr, Qaydəvələr, Bocalöyü, Motallar, Qara Abdulla, Bəylər öyü, Əlləzli, Qaraqurbanlılar, Bəkiröyü, Sakdtlar, Qara Kəllələr, Caqqarlar, Gillikli adı ilə tanınan tayfaları olan bir kəndin daşları dilə gəlsəydi, sirrini açsaydı, kim bilir bəlkə əbədi xoşbəxt ola bilərdik.
Bəlkə daşlar bizə uğurun, qələbənin, əyilməzliyin, millətin gücünün, Türkün ruhunun əbədi və dəyişməz ünvanını göstərə bilərdi. Hansı nəslin, hansı tayfanın adına baxırsan ordan bir tanrı ucalığı, qədimlik və möhtəşəmlik boylanır.
Balaca bir dağ kəndinin adı ilə bağlı bu qədər yer-yurd, tayfa-nəsil, çay-çeşmə, dağ-dərə adları varsa indi görün tarix gedib haralara söykənir.
Aşıq Hüseyn Saraçlını bura çəkən qüvvənin adı nə idi ki, boylanmaqla ucu-bucağı görünməyən, əli-ətəyi sürülərə, ilxılara meydan olan yaylaqları qoyub gəlib Cücəkəndində, Böyüktəpənin üstündə hər yay dəyə qururdu. Hansı ruh idi, hansı qüvvə idi onu bu yerlərə bağlayan?