Leyli və Məcnun (Nizami Gəncəvi)/Leyli və Məcnunun sevişməsi
←Dastanın başlanğıcı | Leyli və Məcnun. Leyli və Məcnunun sevişməsi Müəllif: Nizami Gəncəvi Tərcümə edən: Səməd Vurğun |
Atasının Məcnunu Kəbəyə aparması→ |
Hər gün parladıqca sübhün güzgüsü,
Doğardı şərqin də Yusif üzlüsü.
Öz reyhan köksünə turuncu fələk
Qızıl bir turuncla verirdi bəzək.
Leyli də bəhs edib turunc fələklə,
Turunc çənəsini alardı ələ.
Turunclu gördükcə xalq o nigarı,
Açıldı eşqinin yetişmiş narı.
O təzə turunca baxdığı zaman
Turunc tək, əlini kəsərdi insan.
Qeys onun turunca bənzər üzündən
Saralıb narınca dönmüşdü bilsən.
Narıncla turuncun ətri dünyada
Dostlar damağını gətirdi dada.
Böyləcə bir müddət gəlib dolandı,
Bu iki nazənin odlara yandı.
Çəkib qılıncını zalım məhəbbət.
Bu gənc ürəkləri eylədi qarət.
Ürək əvəzində qəm verdi yalnız,
Ürəklə səbri də apardı vaxtsız.
Onlar bir-birinə könül verdilər,
Tezcə dildən-dilə düşdü bu xəbər.
Hər yandan yırtıldı bu gizli pərdə,
Bu sirr əzbər oldu bütün dillərdə.
Bu qəmli dastanın sərgüzəştindən
Hər ağız bir parça deyirdi bəzən.
Aşiqlər çalışıb, çox əlləşdilər
Ki, aləm tutmasın bu sirrdən xəbər.
Lakin, bağlansa da ətir şişəsi,
Yenə duyulacaq xoş rayihəsi.
Eşqə məhrəm olan ruzgar, qəflətən
Götürdü pərdəni eşqin üzündən.
Xeyli səy elədi oğlan da, qız da,
Bu sirr dolaşmasın dildə, ağızda.
Bu səyin olmadı faydası bir az.
Günəşi palçıqla qapamaq olmaz.
Göz qəmzə oxunu atsa, aşikar,
Bu sirri pərdəylə örtməkmi olar?
Zülfü min halqalı zəncirsə, əgər
Könül vurulmaqdan başqa nə edər?
Sonra, gələcəkçin sözləşirdilər,
Bəzən oğrun-oğrun gözləşirdilər.
Aşiqlik olalı Qeysin murazı,
Eşqin kəməndinə keçdi boğazı.
Bir qəlb ovçusuydu Qeysin nigarı,
Uçub dağılmışdı səbri, qərarı.
Bəzən, ortalıqda olsa da söhbət,
Yaxırdı qəlbini yenə də möhnət.
Bir gün dərd əlindən yoruldu ürək,
Tüluqlar yırtıldı, yıxıldı eşşək.
Eşqdən xəbərsiz adamlar ki, var,
Onu "Məcnun" deyə çağırırdılar.
Biçarə Qeys də əlacsız qaldı,
Bu "Məcnun" sözünü üstünə aldı.
O qədər artdı ki, tənə yarası,
Gizləndi dəlidən o ay parası.
O qədər it kimi hürdü avamlar,
Çəməndən ayrıldı o ahu nigar.
Hicrana dözmədi Leylinin qəlbi,
Axdı göz yaşları incilər kimi.
Məcnun görmədikdə Leylini bəzən,
Bir sel axıdardı hər kirpiyindən.
Gözündə qəm yaşı, ürəyində qəm,
Küçəni, bazarı gəzərdi sərsəm.
Ürək parçalardı onun nəğməsi,
Aşiqlər səsiydi Məcnunun səsi.
Gəzəndə, ardınca bağırardılar,
-Məcnun! Məcnun! - deyə çağırardılar.
O da bu tənədən qəmlər yeyərək,
Pərişan gəzərdi divanələr tək.
O, eşşək sürürdü zəif boyunla,
Eşşəyi də getdi, ip də onunla.
Öz qəlbini bölüb, bənzətdi nara
Ki, Leyli söyləsin "Ey qəlbi para".
Çalışdı, sirrini bilməsin ellər,
Lakin, qəlb oduna kim dözə bilər?
Beyninə sıçradı qəlbinin qanı,
Aşiqin dərdini üzündən tanı.
O, yar dərdindəydi, ondan yar uzaq,
O, qəm içindəydi, qəmküsar uzaq.
Gözünə şam kimi yuxu gəlməzdi,
Gecə də, gündüz də o dincəlməzdi,
Üzürdü canını bu bəla, bu qəm,
Nə bir can dərmanı, nə də bir məlhəm!
Umudla qəsd edir o öz canına,
Başını çırpardı yar eyvanına.
Səhər ayaqyalın, baş açıq, yalnız,
Çöllərə qaçardı o vaxtlı-vaxtsız.
O yarın quluydu, yarsa zindanda,
Bir qəlb döyünürdü o iki canda.
Dilində hər gecə hicran qəzəli,
Pünhan axtarardı nazlı gözəli.
Onun qapısını öpüb hər gecə,
Yenə qayıdardı ordan gizlicə.
Gedəndə yel kimi əsərdi o, bil,
Geri qayıtması çəkərdi bir il.
Gedən baş, quşu da vurub ötərdi,
Gələn baş, yolunda tikan bitərdi.
Gedən baş, sellərə bənzəri vardı.
Gələn baş, yolları çuxur olardı.
Gəzərdi cananı ayağı qabar,
Elə bil altında yorğa bir at var.
Evinə dönəndə deyirdi ürək:
-Qarşımda quyu var, arxamda külək,
Bəxt əl uzatsaydı ona bir yerdə,
O öz yuvasına dönməzdi bir də.
MƏCNUNUN EŞQİ HAQQINDA
Yuxusuz gözlərin taxtına sultan,
Matəm ordusuna sərkərdə olan,
Sövda yollarının o yalnız səsi,
Aşiqlər mülkünün qəm divanəsi.
Fəryada, naləyə, bəlayə məftun,
Bağdad ellərinin qanunu, Məcnun,
O qəm dovulunun təbil sahibi,
Hicran kilsəsinin sövda rahibi,
O aşkar gəzən div, o gizli cadu,
Şeyda aşiqlərin şeyda Harutu,
Bir Keyxosrov olan o tacsız-taxtsız,
O yuz min bədbəxti düşünən baxtsız,
Qarışqa selinə köməkçi duran,
Taxtını ahular belində quran,
Sirrli qələləri fəth edən hünər,
Sahibsiz yerlərə o keşikçi ər,
Qəlbi dəniz kimi daima daşqın,
O məcnun könüllü, sövdalı şaşqın
İki-üç aşiqə olmuşdu həmdəm,
Onların qəlbində bir bəla, bir qəm,
Sövda yuxusundan qalxıb hər səhər
Leylini görməyə bir gedərdilər.
Məcnunun dilində əzbərdi Leyli,
Başqa heç bir sözə düşməzdi meyli.
Yanında özgə bir ad çəkən olsa,
Onu dinləməzdi, dinməzdi əsla.
Gedib Leyligilin qəbiləsinə
Yurd olan Nəcd adlı dağ sinəsinə,
Məcnun ah çəkərdi, ağlardı zar-zar,
O dağda tutardı daima qərar.
Yıxılıb durardı, sərxoşlar kimi,
Əl çalıb oynardı, dərdi var kimi.
Ürək yandırardı zəngulələri,
Qaçardı gah geri, gah da irəli.
Birdən, ağlar gözdə coşardı dərdi,
O, səba yelinə xitab edərdi:
-Oyan, tezdən oyan, səba yeli, sən!
Get, asıl Leylinin ipək telindən!
Söylə ki: "Eşqindən məhv olan yazıq
Sənin yollarına döşənmiş artıq.
Alır sorağını səba yelindən,
O, daşa torpağa dərd açır bəzən,
Qoy əssin qapından bir elçi ruzgar,
Bir ovuc torpaq ver, ona yadigar.
Səninçin, yel kimi, əsməyən bir kəs,
İnan ki, bir ovuc torpağa dəyməz.
Kim ki, əsirgədi canını səndən,
Can versə yaxşıdır dərddən, qüssədən.
Sənin eşq oduna düşməsəydi can,
Məni aparardı qəm seli çoxdan.
Bir də, gözlərimdən axmasaydı sel,
Qəlbim qəm odundan yanardı tel-tel.
Dünyalar gözəli günəş də, inan,
Alışıb odlanır mənim ahımdan.
Qəlbimin şamısan! Bir düşün məni,
Yaxma eşq oduna öz pərvanəni.
Dağıtmış yuxumu sehirli gözün
Ki, yansın ciyərim, kababa dönsün.
Dərdindən, qəmindən zövq alıram mən,
Bil ki, dərmanım da, dərdim də sənsən!
Qənddir dodaqların, bacarsan əgər,
Ondan aşiqə də bir az pay göndər.
Qoyma ki, ürəyim pərişan olsun,
O qənd dərdlərimə bir dərman olsun!
Gözmü dəydi bizə? Nə oldu ki, mən
Düşdüm birdən-birə sənin gözündən?
Yəqin yaman gözə gəlmişəm ki, mən,
Çıxdı sənin kimi qismət əlimdən
Dünyada çox ləziz, şirin meyvələr
Pis gözə oğrasa torpağa düşər.
Zəmanə barmaqla göstərdi bizi,
Bu yara öldürər hər ikimizi.
Yadlardan yetməsin deyə bədnəzər,
Üzün dövrəsinə nil də çəkərlər.
Küsufun gözündən günəş qorxaraq,
Üzünə salmışdır qara bir duvaq.
Xəzinə üstünü örtməsə əgər
Onu bu insanlar tez qarət edər".
MƏCNUNUN LEYLİNİN TAMAŞASINA GETMƏSİ
İpək paltarını geydi asiman,
Göy öz sırğasını taxdığı zaman.
Ulduzlar civə tək səpələndilər,
Şəfəqdə qalmadı onlardan əsər.
Qəlbi civə kimi dağınıq Məcnun
İki-üç dostuyla yaralı, məhzun,
Şərqilər deyərək, yola düzəldi,
Qaçaraq Leylinin yurduna gəldi.
Səbir kömləyini parçalayaraq,
Canan yollarında inlədi ancaq.
Könül xırmanını dolaşıb yalnız,
Təsəlli gəzirdi o Məcnun baxtsız.
Oxuya-oxuya o, sərxoşlar tək,
Döyürdü başına, üzünə bərk-bərk.
Qüvvədən düşmüşdü o talei kəm,
Yarın çadırına yetişdi sərsəm...
Ərəb adətiylə oturub o qız.
Çadırda yollara baxırdı yalnız.
Leyli bir ah çəkdi, görüb Məcnunu,
Məcnun da fəryadla səslədi onu.
Leyli ulduz kimi çadırda təkdi,
Məcnun sanki pərdə tutan fələkdi.
Leyli duvağını üzündən açdı,
Məcnun gileylənib, dərddən söz açdı,
Leyli çəng tutmuşdu bağrı başında,
Məcnun rübab kimi əli başında.
Leyli səhər kimi işıqlanırdı,
Məcnun da şam kimi qəmdən yanırdı.
Leyli bağ içində gözəl bir bağdı,
Məcnun dağ üstündə böyük bir dağdı.
Leyli yaranmışdı ay kimi parlaq,
Məcnun ipək kimi qaraydı ancaq.
Leyli gül saçırdı ağaclara, bax,
Məcnun dürr səpirdi şabaş olaraq.
Leylini sormayın, pəriydi o can,
Məcnun bir od idi, nə deyim ondan?
Leyli-qış görməmiş yasəmən kimi,
Məcnun-xəzan vurmuş bir çəmən kimi.
Leyli parlayırdı sübhün qızı tək,
Məcnun da sönürdü dan ulduzu tək.
Leyli dağıtmışdı saçını nazla,
Məcnun qul olmuşdu min iltimasla.
Leyli can bəsləyən şərbət içirdi,
Məcnun yaxa yırtıb, candan keçirdi.
Leyli toxuyurdu qəlbində ipək,
Məcnun alışırdı bir üzərlik tək,
Leyli boy atırdı qızıl gül kimi,
Məcnun ağlayırdı bir bülbül kimi.
Leyli keçirdikcə zülfü şanədən,
Məcnunun göz yaşı axırdı dən-dən.
Leylinin əlində müşkin piyalə,
Məcnun mey ətriylə dalmış xəyalə.
Bunu əyləndirir canan səfası,
Ona xoş gəlirdi aşiq vəfası.
Onları görməsin, deyərək, əğyar,
Qərib tək uzaqdan baxışırdılar.
Bunu da çox gördü onlara zaman,
Quru bir baxış da çıxdı ortadan.
MƏCNUNUN ATASININ LEYLİYƏ ELÇİ GETMƏSİ
Elə ki, yar yolu bağlandı bir gün,
Arxın körpüsünü kəsdilər bütün.
Məcnun ağlayırdı qəlbində hicran.
Gözünü yummazdı gecələr bir an.
Başından aşdıqca ayrılıq dərdi,
Dilində nəğmələr Nəcdə gedərdi.
Dalınca qaçardı iki-üç nəfər,
Baş açıq gəzərdi o divanələr.
Sövda xəstəsiydi bu aşiq artıq,
Dillər dastanıydı bu rüsvayçılıq.
Şikayət eylərdi qohumlar ondan,
Atası qalmışdı bu dərdə heyran.
Nəsihət verdilər, əməl etmədi,
Əfsanə dedilər, o eşitmədi.
Nəsihət versə də çoxlu mənfəət,
Eşqin meydanında nədir nəsihət?
Zavallı atası gətirməyib tab,
Oğlunun dərdiylə çəkirdi əzab.
Bütün nazlar ilə oynardı, yenə
Bir çarə tapmazdı onun dərdinə.
Bu sirri dostlardan o aldı xəbər,
Dostlar bu mətləbi şərh eylədilər,
"Bir qız həsrətidir bu dərd, bu nəva,
Eşqidən gəlmişdir başına hava".
Ata bu sözlərdən çıxardı qərar,
Dedi: "Gül üzündən silinsin qübar.
O dünya gözəli, dürrü gətirək,
Başımın tacına nəqş edəm gərək.
O gözəl zinəti yüz calalla mən
Alım öz oğluma o qəbilədən".
Bütün ağsaqqallar danışdı bir-bir,
Bu oldu məsləhət, bu oldu tədbir:
"O gözəl tayfanın incisini biz
Bizim bu gövhərə tay etməliyiz".
Bu oldu tayfanın verdiyi qərar,
Səfər paltarında yola çıxsınlar.
Razılıq əliylə kəsilsin kəbin,
Bəlkə bu divanə o aya yetsin.
Elə ki, səsləndi bu şadlıq zəngi,
Açıldı gül kimi atanın rəngi,
Ata dinlədikcə bu məsləhəti,
Dağıldı qəlbindən qəmi, möhnəti.
Böyük bir dəstəylə qalxıb o zaman
Səfər tədarükü gördü hər yandan.
Tamam hazırlaşıb, düzəlişdilər,
Böyük bir calalla yola düşdülər.
Çatdı Leyligilə gedən elçilər,
Böyükdən kiçiyə yetdi bu xəbər.
Hər elin, obanın öz adəti var,
Qonaq gəlir deyə, yola çıxdılar.
Hörmət ayağında durdular möhkəm,
Bütün hədiyyələr verildi o dəm.
Baxıb başçısına amirilərin,
Dedilər: "Gəlməkdən nədir məqsədin?
Danış istəyini, hazırıq biz də
Can-başla dayanaq xidmətinizdə!"
Dedi ki: "Məqsədim-qohum olmaqdır.
İki gənc gözünə işıq salmaqdır.
- Qızın atasına üz döndərərək,
Qoy birləşsin, - dedi, - bu iki ürək.
Bil ki, məhəbbətlə, kəbinlə səndən
Qızını oğluma istəyirəm mən.
Qumlarda doğulmuş, ciyəri teşnə
Gözünü tikmişdir sənin çeşmənə.
Sərin bulaqlardan kim içsə bir az,
Bir də susuzluqdan ürəyi yanmaz.
Qapına gəlmişəm bu məqsədlə mən,
Xəcalət çəkmirəm dediklərimdən.
Sən özün bilirsən, bilir bu aləm,
Zamanın ən məşhur adamı mənəm.
Mənim xəzinəm də, calalım da var,
Dosta, düşmənə də qüdrətim çatar.
Ağlın başındasa, mətaini sat!
Almağa gəlmişəm, sən də əl uzat!
Nə qədər olsa da onun qiyməti.
Almağa hazıram mən o zinəti.
Sən onu satmağa vergilən qərar,
Dünyada hər şeyin öz bazarı var".
Dinləyib-dinləyib bu iltiması,
Böylə cavab verdi qızın atası:
"Baş tutan deyildir sənin diləyin,
Başqadır qərarı, hökmü fələyin.
Şirin bir dil ilə danışsan da sən,
Əyləşə bilmərəm o atəşlə mən.
Bir dostluq olsa da bu xeyir işdə,
Min ədavət olar bu tərpənişdə.
Nə yaman ərköyün böyümüş oğlun,
Özbaşına gəzir, muğayat olun.
Dalınca "divanə" söyləyir hər kəs,
Bizə divanələr tay ola bilməz.
Əvvəl dua et ki, gəlsin ağıla,
Sonra məhəbbətdən başla nağıla.
Hələ düzəlməmiş sizin o gövhər,
Bu sövda söhbəti verməz bir səmər.
İllətli gövhəri almaz ki, heç kəs,
Eyibli gövhərlər sapa düzülməz,
Gözdən kirpik çəkir bizim ərəblər,
Gülərlər üstümə, dil versəm əgər.
Bir də bu mətləbdən gəl danışma heç,
Söhbəti qurtaraq, bu işdən vaz keç",
Onu amirilər sakit dinlədi,
Atanın qəlbində kaman inlədi...
Qayıtmaqdan başqa bir əlacmı var!
Pərişan olaraq çəkildi onlar.
O yol yorğunları, dil incikləri
Dərdin dəryasına batandan bəri,
"Bu dərdə bir dərman axtaraq" deyə,
Əlac gətirdilər o divanəyə.
Nəsihət dilinə keçdi hər nəfər
Ancaq od üstünə tikan səpdilər.
"O ruh ovçusundan daha da xumar,
Burda ruh bəsləyən gözəlimiz var.
Bax, yaqut dodaqlı, inci buxaqlı,
Ruha ətir saçan, lalə yanaqlı
Gözəllər, aydan da çox işıqlıdır,
Onlar ilk bahardan yaraşıqlıdır.
Qarşında yüz tanış ola-ola, sən
Nədən yad qızına könül verirsən?
Gəl, bu gözəllərə, cananlara bax,
Səninçin nazəndə bir sənəm alaq.
Oxşasın könlünü o nazlı nigar,
Şəkərə süd kimi uyuşsun o yar.
Canından deyildir, unut Leylini,
Bir də o dilbərə salma meylini".
LEYLİNİN EŞQİ İLƏ MƏCNUNUN AĞLAYIB
SIZLAMASI
Məcnun qohumların yalvarışından
İnciyib daha da oldu pərişan.
Cırdı köynəyini, lüt qaldı bədən,
Dedi ki: "Ölmüşə nə lazım kəfən?
Bu iki aləmə sığmayan bir kəs
Bir can köynəyinə yerləşə bilməz".
Əzraçün Vamiq tək düşmüşdü dərdə,
Gah dağda yaşardı, gah da çöllərdə.
O evdən türk kimi çıxaraq yenə,
Düşdü köçərilik düşərgəsinə.
Geymini yırtaraq, tikdi bir kəfən,
Qırıb zəncirini, çıxdı məhbəsdən.
Döşədək cırılmış halda ətəyi,
Uzaqda gəzirdi qəriblər kimi.
Canına qəsd etmək xəyalı vardı,
O, yalnız oturub, yalnız durardı.
Dəli tək hər evə yaxın gedərdi,
Leyli! Leyli! deyib xitab edərdi.
Ah! O ayaq yalın, bir də baş açıq,
Məlamət yurduna düşmüşdü yazıq.
İstər pislik olsun, istər yaxşılıq
Yamanı yaxşıdan seçməzdi artıq.
Yəmən ulduzunun xəyalilə tək,
Nəğmələr deyərdi, inildəyərək.
Beyitlər axdıqca onun dilindən,
Yadında saxlardı hər gəlib gedən.
Hamı bu matəmə olmuşdu heyran,
Görənlər ağlardı bu hala candan.
O da xəbərsizdi görən gözlərdən,
Dalınca söylənən acı sözlərdən.
Həyat dəftərindən silmişdi eybi,
Yaşardı nə ölü, nə diri kimi.
Qəlbinin başında bir sövda daşı,
Olmuşdu xar kimi daşın sirdaşı.
Altı daş, üstü daş, o əzilərək,
Bədəni bir xılta dönmüşdü, gerçək.
Şam kimi keçinib, o qaralmışdı,
Quş kimi tayından ayrı qalmışdı.
Qəlbinin başında çal-çarpaz dağlar,
Üzünü örtmüşdü tozlar, torpaqlar.
Ələmi, qüssəsi başdan aşaraq,
İnsan məclisindən uzaqlaşaraq,
Ah çəkib, ağladı: "Əlacım nədir?-
Dedi, - könül mülkü bir viranədir.
Avara düşmüşəm xanımanımdan,
Məskənim olmuşdur mənim biyaban.
Nə öz qapımıza gedir bu yollar,
Nə də yar yurduna bir cığırım var.
Həyamın şüşəsi, adımın camı
Sındı daş üstündə, eşitdi hamı.
Ah, səadət təblim gedəli bada,
Köç təbli çalıram artıq dünyada.
Gah mənə "bir sərxoş" deyir bu yerlər,
Gah da "bir bütpərəst aşiq" deyirlər.
Öylə zənn etmə ki, bir bütpərəstəm,
Mən torpaqla deyil, gül ilə məstəm.
Olmuşam o türkə çolaq bir şikar.
Oxuna hədəfəm açıq, aşikar.
O yarın quludur bütün varlığım,
Ona can verməkdir bəxtiyarlığım.
Mənə sərxoş desə, neyləməliyəm?
Dəli də söyləsə, yəqin, dəliyəm!
Madam ki, dəliyəm, sərxoşluğum var,
Dəlidən, sərxoşdan ağıl ummazlar.
Elə bir divanə deyiləm ki, mən
Bir də azad olam zəncirlərimdən?
Suyum bərk bulanmış, bir də durulmaz,
Mənim viran könlüm heç abad olmaz.
Kaşki dəli bir yel əssin bir kərə,
Sovursun kül kimi məni göylərə.
Yaxud da şiddətlə ildırım çaxsın,
Evimi, canımı yandırıb, yaxsın.
Odlara salsaydı məni bir insan,
Yanan varlığımdan qalmazdı nişan.
Bir nəhəng ağzına atılsaydım mən,
Dünya qurtarardı xəcalətimdən.
Bəd övlad yaratdı məni zəmanə,
Evdə div oluram, çöldə divanə.
Baxdıqca xar olur qohum-qardaşlar,
Adımdan utanır yaxın yoldaşlar.
Xəstəyəm, qanımı tökən o cəllad
Öz keyfində gəzir qisasdan azad.
Of! Salamat qalın can sirdaşlarım!
Məclis yoldaşlarım, söz yoldaşlarım!
O şərab şüşəsi əlimdən düşdü,
Sınıb parçalandı, yadlar gülüşdü.
Yolumda şüşələr qırılsa da, bax,
Onları, göz yaşım sel tək coşaraq,
Yudu ki, o şüşə qırıntıları
Dostlar ayağına batmasın barı.
Ey mənim dərdimi anlamayanlar
Yolumdan çəkilin, nə işiniz var?
Özümdə deyiləm... məni anmayın,
İtgin bir insanam, mənə yanmayın.
Bəsdir bu zülmünüz, halıma baxın,
Məni öz dərdimlə azad buraxın!
Qovmayın məni siz ana vətəndən,
Onsuz da, qaçmağa atlanmışam mən.
Taqətdən düşmüşəm, əlacım nədir?
Canan! Əlimdən tut, can viranədir!
Sənə könül verən xəstəyəm, ey yar!
Uğrunda ölməyim daha xoş olar.
Bir salam lütf elə, durult suyumu,
Bircə sifarişlə oxşa ruhumu.
Divanə bir mənəm, gizli deyildir,
Bəs sənin boynunda nədir o zəncir?
Canan! O zənciri salma boynuna,
Qoy mən zəncirlənim, layiqəm buna.
Uçurdu könlümü zülfüyün bağı,
Kim öyrətdi sənə bu ev yıxmağı?
Könül ovçusudur o qara saçlar,
Oğrudur saçların, kordur ruzigar...
Ey mənim diləyim, ağzımda dilim!
Əl ver, bu quyudan çıxım, sevgilim!
Ya əlimdən yapış, sevimli canan!
Ya da ki, qoy öpüm ayaqlarından.
Bir kömək əli ver, işsiz oturma!
Əllərin qoynunda bir küncdə durma!
Nədən mənə qarşı mərhəmətsizsən?
Bəs "İrhəm-türhəm"i oxumadın sən?
Dərdlərdən, qəmlərdən azad bir ürək
Özgənin dərdini hardan biləcək?
Toxun ac olandan nə xəbəri var?
Verdiyi çörəyi xırdaca doğrar!
Əlini vurmasa oda bir nəfər,
Odun istisini necə hiss edər?
Sevgilim! İnsanıq ikimiz də, bax:
Mən tikan koluyam, sən şümşad budaq.
Qızılı zırnıxdan seçərək, tanı,
Onun bir misqalı, bunun batmanı.
Hardasan, ey mənim dərdimə dərman?
Nə üçün can almaq xəyalındasan?
Şikəstə könlümün nədir pənahı?
Səni sevməkmidir onun günahı?
Nolar bir gecəlik bizə gələndə?
Bir dəfə yanılıb, səvab et sən də.
Gəl inad eyləmə, boyun ol buna,
Bu işin babalı mənim boynuma.
Bu dərdli aşiqin günahı çoxdur,
Sənin ki, lütfün var, qorxusu yoxdur.
Qəzəbin yandırır, qəlbi, ciyəri,
Yoxmu iltifatın, ey gözəl pəri?
Sənin qəzəb odun yandığı zaman
Ona göz yaşımdan su çilə, canan!
Ayımdır, günümdür səndəki camal,
Onunçun seyr edir aləmi xəyal.
Yaxşı ki, görmürəm səndən nəvaziş,
Dəli təzə ayla bağlamaz saziş.
Səni kölgəmdən də sormuram, ey yar,
Çünki kölgəmə də yoxdur etibar.
Mən ki, öz kölgəmdə görürəm səni.
Başımdan kəsirsən sən öz kölgəni.
Apardın könlümü, aldın canımı,
Zalım cəllad olub, tökdün qanımı.
Eşqindən aldığım bu şöhrət, bu ad
Elədi ömrümü, eşqimi bərbad.
Sənin visalına yetməyir ünüm,
Lakin ümidinlə keçir hər günüm.
Evdə susuz qalıb yatsa bir uşaq,
Görsə yuxusunda sulu bir bardaq,
O şirin yuxudan qalxdığı zaman
Sorar barmağını susuzluğundan.
Qatlandı dizlərim qoşa, "lam" kimi,
"Yey" kimi bükmüşəm öz əllərimi.
Ah, adın məni də adın tək edir,
O da, bax, iki "lam", iki də "yey"dir.
Eşqin çıxan deyil candan, ürəkdən,
Nə çıxar aləmə sirr söyləməkdən.
Süd ilə gəlmişdir canıma bu sirr,
Canımdan ölüncə çıxan deyildir".
Bunu söyləyərək, yıxıldı yerə,
Çökdü qəm buludu baxan gözlərə.
Mərhəmət üzündən kömək etdilər,
Onu evlərinə alıb getdilər.
Məhəbbət daimi olmasa əgər,
Gəncliyin bir şəhvət oyununa dönər.
Məhəbbət odur ki, odu sönməsin,
İnsan yaşadıqca, üzü dönməsin.
Həqiqi məhəbbət bir məhəbbətdir,
İlki də, sonu da əbədiyyətdir.
Məcnun məhəbbətlə yetdi kamala,
Yayıldı şöhrəti bütün mahala.
Məhəbbət yükünü çəkən o ürək
Sövda nəsimiylə açıldı gül tək.
İndi onun gülü olmuşdur xarab,
Ondan xatirələr bir damcı gülab.
O gözəl gülabın xoş ətirindən
Arxımın suyunu durulduram mən.