Məni inandırma

VikiMənbə saytından

Keçid et: naviqasiya, axtar

Məni inandırma

Tutarlı söz gəzmə özünü yorub ,
Məni bilirsən ki , aldatmaq asan ...
Desələr : " Ay səni qonaq çağırıb ,
Marsla evlənəcək " inanasıyam .

Desələr göyləri şum eləyiblər ,
Günəşdən su alıb suvaracaqlar ;
Vallah , bu yalanı doğru deyiblər ,
Vallah , olasıdır bu olacaqlar .

Deyirsən , " qorxum yox qorxularımdan ,
Özünə də yadsan , yadın da mənəm " .
Gözünü yumdunmu - yuxularında ,
Gözünü açdınmı - yanında mənəm .

Dilinin ucundan tökülənləri
Qaytarıb dilinin dibində əksən ,
Bir yarpaq istisi tapsa əllərin ,
Bir insan kölgəsi itirəcəksən .

Nə yaxşı çox sözə qəlbim inanır ,
Nə yaxşı ürəyim hələ uşaqdır .
Hardasa qəlbimin bir damla qanı -
Riyadan , çamırdan , lildən uzaqdır .

Baxma bu dənizə üzü düz kimi ,
Çölünü içinə bükən nəhəngdi .
Mən də ilk baxışda o dəniz kimi .....
Hamarım , tumarım görünəcəkdi .

Düz sözdür dünyada hər sözdən baha ,
Ocaq halaldırsa mən yanasıyam .
Yalanı yalana bələmə nahaq ,
Onsuz da nə desən inanasıyam ....