Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/42-ci məktub

Vikimənbə saytından
41-ci məktub Nəhcül-bəlağə. 42-ci məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
43-cü məktub


İmam Əli əleyhis-salamın Ömər ibn Əbi Sələmə Məxzumiyə olan məktublarındandır. O, İmam tərəfindən Bəhreynin hakimi olub və o Həzrət, Məxzumini öz vəzifəsindən kənarlaşdıraraq yerinə Nö’man ibn Əclan Zurəqini təyin edib. (İmam əleyhis-salam bu məktubda Öməri tərifləyib və onu özü ilə müharibəyə aparmaq istədiyini bildirib. Ömər Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) zövcəsi Ummu Sələmənin oğludur. Nö'man Ənsarın böyüklərindən olub. «Rical» alimləri bu iki nəfəri Əmirəl-möminin əleyhis-salamın səhabələrinin yaxşılarından hesab ediblər və rəvayət nəql etməkdə onlara etimad edirlər. Bəzi kitablarda Ömərin adı Əmr ibn Əbi Sələmə kimi yazılır. Amma onun adının Ömər ibn Əbi Sələmə olması daha düzgündür. Çünki «Nəhcül-Bəlağə»nin nüsxələrinin çoxunda onun adı Əmr deyil Ömər kimi yazılıb.)
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Mən Nö’man ibn Əclan Zurəqini Bəhreynin vali və hakimi təyin etdim və əlini səni məzəmmət etmədən və qınamadan (ondan) üzdüm (səni öz yanıma çağırdım). Sən valiliyi gözəl yerinə yetirdin və əmanəti (beytülmalı) əda etdin. Belə isə (mənim yanıma) gəl ki, sənə qarşı pis gümanda deyiləm, səni məzəmmət edərək qınamıram və günahkar hesab etmirəm. Buna görə də (səni çağırmağımın səbəbi budur ki,) Şam əhlinin zalımlarına tərəf (onlarla müharibəyə) getmək qərarına gəlmişəm və sənin özümlə olmağını istəyirəm. Çünki sən, mənim Allahın istəyi ilə düşmənlə müharibə etmək və dinin sütunlarının qaldırılmasında (İslam hökmlərinin icrasında) arxalandığım şəxslərdənsən.