Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/43-cü məktub

Vikimənbə saytından
41-ci məktub Nəhcül-bəlağə. 43-cü məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
43-cü məktub


İmam Əli əleyhis-salamın, özünün Ərdəşir Xurrədəki (Farsda şəhər adıdır) valisi Musqələ ibn Hubəyrə Şeybaniyə olan məktublarındandır. Mənə bir xəbər çatıb ki, əgər sən onu etmisənsə öz Allahını qəzəbləndirmisən (Onun rəhməti sənə şamil olmayacaq) və imam və rəhbərini hirsləndirmisən (və gərək o səndən intiqam alsın. Çünki xəbər çatıb ki): sən müsəlmanların nizə və atlarının topladığı və yolunda qanları axıdılmış mallarını səni seçmiş ərəb qohumların arasında bölüşdürmüsən. (Torpaq altında) toxumu yaran və insanı yaradan Allaha and olsun ki, əgər (xəbər verilmiş) bu iş doğru olsa, məndən özünə qarşı xarlıq görəcəksən və mənim yanımda olan məqam və mövqeyini yüngülləşdirəcəksən. Buna görə də Rəbbinin haqqını yüngül sayma və dünyanı, dinini xarab etməklə abadlaşdırma ki, (qiyamət günü) əməlləri baxımından ziyana uğrayanların sırasında olarsan. Bil ki, sənin və mənim yanımda olan müsəlmanlar, bu malların bölüşdürülməsində bərabər hüquqa malikdirlər. (Hər bir kəs bulağın başına gedib qayıtdığı və bulaq fərq qoymadan hamıya su verdiyi kimi müsəlmanlar da) mənim yanıma o mallar üçün gəlib qayıdırlar. (Buna görə də sənin həmin malları ancaq öz qohum-əqrabana ayırmaq və bölmək haqqın yoxdur.)