Neyləyim, oldu bahar amma baharım gəlmədi

Vikimənbə saytından
(Nеyləyim, оldu bahar amma baharım gəlmədi səhifəsindən istiqamətləndirilmişdir)
Neyləyim, oldu bahar amma baharım gəlmədi
Müəllif: Mir Möhsün Nəvvab
Mənbə: Əli Umud oğlu Əliyev. Qarabağ ədəbi mühiti və Mir Möhsün Nəvvab. (Monoqrafiya). ADPU-nəş. Bakı-2016.

Neyləyim, oldu bahar amma baharım gəlmədi,
Gül açıldı gülşən icrə, gülüzarım gəlmədi.

Qönçə tək qan oldu bağrım hicri-ruyində, nedim?
Lalə tək dağlandı sinəm, laləzarım gəlmədi.

Dağü bağa seyrə çıxmış cümlə ahuçeşmlər,
Ram idi, yaran, nədən ahu-tatarım gəlmədi?

Vədə verdi, sındırıb əhdini, oldu bivəfa,
Ərşi-əlaya dayandı ahü zarım, gəlmədi.

Bülbüli-şeyda kimi naləm tutubdur aləmi,
Sərvqədli məhcəbinim, nazlı yarım gəlmədi.

Müntəzir Nəvvabı qoymuş, leyk özü məstan gəzər,
Gözlərim yolda qoyub, çeşmi-xumarım gəlmədi.