Məzmuna keç

O qara tellərinə oğru deyim, ya rəhzən

Vikimənbə saytından
(O qara tеllərinə oğru dеyim, ya rəhzən səhifəsindən istiqamətləndirilmişdir)
O qara tellərinə oğru deyim, ya rəhzən
Müəllif: Məhəmməd bəy Aşiq
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

O qara tellərinə oğru deyim, ya rəhzən,
Ya könlüm məmləkətin qarət edib badə verən.

O münəvvər yüzini gördü məgər ay ilə gün,
Düşdülər dağa-daşa oldular avarə gəzən.

O gözü qaşın olub qətlim üçün amadə,
Biri şəmşir çəkib, biri yayə düzən.

O xəttü xali-siyahın məxi-rüxsari
Ləşkəri-hindü həbəş türkə tapıb el deyəsən.

O qədü qamətə bax, gör nə qiyamət eylər,
Rəşgdən bağə qaçıb guşə tutub sərviçəmən.

O hənalı əlinə, nola, mübarək deyələr,
O ki şirin dilinə şəhdü şəkkərdir deyilən

Ağzına qönçə deyən kəslərin ağzın yummasan,
Görsə bir gəz onu yüz yerdən açar qönçə dəhən

Şikəni-zülfdə dil naləsi keçdi həddən,
O qara gündən onu qurtarın, allahı sevən.

Dürfəşanlıq bu qədər eylədik, Aşiq, bəsdir,
Hanı bu dəhrdə bir dərdə yetib qədr bilən.