Pənbə çarşaf

Vikimənbə saytından
Pənbə çarşaf
Müəllif: Hüseyn Cavid


Pənbə, şəffaf, ipəkli bir çarşaf,
Lərzişi-səfvətilə hər saət
Ruhi-məcruhə eyliyor ithaf.
Nazənin bir fəriştə, bir afət.
Bu təsəttür nasıl da cazibədar!
Bunda pək incə bir lətafət var.

Sanki bir nevşükuftə gül fidanın
Pənbə tüllər əhatə qılmışdır.
Ya ki bir kevkəbi-dirəxşanın
Üstünü həp şəfəqlər almışdır.
Mən açıq şerdən də həzz edərim,
Fəqət ən gizli şeri pək sevərim.

Açaraq sivrilir çoq afətlər,
Saf və azadə sanki bir zanbaq...
Sən əmin ol ki, ey şükufeyi-tər,
Gülə pək başqa fər verir yapraq!
Söylə! Dünyada hanki sənətkar,
Kölgəsiz bir rəsimdə sənət arar!?

O vücudi-lətifi qoy sarsın,
Nurdan işlənən ipək tellər.
Bəncə məğrurü möhtəriz baqışın
Ruhu təltif için kifayət edər.
Örtün! Örtün... Fəqət unutma, saqın!
Sənin açmaq zamanın: iştə yarın!..