Qarabağnamə/Müqəddimə (V.N.Leviatov)
Qarabağnamə Müqəddimə Müəllif: V.N.Leviatov |
"Qarabağnamə " (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950) "Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989) Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006, səh. 7-33 |
Mirzə Adıgözəl bəyin "Qarabağnamə" əsərində Qarabağın 1736-cı ildən 1828-ci ilə kimi siyasi tarixi göstərilir.
Bu illər ərzində siyasət aləmində bir çox böyük hadisələr olmuşdur. 1747-ci ilə kimi, yəni Nadir şah öldürülənə kimi Qarabağ İran dövlətinin hakimiyyəti altında idi. Nadir şahın ölümündən sonra İranda hərc-mərclik və şahın taxt-tacına sahib olmaq istəyənlər arasında mübarizə başlandı. Mərkəzi siyasi hakimiyyət əldən-ələ keçərək çox zəifləmişdi və yerli feodal zadəganları və hakimləri özünə tabe etməyə qadir deyildi. Bu illərdə Azərbaycan İran dövlətinin hakimiyyəti altından çıxdı və onda iyirmiyə yaxın müstəqil xanlıqlar əmələ gəldi. Xanlıqların hər biri bir şəhərdən və iqtisadi cəhətdən onunla əlaqədar olan kəndlərdən ibarət idi. Məsələn, Quba xanlığı Quba şəhərindən və onun mahalına daxil olan təqribən iki yüz kənddən ibarət idi. Bakı xanlığı Bakı şəhərindən və Abşeron yarımadasında yerləşən otuz kənddən, Qarabağ xanlığı isə Şuşa şəhərindən və təqribən 250 kənddən ibarət idi. Qalan xanlıqlar da belə idi. Kənd əhalisi natural təsərrüfat formalarının hakim olduğu şəraitdə yaşayırdı və şəhər ilə əlaqəsi zəif idi. Şəhərlərin özünün əhalisi az idi (adətən üç mindən beş minə kimi) və sənətkarların hazırladıqları məmulat əsasən bu şəhərlərlə əlaqədar olan kəndlərin tələblərini təmin edirdi. Şəhərlərlə ölkənin ayrı-ayrı hissələri arasında təsərrüfat rabitəsi isə çox zəif idi.
Xanlıqların başında yerli feodal dairələrinin ən güclü nümayəndələri dururdu. Zəngin və güclü Cavanşir tayfasına mənsub olan Pənah bəyin Qarabağ üzərində öz hakimiyyətini necə möhkəmlətdiyi "Qarabağnamə"də müfəssəl surətdə təsvir olunur.
Pənah xan Cavanşir və "Otuziki" tayfalarını özünə tabe etmək üçün, habelə Qarabağın feodal sahiblərinə - məliklərə qarşı gərgin mübarizə aparmağa məcbur oldu.
Pənah xan tipik feodal bir hakim kimi özünə Bayat, sonra da Şahbulaq adlı möhkəmləndirilmiş qəsrlər tikdirir, ətraf hakimlərin onu özlərinə tabe etmək cəhdlərini dəf edirdi. Bir qədər gücləndikdən sonra Pənah xan Pənahabad qalasını (Şuşanı) tikdirir və Qarabağ üzərində öz hakimiyyətini və istiqlaliyyətini, Azərbaycanın cənub hissəsinin güclü xanlarından - Məhəmmədhəsən xan Qacardan və Fətəli xan Əfşardan silah gücü ilə qoruyur. Eyni zamanda o, öz hakimiyyəti altında olan ərazini cənub-qərbə - Naxçıvan tərəfə və cənub-şərqə - Təbriz tərəfə genişləndirməyə çalışır.
Xanların hər biri xanlığa məxsus olan torpaqların miqdarını, həmçinin ona tabe olan əhalinin sayını artırmağa çalışırdı. Bu meyil böyük feodal torpaq sahibləri olan xanların sinfi mənafeyindən irəli gəlirdi.
Məskun torpaqdan xanlar vergi və ya renta şəklində mədaxil alırdılar. Əhalinin çox olması böyük xalq ordusu yaratmağa imkan verirdi. Beləliklə, xanlar özlərinə tabe olan ərazini böyütmək və təbəələrin sayını artırmaq yolu ilə öz iqtisadi və siyasi qüvvələrini artırır, öz hakimiyyətlərini möhkəmləndirirdilər.
Pənah xanın və İbrahim xanın siyasəti göstərdiyimiz sinfi mənafedən irəli gəlirdi.
Xanların, o cümlədən də Qarabağ xanlarının xarici siyasəti öz hakimiyyətini, öz hakim mövqeyini saxlamaq və möhkəmlətmək təmayülü ilə təyin edilirdi. Buna görə, mürəkkəb beynəlxalq vəziyyətdə, İran, Türkiyə və Rusiyanın Azərbaycanı özünə tabe etmək uğrunda mübarizəsi şəraitində xanlar tərəddüd edir və vəziyyətdən asılı olaraq, öz sinfi mənafelərini təmin edən tərəfə meyil edirdilər.
XVIII əsrin 90-cı illərinin başlanğıcında Azərbaycanın cənub hissəsinin xanlıqları Ağa Məhəmməd şahın hakimiyyəti altına düşdükdən sonra, Qarabağ xanları qarşısında İrana tabe olmaq kimi həqiqi bir təhlükə meydana çıxdı. Ağa Məhəmməd şahın 1795-ci ildəki hərbi səfəri zamanı xüsusən dəhşətli olan belə bir vəziyyətdə qarabağlı İbrahim xan Rusiyadan himayə gözləməyə başladı.
O zamankı Rusiya şah idarəsi altında olan İrandan və ya sultan Türkiyəsindən daha yüksək iqtisadi inkişaf səviyyəsi və beynəlxalq vəziyyəti onun bir dövlət kimi müstəqil yaşamasına və inkişaf etməsinə imkan vermirdi.
Azərbaycanın Rusiyaya birləşdirilməsi rus və Azərbaycan xalqları arasında iqtisadi və mədəni münasibətlərin daha geniş inkişaf etməsi üçün imkanlar açırdı. Mirzə Adıgözəl bəy "Qarabağnamə"də Azərbaycanın şimal hissələrinin Rusiyaya birləşdirilməsi əhəmiyyətinin qiymətləndirilməsi üzərində dayanmırsa da, lakin onun bu fakta çox müsbət yanaşdığı əsərin mətnindən görünür.
Fransa və İngiltərə hökumətlərindən pul borcları, silah və hərbi təlimatçılarla kömək alan İran hökuməti iki dəfə Azərbaycanın şimal hissəsini silah gücü ilə Rusiyadan ayırmağa və onu öz hakimiyyəti altına almağa təşəbbüs etdi. Lakin 1805-1813 və 1826-1828-ci illərin müharibələrində İran məğlubiyyətə uğradı. Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) müahidənamələrinə görə, İran hökuməti Azərbaycanın şimal hissəsinə olan iddialarından əl çəkməyə məcbur oldu və onların Rusiyaya birləşdirilməsini təsdiq etdi.
Mirzə Adıgözəl bəy Qarabağın tarixini Türkmənçay sülh müahidənaməsinin bağlanması ilə bitirir. Beləliklə, Mirzə Adıgözəl bəy Qarabağın bütün sonrakı tarixini və bu tarixin gedişində çarizmin Azərbaycanda qurduğu istibdadın şiddətləndiyi dövrü təsvir etmir.
Əsərin müəllifi böyük həyat yolu keçmiş, təcrübə və bilik sahibidir. XIX əsrin birinci sülsündə Rusiya-İran və Rusiya-Türkiyə müharibələri dövründə Azərbaycanda və Zaqafqaziyada siyasi vəziyyət, bu müharibələrin gedişi və nəticəsi, Mirzə Adıgözəl bəyin xidmət fəaliyyəti onun görüşlərinə böyük təsir etmişdir. Bu dövrün tarixi hadisələrini görən və onları dərindən təhlil edən Mirzə Adıgözəl bəy, Rusiya tərəfdarları yoluna keçmiş və öz şəxsi taleyindəki dəyişikliklərə baxmayaraq, bu yoldan dönməmişdir. Mirzə Adıgözəl bəyin tərcümeyi-halında elə bir fakt yoxdur ki, bu fakta əsaslanaraq onun Rusiyaya tərəfdar olmaq xəttindən geri çəkilməsini və ya ondan üz döndərdiyini göstərsin.
Çox vaxt 1826-1828-ci illərin Rusiya-İran müharibəsinin çətin şəraitində, bəylərin çox hissəsi hakimiyyətini itirmiş Azərbaycan xanlarının ardınca gedərək, İran qoşunlarının silahı gücünə Zaqafqaziyada xan hakimiyyətini və xanlara yaxınlıqdan irəli gələn imtiyazlarını bərpa etməyə çalışdıqları bir zamanda Mirzə Adıgözəl bəy tutduğu yol ilə möhkəm addımlayır və təhlükə üz verdikdə qorxmadan ölümlə qarşılaşırdı.
Mirzə Adıgözəl bəyin Rusiya tərəfdarçılığında bu qədər ardıcıl olmasında müxtəlif vəziyyətlərin təsiri vardır. Burada Mirzə Adıgözəl bəyin uşaqlıq təəssürati müəyyən rol oynamışdır. Mirzə Adıgözəl bəy Ağa Məhəmməd şahın başçılığı altında İran qoşunlarının Zaqafqaziya xalqlarına gətirdikləri fəlakətlərin şahidi olmuşdur. O zaman Mirzə Adıgözəl bəy öz ailəsi ilə bərabər doğma Qarabağı tərk edib, yad yerlərə getməyə məcbur olmuşdu.
Mirzə Adıgözəl bəy hələ çox gənc ikən, rus dövlət və hərbi inzibati idarələrində xidmət etməyə başlamışdı. Bu xidmət və müvafiq dairələrə mənsub şəxslərlə mədəni münasibət Mirzə Adıgözəl bəyə böyük təsir etmişdir.
Bütün göstərdiklərimiz, şübhəsiz, "Qarabağnamə"də əks olunmuşdur. Bu əsər feodal torpaq sahiblərinə mənsub bir adam tərəfindən yazılmışdır. Bunların hamısı hadisələrin işıqlandırılması xarakterinə müəyyən təsir göstərmişdir.
Beləliklə, "Qarabağnamə"nin tarixi mətai ona tənqidi və çox diqqətlə yanaşmağı tələb edir.
O, bu əsərin Qafqaz canişini knyaz Mixail Semyonoviç Voronsova təqdim ediləcəyini nəzərə almışdı. Buna görə, Mirzə Adıgözəl bəy hadisələri Qafqazda rus komandanlığının rəhbər dairələrində qəbul edilmiş rəsmi dillə ifadə edir.
Yuxarıda qeyd edildiyi kimi, tarixi hadisələrin şərhi 1736-cı ildə Muğanda İran feodal zadəganları qurultayının təsvirindən və Nadirin İran şahlığına "seçilməsindən" başlanır.
Mirzə Adıgözəl bəy Nadir şahı idealizə edir.
İranın feodal dairələri Nadir şahın şəxsində öz mənafelərinin ifadəçisini tapmışdılar. Nadir şah onların mövqeyini möhkəmlətmiş, onların torpaqlarını və hakimiyyətini Türkiyənin işğalçılıq cəhdlərindən qorumaq üçün çox işlər görmüşdü. Lakin Nadir şah əhalinin zəhmətkeş kütlələrinə qarşı amansız bir zalım idi, Azərbaycana isə saysız-hesabsız fəlakətlər gətirmişdi. Azərbaycan xalqı Nadir şahın hakimiyyətinə qarşı inadla mübarizə edirdi. Nadir şah xalqı tamamilə tabe etməyə çalışaraq Azərbaycanın şimal hissəsi üzərində İranın hakimiyyətini möhkəmlətmək məqsədilə Şirvana dörd dəfə yürüş etmişdir. Bu yürüşlərin və Nadir şahın göndərdiyi cəza dəstələrinin hərəkətləri nəticəsində Şirvan dağıdılmış, əhalisi talan edilmişdi. Əhali öz yurdlarını tərk edərək dağlarda gizlənirdi. Tarlalar becərilmirdi, ölkədə aclıq başlanmışdı. Mirzə Adıgözəl bəy bütün bu hadisələrdən yəqin ki, xəbərdar idi, lakin bu barədə susur və Şərq tarixçilərinin köhnə ənənələrinə tabe olaraq Nadir şahı mədh edirdi.
Mirzə Adıgözəl bəy Nadir şahdan danışdıqda yalnız bir yerdə həqiqəti doğru göstərmişdir (Ziyad oğlanları nəslindən olan Gəncə bəylərinin Nadirin şahlığa "seçilməsinə" necə müqavimət göstərdikləri nəzərdə tutulur). Nadir şahın öz siyasi düşmənləri olan Ziyad oğlanlarına qarşı gördüyü tədbirlər haqqında Mirzə Adıgözəl bəyin göstərdikləri çox qiymətlidir.
Mirzə Adıgözəl bəyin əsərini diqqətlə oxuduqda ilk Qarabağ xanı Pənah xanın taleyinin onu çox həyəcanlandırdığını görmək çətin deyildir. Mirzə Adıgözəl bəy Pənah xanı yalnız müsbət cəhətdən göstərmişdir. O, igid, cəsarətli, müdrik dövlət xadimi, Qarabağ xanlığının banisidir. Mirzə Adıgözəl bəy Pənah xanın xasiyyətində şöhrətpərəstlik olduğunu qeyd edirsə də, lakin elə hesab edir ki, bu şöhrətpərəstlik Qarabağda dövlət qurulmasının xeyrinə yönəldilmişdir.
Mirzə Adıgözəl bəy Pənah xanı, görünür, Qarabağda müstəqil dövlət yaratdığına görə idealizə edir. Pənah xanın ona tabe olan ərazini genişləndirmək cəhətdən qazandığı hər bir müvəffəqiyyət Mirzə Adıgözəl bəy tərəfindən şübhəsiz bəyənilir. Hətta məhz onun sayəsində Mirzə Adıgözəl bəy Pənah xanın Qarabağ məlikləri ilə mübarizəsini tamamilə düzgün təsvir etmişdir.
Mirzə Adıgözəl bəy Cənubi Azərbaycanda özünə yer eləmiş Fətəli xan Əfşarın Pənah xanı özünə tabe etmək cəhdləri haqqında, həmçinin Fətəli xanın Pənah xanın oğlu İbrahimxəlil ağanı xəyanət və aldatmaq yolu ilə əsir tutması haqqında qəzəblə yazır. Müəllif bunu etiraf etmək istəmir ki, Pənah xan həqiqətən məğlub olmuşdu və Fətəli xan Əfşara tabe olmağa məcbur idi[1].
Qarabağ tarixinin bu hissəsinin süni qurulmasını və tarixi görüş dairəsinin bir qədər məhdudluğunu hələ ondan görmək olur ki, Mirzə Adıgözəl bəy XVIII əsrin ikinci yarısında Azərbaycanın ən böyük dövlət xadimi olan qubalı Fətəli xan və onun birləşdirici fəaliyyəti haqqında heç bir kəlmə də olsun danışmır. Mirzə Adıgözəl bəy İbrahim xandan asılı olan hakimlər arasında Quba hakimini göstərmir. Hətta ondan bir kəlmə belə danışmır. Halbuki, Fətəli xan İbrahim xanın ən ciddi düşməni idi və səksəninci illərdə onların arasında böyük toqquşmalar olmuşdu.
Mirzə Adıgözəl bəy Şuşanın müdafiəyə hazırlığını, onu mühasirə etmiş Ağa Məhəmməd şahın qoşunlarından özünü qəhrəmancasına müdafiə etməsini təsvir edir. Bu hadisələrdən danışdıqda Mirzə Adıgözəl bəy XVIII əsrin ən böyük şairi olan Molla Pənah Vaqifin adını çəkir.
1796-cı il yürüşündə rus ordusunun baş komandanı qraf V.A.Zubovun qoşunları Kür və Araz çayı yanındakı kənddə qış düşərgəsində olduğu zaman İbrahim xanın oğlu Əbülfət ağanın vasitəsilə Vaqifə qiymətli daşlarla bəzədilmiş bir əlağacı göndərməsi kimi çox mühüm bir fakta yalnız "Qarabağnamə"də rast gəlirik. Adətən belə hallarda olduğu kimi bu hədiyyə, görünür, Şuşanın İran qoşunlarından müdafiəsini təşkil etməkdə fəal iştirak etmək və Rusiyaya meyil göstərmək üçün bir iltifat əlaməti olaraq, imperatriçənin adından göndərilmişdi.
Bununla Mirzə Adıgözəl bəy İbrahim xan haqqında rəvayətini bitirir. İbrahim xanın faciəli sonu haqqında o, bir kəlmə belə danışmır. Məlum olduğu kimi, rəsmi məlumat İbrahim xanı xəyanət etməkdə, 1806-cı ildə knyaz Sisianovu öldürdükdən sonra Abbas Mirzənin qoşunları tərəfinə keçməkdə təqsirləndirilirdi[2]. Mirzə Camal bu hadisələri belə təsvir edir:
"Gələn 1806-cı ildə, yazda iranlılar yenidən Arazdan Qarabağa keçərək İbrahim xanın yanına casuslar göndərdilər ki, onu Rusiyadan ayrılmağa və onlarla ittifaq bağlamağa razı etsinlər.
İbrahim xanın bütün müdafiəsi mayor Lisaneviçin başçılığı altında olan bir batalyon soldatdan ibarət idi; qəhətlik olduğuna görə, bərk aclıq qorxusu altında olan əhaliyə güvənmək olmazdı; iranlılar görünən kimi onlar qaçıb dağılacaqdılar. Müqayisə edilməyəcək dərəcədə güclü olan düşmənə qarşı demək olar ki, hər bir müdafiə vasitələrindən məhrum olan Qarabağın bu vəziyyətini görən və hər barədə İbrahim xan tərəfindən xəbərdar edilmiş mayor Lisaneviç ona bildirmişdi ki, tezliklə rus qoşunları köməyə gələcək və düşmən tərəfindən ola biləcək hər bir təhlükə aradan qaldırılacaqdır. Lakin yeni qoşunların gəlməsi təxirə düşdü və İbrahim xan iranlıların onun mülklərinə qarşı sürətli təcavüzlərinin bir qədər qarşısını almaq üçün onlarla münasibətə girişdi, iranlılar Şuşanın 14 verstliyinə yaxınlaşdıqda isə ailəsilə bərabər Xan bağından çıxıb ondan bir qədər məsafədə düşərgə etdi. Bu, İbrahim xanın bizim hökumətə xəyanət etdiyinə dair bir çoxlarında şübhə oyatdı və onlar mayor Lisaneviçin qarşısında ona böhtan atdılar. O da İbrahim xana qarşı silah işlətməyə məcbur oldu. Beləliklə, İbrahim xan öz kiçik oğlanları və bəzi yaxın adamları ilə birlikdə öz ehtiyatsızlığının qurbam oldu"[3].
Mirzə Adıgözəl bəy öz kitabında İbrahim xana bəraət qazandıra bilməzdi; çünki bu bəraət İbrahim xanın öldürülməsinə yol vermiş rus hakim dairələrini təqsirləndirmək olardı. O, İbrahim xanın öldürülməsini xəyanətlə izah edən rəsmi məlumata da tərəfdar ola bilməzdi. Buna görə, İbrahim xanın həyat və fəaliyyətini təsvir etmiş Mirzə Adıgözəl bəy onun öldürülməsinə dair öz sözünü söyləməkdən boyun qaçırmağa və bu barədə susmağa məcbur olmuşdu.
İbrahim xanın xələfi, öz müasiri olan qarabağlı Mehdiqulu xana Mirzə Adıgözəl bəy çox laqeyd yanaşır, onu böyük işlərə qadir olan adam kimi görmür, yalnız onun adına hörmət edirdi. Eyni zamanda Mirzə Adıgözəl bəy 1805-1813 və 1826-1828-ci illərin Rusiya-İran müharibələri dövründə rus təbəəliyindən çıxıb İranın tərəfinə keçən bəyləri dərindən təqsirləndirir. Rusiyaya istinad etməsində ardıcıl olan Mirzə Adıgözəl bəy hətta şəxsən ona yaxın olan qarabağlı Mehdiqulu xanı müharibədə İran qoşunları tərəfində iştirak etməsi üçün təqsirləndirirdi.
Mirzə Adıgözəl bəyin tərcümeyi-halından bilirik ki, qarabağlı Mehdiqulu xan əslən onun vasitəsilə İrandan Qarabağa qayıtmışdır. Qarabağın tarixi ilə əlaqədar olan məsələlər bunlardır.
Mirzə Adıgözəl bəy Qarabağın tarixini o zaman Zaqafqaziyada vaqe olan geniş hadisələr zəminində təsvir edir. Buna görə, "Qarabağnamə"də Gürcüstanın və başqa Azərbaycan xanlıqlarının tarixinə dair bir çox məlumat vardır.
Mirzə Adıgözəl bəy 1751-ci ildə II İraklinin Gəncə üzərinə hücum etdiyi zaman Gəncə, Qarabağ, Şəki xanlıqları və s. ilə qəbilə müharibəsi faktlarını bir epos kimi təsvir etmişdir.
Tiflisi Ağa Məhəmməd şahın qoşunlarından müdafiə edən zaman II İraklinin vəziyyətinə dair Mirzə Adıgözəl bəyin yazdıqları çox qiymətlidir. Gürcüstan padşahları sülaləsinin üzvləri arasında ixtilaf və münaqişələrdən, şahzadələrin və knyazların İrakliyə tabe olmamasından, Tiflisin müdafiəsi işinə onların qayğısız yanaşmasından danışılan bu təsvirdə bizim üçün əhəmiyyətli cəhət burasıdır ki, bunları hadisələrin müasiri olan bir adam təsvir edir. Bu təsvirdə həmin hadisələrin gedişində və onlardan sonra keçən ilk illərdə onlara xalq tərəfindən verilən qiymət verilmişdir. Bu sətirlərdən biz görürük ki, Mirzə Adıgözəl bəydə vətənpərvərlik hissi çox inkişaf etmişdir, o öz müasirlərindən vətənə sədaqət və məhəbbət bəsləməyi tələb edir.
O, Gürcüstan dövlətinin yaxşı qurulmadığından, bunun nəticəsində onun zəifləməsindən və İran qoşunlarının paytaxta basqın etdiyi zaman xalqın başına gelən dəhşət və fəlakətlərdən dərin bir təəssüflə danışır. Mirzə Adıgözəl bəy Gürcüstanın axırıncı padşahı XII Georginin rus təbəəliyinə qəbul edilməyi xahiş etməyə məcbur edən səbəbləri qısa, lakin dərindən təsvir edir.
Mirzə Adıgözəl bəy II İraklinin ikinci arvadının - Darya Georgiyevnanın rus dövləti tərəfindən təyin edilmiş hakimlərə qarşı üsyan qaldıran və İran ya Türkiyə vasitəsilə Gürcüstanın hakimiyyətini öz əllərinə almağa çalışan oğlanlarını təqsirləndirir. Mirzə Adıgözəl bəy bu şahzadələrin hakimiyyət və şəxsi rifah arzusunda olduqlarını və ölkənin taleyinə laqeyd yanaşdıqlarını görür. Onun zənnincə bunlar ölkəyə nə əmin-amanlıq, nə dövlət qayğısı verməyə qadir deyildirlər, buna görə bu şahzadələri və onların anası Darya Georgiyevnanı Rusiyaya sürgün etmiş rus hakimlərinin hərəkətlərini bəyənir.
Mirzə Adıgözəl bəy rus qoşunlarının Gəncə xanlığı üzərinə yürüşü ilə əlaqədar olan hadisələrə müstəqil surətdə qiymət verir. Əsərin mətnindən görünür ki, Mirzə Adıgözəl bəy gəncəli Cavad xanı dinc yol ilə gedib rus təbəəliyinə daxil olmadığına görə təqsirləndirir. Mirzə Adıgözəl bəy Cavad xanın Gəncəni rus qoşunlarından müdafiə etməsini və əldə silah olaraq vuruşma zamanı qala divarı üstündə həlak olduğunu qəhrəmanlıq hesab etmir, hətta Cavad xanı qan tökülməsində təqsirləndirir. Qalan hadisələrin işıqlandırılmasında o, bir zaman verilən rəsmi təsvirə riayət edir. Rus ordusu zabiti kimi o, öz mövqeyinə görə belə etməlidir, lakin buna baxmayaraq, müəllifin təsvir etdiyi hadisələrə öz şəxsi münasibətini yenə də görmək olur.
XIX əsrin rus dvoryan-burjua tarixçilərindən bəziləri bakılı Hüseynqulu xanı doğrultmağa çalışaraq göstərirlər ki, yaşlı adamların rəvayətlərinə görə Hüseynqulu xanın hiyləgərlik və xəyanət fikri olmamışdır və knyaz Sisianovun öldürülməsi aktı onun xəbəri olmadan Bakı xanlığının saray dairələrində çox güclü nümayəndələri olan İran tərəfdarları tərəfindən hazırlanmışdı[4]. İran tərəfdarları dairələrinin nümayəndələri Hüseynqulu xanı İran tərəfdarlarının siyasi xətt-hərəkətinə tabe etmək istəyərək, knyaz Sisianovu öldürdülər ki, Zaqafqaziyada rusların işlərinə qarışıqlıq salsınlar və İran qoşunlarının Azərbaycanın şimal hissəsinə soxulmasına yardım etsinlər, həmçinin Hüseynqulu xanı Rusiya hökuməti ilə sazişə girmək imkanından məhrum etsinlər.
Bakılı Hüseynqulu xanın fikir və məqsədləri haqqında inamla mühakimə etməyə imkan verən lazımınca məlumat olmadığından bu məsələləri həll etmək, əlbəttə, çətindir[5]. Buna görə də, Mirzə Adıgözəl bəyin verdiyi məlumatın tarix üçün daha çox əhəmiyyəti vardır. Mirzə Adıgözəl bəy yazır ki, knyaz Sisianov ilə münasibəfiərində Hüseynqulu xan ikiüzlülük edir və pis fikir daşıyırdı. Öz fikirlərini isbat etmək üçün Mirzə Adıgözəl bəy göstərir ki, knyaz Sisianov öldürüldükdən sonra onun başı Fətəli xana göndərildi, Bakının çölləri isə İran qoşunları ilə doldu.
Sonrakı illərdə, xüsusən 1826-cı ildə Rusiya-İran müharibəsi zamanı Hüseynqulu xan özünü ən qəddar İran tərəfdarı kimi göstərdi. O, öz kinində elə amansız idi ki, 1826-cı ildə keçmiş tabeləri olan Abşeron kəndləri əhalisini Bakı qalasını almaq təşəbbüslərində ona yardım göstərmədikləri üçün talan etmişdi.
Mirzə Adıgözəl bəy İran dövlətinə qarşı düşmənçiliyində tamamilə ardıcıllıq göstərir. Əgər "Qarabağnamə" yazılan zaman Nadir şahın tarixi uzaq keçmişə aid olub heç bir gündəlik siyasi əhəmiyyətə malik deyil idisə, rus dövlətinin düşmənləri olan Ağa Məhəmməd şah və Qacarlar haqqında Mirzə Adıgözəl bəy heç bir kəlmə belə yaxşılığa danışmır. Bir neçə yerdə o, Ağa Məhəmməd şahın amansızlığından və qəddarlığından danışır və onun öldürülməsi faktını onun amansızlığı ilə əlaqədar edir. Halbuki, "Qarabağnamə"nin mətni qətl aktının sui-qəsd nəticəsi olduğunu güman etməyə imkan verir, bu sui-qəsddə isə həllədici və rəhbər rolu çox nüfuzlu Azərbaycan xanlarından biri Sadıq xan Şəqaqi oynamışdır. Buna görə də, Ağa Məhəmməd şahın yerində oturmuş Fətəli şah, Sadıq xanı öldürməyəcəyinə dair and içmişdisə də, Sadıq xan onun əlinə keçən kimi onu boş otağa salmış və ac saxlayaraq öldürmüşdü.
Mirzə Adıgözəl bəy əsərinin bəzi yerlərində xalq kütlələrinin İran dövlətinə münasibəti məsələsi üzərində dayanır. Məsələn, knyaz Sisianov öldürüldükdən, İran qoşunları isə Qarabağa və Bakı düzlərinə doluşduqdan sonra Mirzə Adıgözəl bəy yazır: "Bu vilayətlərdə İran qanunları həyata keçirildi və (ölkə) onların əsassız qaydalarına tabe edildi. Bunun nəticəsində az qalmışdı ki, bu vilayətlərə qarışıqlıq düşsün". Bu, şübhəsiz ki, xalq kütləsi rəyinin düzgün qiymətidir. Təəssüf ki, Mirzə Adıgözəl bəy 1826-1828-ci illərin Rusiya-İran müharibəsi dövründə Qarabağ əhalisinin Rusiya və İran qoşunlarına münasibətini tamamilə yanlış işıqlandırmışdır. Bu müharibə hadisələrinin iştirakçısı olan Mirzə Adıgözəl bəy bir çox ayrı-ayrı faktların arxasında hərbi hərəkatın nə kimi ümumi bir şəraitdə keçdiyini görməmişdir.
Abbas Mirzənin ordusu Gəncə yaxınlığında məğlub olduqdan sonra Yermolov Qarabağ haqqında belə yazır:
"Güman etmirəm ki, Abbas Mirzə Qarabağda bir daha vuruşmağa cəsarət etsin; çünki mənim zənnimcə buranın əhalisi nəinki heç bir ərzaq verməz, hətta onun pərakəndə qoşunlarını qırmağa çalışar, dəhşət bu qoşunlardakı intizamsızlığı qat-qat artırır"[6].
Abbas Mirzə bilirdi ki, əgər rus qoşunları onlara qarşı xalq müharibəsi alovuna tutulmasalar, İran qoşunlarına nisbətən sayca az olmalarına baxmayaraq, yenə də onlara qalib gələcəklər. Abbas Mirzənin planı bundan ibarət idi ki, yerli üsyanlar qaldırsın, rus qoşunlarının qüvvələrini xırdalayıb parçalasın və onları hissə-hissə məhv etsin. Bu planı hər şeydən əvvəl ona görə həyata keçirmək mümkün olmadı ki, Azərbaycan kəndlilərinin əsas kütləsi rus qoşunlarına qarşı silah qaldırmaq istəmədi.
Mirzə Adıgözəl bəy öz əsərində rus ordusunda xidmət edən bəzi bəylərin xəyanət etməsi faktlarını qeyd edir, həm də rus qoşunlarının düçar olduqları böyük müvəffəqiyyətsizlik və məğlubiyyətləri bu faktlarla əlaqələndirir. 1826-cı ilin yayında İran qoşunlarının böyük qüvvələri Qarabağa soxulduqdan sonra, Gorasdan Şuşaya gedən 42-ci əgər alayının üç rotasının taleyi buna bir misaldır. Bu dəstə kapitan Hacı Ağalar bəyin xəyanəti nəticəsində məhv edilmişdi. O, Abbas Mirzənin tərəfinə keçmiş bəylərlə və kürd dəstəsi ilə birlikdə geri çəkilən rotaları təqib etmək və onları qırmaq işində İran qoşunlarına kömək etmişdi.
Əgər 1826-cı il müharibəsinin necə başlandığını və bu zaman İran sərhədində ayrı-ayrı qarovul dəstələrinin dayandığını nəzərə alsaq, asanlıqla görmək olar ki, yerli əhali qoşunlara qarşı silah qaldırıb onların yolunu kəssə idi, Yermolov böyük məsafədə səpələnmiş hərbi qüvvələri Tiflisə tərəf çəkib toplaya bilməzdi.
Rus ordusunun zabiti kimi Mirzə Adıgözəl bəy rus qoşunlarının qüdrət və qüvvətindən böyük bir fəxr ilə danışır. Demək lazımdır ki, bu qiymət əksəriyyətlə düzgündür; çünki İranla müharibədə rus soldatları həqiqətən səbat, mərdlik, igidlik göstərir və ölümə həqarətlə baxırdılar. Onlar dəfələrlə özlərindən sayca çox olan düşmənlə vuruşmalı olmuş və bununla belə parlaq qələbələrə nail olmuşdular.
Mirzə Adıgözəl bəyin əsərini Qarabağın tarixini və ya 1805-1813 və 1826-1828-ci illərin Rusiya-İran müharibələri tarixini öyrənmək üçün əsas olan bir kitab kimi qiymətləndirmək olmaz. Bu kitabda hadisələr lazımınca tam təsvir edilməmişdir, onların səbəbləri lazımınca dolğun izah edilməmiş, həmçinin onların əhəmiyyəti qiymətləndirilməmişdir. Hələ yalnız bunu göstərmək kifayət edər ki, İran ordusunun 1812-ci ilin payızında və 1813-cü ilin əvvəlində düçar olduğu böyük hərbi məğlubiyyətlər haqqında, məsələn, Aslan düzündə İran ordusunun məğlub olması[7], həmçinin Lənkəranın rus qoşunları tərəfindən mühasirə edilməsi və alınması[8] haqqında heç bir şey yazmır.
Mirzə Adıgözəl bəy Napoleon ordusunun Rusiyada məğlub olması əhəmiyyətinin qiymətləndirilməsindən və bu faktın 1905-1913-cü illərin Rusiya-İran müharibəsinə təsirindən də danışmır.
Müəllif Gülüstan və Türkmənçay sülh müahidənamələrinin Azərbaycan tarixindəki əhəmiyyəti haqqında da heç bir şey yazmır. Müəllifin diqqət vermədiyi daha bir çox hadisələri və mühüm məsələləri də qeyd etmək olardı. Beləliklə, hadisələri tamamilə dolğun işıqlandırmaq cəhətdən "Qarabağnamə" bu və ya qeyri dövrün tarixini öyrənmək üçün vəsait ola bilməz. Həmçinin tamamilə aydındır ki, bu əsərin müəllifi çox vaxt hadisələrin səbəbləri arasındakı rabitəni izah etmir və onların əhəmiyyətini qiymətləndirmir.
Beləliklə, "Qarabağnamə"nin XVIII əsr hadisələrini təsvir edən hissəsi hekayə xarakteri daşıyır; çünki müəllif onlar barəsindəki məlumatı əsas etibarilə qocaların danışıqlarından almışdır; müəllifin öz dövründə olan hadisələri təsvir etdiyi hissədə isə (XIX əsrin tarixi) bu mənbə məhz həmin tarixin təsvir edildiyi dövrdə tərtib edilmiş bir sənəd kimi qiymətli və doğrudur.
Mirzə Adıgözəl bəy özü "Qarabağnamə"ni yazmaq üçün istifadə etdiyi mənbələr haqqında əsərinin girişində belə yazır: "Çünki mən bundan əvvəl keçmiş Gürcüstan sərdar və əmirlərinin hüzuranda xidmət etmişdim, bir-birindən fərqli olan dilləri və müxtəlif ləhcələri bilirdim. Mən bu əhvalatın bir hissəsini erməni, bir qismini də gürcü və müsəlmanların yaşlı adamlarından soruşub öyrənmiş və çoxlu məlumat yığmışdım. Buna görə, o böyük cənabın[9] əmrinə itaət edərək, işə başladım. Mirzə Hüseyn Məmmədağa oğlu Salari təxəllüsdən xahiş etdim ki, mənim söylədiklərimi dediyim kimi, gözəl bir ifadə ilə yazsın".
Qeyd etmək lazımdır ki, Mirzə Adıgözəl bəy istifadə etdiyi mənbələrin hamısını göstərməmişdir. Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sinin mətnini Mirzə Camalın "Qarabağ tarixi" əsərinin mətni ilə tutuşdursaq, asanlıqla görərik ki, hər iki əsərdə hadisələr eyni plan üzrə verilir. Hər ikisində əsasən, eyni faktlar təsvir edilir.
Mirzə Adıgözəl bəy "Qarabağnamə"nin heç bir yerində Mirzə Camalın əsəri ilə tanış olduğu və öz əsərini yazdıqda ondan istifadə etdiyinə dair heç bir şey yazmır. Lakin Mirzə Adıgözəl beyin özgə sələfinin əsəri ilə tanış olduğuna heç bir şübhə ola bilməz.
Molla Pənah Vaqifin ölümündən sonra Mirzə Camal qarabağlı İbrahim xanın vəziri idi. Mirzə Camal yaşca Mirzə Adıgözəl bəydən böyükdür. O, XVIII əsrin son ori illərində baş vermiş hadisələrin şahidi və öz mövqeyinə görə, Qarabağ tarixinə yaxşı bələd olan bir adam olmuşdur. O, öz əsərini Mirzə Adıgözəl bəydən qabaq yazmışdı və əlbəttə, Mirzə Adıgözəl bəy bu əsərdən xəbərdar olmaya bilməzdi.
Lakin bu elə başa düşülməməlidir ki, Mirzə Adıgözəl bəy sadəcə Mirzə Camalın əsərlərinin mətnini təkrar etmişdir. Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sində bir çox faktlar vardır ki, Mirzə Camal onlardan heç danışmır. Mirzə Adıgözəl bəyin təsvir etdiyi tarixi hadisələrin dairəsi Mirzə Camalın təsvir etdiklərindən daha genişdir. Mirzə Adıgözəl bəyin öz əsərində aşağıdakı məsələlərə: Qarabağ məliklərinin haradan əmələ gəlməsinə, Vaqifin dövlət fəaliyyətinə, Şuşanın Ağa Məhəmməd şahın qoşunlarından müdafiəsinin nisbətən müfəssəl təsvirinə, Ağa Məhəmməd şahın basqını ərəfəsində Gürcüstanın siyasi vəziyyətinə, Tiflisin İran qoşunlarından müdafiə olunmasına, İran qoşunlarının Tiflisi dağıtmasına və talan etməsinə, XII Georginin taxta çıxmasına, Gürcüstanın Rusiya imperatorluğu təbəəliyinə keçməsinə, XII Georgiyə qarşı şahzadələrin qaldırdıqları üsyanlara və Gürcüstanın tarixinə aid bir çox başqa məsələlərə xüsusi diqqət verdiyini söyləmək kifayət edər. Bunlardan başqa, Mirzə Adıgözəl bəy çar qoşunlarının Car vilayətinə yürüşlərini, Bakıya hərbi səfəri, knyaz Sisianovun öldürülməsini, 1805-1813-cü illərin müharibəsindən bir sıra hadisələri və nəhayət, 1826-1828-ci illərin Rusiya-İran müharibəsini təsvir edir.
Saydığımız məsələlərin çoxu haqqında Mirzə Camalın əsərində heç bir məlumat yoxdur. Mirzə Adıgözəl bəylə Mirzə Camalın əsərlərinin mətninin müqayisə edilməsi göstərir ki, Mirzə Adıgözəl bəy Mirzə hadisələri Camaldan daha geniş təsvir etmişdir.
Mirzə Camal Qarabağın tarixini 1813-cü ilə qədər, Gülüstan sülh müahidənaməsi bağlanana qədər təsvir edir. Mirzə Adıgözəl bəy isə hadisələri 1828-ci ilə, Türkmənçay sülhü bağlanana kimi təsvir edir. Beləliklə, Mirzə Adıgözəl bəy 1826-1828-ci illərin Rusiya-İran müharibəsini Azərbaycan tarixində ilk dəfə olaraq təsvir etmişdir.
Əsərin XII fəslini təşkil edən bu dövrün hadisələrinin təsviri ifadəsinin qısalığına baxmayaraq, lazımınca dolğun verilmişdir. Demək olar ki, 1826-1828-ci illərin Rusiya-İran müharibəsi hadisələrindən Mirzə Adıgözəl bəy ən mühüm olanlarını ayırmış və onları ciddi xronoloji qayda ilə təsvir etmişdir.
Mehdiqulu xanın yanında, sonra isə Şuşa şəhər məhkəməsində xidmət etmiş bir qarabağlı kimi, Mirzə Adıgözəl bəy Qarabağın mahallara bölünməsi, hər mahalın təbii sərvətləri və təsərrüfatının tarixi xüsusiyyətləri, Qarabağın köçəri və oturaq əhalisinin cəlb edildiyi vergi və mükəlləfiyyətlər, xanlar zamanı Qarabağın idarə edilməsi haqqında bir çox qiymətli məlumat verə bilərdi. Mirzə Adıgözəl bəyin əsərinin mətnində göstərdiyimiz məsələlərə xüsusi fəsillər həsr edilməmişdir. Yuxarıda göstərilən məsələlər üzrə bu əsərdən yalnız Qarabağın siyasi tarixinin şərhində verilmiş ayrı-ayrı məlumat əldə etmək olar.
Mirzə Adıgözəl bəydən sonra Qarabağın tarixini yazmış Mir Mehdi Xəzani öz əsərinin birinci fəslini Qarabağın coğrafiyasının təsvirinə həsr etmiş və bununla da Mirzə Adıgözəl bəyin əsərində boş qalmış yeri qismən doldurmuşdur.
"Qarabağnamə"nin on ikinci fəslinin son sətirlərindən göründüyü kimi, müəllif Dağıstan müharibəsinin təsvirini bitirdikdən sonra 1828-1829-cu illərin rus-türk müharibəsindəki hadisələri, bəlkə də Dağıstandakı müharibənin hadisələrini təsvir etmək fikrində imiş. Lakin onun bu fikri həyata keçirilməmiş qaldı. Məlum olduğu üzrə, Dağıstanda müharibə yalnız 1859-cu ildə, yeni Mirzə Adıgözəl bəyin ölümündən azı on il sonra qurtardı.
Mirzə Adıgözəl bəyin əsəri konkret tarixi məzmunla zəngindir. Bu əsərin müəllifi böyük bir səy və məhəbbətlə Qarabağın və qismən Zaqafqaziyanın tarixinə aid bir çox material toplamışdır. O öz vətəninin gələcək tarixi taleyini irəlicədən təyin edən hadisələrə böyük bir diqqətlə yanaşmışdır. Mətnin böyük bir hissəsi ya hadisələrin şahidi və hər halda onların müasiri tərəfindən yazılmışdır.
"Qarabağnamə" XIX əsrin qırxıncı illərinin Azərbaycan tarixnəvisliyində ən qiymətli əsərlərdən biridir.
Bu əsər, şübhəsiz, bəhs edilən dövrün tarixi öyrənildikdə geniş surətdə istifadə ediləcəkdir.
V.N.Leviatov
Qeydlər
[redaktə]- ↑ A.Bakıxanov "Gülüstani-İrəm"də yazır: "Pənah xan zahirən ona (Fətəli xan Əfşara - V.L.) itaət göstərdi və öz oğlu İbrahimxəlil ağanı ona girov verdi". B a x: A.Bakıxanov. Göstərilən əsər. Bakı, 1926, səh. 130.
- ↑ Podpolkovntk Lisaneviçin general-mayor Nesvetayevə yazdığı 4 sentyabr 1806-cı il tarixli raportu (Qafqaz Arxeoqrafıya Komissiyası aktları, c. III, sənəd 610, səh. 334).
- ↑ Camal Cavanşir Qarabaği. "Qarabağ" (farscadan tərcüməsi A.Berjenindir). "Kavkaz" qəzeti, 1855-ci il, N° 69.
- ↑ Qafqazda rus hakimiyyətinin qurulması (general-mayor Pottonun redaktəsilə), I c, Tiflis, 1901, səh. 231-233.
- ↑ A.Bakıxanov "Gülüstani-İrəm"də yazır: "1806-cı il fevralın 8-də Bakı darvazası yanında Hüseynqulu xan ilə görüşən zaman, gözlənilmədən və bütün xalq hüquqlarının əksinə olaraq, iranlıların təhrikinə görəmi, ya xanın özünün əmri iləmi baş komandan xanın dayısı oğlu İbrahim bəy tərəfindən öldürüldü" (B a x: A.Bakıxanov. "Gülüstani-İrəm", Bakı, 1926, səh. 155).
- ↑ General Yermolovun 1826-cı il sentyabrın 17-də padşahın hüzuruna yazdığı raport (AKAK, c. VI, h. II, sənəd 686, səh. 378).
- ↑ General Rtişşevin həqiqi stats-sovetnik Malinskiyə 1812-ci il 26 oktyabr tarixində yazdığı 488 nömrəli əmr (AKAK, c. V, sənəd 841, səh. 683). General Rtişşevin 1812-ci il 31 oktyabr tarixində padşahın hüzuruna yazdığı raportla müqayisə edin (AKAK, c. V, sənəd 843, səh. 684).
- ↑ Həqiqi stats-sovetnik Malinskinin 1813-cü il 26 yanvar tarixində general-mayor Portnyakinə yazdığı 61 nömrəli təliqə (AKAK, c. V, sənəd 853, səh. 699). Bu xüsusda general Rtişşevin 1813-cü il 28 yanvar tarixində padşahın hüzuruna yazdığı 31 nömrəli raporta da baxın (AKAK, c. I, sənəd 854, səh. 700)
- ↑ Tiflis vitse-qubernatoru podpolkovnik Mixail Petroviç Kolyubakinin.