Məzmuna keç

Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Əl-Mucadələ surəsi

Vikimənbə saytından
Əl-Hədid surəsi Quran. Əl-Mucadələ surəsi

Tərcüməçilər: Ağabala MehdiyevDürdanə Cəfərli
Əl-Həşr surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Şübhəsiz, Allah əri barəsində səninlə mücadilə (mübahisə) edən və Allaha şikayət edən qadının sözünü eşitdi və qəbul etdi. Allah sizin danışığınızı eşidir. Həqiqətən, Allah eşidən və görəndir.
2. Sizdən öz qadınları ilə zihar edən kimsələrin (əbədilik haram etmək məqsədi ilə: «Səninlə cinsi əlaqədə olmağım, mənim üçün anamla cinsi əlaqədə olmağım kimidir» deyən kəslərin) zövcələri onların anaları deyildir. Onların anaları yalnız onları dünyaya gətirənlərdir. Onlar əlbəttə, pis və yalan söz danışırlar (və o sözün qadının haram edilməsinə heç bir təsiri yoxdur). Həqiqətən, Allah çox əfv edən və bağışlayandır.
3. Qadınları ilə zihar edib sonra da dediklərindən dönənlərin, həmin zövcələri ilə təmasda olmazdan əvvəl bir qul azad etmələri vacibdir. Bu, sizə verilən bir öyüddür. Allah etdiklərinizdən xəbərdardır.
4. Kim (azad etməyə qul) tapmazsa, həmin zövcəsi ilə təmasda olmazdan öncə onun iki ay dalbadal oruc tutması vacibdir. (Oruc tutmağa da) qadir olmayan bir kəs altmış fəqiri doyuzdurmalıdır. Bu, Allaha və Onun Rəsuluna iman gətirməniz (və cahiliyyət adətlərindən əl çəkməniz) üçündür. Bunlar Allahın hüdudları və hökmləridir. Kafirlər üçün ağrılı bir əzab vardır.
5. Əlbəttə, Allah və Onun Rəsulu ilə düşmənçilik və müxalifət edənlər özlərindən öncəkilər xar və zəlil olduqları kimi xar və zəlil olacaqlar. Və həqiqətən, Biz aydın ayələr və nişanələr nazil etdik və kafirlər üçün alçaldıcı bir əzab vardır.
6. Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir; (o işlər barəsində ki,) Allah onların hamısını axıradək saymış, onlar özləri isə unutmuşlar. Allah hər şeyə şahiddir və hazırdır.
7. Məgər (qəlb gözü ilə) görmədinmi ki, Allah göylərdə və yerdə nə varsa hamısını bilir? Üç nəfər arasında elə bir pıçıltılı və gizli söhbət baş verməz ki, O, onların dördüncüsü olmasın və nə də beş nəfər arasında ki, O, onların altıncısı olmasın. Onlar bundan az və çox olsalar da, harada olsalar belə, O (Allah) onlarladır. Sonra – Qiyamət günü – hamıya etdiklərini xəbər verəcəkdir. Həqiqətən, Allah hər şeyi biləndir.
8. Məgər pıçıltı və gizli danışıq qadağan olunduqdan sonra yenidən qadağan olunmuş əmələ qayıdıb daim günah, (hüquqlara) təcavüz və Bizim Rəsulumuza itaətsizlik barədə pıçıltı ilə danışanı görmədinmi?! Onlar sənin yanına gəldikdə səni Allahın salamlamadığı bir tərzdə salamlayır və öz ürəklərində (ya öz aralarında) deyirlər: «(Əgər bu kişi Peyğəmbərdirsə), bəs niyə Allah (dünyada) bizə dediklərimizə görə əzab vermir?» Onlara daxil olacaqları və hərarətini dadacaqları Cəhənnəm kifayət edər. Ora necə də pis bir dönüş yeridir.
9. Ey iman gətirənlər, bir-birinizlə pıçıldaşdığınız, gizli söhbət etdiyiniz zaman (heç olmasa) günah, (hüquqlara) təcavüz və Bizim Rəsulumuza itaətsizlik barədə pıçıldaşmayın. Yaxşılıq və təqva(ya tövsiyə etmək üçün) pıçıldaşın. (Qiyamət günü) hüzuruna toplanacağınız Allahdan qorxun.
10. Şübhəsiz ki, iman gətirənləri qəmgin və nigaran etmək üçün (kafirlərin və münafiqlərin etdikləri) pıçıltı Şeytandandır. Halbuki, (Şeytan və o pıçıltılar) Allahın izni olmadan onlara heç bir zərər yetirə bilməz və möminlər yalnız Allaha təvəkkül etməlidirlər.
11. Ey iman gətirənlər, sizə: «Məclislərdə yer verin!» deyildiyi zaman yer verin ki, Allah da sizə (yer, ruzi, qəlb və Behiştdə) vüsət versin. «(Yer vermək və fəzilət əhlini irəli çəkmək üçün) qalxın!» – deyildiyi zaman qalxın ki, Allah da sizdən iman gətirənlərin və elm verilmiş kəslərin (dünyada və axirətdə) dərəcələrini yüksəltsin. Allah etdiklərinizdən xəbərdardır.
12. Ey iman gətirənlər, Allah Rəsulu ilə xüsusi söhbət et(mək istə)diyiniz zaman, öz söhbətinizdən öncə sədəqə verin, bu, sizin üçün daha xeyirli və daha pakdır və əgər (sədəqə vermək üçün bir şey) tapmasanız (bilin ki,) Allah bağışlayan və mehribandır.
13. Yoxsa öz xüsusi söhbətinizdən qabaq sədəqə verməkdən qorxdunuz? İndi ki, bunu etmədiniz və Allah da bundan keçdi, onda namaz qılın, zəkat verin və Allaha və Onun Rəsuluna itaət edin. Allah etdiklərinizdən xəbərdardır.
14. Məgər Allahın qəzəb etdiyi qövmü (yəhudiləri) özlərinə dost tutanları (münafiqləri) görmədinmi?! Onlar nə sizdəndirlər və nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər (ki, sizdəndirlər).
15. Allah onlara şiddətli bir əzab hazırlamışdır, çünki onların (dünyada) etdikləri şey olduqca pisdir.
16. Onlar (xəyanətlərini təmizə çıxarmaq üçün) andlarını bir sipər etmişlər. Beləliklə, (bu vasitə ilə özlərini və camaatı) Allahın yolundan saxlamışlar, onlar üçün alçaldıcı bir əzab vardır.
17. Malları və övladları Allah(ın əzabın)dan heç bir şeyi (azacıq belə) onlardan uzaqlaşdırmayacaq, onlar od əhlidirlər və orada əbədi qalacaqlar.
18. Allah onların hamısını dirildəcəyi ğün (orada da müsəlmanlıqlarını isbat etmək üçün) Allaha and içəcəklər, necə ki, (dünyada) sizin üçün and içirlər və bununla özlərinin bir şeydə olduqlarını ğüman edərlər (nifaqlarını möhkəm bir özül bilirlər). Agah ol ki, onlar həmin yalançılardır.
19. Şeytan onlara hakim olub Allahı yad etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər. Agah ol ki, Şeytan firqəsi həmin ziyankarlardır.
20. Şübhəsiz, Allah və Onun Rəsulu ilə düşmənçilik edənlər ən zəlil kəslər zümrəsindədirlər.
21. Allah (Öz əzəli elmi ilə Lövhi-Məhfuzda) yazmış və qərara almışdır ki: «Mən və peyğəmbərlərim qalib gələcəyik». Şübhəsiz, Allah qüvvətli, qüdrətli və məğlubedilməzdir.
22. Allaha və axirət gününə iman gətirən qövmün, Allah və Onun Rəsulu ilə düşmənçilik edənlərlə – hətta öz ataları, övladları (oğulları), qardaşları və qohumları olsalar belə – dostluq etdiyini görməzsən. Onlar elə kəslərdirlər ki, Allah onların qəlbində imanı sabit etmişdir və Öz tərəfindən olan bir ruhla (məxsus bir nurla, yaxud Qur’an maarifi ilə, ya qeybi uğurlarla) onları qüvvətləndirmişdir. Onları (axirətdə) (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara daxil edəcəkdir. Onlar orada əbədi qalarlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər, bil ki, şübhəsiz, Allahın firqəsi həmin nicat tapanlardır.