Məzmuna keç

Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Əl-Mumtəhinə surəsi

Vikimənbə saytından
Əl-Həşr surəsi Quran. Əl-Mumtəhinə surəsi

Tərcüməçilər: Ağabala MehdiyevDürdanə Cəfərli
Əs-Səff surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Ey iman gətirənlər, Mənim düşmənimi və öz düşməninizi dost tutmayın! Siz onlarla dostluq əlaqəsi yaradırsınız, halbuki onlar həqiqətən, Haqqın tərəfindən sizə gələnə kafir olmuşlar. Siz Rəbbiniz olan yeganə Allaha iman gətirdiyiniz üçün onlar Allah Rəsulunu və sizi (yurdunuz Məkkədən) çıxarırlar. Əgər (vətəninizdən) Mənim yolumda cihad etmək və Mənim razılığımı qazanmaq üçün çıxmısınızsa (onlarla dostluq əlaqəsi qurmayın). Siz gizlincə onlara dostluq göstərirsiniz. Halbuki Mən sizin gizlətdiyinizi və aşkar etdiyiniz hər şeyi daha yaxşı bilirəm. Və sizdən kim belə etsə, o həqiqətən, düzgün yoldan azmışdır.
2. Əgər onlar sizə hakim olsalar, sizin (ən qəddar) düşmənlərinizə çevrilərlər və sizə pisliklə əllərini və dillərini uzadar və həmişə istərlər ki, siz kafir olasınız.
3. Qiyamət günü nə (onlara görə öz dininizdən keçdiyiniz) qohumlarınızın, nə də övladlarınızın sizə heç bir faydası olmayacaqdır. (O gün Allah) sizin aranıza ayrılıq salacaqdır və Allah etdiklərinizi görəndir.
4. Şübhəsiz, İbrahim(in) və onunla birlikdə olanlar(ın rəftarın)da sizin üçün gözəl bir örnək vardır. O zaman onlar öz qövmlər(inin kafirlər)inə demişdilər: «Həqiqətən, biz sizdən və Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Biz siz(in tanrılarınızı və ayininiz)i təkzib edirik. Və siz yeganə olan Allaha iman gətirməyincə həmişə bizimlə sizin aranızda ədavət və düşmənçilik olacaqdır.» Yalnız İbrahimin atasına (ögey atasına, ya əmisinə): «Mən sənin üçün (Allahdan) bağışlanmaq diləyəcəyəm və mən sənin üçün Allahdan (istəməkdən başqa) heç bir şeyə (heç bir imkana) malik deyiləm.» –deməsi istisnadır. Ey Rəbbimiz, biz Sənə təvəkkül etdik və (ürəklə) Sənə tərəf qayıtdıq və (hamının) dönüş(ü) Sənə tərəfdir».
5. «Ey Rəbbimiz! Bizi kafirlərin imtahan vasitəsi etmə (ki, bizə dillə, ya əməllə əziyyət versinlər, ya onları imtahana çəkmək üçün bizi müxtəlif müsibətlərə düçar etmə). Ey Rəbbimiz, bizi bağışla, çünki Sən yenilməz qüdrət və hikmət sahibisən».
6. Əlbəttə, sizin üçün – Allaha və axirət gününə ümid bəsləyənlərə –onlar(ın rəftarın)da gözəl bir örnək vardır və kim üz çevirsə (özünə zərər vurmuşdur). Çünki Allah heç nəyə möhtac deyil. Onun sifətləri öyülmüş, həmd-səna edən və həmd-səna olunandır.
7. Ola bilsin ki, Allah sizin və düşmənçilik etdiyiniz kəslərin (Məkkə kafirlərinin) arasında (Məkkənin fəthində onların İslama gəlmələri ilə) dostluq bərqərar etsin və Allah qadirdir. Allah bağışlayan və rəhm edəndir.
8. Allah din barəsində sizinlə döyüşməyən və sizi yurdunuzdan çıxartmayan (kafir) kəslərə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etmir. Çünki, Allah ədalətli olanları sevir.
9. Həqiqətən, Allah din barəsində sizinlə vuruşan, sizi yurdunuzdan çıxardan və sizi çıxarmaq üçün bir-birinə kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. Və kim onlarla dostluq etsə, məhz belə şəxslər (əsl) zalımlardır.
10. Ey iman gətirənlər, möminə qadınlar (öz kafir ərlərindən ayrılaraq) sizin yanınıza mühacir kimi gəldikdə, onları (iman baxımından) imtahana çəkin. Allah Özü onların imanlarını daha yaxşı bilir. Beləliklə, əgər onların mömin olduqlarını bilsəniz, onları kafirlərə (kafir ərlərinə) tərəf qaytarmayın. Nə bunlar onlara halaldırlar və nə onlar bunlara halaldırlar. Və (ərlərinin mehriyyədən) onlara xərclədiklərini özlərinə qaytarın. Ücrətlərini (mehriyyələrini) ödədiyiniz təqdirdə onlarla evlənməyinizdən sizə heç bir günah gəlməz. (Kafirlərə qoşulan) kafir qadınlar(ınız)la olan əqdlərə və əhd-peymanlara əsaslanmayın (onlar batil olmuşdur) və (mehriyyədən) xərclədiklərinizi onlardan tələb edin və onlar da xərclədiklərini sizdən tələb etsinlər. Bu, sizin aranızda hökm edən Allahın hökmüdür. Allah biləndir və hikmətlidir.
11. Və əgər zövcələrinizdən bəzisi əlinizdən çıxıb kafirlərə qoşulsa, bu zaman onlardan (döyüşlə, ya başqa yolla) sizə hər hansı bir qənimət çatsa, onda zövcələri gedən kəslərə (mehriyyədən) xərclədikləri qədər ödəyin və iman gətirdiyiniz Allahdan qorxun.
12. Ey peyğəmbər, möminə qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri, öz qarnı ilə ayaqları arasından çıxan uşağı (başqasının uşağını, yaxud öz haramzada uşağını) iftirayla ərlərinə aid etməyəcəklərini və sənə heç bir yaxşı işdə (vacib əmrdə) itaətsizlik göstərməmək barədə beyət etmək üçün yanına gəldikləri zaman onlarla beyət et (beyətlərini qəbul et). Onlar üçün Allahdan bağışlanmaq dilə ki, Allah bağışlayan və mehribandır.
13. Ey iman gətirənlər! Allahın qəzəb etdiyi bir qövmü özünüzə başçı, dost və köməkçi götürməyin. Onlar kafirlər qəbir əhlin(in dirildiləcəyinə yaxud ölmüş kafirlər savabdan və Allahın rəhməti)dən ümidlərini kəsdikləri kimi ümüdsizdirlər.