Məzmuna keç

Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Əl-Qəmər surəsi

Vikimənbə saytından
Ən-Nəcm surəsi Quran. Əl-Qəmər surəsi

Tərcüməçilər: Ağabala MehdiyevDürdanə Cəfərli
Ər-Rəhman surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Qiyamət çox yaxınlaşdı və ay parçalandı.
2. Onlar (müşriklər) bir əlamət və möcüzə görəndə üzlərini döndərərək «(bu şəxsin həmişə etdiyi) daimi bir sehrdir» deyərlər.
3. Və (səni və sənin Qur'anını) təkzib edərək nəfsi istəklərinin arxasınca getdilər. Halbuki hər bir iş (onsuz da haqq və ya batil kürsüsündə) qərar tutacaqdır. (Buna görə də Peyğəmbərin və Bizim kitabımızın doğruçuluğu hamıya məlum olacaqdır.)
4. Şübhəsiz, (keçmiş ümmətlərin) xəbərlər(in)dən onlara öyüd-nəsihət və (günahlardan) çəkinmək vasitəsi olacaq miqdarı gəlmişdir.
5. (Bu Qur'an) tam və dolğun hikmətli kəlamdır. Lakin qorxutmaların onlara (müşriklərə) bir faydası yoxdur.
6. Buna görə də onlardan üz döndər (və onlarla mübahisə etmə), Carçının qorxunc bir şeyə tərəf dəvət edəcəyi (İsrafilin üçüncü suru çalmaqla hesaba çağıracağı) günü (gözlə).
7. (İkinci surun çalınması ilə onlar) gözləri qorxu və zillətlə dolmuş halda dağınıq çəyirtgələr kimi qəbirlərdən çıxarlar.
8. Onlar boyunları uzanmış və gözləri bərəlmiş halda tələsik və qorxu ilə carçıya (İsrafilə və üçüncü sura) tərəf gedərlər. Kafirlər «bu çox çətin bir gündür» deyərlər.
9. Onlardan qabaq Nuhun qövmü (də öz peyğəmbərlərini) təkzib etmişdi. Bizim bəndəmizi (Nuhu) yalançı adlandıraraq «cin vurmuş bir dəlidir» demişdilər və (o, bu töhmətlə onların arasından) qovulmuşdu.
10. O öz Rəbbini çağırdı ki: «Mən məğlub olmuşam, buna görə də (düşmənlərimdən) intiqam al!»
11. Biz də çox şiddətlə axan bir su ilə göyün qapılarını açdıq.
12. Və çeşmələr(in qaynaması) ilə yeri yardıq. Beləliklə (bu iki) su (əvvəlcədən) müəyyən edildiyi şəkildə bir-birinə qarışdı.
13. Və onu (Musanı) taxta və mismarları olana (gəmiyə) mindirdik.
14. O (gəmi öz qövmünün) inkar və nankorluğ(un)a düçar olmuş kəsin mükafatı olaraq Bizim nəzərimiz və müxtəlif himayələrimiz altında hərəkət edirdi.
15. Həqiqətən Biz onu (həmin hadisə və gəmini Öz qüdrət və qəzəbimizdən) bir nişanə qoyduq. Amma heç bir ibrət götürən varmı?
16. Mənim əzabım, qorxudanlarım və təhdidlərim necə idi?!
17. Həqiqətən Biz Qur'anı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?
18. Ad qövmü də (öz peyğəmbərini) təkzib etdi. Mənim əzab və xəbərdarlıqlarım necə idi?!
19. Biz nəhsliyi sürəkli olan bir gündə onlara soyuq bir külək göndərdik.
20. O, insanları yerindən qoparılmış xurma gövdəsi kimi yerindən qoparır (və yerə çırpır)dı.
21. Mənim əzabım və təhdidlərim necə idi?!
22. Həqiqətən Biz Qur'anı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?
23. (Salehin ümməti olan) Səmud qövmü də bizim qorxudanlarımızı və xəbərdarlıqlarımızı təkzib etdi.
24. Onlar dedilər: «Biz tək, qohum-əqrabasız və bizdən aşağı təbəqədən çıxmış (mələk və pərilərdən olmayan) bir kəsə tabe olaq? Onda biz azğın və dəli olmuş olarıq.»
25. «Vəhy və öyüd verən kitab bizim aramızdan yalnız ona nazil olub? Xeyir! O, təkəbbürlü və nəfsi istəklərinin ardınca gedən yalançıdır.»
26. Onlar tezliklə – sabah təkəbbürlü və nəfsi istəklərinin ardınca gedən yalançının kim olmasını başa düşəcəklər.
27. (Salehə buyurduq:) «Həqiqətən Biz (onların istədiyi) o dişi dəvəni (yoxdan möcüzəvi şəkildə) onları sınamaq üçün göndərdik. Buna görə də onları(n aqibətlərinin necə olacağını) gözlə və səbr et.»
28. Və onları suyun onların arasında bölünməsindən (bir gün onların, bir gün də dəvənin olmasından) xəbərdar et. Hər növbədə orada (növbə sahibi) olacaqdır.
29. Beləliklə onlar (həmin dəvəni öldürmək üçün bir yerə toplaşdılar və) yoldaşlarını çağırdılar. O da qılınc götürüb dəvənin ayaqlarını kəsdi.
30. Mənim əzabım və təhdidlərim necə idi?!
31. Biz onlara (yaratmaqla və ya mələk vasitəsi ilə) qorxunc bir səs göndərdik. Beləliklə onların hamısı quru və sınmış çubuqlar, ağıl (heyvanların yatdığı yer) sahibinin tədarük gördüyü quru ot halına düşdülər.
32. Həqiqətən Biz Qur'anı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?
33. Lutun qövmü də qorxudanları (və Bizim təhdidlərimizi) təkzib etdi.
34. Biz, Lutun ailəsi istisna olmaqla, onlara daş yağdıran tufan göndərdik. Onlara (Lutun ailəsinə isə) səhər çağı nicat verdik.
35. (Həmin nicatın) Bizim tərəfimizdən (onlara) bir nemət olması üçün! Biz şükr edən hər bir kəsə belə nicat veririk.
36. Həqiqətən Lut onları (qövmünü) Bizim şiddətli cəzamızla qorxutdu, lakin onlar təhdidlər barəsində mübahisə və şübhə etdilər.
37. Doğrudan da onlar ondan (Lutdan) qonaqlarını (mələkləri) təslim etməsini istədilər. Buna görə də Biz onların gözlərini kor etdik (və) «belə isə dadın Mənim əzabımı və təhdidlərimi(n cəzasını)» (dedik).
38. Əlbəttə, dan yeri söküləndə onlara davamlı (ölüm və Bərzəx əzabına, oradan da qiyamət və Cəhənnəm əzabına birləşik) əzab (daş yağışı) gəldi.
39. (Onlara dedik:) «Dadın Mənim əzabımı və təhdidlərimi (təkzib etməyin cəzasını)!»
40. Həqiqətən Biz Qur'anı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?
41. Fironçulara da qorxudanlar və (ardıcıl) təhdidlər gəldi.
42. Onlar Bizim bütün (tovhid) ayə və nişanələrimizi (və peyğəmbərlərimizin doğruçuluqlarını) təkzib etdilər. Biz də onları qalib və qüdrətli hökmdar kimi yaxaladıq.
43. Məgər sizin (Məkkə əhlinin) kafirləriniz (say, sərvət və güc baxımından) onlardan daha yaxşı və daha üstündürlər? Yoxsa (səmavi) kitablarda sizin üçün amannamə vardır?
44. Yoxsa onlar «biz müttəfiq, əlbir və düşməndən intiqam alanıq» deyirlər?
45. O vəhdət və əlbirlik, tezliklə dağılacaq və onlar (Bədr müharibəsində baş verdiyi kimi düşmənə) arxa çevirəcəklər.
46. Hələ onların vəd yeri qiyamətdir! Və qiyamət daha müsibətli və acınacaqlıdır.
47. Həqiqətən günahkarlar (səadət yolu və Cənnətdən uzaq) azğınlıqda və şölələnən od içərisindədirlər.
48. Od içərisində üzü üstə sürüklənəcəkləri həmin gün (onlara) «dadın cəhənnəmin hiss olunan ağrısını!» (deyiləcəkdir).
49. Çünki həqiqətən Biz varlıq aləmindəki hər şeyi (zat, nişanələr, kəmiyyət, keyfiyyət və ömür baxımından) müəyyən ölçüdə və məhdud çərçivədə yaratmışıq (və əbədi od sizin daimi küfrünüzün aqibətidir).
50. Bizim (əşyaların yaradılışındakı) işimiz (asanlıq və sürət baxımından) bir göz qırpımı kimi olan qəti istəkdən başqa bir şey deyildir.
51. Şübhəsiz, Biz (keçmiş müşriklərdən) sizin kimiləri həlak etdik. Amma heç, bir ibrət götürən varmı?
52. Onlar nə ediblərsə (əqidə və əməlləri nə olubsa) yazılarda (onların şəxsi əməl dəftərində və ümumi Lövhi-məhfuzda) qeyd edilmişdir.
53. Hər bir kiçik və böyük (əməl onda) yazılmışdır.
54. Həqiqətən təqvalılar cənnətlər, bağlar, axar çaylar, daimi rifah və aydınlıq içərisində olacaqlar.
55. Kamal və qüdrət sahibi olan hökmdarın yanında, doğruluq məqamında (həqiqi iman və əməl müqabilində verilən və yaxud doğru əqidə və əməlin təzahürü olan məqamda olacaqlar).