Rübailər /Məhsəti Gəncəvi
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Rübailər Müəllif: Məhsəti Gəncəvi |
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Axşam məni tutdu yenə sərxoş dildar,
Göz vurdu, bacarsan, yenə bir qaç, qurtar.
Dindim: "Gecədir, tutma əlimdən, gen dur,
Birdən bizi bu halda görərlər, zinhar".
- Axşam yenə tutdum o yarı mən birdən,
Yüz-yüz öpüş aldım o xurma ləblərdən.
Yar istədi söysün məni, hər busəmlə
Ağzındaca qırdım söyüşü dərhal mən.
- Arxında axan hər suya qurban ollam,
Xasiyyətin od! Yolunda candan ollam,
Hər tapdadığın torpağa ollam bir qul,
Ətrinlə gələn yellərə heyran ollam.
- Arxında suyun axmasa da bəndənlə,
İnsanlığı tərk eyləmərəm mən sənlə.
Sordun ki, nə etmişəm sənə, aç söylə,
Artıq nə deyim, neyləmədin sən mənlə.
- Arvadla kişini bağlayar kəbin,
Bu işə yol verir şəriət, ayin.
Mənimsə kəbinim bir rübaidir,
Varmı bu kəbinə yol verən bir din?
- Ayla Zöhrə kimi üzünlə gözün,
Yusiflə quyutək xalınla üzün,
Sən buğdayı, mənsə samantək sarı,
Samansız buğda heç gördünmü özün?!
B
[redaktə]- Bağlarda gülüzlər görərək sərv, yaman
Naz ilə deyirdi öz boyundan dastan.
Bir söz dedi qəddindən ona sübh yeli.
Qarşında sənin səcdəyə durdu asan.
- Baxma yerə, torpaq, su görər, ey dilbər,
Baxma göyə, gün salar nəzər, ey dilbər.
Görsə, ölərəm, inan ki, mən qeyrətdən
Bir kəs səni röyadə əgər, ey dilbər.
- Biçarə təbük qorxmasa səndən, canan,
Hər bir yerinə mən kimi olmaz heyran.
Səndən nə qədər təpik yeyir, heç bezmir,
Tez-tez qayıdır, öpür ayaqlarından.
- Bilmir niyə könlüm necə dildar oldum,
Könlüm nə çəkir, gör necə ağlar oldum.
Qəh! Qəh! Nə yatırsan gecələr asudə!
Bəh! Bəh! Gecəmə gör necə bidar oldum.
- Bir bax, o bənövşəlik nə xoşdur, dilkəş!
Çöllərdə tutub sanki kükürd od, atəş.
Qəmlər çəkən insan tək əyilmiş qəddi,
Yar ətri kimi ətri gözəldir, məhvəş.
- Bir cismimə bax: içində qəlbim viran!
Bir canıma bax: düşübdür oddan tufan!
Bir bax gözümə, bir gül üzün eşqindən
Yaşlar süzülür hər zaman ümman-ümman.
- Bir cüt gözün ilə nə qədər qan etdin,
Zülfünlə nə çox qəlbi, de, viran etdin!
Allah özü qoy qəlbinə insaf versin,
Bəlkə, yazıq aşiqlərə dərman etdin.
- Bir göz ki baxıb yollarına həsrətlə,
Qoyma kor olar ağlayaraq möhnətlə.
Bir xəstə könül ki səni, ancaq səni sevmiş,
Zülfündə əsirdir, onu tut hörmətlə.
- Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki, zəhər.
Çox da öyünmə ki, uzundur ömrün,
Əcəl köhlənində hazırdır yəhər.
Ç
[redaktə]- Çörəkçi yanında şagird olmuşam,
Müəzzindən qabaq yandırıram şam.
Oddan, sudan, undan qızıl çıxarıb,
Xarabatda qızıl ələrəm axşam.
D
[redaktə]- Dar köksümü qəmlərin seçibdir meydan,
Güllər üzünü görüb qalarlar heyran.
Daş qəlbinə təsir eləmir göz yaşım,
Bir söylə, nə daşdır ürəyin, nə zindan!
- Dersən: iki yaqut dodağım şəkkər, bal,
Bir busə dilərsən, canını göndər al.
Can tapsam əgər, allam onu yüz borca,
Bir busəyə verrəm iki yüz can dərhal.
- Dərdin o buluddur ki, tökər gözdən qan,
Dərdin o zəhərdir ki, ona yox dərman.
Hər ləhzədə min qəlbi yıxar dərd ilə,
Dərdin nə ürək qoyar, nə də sağlam can.
- Dərdinlə qəmin könlümə olmuş qismət,
Arzunla ürək göynədi həsrət-həsrət.
Nuruyla üzün qəlb evimə şam tutdu,
Andım ləbini, tapdı könül min ziynət.
- Dərdinlə sənin hər gecə bir qəm gördüm,
Ağlar gözümü həsrət ilə nəm gördüm.
Nərgis gözün aldatdı, yuxum qeyb oldu,
Ömrümdə şirin bir yuxu mən kəm gördüm.
- Didarına, ey gül, o vurulmuş gəldi,
Könlündəki həsrət, o qor olmuş gəldi.
İnsaf dəni səp, tazə qəfəs qur bir də,
Bir də o qanadları qırılmış gəldi.
- Dün kaşı kuzəmi daşlara çaldım,
Sərxoşdum, bilmədim əlimdəm saldım.
Kuzə dilə gəlib dedi ki: mən də,
Sənin kimi idim, bu günə qaldım.
- Düşmənlərimə həmişə sən dəm tutdun,
Gəldin mənə naz eylədin, üz turşutdun.
Göy pərdəsi ardında oyunlar vardır,
Nazınla məni yetər, yetər, qorxutdun.
- Düşmüş bu gecə bəxtimə təklik, hicran,
Könlümdə qalar sabah bu qəmdən tufan.
Buymuş payın, ey gözüm, yetər qan ağla,
Odlarda yan, ey könül, bu olmuş fərman.
E
[redaktə]- Eşqinlə sənin can oda yaxsan, azdır,
Göz yaşı olub üz boyu axsan, azdır.
Zülfündə daraqlar kimi gəzmək xoşdur,
Saçlarda itib zülfünə baxsan, azdır.
- Eşqinlə yanan qəlbimə saldın odlar,
Baxdın suda öz hüsnünə təkrar-təkrar.
Gördün saçını, bəxtiməmi oxşatdın,
Atdın o qara zülfü yerə, ey dildar.
- Etdim dəvə üstündə yaman ah-əfğan!
Səpdim dəvənin yollarına dürr, mərcan.
Karvan su içib boşaldılan hər quyunu
Doldurdum o dəm mən gözümün yaşından.
Ə
[redaktə]- Əvvəl sənə öz qəlbimi göstərməzdən,
Asudə idim eşqə könül verməzdən.
Allaha şükür, sənin qulundur qəlbim,
Bağrım kimi bax yoxsa tökərdim gözdən.
G
[redaktə]- Gəldi gecə, zülmətdə yox oldu aləm,
Gəldi mənə də qismət oyaqlıq həmdəm.
Bildirdi günəş də aya: bezdim bəsdir!
Sındırdı fikir çənbərini çərxin qəm.
- Görsə üzünü huri xəcalətdə qalar,
Göylər günəşi nuru üzündən pay alar.
Hər dəm üzümüz gül üzünə həsrətdir,
Ayrılsa üzündən üzümüz yaşla dolar.
- Görsən məni bir söylə nədən dinmirsən?
Qan tökməyə təşnədir gözün, dönmürsən.
Çərxinmi cəfasıdır çatılmış qaşlar,
Cəlladmısan, insanlığa öyrənmisən?
- Görüşdə şəftəli bir bəhanədir,
Alma, üzüm, duzlu püstə, de, nədir?
Narım, alça olma, badam gözlərim,
Üzüm giləsitək yaş tökər bir-bir.
- Göydə ayı nur saçdı, üzün sındırdı,
Sərvin belini sərv qamətin qırdı.
Mən canımı almışdım ürək qanımla,
Getdi sənə qurban, məni bu yandırdı.
- Gözdən yaş axıtma, bu işə sən yad ol,
Qoy qəmləri mən çəkim, sevin, sən şad ol.
Məşuqəyə olmaz ağlamaq, yaş tökmək,
Tərk et bunu biçarə mənə, azad ol.
- Gözəl, bax, bir mənəm, bir sən, nə xoş hal,
Nuş edək şərabı coşsun cah-calal.
Gecə yar zülfü tək uzansın fələk,
Sübhün açarını sən quyuya sal.
- Gül dedi: "Bir sərv qamətli əgər-
Olsa, gözəl bağı bir cənnət edər".
Meh tənə vurdu ki: ""Qonşun tikandı,
Qonşudur çirkinlə daim gözəllər".
- Gül yola baxırdı, rəngi solmuşdu,
Bülbülün eşqiylə gözü dolmuşdu.
Bayaq bəzəndiyi yaşıl paltarı-
İndi parçalayıb dəli olmuşdu.
- Gülgündür üzün, bənzər ona tər güllər,
Bənzər sənə qamətdə də sərv, ey dilbər.
Bülbül soruşur səsində qəmlər güldən:
"Aləmdə gülə varmı görən tay, bənzər?"
- Güllər gül üzündən lap əcəb qaldı xəcil,
Ağzın dadını gördü, rütəb qaldı xəcil.
Könlündə ədəbsizlik əgər varsa, çəkin,
Etsən də ədəbsizlik, ədəb qaldı xəcil.
H
[redaktə]- Hardan gecə bilsin çəkir aşiq nə sitəm,
Bilsin nə bəlalar çəkir o taleyi kəm.
İnsanlar onu məhv eləyər sirr açsa,
Gizlətsə, onu məhv eləyər mütləq qəm.
- Hər kimsə ki eşq ilə yanan olmuşdur,
Axşamları səccadəsi qan olmuşdur.
Aləm bilir, eşqin çadırı dünyadə
Göydən də uzaqda dayanan olmuşdur.
- Hərgah ki, gözümdən yaşım əlvan tökülər,
Ağlar mənə göy, yaşı bir ümman tökülər.
Səndən gözüm ayrıldığı gün qan tökdü,
Ayrılsa bədəndən baş əgər, qan tökülər.
- Həsrət yenə bağrımda mənim qövr eylər,
Dövrəmdə gəzər qəmin, mənə cövr eylər.
Can qurban edim eşqinə söylər könlüm,
Beynimdə də ancaq bu xəyal dövr eylər.
- Hicrinlə yetər, səbrimi, ey gül, qırma!
Zulmünlə yetər, əhdini gəl sındırma!
Dəymirsə də naməm yazasan bircə cavab,
Barı oxu, odlarda məni yandırma.
- Hiyləylə tutub əllərimi bağlarsan,
Zülfünlə də bütpərəstə gün ağlarsan.
Nərgizlərinə sübh buyursan hərgah,
Hüşyarı tutub məst deyə saxlarsan.
- Hüsnün ayı heç özündən artıq saymaz,
Bir kimsəyə əfsunla da heç vaxt uymaz.
Bir xətt çəkib dövrəsinə, ta ordan
Bir damcı da qan qaçmağa imkan qoymaz.
X
[redaktə]- Xəttin çıxarıb bənövşələr tər güldən,
Xətt çəkmiş aya, könlü nə istər güldən?
Daim gecədən sübh doğardı, ancaq
Doğmuş gecə sübhündən – o dilbər güldən.
İ
[redaktə]- İncitmə, – dedim, – yarımı, ey qızdırma!
Allahı gör, insaf elə, get tez, durma.
Qızdırma dedi: "Əsmə ona məndən çox,
Səndən çox ona mən yanıram, üz vurma".
K
[redaktə]- Kişi ol əgər sən qadın deyilsən,
Bir an oxşamazsan başımı nədən?
Zər verər busəmə dünya şahları,
Zərsiz sən bir busə almazsan məndən!
- Könlüm hanı dərdimdən açım mən söhbət,
Qəmdən deməyə canımda yoxdur taqət.
Fikrimdən əgər keçsə də məktub yazmaq,
Yoxdur buna qəlbimdə mənim güc, qüdrət.
- Könlümə yar oldu bu gecə dilbər,
Yalqız gecələrdən şikayət eylər.
Ey gecə, kədərim olsan da, getmə,
Səadət də olsan gəlmə, ey səhər!
Q
[redaktə]- Qan tökməsə gözlər yenə gözlərdim mən,
Qəlbimdə sənin sirrini gizlərdim mən.
Olmazsa bu solğun bənizim, fəryadım,
Hər sirrini can-başla əzizlərdim mən.
- Qəlbim kimə eşqindən əgər söz söylər,
Başlar sözu, hicran qəmini yüz söylər.
Baxsan yenə naz ilə, gülər qəm vurmuş.
Var ol, məni güldürmüsən, ey göz, söylər.
- Qəlbim sənə bağlandı, nahaq etdim mən,
Eşqin yox imiş, qəlbimi incitdim mən.
Çəkdim qəmini, qeyrlə sən şad oldun,
Allah sənə sən tək verə yar, getdim mən.
- Qəlbin dediyilə nə qədər xar oldun,
Bir zalıma sən gör nə giriftar oldun.
Anlarsan ürək, eşq nə divan tutmuş,
Bir gün yuxudan onda ki bidar oldun.
- Qəm görmüşə hər gün yeni bir qəm yetişər,
Dərd ilə yanan qəlbə dava kəm yetişər.
Aşiqləri öldürməyə çox meyil etmə,
Bir gün sənə də bəla, ey sənəm, yetişər.
- Qəm şadlığa çevrilər sənin lütfündən,
Daimi olar ömür dönüb baxsan sən.
Çatdırsa yanından ora yel bir torpaq,
Düzəxdə olar həyat suyu od birdən.
- Qəmdən nə qədər silsin ürək üzdən qan,
Bir vəslinə etsin nə qədər can qurban,
Rəhm eylə ki, can yağmır axı göylərdən,
Əfv eylə, ürək göyərməyir torpaqdan.
- Qurdu suyun ahıyla fələk çardağı,
Tonqal qaladı canda qəmin yığnağı.
Yellər kimi daim gəzirəm dünyanı,
Hardandı görüm vücudumun torpağı.
M
[redaktə]- Mən ki bu qədər ağlaram aşkar-pünhan,
Zənn eyləmə qorxutdu məni tək bir can.
Gəldin, gözümə sudan lətif görsəndin,
Ağlatdı bu halın məni nalan-nalan.
- Məst idi yenə sübh dünən bülbül də,
Gəlmişdi tutub müjdə üçün can əldə.
Söylərdi əsən yellərə: "De, Tanrı üçün,
Güldən nə soraq var gör obada, eldə".
- Mişkindir üzün, saçınsa qandan əlvan,
Amma ki bilirsənmi necə, ey canan,
Üz mişkdir, amma ki hələ nafədədir,
Çıxmışsa da nafədən, olub zülfün qan.
N
[redaktə]- Nəymiş görəsən dərdi, o ənbər saçlar
Çıxmış, de, başından bu sayaq, ey dildar?
Dərdindən əgər tük kimi incəlsəm də,
Barı belə çıxmaram başından, zinhar!
P
[redaktə]- Püstəndə gülüşlər gəzir, ey dilbər, bax!
Bir gün kimidir üzün, gözəldir, parlaq!
Gördüm ki, yonur, rəndə çəkirsən gah-gah,
Yoxdur sənə bənzər yonulu heç ancaq.
O
[redaktə]- Olmaz bu qədər ağıllı heç bir insan,
Mehrin, qılığın etdi məni lap heyran.
Şad olmuşam, ey yar, bu gecə vəslindən
Qorxum budur ancaq gələ birdən hicran.
- Olsaydı əgər məndə deyək yüz min can,
Qarşında mən onları verərdim qurban.
Qəlbində bu hicrana dedin tab varmı,
Qəlb olsa idi, qəlbimə neylər hicran.
Ö
[redaktə]- Ömrüm, – dedim, – oldu daha puç, rəhm eylə!
Dünya, – dedi,– korlandı həsəddən beylə,
Bir busə verərsənmi, – dedim, – can versəm?
Busəm, – dedi, – alçaldı haçandan, söylə!?
S
[redaktə]- Sevdaya gərəkdir canı qurban et sən!
Şad olmaya könlün, onu viran et sən!
Vəslindən onun zərrə qədər pay görmə,
Dərd ilə atıb aləmi əfğan et sən!
- Sevgin, demərəm, könüldə peyda olsun,
Əksin gözümə, istəmə, şeyda olsun.
Könlümdə, gözumdə olmasın sevgin qoy,
Yurdun nə cəhənnəm, nə də dərya olsun.
- Sən hər nə qədər istəməsən qəmlər var,
Sevgində də hicran dolu çox dəmlər var.
Ayrılmağın əyyamı gəlib, bir dillən,
Bir dəmdə, özün gör, necə aləmlər var.
- Sən qəssabsan, mənsə qurbanınam, bax,
Dözərəm çatsa da sümüyə bıçaq.
Adətdir, satırsan kəsdiyini sən,
Məni öldürsən də, gəl, satma ancaq.
- Sən söylədin, ey gözəl: "Üzüm bir cənnət,
Yurdun, yuvan ondan tapacaq min ziynət".
Düzdürmü sənin sözün, yalandır yoxsa,
Dillənməyə könlündə kimin var cürət?
- Sənsiz nəfəsim köksümə peykan olsun,
Sənsiz yaşasa, qəlb evi viran olsun,
Könlümdə sevinc olsa qəmindən qeyri,
Küllən bu vücudum ona zindan olsun!
- Sərxoşlara gül saçmağa yellər gəldi,
Dildarına mey süzməyə dilbər gəldi.
Öldürməyə gəlmişdir o göz hüşyarı,
Xar etməyə əttarı o ənbər gəldi.
- Səs saldı bütün aləmə bu qəm, möhnət,
Tuş gəlmədi vəslin mənə, qaldım həsrət.
Zülmündən olub qəmim mənim həddən çox,
Dözdüm necə bu qəmlərə heyrət, heyrət!
- Sözlə məni qəmdən o gün azad etdin,
Vədinlə dünən qəlbimi çox şad etdin.
Çıxmışsa o gün söylədiyin fikrindən,
Bəlkə dediyin vədini bir yad etdin?!
Ş
[redaktə]- Şahlar sevincinə xəbərsən, ey gül!
Bülbülə ilhamsan, hünərsən, ey gül!
Bu lətif hüsnünlə qorxuram ki, sən
Sərxoş ayaqlara düşərsən, ey gül!
- Şam başından yanar, göz yaşı tökər
Gəldiyi qapıdan o çıxıb gedər.
Başınla öyünmə, şamə diqqət et!
Məhv olur başından ayağa qədər.
- Şehdən payız içmişdir ağaclar badə,
Sərxoşca bir il çiçək tutur röyadə.
Açsın deyə bağlarda çiçək lalələri
Min teşt kimi düzüb çəmən səhradə.
- Şəhla gözün, ey gözəl, baxsa məstanə,
Sərxoş da gələr, mey də gələr əfğanə.
Rəqs eyləsə saçların sənin bir ləhzə,
Yüz fitnə qopar, könül gələr tüğyanə.
T
[redaktə]- Ta açdı sənin naməni yorğun bəndən,
Öpdü nə qədər xəttini məftun bəndən.
Vədinlə sənin könlü, gözü şad oldu,
Göz dikdi gələn yollara vurğun bəndən.
- Ta düşdü bu cür ortaya hicran, könlüm,
Qorxum var, ola can evi viran, könlüm.
Gen düşməmisən sən ki yanından yarın,
Üzr istə mənim dilimcə ondan, könlüm.
- Toxunma könlünə biçarə gülün,
İncitmə qəlbini avarə gülün.
Səbanın eşqiylə olmuşdur, ey dost,
O qanlı köynəyi sədparə gülün.
V
[redaktə]- Vüsalınla dolu gecələr getdi,
Kirpiyimdən düşən incilər getdi.
Ürək rahatlığım, munisim, hər şey,
Sən getdin, səninlə bərabər getdi.
Y
[redaktə]- Yaşlar axıdar qəmli üzümdən dərdin,
Zülm etmədə qalmazdır özündən dərdin,
Yansam da mən odlarda sənin dərdindən,
Qəmdən yanaram, getsə gözümdən dərdin.
- Yer verməz ürək gözdə sənə, xar olasan,
Qəlbində də qoymaz ki, gülüm, zar olasan.
Canımda sənə yer verərəm ancaq mən,
Son dəmdə gəlib, bəlkə, mənə yar olasan.
- Yetməzmi, qəribə verdin işgəncə,
Cəfanın hüdudu olmazmı, səncə!?
Demişdin; Gəncədə kamə yetərsən,
İndi bu mən, bu sən, bax, bu da Gəncə!..
- Yoxdursa bu qəmlərdə mənə bir yan ol,
Ey göz, daha qan ağla, könül sən qan ol.
Eşqin qəmini sən ki təzə çəkmirsən,
Könlüm, nə deyim eşqə necə qurban ol.
- Yudun xətaləri, sən ey lütfkar,
Qulluq sırğan bütün qulaqlarda var.
Günahın yükünü götür, ey Allah,
Dar gündə kimsəni sən eyləmə xar!
- Yun əyirən oğlan mənim canımdır,
Onun zənəxdanı bir zindanımdır.
Onun dodağından busə ver, allah,
Çünki o dodaqlar can dərmanımdır!
Z
[redaktə]- Zülfün necə eylər üzünə naz, gör bir,
Qorxum var olum paxıllığımdan kafir.
Mən bəndəsi ollam o yelin, ağ üzdən
Qaldırmağa görsün saçını bir tədbir.
- Zülm etsə mənə çörəkçi dilbər hərgah,
Kin ilə deyil, naz ilə eylər gah-gah.
Qaldım qəminin əlində mən sanki xəmir,
Qorxum budur: atsın oda yarım nagah.
- Zülm ilə alıb qəlbimi yarım candan,
Qaytarsa da, almaram qaçıb mən ondan.
Məhşərdə ürəksizcə durub qoy yerdən,
Olsun bu, bəhanə, yapışım canandan.
- Zülmət gecə qəm çəkməyə nə həmdəmsən,
Cismim kimi incəlməmisən, möhkəmsən.
Aşiqlərə qiymət verə bilməzsən sən,
Aşiq deyil, eşq əhlinə nə məhrəmsən.
Mənbə
[redaktə]- Məhsəti Gəncəvi. Rübailər. Bakı, 1981.