Məzmuna keç

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz

Vikimənbə saytından
(Sənsiz səhifəsindən istiqamətləndirilmişdir)
Sənsiz
Müəllif: Nizami Gəncəvi
Tərcümə edən: Cəfər Xəndan

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!

Sənin ol cəlb eyləyən vəslinə and içdim inan,
Hicrinə yandı canım, yox daha taqət sənsiz!

Başqa bir yarı necə axtarım, ey nazlı mələk?
Bilirəm sən də dedin: "Yox yarə hacət sənsiz"

Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,
Sən əzizsən, mən ucuz bir heçəm, afət, sənsiz!

Nə gözüm var arayım mən səni, bəxtim də ki, yox,
Nə də bir qaçmağa var məndə cəsarət sənsiz!

Sən Nizamidən əgər arxayın olsan da, gülüm,
Gecə-gündüz arayıb, olmadı rahat sənsiz!