Tarixçi alimə
VikiMənbə saytından
Çox da tərifləmə bu qalaçanı ,
Babalar adından danışma çox da .
Kimin əlindəydi onun açarı ?
Yazanı qalmayıb , biləni yoxdu .
Zaman nə zamandı , kimdi qorunan ?
Hər daşda hənir var - ayağa qaldır .
O kərpic qocanın yapış qolundan ,
Bəlkə hər divarın özülü qandır ?
Tarıx əlifbası daşdan başlanar ,
Əl dəydi : yumşalır , göyərir indi .
Başdı - daş olubdu , daşdı baş olub -
Bunları seçmək də hünərdi indi .
Tarixə dəyməsin yalan barmağı
Haqqım yox quşun da haqqını danam .
Mən öz keçmişimdə heykəl yonmağı
Alnına yazdıran oğullardanam ......
Bir daşa tarixim yazılıbdısa ,
Düz oxu , qoy olsun ikicə kəlmə .
Genişdi - geniş yaz ,
Qısadı qısa ;
Üstündən götürmə , üstünə gəlmə .
Dilimin ətrindən dili kallaşan ,
Təzə dil axtaran dillərdən qorun .
Dünənki tarixi bugünkü daşa
Yamayıb basdıran əllərdən qorun !
Bu qala bəlkə bir əsrin günahı ...
Hər şamda min gözün yağı yanıbdı .
Qalaça küncünə qısılan şahın
Xalqı palçıq kimi tapdalanıbdı .
Çox da tərifləmə bu qalaçanı ,
Axtar dünənimdə bu günü axtar .
Kimin əlindəydi onun açarı ?
Axtar , bu birinci düyünü axtar .....