Vətənsiz məhəbbət

VikiMənbə saytından

Keçid et: naviqasiya, axtar

Gözdən gözə axan odla yaxınlaşdıq ,
O da sevdi ,
Mən də sevdim ,
Nə gizlədim ....
Qanunların hasarını vurub aşdıq .
Sərhədlərin qıfılını qırıb aşdıq ,
Durduq bir yol ayrıcında .
Bir ürəyin ilk yazına gedən yolun ,
Bir ürəyin ilk yasına gedən yolun .
Məhəbbətdə yalvarış da demə varmış ;
Sevən qəlbi yalvarış da ucaldarmış ;
" Həyatımı - sən gül desən - gül edərəm ,
Sən kül desən - kül edərəm .
Ömrüm boyu qədəminə səpələrəm ;
İstəmirəm dünya mənə qızıl olsun ,
İstəyirəm bir qaragöz qızım olsun .
Gözlərinə od gətirim sizin eldən .
Sizin eldən ona ədəb gətirm ,
Sizin elin dibincə dəb gətirim .
Gedim sizin bulaqlardan içim gəlim ,
Özümə bir Leyli donu biçim gəlim .
Fəqət getmə , getmə " --- dedi .
" Sənin kimi bir qaragöz ərim olsun ,
Məclislərdə mənim qoşa yerim olsun ,
Gündoğanla günbatanın arasında -
Avropanın harasında , harasında -
Yol deyirsən - bağlatdırım .
Çay deyirsən - qurutdurum .
Dağ deyirsən - uçurtdurum .
Sənə qədim şərq qalası ucaltdırım .
Fəqət " getmə -getmə " --- dedi .
Mən duruxdum .
Aramızdan bir xətt keçdi .
Məhəbbətin görmədiyi sərhəd keçdi .
Dedim yaxşı - bir azacıq möhlət mənə .
Bu mohnəti dəf etməyə möhnət mənə .....
...... Dedim yaxşı - " tutaq indi mən qalası ;
Sən də tikdin möhkəm sevgi qalası ;
Mən məhəbbət fatehiyəm bu qalada .....
Qəlbim deyir " Ay yad eldə qalan adam ,
Boğuluram , hava gərək bicə udum -
Küləyinin tamı gələ ana yurdun "
Qəlbim deyir : " bir içim su...... bircə gilə
Araz suyu atəşimə tövhə gələ "
Qəlbim deyir :
"Hörümçəyin yerişindən titrəyər bu qala tağı
Özülündə vətən daşı yoxdu axı ......
Bürü vətən buluduna qalamı sən .
Ürəyini nahaq oda qalama sən ..... "
O tutuldu , o qaraldı , doluxsundu ;
Elə bil ki su sənəyi suda sındı ;
Su alışdı , su danışdı saxsılara ,
Saxsılar da haray sldı ağ sulara :
" Bir qəribə könül açdım ,
Ağlıma nə ağıl gəldi ?!
Onun vətən məhəbbəti
Məhəbbətdən ağır gəldi ..... "

Məmməd Araz . Paris - Bakı 1970 .