Məzmuna keç

Yandırdı şövqün canımı, ey dərdə dərman, qandasan

Vikimənbə saytından
(Yandırdı şövqün canımı, еy dərdə dərman, qandasan səhifəsindən istiqamətləndirilmişdir)
Yandırdı şövqün canımı, ey dərdə dərman, qandasan
Müəllif: İmadəddin Nəsimi

Yandırdı şövqün canımı, ey dərdə dərman, qandasan?
Canımda can sənsən, vəli, istər səni can, qandasan?

Vəslin şərabından məni saldı xumarın rəncinə,
Yandı hərarətdən içim, ey abi-heyvan, qandasan?

Ey lütfi-hüsnün kişvəri, yandım, irişdir vəslinə,
Çün səndən artıq kimsədə yoxdur bu ehsan, qandasan?

Qapdı əlimdən zülfünü cövrü cəfası çox fələk,
Aşüftəyəm, Məcnun kimi zarü pərişan, qandasan?

Rə’na boyun şövqündən uş həsrətdə yanar gözlərim,
Qan ağlaşırlar sənsizin sərvi-xuraman, qandasan?

Ey qönçə ağızlı, məni yandırdı hicrin tikəni,
Gəlgil ki, sənsiz qönçətək doldu içim qan, qandasan?

Eynimdə sənsən rövşəni, könlüm dilər görmək səni,
Ey hurieyn Rizvan ilə hüsnündə heyran, qandasan?

Cövri-cəfası çox fələk tufan gətirdi başıma,
Andan məni qurtarmağa, ey Fəzli-rəhman, qandasan?

Mişkin saçın zəncirinə verdi Nəsimi könlünü,
Ayrux nə hacətdir ana zəncirü zindan, qandasan?