Boyundur sidrəvü tuba, dodağın abi-heyvandır

Vikimənbə saytından
(Boyundur sidrəvü tuba, dodağın abi-hеyvandır səhifəsindən istiqamətləndirilmişdir)
Boyundur sidrəvü tuba, dodağın abi-heyvandır
Müəllif: İmadəddin Nəsimi
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.206.

Boyundur sidrəvü tuba, dodağın abi-heyvandır,
Anın mahiyyəti-zövqün nə bilsin ol ki, heyvandır.

Üzün inna-fətəhnadır, təbarək şə’ninə münzəl,
Bu vəchi əhsəni-surət bilənlər əhli-irfandır.

Xətin ümmül-kitabıdır bəyanı əhli-tövhidin,
Hürufu lövhi-məhfuzun müsəvvər şərhi-Fürqandır.

Rüxün gülzarına qarşı qızardı məğribin rəngi,
Tüluyi məşriqin rəngi nəsimi-ənbərəfşandır.

Hədisi gövhərəfşanın həqiqətdir nəhayətsiz,
Üqulu əhli-irfanın onun hərfində heyrandır.

Nəsimi çün səni gördü münəzzeh oldu aləmdən,
Gözündə surəti-rəhman, dilində zikri-sübhandır.