Bu necə qəddü qamətdir ki, bənzər sərvi-balayə

Vikimənbə saytından
(Bu nеcə qəddü qamətdir ki, bənzər sərvi-balayə səhifəsindən istiqamətləndirilmişdir)
Bu necə qəddü qamətdir ki, bənzər sərvi-balayə
Müəllif: İmadəddin Nəsimi


Bu necə qəddü qamətdir ki, bənzər sərvi-balayə,
Bu necə hüsnü surətdir ki, nur ehsan edər ayə.

Cəmalından münəvvər ay ilə xurşid, ey dilbər,
Mələkdir valehü heyran bu gün bu hüsni-zibayə.

Qaşındır qab ilə qövseyn ki, əsrarına əql irməz,
Vəli bu sirri ol bildi ki, qurban oldu ol yayə.

Ləbin şol lə’li-əhmərdir, dişin ol dürri-gövhərdir
Ki, lə’li torpağa saldı, buraxdı dürrü dəryayə.

Rüxün kimi müzəyyəndir gülü lalə, anın şövqi,
Yanağın əksi düşmüşdür məgər kim, vərdi-həmrayə.

Cahanın torpağı çünki, əbirə ənbər olmuşdur,
Səba mişkin saçın buyi buraxdı müşkü səhrayə.

Vüsalın istəyən aşiq əcəb sevdayə düşmüşdür,
Cahanü canı tərk eylər, düşər hər kim bu sevdayə.

Bu gün, ey xubların şahı, əmiri-dilbəransan kim,
Xəyalın ləşkəri verdi könül şəhrini yəğmayə.

Gözümdən gərçi pünhandır nigarın surəti, amma
Görünən vəchidir anın nəzər qıldıqca hər cayə.

Ölürsə iştiyaqından, nə qəm, hicran ilə Seyyid,
Üzünü gördü vü irdi bu gün firdövsi-ə’layə.