"Əkinçi", 20 oktyabr 1875, №7/İndi iyimiş su havanı xarab etməkdən danışaq

Vikimənbə saytından
Jump to navigation Jump to search
Daxiliyyə "Əkinçi", 20 oktyabr 1875, №7

Əkin və ziraət xəbərləri

Bizim Qafqaz vilayətinin əkin və ziraəti min il bundan əqdəm olan kimi olur. Keçən zəmanədə insan köçəri olduğuna, yəni onun yeri çox olmağa binaən o yerləri yaxşılandırmağa səy etməyib bir yeri əkmək məqdur olanda onu əkib, əkini biçib, götürüb qeyri yerə gedibdir. Həmçinin indi bizim əkinçilər bir yeri əkmək məqdur olanda əkirlər, amma olmayanda oturub zəmanədən dad edirlər. Məsələn, çaylar daşmayanda onların kənarlarında sakin olanlar susuzluq çəkirlər. Amma onlar daşanda tamam yerlərin suya qərq edib sonra quruyan yerləri əkirlər ya axar suyu olanlar onilə əkini suluyub, yəni əkini suya qərq edib suyu əkinin, məsələn, çəltiyin içində ol qədər saxlayırlar ki, özü qurusun. Belə olan surətdə su bir yerdə dayanıb durduğuna iyiyir və onun iyi havaya qarışıb onu xarab edir və bu xarab olmuş hava bizim ağzımıza daxil olub zəhər kimi bədənimizi zəhərləyir.

Bu səbəblərə binaən yayda, yəni çox isti olan zaman hər tərəfdən gələn titrədib qızdıranların və yatalaq, ishal, yel və qeyri naxoşluqlardan xəstə olanların ahü naləsi tamam vilayətimizi basır.

Ey məzkur naxoşluqlardan xəstə olan kəs, sənin nalə çəkməyindən nə hasil? Sən öz haqqında cəbr edib özünü naxoş etməkdən masəva tamam vilayətin havasını xarab edib xalqı xəstə etmisən. Nalə çəkmək əvəzində naxoşluğun səbəblərini fikir elə və əkin yerini ya əkini suluyanda tənbəllik etməyib ol yerin ayağından bir arx qazıb ol suyu genə aparıb çaya tök ki, axar su ol suyu axıdıb, onu iyiməkdən mühafizət edib, həmi səni, həmi xalqı zikr olan naxoşluqlardan xilas etsin.