Məzmuna keç

"Əkinçi", 4 noyabr 1875, №8/Əkin və ziraət xəbərləri

Vikimənbə saytından
Daxiliyyə "Əkinçi", 4 noyabr 1875, №8

Peterburqdan Əsgər Adıgözəlzadə Gorani yazır ki:

Əkin yeri bir neçə qism olur. Qumlu yerin qumu çox və qeyri hissələri az olsa, ona ya nar, ya quru qumstan deyərlər. Belə yer isti tərəfdə olsa, ya onun gili və çürümüş otu çox az olsa, orada əkin olmaz. Amma onun 100 hissəsində 10 hissə qeyri şeylər olsa, ol vaxtda əkin əmələ gəlir.

Qumstanda yumru çay daşları olmağı yaxşıdır. Ona binaən ki, ol daşlar mürur ilə əzildikcən onlardan gil əmələ gəlir və gil ol yeri bərkidib yaxşı edir və bir də ol daşlar qumstanın torpağını yağış suyu və külək aparmaqdan saxlar. Gilli yerin 100-dən həştad hissəsi gil olsa, ona soyuq yer deyərlər. Orada əkin olmaz, amma gilin qədəri az olduqcan gilli yer yaxşıraq olur. Belə yerin 20 hissəsi gil, 40 hissəsi qum və sair hissələri qeyri şeylər olsa, ol yer çox əla yerdir. Gilli yerdə xırda daşlar olmağı yaxşıdır, ol daşların səbəbi ilə gilli yer çox soyuq olmaz. Əgər ol daşlar əhəng daşı olsa, çox yaxşıdır. Ona binaən ki, onlar mürur ilə əzildikcən onlardan əhəng əmələ gəlir və əhəng artdıqcan ol yer artıq yaxşı olur.

Əkin yerinin qumu və gili bərabər və çox olsa, ol yerə suqlinik deyirlər.

Amma ol yerin qırx hissədən artıq gili olsa, soyuq olur.

Olyerdə beş ya on hissə əhəng ya çürümüş ot olsa yaxşıdır.

Əkin yerini qumu, gili və əhəngi bərabər olsa ona mergel deyirlər, bu çox əla yerdir.

Əhəng ol torpağa deyirlər ki, əhəng daşı əzilməkdən əmələ gəlib. Əlbəttə əkin yerində bişmiş əhəng olmaz. Əhəngli yerin əhəngi 50 hissədən ziyadə olmasa, ya bir az artıq da olmasa, amma onun gili də çox olsa, orada əkin etmək olur. Lakin belə yerin qumu çox olduqcan ol yer isti və xarab olur.

Əhəngli yerdə xırda əhəng daşı olmağı zərərdir. Onlar əzilməkdən əhəng əmələ gəldiyinə ol yer mürur ilə xarab olur.

Amma əhəng yerində yumru çay daşlan olmağı yaxşıdır. Onlar əzilməkdən gil əmələ gəldiyinə ol yer mürur ilə yaxşılanır.

Əgərçi əkin yerinin qumu, gili və əhəngi əkinə xörək olan şeylər deyillər, amma yerin xasiyyəti ol şeylər ilədir. Gildən əkin yeri soyuq, bərk, yağış suyunu və şəbnəmi çox soran və gec quruyan olur. Əhəngdən isti və yumşaq, yağış suyunu və şəbnəmi çox soran və tez quruyan olur. Qumdan həmçinin isti və yumşaq, amma yağış suyu və şəbnəmi az soran və tez quruyan olur. Bu səbəblərə yaxşıdır ki, onların hamısı əkin yerində ola və əgər onların qədəri bərabər olsa dəxi yaxşıraqdır.

Çürük ot əkinə xörək olmaqdan savayı yerin xasiyyətini dəyişdirir. Qumluğu bərkidib şəbnəm soran və gilli yeri qazdırıb isti edir.

Çürük otun qədəri bəzi yerlərdən, məsələn, böyük çaylar kənarında və meşə yerində on hissədən ziyadə olduğuna, ol yerlərə çürük otlu, yəni qara yer deyirlər ki, çox əla olur.

Əkin yeri çox zaman su altında qalsa turşuyub xarab olur. Əgərçi belə turş yerdə bəzi vaxtda çürük ot çox olur, amma onun turşumağına səbəb oldur ki, orada daşlardan əmələ gələn, əkinə xörək olan şeylər az olubdur və turşu əmələ gəlibdir. Ol yeri əkindən irəli bir neçə dəfə şuxm etmək gərək ki, onun turşusu havaya qarışıb tələf olsun və ondan masəva belə yerə kül qarışdırmaq gərək ki, onu əkmək məqdur olsun.