Məzmuna keç

Çağında

Vikimənbə saytından
Çağında
Müəllif: Usta Abdulla
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.

Bir ox vurdun ürəyimin başına,
A bimürvət, günün batan çağında.
Naşı ovçu durub ov bərəsində,
Maral gəldi keçdi atan çağında.

Doldurub verəsən ipək sağıdan,
Qurtarmadım bu bimürvət yağıdan.
Səni nist olasan, məclis dağıdan,
Şirin ixtilatın qatan çağında.

Qafıldan canıma saldın azarı,
İl müddət çəkirəm bu ahü-zarı.
Açılsa Yusifin Firdos bazarı,
Sən al Abdullanı satan çağında.