Çalma

Vikimənbə saytından
Çalma
Müəllif: Cəfər Cabbarlı


Qoy bir azacıq rahət ola canım, a Şeypur!
Çalma mən ölüm, partladı vücudamnım, a Şeypur!

Möhkəm çalıyorsan bu zəman yox buna hacət,
Dutmuş səsin afaqi buraxmaz bəni rahət,
Bən bulmada az-az gecələr guşeyə xəlvət,
Sən də buradan başlamısan tazə qiyamət,
Faş etmə əgər varsa da nöqsanım, a Şeypur!
Çalma mən ölüm, partladı vücudanım, a Şeypur!

A kişi, sənə nə bən gəzirəm bulvarı zadı,
Hər istədigimdən alıram kamı, muradı,
Gənclər arasında bu iş olmuş belə adi,
Zatən qoçuyam, anlamaram şəri, fəsadı,
Puldan doludur çün ki, cibişdanım, a Şeypur!
Çalma mən ölüm, partladı vücudanım, a Şeypur!

Qəyyum yaratmışmı səni bizlərə, tarı,
Hər işdə çalırsan o saət şeypuru, tarı,
Bir “du-du" salırsan, baxiyor el bizə sarı,
Xəlvətə desən, kişi, olar dərd genə yarı,
Onda qaralır, çalxalanır qanım, a Şeypur!
Çalma mən ölüm, partladı vücudanım, a Şeypur!