Çoban türküsü

Vikimənbə saytından
Çoban türküsü
Müəllif: Hüseyn Cavid


Açmasın çiçəklər, gülməsin güllər,
Ötüşməsin şirin dilli bülbüllər,
Dərdim çoqdur ellər, ellər, ay ellər!
Yar-yar deyib gecə-gündüz ağlaram.

Göz yola dikməkdən bağrım oldu qan,
Bir xəbər yoq hilal qaşlı yarımdan,
Yaralı könlümü olmaz oxşayan,
Yar-yar deyib gecə-gündüz ağlaram.

Gülməz, yüz bahar olsa, gülməz yüzüm,
Yardan başqa bir gözəl görməz gözüm,
Sanki anadan ayrılmış öksüzüm,
Yar-yar deyib gecə-gündüz ağlaram.

Öz yurdumda bir qəribdən seçilməm,
Əsir kibi bir dost, bir yaqın bilməm,
Cihan cənnət olsa, bir ləhzə gülməm,
Yar-yar deyib gecə-gündüz ağlaram.

Məcnun könül Leylasını unutmaz,
Başqa bir gözəl dərdimi uyutmaz,
Bir məsəldir: “Tərlan yerin sar tutmaz!”
Yar-yar deyib gecə-gündüz ağlaram.

Göy yüzündə görür-görməz hilalı,
Keçər fikrimdən yarımın xəyalı,
Dərbədər könlümün artar məlalı,
Yar-yar deyib gecə-gündüz ağlaram.

Xatirə gəldikcə mavi gözləri,
Süzgün baqışları, tatlı sözləri,
Dolaşırım dağı, daşı, düzləri,
Yar-yar deyib gecə-gündüz ağlaram.

Yosma dilbərim deyilmiş ədasız,
Pək nazlıdır, amma deyil vəfasız,
Nə çarə!? Eşq əhli olmaz bəlasız,
Yar-yar deyib gecə-gündüz ağlaram.