Ölüm həqdəndir, əmma növcəvan ölmək nə müşküldür
| Ölüm həqdəndir, əmma növcəvan ölmək nə müşküldür Müəllif: Molla Vəli Vidadi |
Ölüm həqdəndir, əmma növcəvan ölmək nə müşküldür,
Gözündə hər muradı, tazə-can ölmək nə müşküldür.
Həvayi-eşq sərdə, xatirində vəsl sevdası,
Dilində əzbəri-yarü cinan ölmək nə müşküldür.
Tamaşayi-camalından nəzərlər olmaya xali,
Nizami-xəttü xalı xoşnişan ölmək nə müşküldür.
Kəlamı, nitqi, ləfzi xoş, dili şirin, üzü xəndan,
Qiyami-qaməti sərvi-rəvan ölmək nə müşküldür.
Çəkə həsrət görənlər, görməyənlər arizusunda,
Ola dillərdə vəfi hər zaman, ölmək nə müşküldür.
Keçib peykan bağrından, düşüb məcruh sərgəştə,
Ola al qanına qəltan ölmək nə müşküldür.
Verə qürbətdə can, yanında yarü həmdəmindən yох,
Qala könlündə hər sirri nihan, ölmək nə müşküldür.
Təkəllümdən düşüb dil, tabü taqət qalmayıb canda,
Gözü yollarda qalıb bizəban ölmək nə müşküldür
Tamam olmaz yüz il şərh eyləsəm bu dərdi-bidərman,
Qəribü bikəsü bixaniman ölmək nə müşküldür.
Neçə növrəs cəvani-sərəfrazından cüda, həsrət,
Vidadi, xəstə düşmək, natəvan ölmək nə müşküldür.