Ürəyimə

Vikimənbə saytından
Ürəyimə
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn (2018). Nur çeşməsi (az). Elm və təhsil. Yoxlanılıb 2018-09-20.

Al qələmi hazır eylə əlində,
İsmini nəqş eylə, yaz ürəyimə.
Sonasan, üzürsən eşqin gölündə,
Gəlibdi qoy deyim söz ürəyimə.

Dərdindən, nainsaf olmuşam dəli,
Bir dəfə üz tutub demirsən bəli.
Gözlədim, gələsən bu neçə ili,
Hicran qəmini sal, az ürəyimə.

Məmmədhüseynin səndən özgə kimi var,
A gözü piyalə, a zülfü şahmar.
Qurban ollam sənə, eyləmərəm ar,
Sən də ləkə salma, saz ürəyimə.