Məzmuna keç

İştə bir divanədən bir xatirə

Vikimənbə saytından
iştə bir divanədən bir xatirə
Müəllif: Hüseyn Cavid


“Sən nəsin? Kimsin?” deyən ariflərə

Arqadaşlar! Sormayın, hiç sormayın!
Sızlayan bir qəlbə atəş vurmayın!
Sormayın, ariflər! Ey fərzanələr!
Anlamaz dərd əhlini biganələr.
Sormayın əsla, kimim bən? Ya nəyim?
Şimdi bən bir qayğısız divanəyim.
İştə könlüm bir yıqıq viranədir,
Hər nə söylərsəm bütün əfsanədir.
Mən nəyim? Kəndim də bilməm, vaz keçin!
Sən nəsin? Boş bir sual insan için.
Bir müəmmadır ki, “bənlik” həll edən,
Yüksəlir lahuta fərti-nəşədən.
Bən hiçim, hiçdən çıqan hiçdir fəqət,
Zənn edərsəm, sizdə də yoq mərifət.
Göz-qulaq - görmək, eşitmək aləti,
Çoq zaman aldatmış insaniyyəti.
Hər nə göstərsəm, nə söylərsəm sizə,
Etibar etməzsiniz hiç bir sözə.
Çünki bən divanə, siz qafilsiniz,
Dilsizim bən, yoq sizin də hissiniz.
Söhbətə mailsəniz, diksinməyin!
Dinləyin! Ah, əfv edin, incinməyin!

Çünki anlaşmaq deyildir pək qolay,
Laylalaylay, laylalaylay, laylalay.
Bir zamanlar mən ənisi-yar idim.
Əhli-məna, məhrəmi-əsrar idim.
Gülşəni vəhdətdə həp şamü səhər,
Seyr edərdim qayğısız, azadəsər.
Bixəbərdim... sevmiyordum xilqəti,
Bilmiyordum çünki mevcudiyyəti.
Hiçlik, ah... ən xoş dəmi-səmti-sükun,
Bir gözəl cənnətdi heyhat!.. Ən zəbun.
Ən dəni bir hiss, əvət, bir kor buğa,
Ruhumu yoqluqdan atmış varlığa.
Bir zaman baqdım ki, yoq nurü səfa;
Bir kiçik məhbəsdəyim: zülmətnüma...
Çırpınıb durdum, fəqət yoq qurtuluş,
Qəşş olub qaldım həmən, bitabü huş.
Səssiz, ünsüz ağlıyordum məsti-xab;
Nagəhan bir seyhə, bir müdhiş xitab:
“Qalq! Ey insan oğlu, qalq!” əmr eylədi,
Sarsılıb beynim həmən sərsəmlədi.
“Vay!” deyib birdən bağırdım, zar-zar
İçqırıb həp sızlıyordum biqərar.
Sonra gördüm başqa bir aləmdəyim,
Bir yığın insan için əyləncəyim.
Həpsi xürrəm, həpsi pürvəcdü tərəb,
Anlamazdım bən nədir, aya, səbəb?!
Ağlamaqdan qalmamışdı bəndə hal,
Bir küçük məcnun idim pəjmürdəhal.
Onlar amma gah gülər, gah əylənir,
Bən sükut etdikcə durmaz, söylənir.
Ninni söylərlərdi gah aram ilə,
Bəzən okşarlardı həp pürvəlvələ.
Keçdi az-çoq bən dəyişdim büsbütün,
Taleyi-mənhusuma doğmuşdu gün.
Ağlamazdım, şimdi pək dilşad idim,
Qayğısız, azadə bir nevzad idim.
Hər nə görsəm zevq alırdım bilmədən,
Yar idim həm yarə, həm əğyarə bən.
Sanki bir cənnət kəsilmiş kainat,
Başlamış artıq münəvvər bir həyat.
Daima məsudü fərruxbal idim,
Daima xoşbin idim, xoşhal idim.
İştə bir məsum idim, azadəsər,
Uçmaq istərdim müzəffər, nəşəvər.
Anbəan bulduqca bən nəşvü nüma,
Ruhumu qaplardı bitməz bir səfa.
Artıyordu ömrə hər gün rəğbətim.
Çünki bipayan idi hürriyyətim.
Qayğı bilməz bir çocuqkən nagəhan,
Fikrimi cəzb etdi digər bir cihan.
Kəsbi-irfan etməyə əzm eylədim.
Elmə qoşdum, hər nə duydum, bəllədim.
Ruhi-məsumanəm olmuş dərbədər,
Fəzl için hər ləhzə yüksəlmək dilər.
İstəməzdim rahət, artıq biqərar,
Çırpınırdım ruzu şəb pərvanəvar.
Əldə kəskin bir silah olmuş qələm,
Fikrimə hökm eyliyordu dəmbədəm.
Hər nə görsəydim məraqavərdi həp,
Mütləqa durmaz, arardım bir səbəb.
Artaraq fəzlü kəmalım anbəan,
Yüksəlirdim, yüksəlirdim durmadan.
Fikrimi işğal edən hər bir xəyal,
Ruhumu eylərdi ilqa bin sual.
Kəşf için sərsəm könül məftun idi.
Kim onu həll etsə Əflatun idi.
Çırpınırdım daima irfan için,
Hiç sanırdım ömrü bir nadan için.
Məlcəim olduqca məktəb, mədrəsə,
Qəlbimə gəlməzdi hiç bir vəsvəsə.
Zövq alırdım məscidü meyxanədən,
Feyz alırdım aqilü divanədən.
Saçma bir dəftərçə, sərsəm bir kitab,
Ruhumu eylərdi daim hissiyab.
Fəzlü irfan əhlinə heyran idim,
Elm için başdan keçər insan idim.
Kainati-elm, o bir dilbər həyat,
Ən müqəddəs bildiyim bir kainat...
Elm, əvət, pək sevdiyim dildar idi,
Ən gözəl bir yari-əfsünkar idi.
Elmə vermişdim könül arifmisal,
Bilmiyordum başqa aləm, başqa hal.
Bilmiyordum qəm nədir, sevda nədir,
Bilmiyordum aşiqi-rüsva nədir.
Vardı tək bir həmdəmim: fəzlü kəmal,
Vardı tək bir munisim: ərbabi-hal.
Həp çalışmaq, uğraşıb durmaqla bən,
Qoşdururdum fikrimi hiss etmədən.
Aqibət, bir gün yoruldum, inlədim,
Sonra küskün ruhumu həp dinlədim.
Çoq düşündüm, çoq daşındım, bir zaman
Guşeyi-üzlətdə tutdum aşiyan.
Etmədim insanə artıq etibar,
Adəm oğlundan fərar etdim, fərar.
Bəncə mərdud oldu hər dəftər, kitab,
Həp təfəkkürdən olurdum zevqiyab.
Bildiyim hər bir həqiqət əskidi,
Başladım təmyizə hər nikü bədi.
Gördüyüm hər şeydə bir məna arar,
İctihad etmək dilərdim biqərar.
Artıyorkən iztirabım anbəan,
Xeyli daldım... bir də baqdım, nagəhan
Əski bütlər qalmamış, həp qırmışım,
Uçmuş əqlim, büsbütün çıldırmışım.
Gözlərimdən qaldırılmış pərdələr.
Baqdım, ağlar gördüyüm hər şey gülər.
Heyrətimdən bən də güldüm, aqibət,
Gözlərim gördüm yaşarmış bicihət.
Tüklərim ürpərdi həp sərsəmlədim,
Baqdım, artıq başqa bir aləmdəyim.
Sıçrayıb beynimdə qan vulkan yapar,
Gah enər qəlbimdə bir tufan yapar.
Bəncə həp mahiyyəti-əşya bütün,
Başqa rəng almaqdadır guya bu gün.
Əski hissiyyat əzilmiş sərbəsər,
Əski “bən”dən hiç bulunmaz bir əsər.
Hər həqiqət sanki ölgün bir xəyal...
Hökm edər ruhumda artıq başqa hal.
Bəncə xilqət şimdi bir əfsanədir,
Kim ki, həll etmək dilər, divanədir.
Bir oyuncaqdır cihan başdan-başa,
Qafil insanlar da bənzər sərxoşa.
Səndələr hər kəs əməlsiz, qayğısız,
Həpsi kəndindən xəbərsiz, sayğısız.
Söyləşirlər, anlaşılmaz sözləri,
Həp baqarlar, görməz amma gözləri.
Daima miskin, düşünməz, sərsəri...
Bir çürük xulyaya heyran əksəri.
Gah übudiyyət edib yıldızlara,
Gah əyilmişlər dilara qızlara.
Çoq zaman məğlub olub bir heyvana,
Tanrı zənn etmiş, tapınmışlar ona.
Böylə, gəmsiz bir yığın mərkəb kibi,
Otluyorkən... iştə - məslək mövcibi,
Fırlamış meydanə bir qaç dahiyə,
Korları irşad için gəldik deyə,
Kəşf edib yoqluqda bir mevcudi-haq,
Birdir, elan etdilər, məbudi-haq.
Birdir, amma hökm edər hər bir şeyə,
Həm də əsla bənzəməz hiç kimsəyə.
Xəlq edər, həm məhv edər, pək müqtədir...
Çünki hər bir qüvvətin fevqindədir.
Hökm edər, söylər, onun ilhaminə,
Vaqif olmaz aciz insanlar... yenə
Duysa bir şey, həp o dahilər duyar,
Sonra onlar xəlqi eylər hissədar.
Xəlq, xaliqdən uzaq həm bixəbər,
Yalnız onlar əmr edər, ya nəhy edər.
Çünki onlar çoq yaqın ülviyyətə,
Həm də pək layiq xitabi-qüdrətə.
Parlamış hər kimdə ənvari-dəha,
Aləmi-əsrarə olmuş aşina.
İştə onlar, hər biri bir qəhrəman,
Həp çalışmış durmadan, sarsılmadan.
Bir dügün - onlarca hər bir təhlükə,
Həpsi olmuşlar fəda bir məsləkə.
Həpsinin amalı bir, əfkarı bir,
Həpsinin iqbalı bir, idbarı bir.
Həpsi yalnız bir həqiqət aşiqi,
Həpsi bir vicdanla dinlər xaliqi.
Həpsinin qəlbində bir sevdası var,
Həpsi Məcnun, həpsinin Leylası var.
Həpsinin ruhunda bir cənnət gülər,
Həpsi şəfqət bəslər, ülviyyət dilər.
Ağlamışlar həpsi insaniyyətə,
Xadim olmuşlar bütün bir niyyətə.
Parlamış həpsində bir haq şöləsi,
Xeyrə munis, şərrə düşman cümləsi.
Haqdan almış həpsi ilhamatını,
Dinləmiş həm kəndi hissiyyatını.
Hər kəs inşad eyləmişdir bir kitab,
Ta ki, izhar eyləsin bir inqilab.
Başqa bir “bənlik” ararkən hər biri,
Uymaz olmuş bir-birə çoq sözləri.
İştə hər dahidə var bir etiyad.
Yan baqıb təqlidə, eylər ictihad.
Pək təbiidir ki, hər sahibhünər,
Bir təcəddüd, bir xüsusiyyət dilər.
Gərçi az-çoq bir-birindən fərqi var,
İştə onlar, həpsi bir şahrah arar.
Dinləyib əslafı həp fikr etdilər;
Göstərib əxlafə bir yol, getdilər.

Sonra, lakin sonra pək çoq sürmədən,
Fırlayıb meydanə bir çoq rahzən,
Onların fikrində bulmuşlar təzad;
Hər biri bir yolda etmiş ictihad.
Bir-birindən xəlqi istikrah için,
Hər biri bir dürlü olmuş xuşəçin.
Bir yığın əfsanə, bin lafü kəzaf
Uydurub hər kəs çıxarmış ixtilaf.
Hər biri boş bir xəyal almış ələ,
Uğraşıb dünyayə salmış vəlvələ.
Ayrılıb bir mürşidin peyrəvləri,
Ayrı məzhəblər çıqarmış; hər biri
Bir yığın böhtanlar icad eyləmiş,
Pirinə həzyanlar isnad eyləmiş.
Anlamaz, kor xalqı qandırmış bütün,
Hər nə qusmuş, həp inandırmış bütün.
Qübbə yapmışlar küçük bir həbbəyi,
Söyləmiş: “haq bəndə...” hər külxanbəyi.
Hakim olmuşlar bütün izanlara.
Hər kəs uymuşdur o bivicdanlara.
Firqələr təşkil edilmiş anbəan,
Olmamış əskik niza hiç bir zaman.
İzləyib hər firqə çıqmaz bir cığır,
Bir dügün-dərnək qurulmuş zırhazır.
Hər kəs uymuş kəndi sərsəm fikrinə,
Düşman olmuş çoqlar öz həmfikrinə.
Eyləmiş hər kəs təsəvvür qayəsiz,
Başqa yol, bir başqa xaliq, başqa iz.
Hər kəs aldanmış da sapmış bir yana,
Bin çeşid bütlər yapıb tapmış ona.
Hər kəsin ruhunda bir xaliq gülər,
Öylə bir xaliq ki, xəlq etmiş bəşər.

Pək tühaf!.. Bir firqə digər firqənin
Xaliqindən diksinib olmaz əmin.
Halbuki, hər kəscə haq bir, tanrı bir...
Ya bu sərsəmlik, bu azğınlıq nədir?!
Bir yığın insan arar zülmətdə nur,
Bir yığın: haq bizdədir, söylər durur.
Bir güruh eylər pərəstiş vəhdətə,
Bir güruh eylər təməllüq kəsrətə.
Hər kəs artıq izləyib bir yol gedər,
Əyri, düz, çirkin, gözəl iman edər.
Cahil, arif, bir çoban, bir feyləsuf,
Kəndini sanmaqda... ərbabi-vüquf.
Hər kim əvvəldən inanmış hər nəyə,
Bir də ram olmaz o digər bir şeyə.
Haq təcəssüm etsə birdən həpsinə,
Tutduğundan kimsə vaz keçməz yenə.
Çünki pək gücdür unutmaq keçmişi,
Həm düşünmək istəməz bir çoq kişi.
Hökm edər “mazi” bütün vicdanlara,
“Əskilik” eylər nüfuz izanlara,
Əski adətlər birər zəncir olub,
Dəmbədəm etməkdə təxsiri-qülub.
Sorsalar: dünyada kimdir hökmdar?
Bən derim: ölmüşlər, ölmüş duyğular.
Bir həqiqətdir bu... varsa şübhəniz;
Ta çocuqluqdan nə öyrənmişsəniz,
Hər nə yad etmişsəniz dün ya bu gün,
Qəlbinizdən həp silin bir-bir bütün:
Valideyn ağuşu, məktəb, mədrəsə,
Qorqu, ümmidü təvəkkül, vəsvəsə.
Etiqad, əxlaqü adət, hər nə var,
Həp kökündən qaldırın divanəvar...
Həp qırın, həp çignəyin, həp məhv edin!
Hiç zərər yoq, bir müvəqqət səhv edin!
Səhvinizdən ta ki doğsun şübhələr,
Həp seçilsin haqqü batil, xeyrü şər.
İştə bir meydan ki, istər qəhrəman.
Hər kimin var meyli, etsin imtihan.
Etsəniz bir böylə cürət, şübhəsiz,
Qarşınızdan pərdələr qalqar təmiz.
Bir də aldanmazsınız hər kahinə,
Fikri çaldırmazsınız hər xainə.
Başlayıb artıq münəvvər bir həyat,
Məhv olur həp əski, ölgün kainat.
Köhnə mevhumata yol verməzsiniz,
Haqqı dinlər, başqa şey görməzsiniz.
Seyr edib insanların əfalını,
Fikrini, amalını, hər halını.
Heyrət eylər, daima ağlarsınız,
Daima ağlarsınız, sızlarsınız.
Halınız ənzarı cəlb eylər bütün.
Seyr edənlər həp gülümsərlər bütün.
Çünki Məcnun zənn edər hər kəs sizi,
Kimsə dərk etməz fəqət Leylanizi.
Kimsədən gəlməz kömək hiç bir zaman,
Ürkərək sizdən qaçar yeksər cihan.
Siz də bipərva olub mərdümgiriz,
Nerdə insan görsəniz ürkərsiniz.
Ərzi-didar etsə sizlərdən biri,
Göstərib heyrətlə bir çoq sərsəri
Xalqa söylərlər: “Qaçın bundan, aman!
Şarlatandır, şarlatandır, şarlatan!
Sözləri həp saçma... yoq məna, filan,
Həp yalandır, həp yalandır, həp yalan...”

İştə diqqət lazım... ey ərbabi-hal!
İmtihan istər, nə lazım qilü-qal.
Bir cəsarətdir bu... iqdam etsəniz,
Böylə bir azadə yoldan getsəniz,
Siz də bir Məcnun olub ağlarsınız;
Bən nəyim? Yaxud kimim, anlarsınız.
Ən nihayət, hər həqiqət bəllənər,
Haq nədir? Nəymiş? Nihayət bəllənər.
Öncə “bənlik”dən təcərrüd qılmayan,
Kəndi nəfsindən uzaqdır hər zaman.
Kim ki, əql istər, o, məcnun olmalı,
Hər fəlakət gəlsə məmnun olmalı.
Yoqsa gevşək, duyğusuz, boş bir beyin,
Sirri-xilqətdən nə anlar söyləyin!?
Canlı meyitlərcə zor idraki-haq,
Görməz ama, doğsa hətta bin şafaq.
Nuri-haq bir çöhrədir, daim gülər,
Dərkdən aciz fəqət biganələr.
Dərk edənlər mütləqa məczub olur,
Fərti-eşqindən həmən illət bulur.
Çıldırıb sərsəmlər, ağlar, həm gülər;
Başqa bir aləmdə rəqs etmək dilər.
Tərk edib cananə bixud canını,
Həp arar məşuqeyi-vicdanını.
Biqərar istər sarılsın boynuna,
Nagəh anlar: yarı girmiş qoynuna.
Ruha artıq başqa ülviyyət gəlir,
Aləmi-lahutə qalqar, yüksəlir.
Yüksəlir, əngin fəzalərdən aşar,
Ərşi-istiğnadə bipərva yaşar.
Təşneyi-irfan ikən dərya bulur,
Mevt ararkən zindeyi-cavid olur.