Məzmuna keç

İranın hürriyyət qəhrəmanlarına

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
İranın hürriyyət qəhrəmanlarına
Müəllif: Məhəmməd Hadi

Fəcri-zəfərdə gülüyor intibah,
Tiği-fütuhat ilədir inşirah.
İştə əməl, iştə səbahül-nücah,
Həqqü həqiqət sizə olsun pənah,
"Arş irəli, arş, bizimdir fəlah,
Arş, igidlər, vətən imdadinə!"*
Səhni-vətən səhneyi-bidaddır,
Guşə gələn naləvü fəryaddır,
Əhli-vətən layiqi-imdaddır,
Dəhrdə ancaq yaşayan addır.
“Arş irəli, arş, bizimdir fəlah,
Arş, igidlər, vətən imdadinə!"
Etməlidir sə'ylə ehrazi-şan,
Tiğinizi görməli pərtövfəşan,
Nüsrətə mənkuh oluyor məhvəşan,
Hərb günü olmalı heydərnişan!
"Arş irəli, arş, bizimdir fəlah,
Arş, igidlər, vətən imdadinə!"
Kərbübəladə sizə ruhi-Hüseyn,
Əkbərü Əbbas şəhadətgüzin,
Yetmiş iki hürr, deyirlər yəqin:
Sizlərə hürriyyətimizdir müin.
"Arş irəli, arş, bizimdir fəlah,
Arş, igidlər, vətən imdadinə!”
Qəlbi-vətəndə yatan Abbas Ağa*,
Ziri-ləhəddən sizə eylər nida:
Xidməti-milliyyəyi qıldım əda,
Mən vətəni-pak üçün oldum fəda.
"Arş irəli, arş, bizimdir fəlah,
Arş, igidlər, vətən imdadinə!"
Kəsbi-ləyaqət üçün ülviyyətə
Olmalı qurban rəhi-hürriyyətə,
Fəthü zəfər bağlıdurur qeyrətə,
Qeyrətə, mərdanəliyə, himmətə,
"Arş irəli, arş, bizimdir fəlah,
Arş, igidlər, vətən imdadinə!"
Ərzi-Nəcəfdən dəhəni-Mürtəza
Sizləri alqışlayır, eylər səda:
Sovləti-şiranənizə mərhəba!
Nüsrət edir tiğinizi pişva!
"Arş irəli, arş, bizimdir fəlah,
Arş, igidlər, vətən imdadinə!"
Qibtəyə şayan görülür halınız,
Övdət edir izzətü iclalınız,
Ərzi-cəmal eyləyir amalınız,
Şanlı yerişlə gəlir iqbalınız.
"Arş irəli, arş, bizimdir fəlah,
Arş, igidlər, vətən imdadinə!"