Məzmuna keç

İsmət (Əfif olan zatların xəsaili)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
İsmət (Əfif olan zatların xəsaili)
Müəllif: Məhəmməd Hadi

Kimsəyə qılmaz təməllüq həqpərəstan nan üçün,
Çaki-ismət eyləməz alicənaban nan üçün,
Abi-nayabi-ifafı tökməz insan nan üçün,
Tərki-məslək eyləməz ərbabi-ürfan nan üçün.
Babi-ərbabi-qinadə durma, ey qeyrətpərəst,
Eyləmiş səhbayi-istiğna onu məxmurü məst,
Hali-riqqətbəxşinə rəhm etməz ol sağərbədəst,
Olsun ər tənnuri-qəmdə qəlbsuzan nan üçün.
Kəsri-şə’ni-adəmiyyət qılmaz iffətpərvəran,
Dünbəcünbani-riya olmaz həqiqətgüstəran,
Qeydi-minnətdə yaşarmı hürr olan rövşəndilan?
Rubəhə etməz təbəsbüs şiri-mərdan nan üçün.
Dürri-yektayi-həyanı satmayın nanparəyə,
Gövhəri qoymaz bərabər, lə'li səngi-xarəyə,
Nan bir xərmöhrə, ismət oxşar almazparəyə,
Verməz əldən cövhəri çövhərşünasan nan üçün.
Zəhri-cansuzanədən kəmtərmi nani-imtinan,
Atəşi-Nəmruddən* kəskin rüxi-xissətvəran,
Nişi-əqrəbdən daha bədtər lisani-nakəsan,
Bunlara etməz rica ülvinihadan nan üçün.
İzzlə getməz məzarə ən böyük bir şandır,
Xəlqə minnətdarlıqdan mövt pək şayandır!
Məncə əhraranə ölmək mucibi-qüfrandır,
İstəməm çəksin cəhənnəm ruhü vicdan nan üçün!
Nəfsi-paki abirusuzluq salar tə'sirdən,
Abi olmaz isə kəskinlik gedər şəmşirdən,
Ərzi-hacət etsə, getməzmi bəsalət şirdən?
Eyləməz məhvi-bəsalət ölsə şiran nan üçün.
Şahbazi-e'tilapərvaz olurmu fəzləxar?
Enməz alçaq yerlərə şahini-ülviyyətşikar,
Olmaz ənqa dəsti-zağə didəduzi-intizar,
Qafi-himmətdən düşərmi əhli-vicdan nan üçün.
Şe'ri-rə'nasında söylər arifi-Rumi Ziya*,
Olma gər insan isən üftadeyi-zərqü riya,
Lə'n ola ol malə kim, kəsbində alətdir həya,
Etməz insaniyyətin insan qurban nan üçün.