İstiqlal marşı

Vikimənbə saytından
Jump to navigation Jump to search
İstiqlal marşı
Müəllif: Məhməd Akif Ərsoy
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Qorxma, sönməz bu şəfəqlərdə süzən al bayraq,
Sönmədən yurdumun üstündə yanan ən son ocaq.
O mənim millətimin ulduzudur, parlayacaq
O mənimdir, o mənim millətimindir ancaq!
Çatma qurbanın olum çöhrəni, ey nazlı hilal;
Qəhrəman xalqıma bir gül.. nə bu şiddət, bu cəlal?
Sənə olmaz tökülən qanlarımız sonra halal
Haqqıdır haqqa tapan millətimin istiqlal.
Mən əbədi hür yaşadım, hür yaşaram,
Hansı çılğın mənə zəncir vuracaqmış? Şaşaram!
Kükrəmiş sel kimiyəm, bəndimi çeynər, aşaram
Yırtaram dağları, ənginlərə sığmam, daşaram.
Qərbin afaqını sarmışsa polad zirehli divar,
Mənim iman dolu köksüm kimi sərhəddim var.
Ulusum, qorxma! Necə belə bir imanı boğar
“Mədəniyyət” dediyin tək dişi qalmış canavar?
Arxadaş, yurduma alçaqları uğratma saqın,
Sipər et sinəni, dursun bu həyasızca axın
Doğacaqdır sənə vəd etdiyi günlər haqqın;
Kim bilir bəlkə sabah, bəlkə sabahdan da yaxın.
Basdığın yerləri “torpaq” deyərək keçmə, tanı!
Düşün altındakı minlərcə kəfənsiz yatanı.
Sən şəhid oğlusan, incitmə, yazıqdır atanı,
Vermə dünyaları alsan da bu cənnət vatanı.
Kim bu cənnət vətənin uğruna olmaz ki fəda?
Şühəda fışqıracaq torpağı sıxsan, şühəda!
Canı, cananı, bütün varımı alsın da Xuda,
Etməsin tək vətənimdən məni bu dünyada cüda.
Ruhumun səndən İlahi, budur ancaq diləyi
Dəyməsin məbədimin köksünə naməhrəm əli
Bu əzanlar ki şəhadətləri dinin təməli
Əbədi yurdumun üstündə mənim inləməli.
O zaman vəcd ilə min səcdə edər varsa daşım,
Hər cərihamdan, İlahi, quruyub qanlı yaşım
Fışqırır ruhi mücərrəd kimi yerdən nəşim,
O zaman yüksələrək ərşə dəyər bəlkə başım!
Dalğalan səndə şəfəqlər kimi, ey nazlı hilal!
Olsun artıq tökülən qanlarımın hamsı halal
Əbədiyyən sənə yox, xalqıma yox bil ki zaval:
Haqqıdır hür yaşamış bayrağımın hürriyyət,
Haqqıdır haqq'a tapan millətimin istiqlal!